525 ci qəzet Ey gidi Avropa!.. Sosial şəbəkədə yazılanlar
Icma.az bildirir, 525.az-ə istinadən 525 ci qəzet Ey gidi Avropa!.. Sosial şəbəkədə yazılanlar.
Vüsal Məmmədov, jurnalist:
- Amerika Avropa ölkələri ilə həddindən artıq aşağılayıcı tonda davranmağa davam edir.
Ötən həftə Almaniyanın kansleri Olaf Şolts ölkəsinin iştirakı olmadan keçən Putin-Tramp danışıqlarından şikayətlənərək, onları "diktatorlar dünyası" qurmaqda ittiham etmişdi.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt ona belə cavab verib: "Kansler, sözlərinizi səliqə ilə seçin! Bu danışıqlarda Almaniyanın layiq olduğu yeganə yer müttəhimlər kürsüsüdür!"
Natiq Cəfərli, iqtisadçı:
- Ey gidi Avropa, ei gidi Qoca Qitə, ei gidi sivilizasiyaların beşiyi - nə günlərə qaldın.
Avropa özünü itirib, bilmir nə etsin, 80 illik konfort zonadan, ABŞ-ın "çətiri" altından çıxmağa gücü-təpəri yoxdur.
Yəqin ki, Josep Borrelli xatırlayırsınız - cəmi 2 il öncə demişdi ki, "Avropa cənnət bağçasıdır, ətraf isə cəngəlliklərdir". Əslində, yarıya qədər düz deyib - bağçadır, amma "uçaq bağçası", okeanın o tayından olan "tərbiyəçi" üzlərinə qapını çırpıb gedir, "baxça uşaqları" isə indi 2 gündən bir toplanır, bir qərara gələ bilmirlər, olan isə Ukraynaya, 3 il "Ayıya" dözən, müqavimət göstərən xalqa olur. Halbuki bu müharibə Avropa üçün ölüm-qalım müharibəsi olmalı idi, ABŞ-ı ordusu və Atlantik okeanı zatən qoruyur...
Aydın Quliyev, jurnalist:
- ABŞ və Rusiya Ukrayna müharibəsini həll edə bilmədilər… Ancaq hələlik...
Səudiyyə Ərəbistanında 4.5 saat davam etmiş ABŞ - Rusiya danışıqlarını həm uğurlu, həm də uğursuz saymaq lazımdır. Ukrayna mövzusunda danışıqlar hələ bir neçə gün öncəki statusumda dediyim kimi, heç bir nəticə vermədi. Bəlkə də müəyyən təbliğat mərkəzləri bu istiqamətdə hansısa nəticələrdən dəm vuracaqlar. Ancaq hər şeyin öz adı var. Rusiya - ABŞ danışıqları Rusiya - Ukrayna sülhü mövzusunda nəticəsiz qaldı. Niyə bunu iddia edirəm?
1. ABŞ-ın dövlət katibi və danışıqlarda iştirak etmiş Rubio görüşdən sonra tam birmənalı dedi ki, həm Ukrayna, həm də Rusiya güzəştə getməyi bacarmalıdır. Bunun nə demək olduğuna dair şərhə ehtiyac var? Yox! Çünki Rubionun dediklərinin mənası odur ki, heç bir razılaşma əldə olunmayıb. Razılaşma əldə olunsaydı, deməzdi ki, hər iki tərəf güzəştə getməyi bacarmalıdır. Belə çıxır ki, Lavrov və Rubio Səudiyyə paytaxtına boş yerə gediblər.
2. Ankarada Ukrayna prezidenti Zelenski ilə görüşən Türkiyə prezidenti Ərdoğan bəyan etdi ki, Ukrayna - Rusiya - ABŞ danışıqları üçün ən ideal məkan Türkiyədir. Demək, Ərdoğan da Səudiyyədki zirvə danışıqlarının iflasa uğradığını bilir və bu səbəbdən danışıqlar üçün yeni məkan olaraq Türkiyəni təqdim edir. Guya danışıqların harada olmasının nəticə üçün əhəmiyyəti var imiş... Bu mənada danışıqlar Ankarada keçirilsə belə, nəticə yenə də sıfır olacaq. Çünki bu danışıqların uğurlu olması üçün zəruri şərtlər var ki, bunlar hələ yetişməyib.
Ancaq 4.5 saatlıq Rusiya - ABŞ danışıqlarının bu iki ölkənin münasibətlərinin nizama salınması baxımından nəticəsi var. Belə ki, razılaşma əldə etdilər ki, bu 2 ölkədə səfirliklərin tam fəaliyyəti bərpa olunsun. Vəssalam...
Bəs sonra nə baş verəcək? Müəyyən fasilədən sonra mümkündür ki, Putinlə Tramp görüşsün. Lakin bilmək lazımdır ki, Rusiya - Ukrayna müharibəsi sülhü zəruri edən məntiqi zirvəyə hələ çatmayıb...
Müharibə davam edəcək...
Daha dəhşətli, daha qanlı....
Asif Nərimanlı, jurnalist:
- ABŞ-Rusiya danışıqlarından sonra Tramp Zelenski ilə bağlı Putinin tezisini gündəmə gətirdi. Bildirdi ki, "Ukrayna münaqişənin həlli ilə bağlı danışıqlarda yer almaq istəyirsə, seçki keçirilməlidir, Zelenskinin ölkədə reytinqi isə cəmi 4 faizdir".
Ukraynada ötən ilin martında keçirilməli olan prezident seçkiləri müharibə şəraitinə görə qeyri-müəyyən müddətə təxirə salınıb. Bundan sonra Putin "Zelenski ilə danışa biləcəyini, lakin onun legitimliyinin sual altında olduğu" iddiasını irəli sürdü. Trampın son açıqlaması da Putinin legitimlik tezisinin təkrarıdır. Və bununla Zelenskiyə "şərtləri qəbul etməsə, hakimiyyəti dəyişə bilərik" mesajını verir.
Vaşinqtonun Kiyevdən birinci tələbi Rusiya ilə atəşkəs razılaşmasını ABŞ-ın müəyyən etdiyi şərtlər çərçivəsində qəbul etməsidir. İkinci tələbi isə müəyyən qədər arxa planda qalsa da, Ukraynanın gələcəyi baxımından atəşkəs razılaşması qədər strateji əhəmiyyət daşıyır. Bu, ABŞ-ın Ukraynanın təbii sərvətlərinə dair təklif etdiyi sazişdir. Zelenskinin Münhendə bu sazişə imza atmaması Vaşinqtonda narazılıq yaradıb.
Fevralın 14-də vitse-prezident Vensin Münhendə Zelenski ilə planlaşdırılan görüşünün təxminən 7 saat təxirə düşməsinin səbəbi də bu saziş olub. Ukrayna mediasının bu haqda yazdıqları xüsusilə diqqət çəkir.
Sazişi Ukraynaya göndərən amerikalıların "Münhendə imzalamaq istəyirik" sözləri Kiyevdə "mümkün qədər tez imzalanmaq" kimi anlaşılıb, lakin düşünməyiblər ki, üzərində işlənməmiş sənədin təcili imzalanması tələbi ilə üzləşəcəklər. Münhendə Ukraynanın qarşısına şərt qoyulub: Venslə görüşmək və sülh danışıqlarının konturlarını müzakirə etmək istəyirsinizsə, sazişi imzalayın. Buna görə Vens-Zelenski görüşü axşama qədər təxirə salınıb və Ukraynaya razılaşması üçün 7 saat müddət verilib. Ukrayna kompromisin tapılması məqsədilə sazişin yenidən işlənmiş variantını amerikalılara versə də, ikincilər bütün düzəlişləri ləğv edərək, "ya verdiyimizə imza atın, ya da heç nə" şərtini irəli sürüblər.
Zelenski bundan imtina edib, daha sonra Venslə görüş baş tutub və tərəflər layihəni razılaşdırmaq üzərində razılıq əldə ediblər.
Sazişin detalları ilə bağlı yayılan məlumatlar ABŞ-ın Ukrayna üçün xoşagəlməz "sürpriz" hazırladığı fikrini yaradır.
- Ukraynanın təbii sərvətlərindən əldə olunan gəlirlər 50/50 prinsipi əsasında bölüşdürülür;
- Sazişdə ABŞ-ın qiymətli metallarla yanaşı, Ukraynanın neft-qaz hasilatına da şərik olmaq istədiyi əksini tapır;
- Əvəzində ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanəti verməsi müəmmalıdır: Vaşinqton "Amerika investisiyasının Ukraynada olması ən böyük təhlükəsizlik zəmanətidir" tezisindən çıxış edir;
Burada Trampın dilə gətirdiyi iki təhlükəli məqam da var.
1. Ukrayna sərvətlərindən 500 milyard dollar gəlirin əldə edilməsinə dair iddia;
2. ABŞ-ın Ukraynaya verdiyi yardımların geri qaytarılması: ABŞ prezidenti son açıqlamasında "350 milyard dolların hara xərcləndiyi" məsələsini gündəmə gətirib;
Bu iddia/tələb Ukrayna təbii sərvətlərinin tamamilə ABŞ-ın nəzarətinə keçməsi təhlükəsini yaradır: Vaşinqton təbii sərvətlərdən əldə olunan gəlirin təklif olunan sazişdə qeyd olunduğu kimi, Ukraynaya çatmalı olan 50 faizini verilən yardımların kompensasiyası olaraq ala, o cümlədən, "500 milyard dollar gəlir" naminə bütün sərvətlərin istismarına çalışa bilər;
Trampın Zelenskinin legitimliyini şübhə altına almaq cəhdinin arxasında əsas hədəflərdən biri də budur. Və bu, Ukrayna üçün "Rusiya ərazisini, ABŞ sərvətlərini ələ keçirmək istəyir" riskini artırır.
Səlim Babullaoğlu, şair:
- İran prezidenti Pezeşkianın Şəhriyardan şeir oxumasıyla bağlı fərqli şərhlər görürəm hamımız kimi.
Pezeşkian daxilə hesablanmış şəkildə "türkicə" deyirsə, Azərbaycan Televiziyasının niyə bunu "Azərbaycan dili" deyə təqdim edir yazanlar var... Özünü hamıdan vətənpərvər bilənlərin mövqeyi, doğrusu, məni həm təəccübləndirir, həm də yox. Yəni doğrudanmı biz hələ dövlətçi qafaya sahiblənməmişik? Yəni doğrudanmı biz bilmirik ki, ayının min oyunu nəyin üstündədir?
Əvvəla, Şəhriyarın şeiri Azərbaycan türkcəsində, yəni Azərbaycan dilindədir, nə Türkiyə türkcəsində, nə Özbəkistan türkcəsində, nə də Qazaxıstan türkcəsindədi. Azərbaycan dili isə müstəqil tarixi inkişaf yolu keçmiş bir dildir, ləhcə-filan deyil. Yeri gəlmişkən, bu, əsla o demək deyil ki, bütün türk dövlətləri dil(lər)inin adı ilə bağlı siyasi qərar qəbul edəndə biz ümumi olaraq "türk dili"ni qəbul etməyəcəyik; amma hələ belə bir qərar yoxdur və qərar olanda da hansı "türkcənin" ortaq baqaja nə qədər töhfə verəcəyini kim bilir?!
Şərh verənlər bir az diqqətli olsunlar, biz öz dilimizə "türk dili" deyəndə, bunu rəsmi şəkildə başqa kim etmişdi?
Yəni bizə aydın deyilmi ki, məhz Azərbaycan dili demək kimlərə və nə üçün çətindir?
Əgər İranın həm indiki, həm dünənlərdəki dini-siyasi rəhbərliyi "türkcə" deyirsə, eybi yox, qoy desin, amma türkcə deyib də həmin türkcədə məktəblər açsın, təhsil versin... Əhalisinin yarısından çoxunun dilinə hörmətlə yanaşsın... Məsələ dövlətdədir, əziz dostlar... Və heç şübhəsiz, Azərbaycan Dövlət Televiziyası çox doğru edir.
Səddam Laçın, şair:
- "Əqrəb mövsümü 2"də Şahnaz obrazını canlandıran Şəlalə Şahvələdqızının oyununu çox bəyəndim. Bir məşhur söz var. Deyirlər ki, ən böyük aktyorluq aktyorluq etməməkdir. Şəlalə xanım da onu edib. Ağrısı da, qayğısı da inandırıcıdır.
Mir Səməd, bloger:
- Bu gün daha 212 nəfər (37 ailə) doğma ana yurdu Cəbrayıla qayıdır.
Bu günə işğaldan azad edilmiş torpaqlara qayıdan əhalinin ümumi sayı:
Laçın - 2090 nəfər (570 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli - 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı - 204 nəfər (52 ailə)
Ballıca - 457 nəfər (88 ailə)
Cəbrayıl - 2110 nəfər (479 ailə)
Ümumi say: 11 392 nəfər.
İnşaat, səhiyyə, hüquq-mühafizə orqanlarının əməkdaşları nəzərə alınmır. Ümumi olaraq regionda artıq 30 minə yaxın insan yaşayır.

