Icma.az
close
up
RU
525 ci qəzet Sahibkarı yox, alverçini qorumaq... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525 ci qəzet Sahibkarı yox, alverçini qorumaq... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Fərid Pərdəşünas, texnobloger:

- Məlum olub ki, ötən il Azərbaycana idxal olunan avtomobillərin 45 faizi paralel idxaldır, yəni boz bazardan. Boz bazar isə el arasında qeyri-rəsmi gətirilən avtomobillər deməkdir. Yəni vətəndaş rəsmi servis mərkəzindən yox, özü birbaşa daha ucuzuna Çindən istehsalçı şirkətdən maşını alıb, öz adına idxal edir.

Bu rəqəm isə Azərbaycanda sahibkarları və dilerləri narahat edib və verilən məlumatlara görə, onlar dövlətə, federasiyaya müraciətlər edirlər ki, vətəndaşın belə alışlarına məhdudiyyətlər gəlsin.

Hətta bununla bağlı Federasiya məhdudiyyətləri əks etdirən təklif hazırlayır.

Düşünürəm ki, bu, çox absurd yanaşmadır. Birincisi, onu deyim ki, mən özüm Çin avtomobilimi ("Tesla" yox, "Geely") servisdən almışam. Yutub kanalıma baxsanız, rəsmi servislərlə əməkdaşlıq etdiyimi görərsiniz. Onlardan pul qazanmışam. İzləyiciyə verdiyim məsləhətlər də həmişə servisin imkanları ilə bağlı olub ki, servisdən alsanız, zəmanət, xidmət, ehtiyat hissə zəmanəti əldə etmiş olursunuz.

Amma bu o demək deyil ki, vətəndaşın seçim imkanı məhdudiyyətlərlə tənzimlənsin. Azərbaycanlı sahibkar hansısa avtomobil istehsal edir ki, onun hüququ da qorunsun? Avtomobili qoyaq kənara, bəlkə heç bir təkər istehsal edir? Bu, sahibkarı yox, alverçini qorumaq məntiqi olardı.

Və ya Azərbaycandakı dilerlər ölkə iqtisadiyyatına nə qədər fayda verir ki? Nə qədər kütləvi iş yeri və salonu var ki, dövlət onları qorusun? Vətəndaş da gətirəndə vergisini və rüsumunu ödəyir, dövlətə xeyir verir. Bəlkə sahibkar ondan artığını edir?

Düşünürəm ki, sahibkarlar belə direktiv qərarları yox, maarifləndirməni seçməlidirlər. Rəsmi satıcılar daha üstün imkanlar təqdim edib, alıcını cəlb etməlidir: servis, xidmət, ehtiyat hissə, bazara uyğun xüsusi imkanlar, dil dəstəyi və s. Onsuz da bunu verəndə, mənim kimi servis tərəfdarı olanlar gedib ordan alacaq.

Amma bunu istəməyənləri məcbur etmək doğru deyil. Dilerlərdən pul alıb, sifarişlə belə təbliğat, reklam aparan blogerlər, influencerlər doğru mesaj vermir. Mən də bu işi görürəm, amma qətiyyən alıcını qadağa altına salmaq olmaz.

Əgər dövlət bir qadağa qoyacaqsa, bu, həm sahibkar, həm də adi vətəndaş üçün eyni olmalıdır. Məsələn, ABŞ deyir ki, mən Çin brendlərinə 100 faiz rüsum tətbiq edirəm. Daha bunu sahibkara və vətəndaşa ayırmır.

Hazırda dövlətin strateji baxışı məhz avtomobil parkını yeniləməkdir. Hibrid və elektrik avtomobillərinə olan güzəştlər, xarici bazara əlçatanlıq bazarda ucuz avtomobil almağa imkan yaradıb. İnsanlar 20-30 minə təzə maşın alırlar və dövlətin bu strategiyası əladır. Düşünürəm ki, dövlət elə bu cür də davam etməlidir. Sahibkarlar isə azad rəqabətə uyğunlaşmalıdır, direktiv qərarlardan mədət ummamalıdır.

Həmidə Rüstəmova, Abdulla Şaiq adına Kukla Teatrının ədəbi-dram hissə müdiri:

- Bu il həm də nəhəng aktyor Səməndər Rzayevin 80 illiyidir. 1945-ci ilin 2 yanvarında doğulub.

Bu ay prosesdən kənarda qaldım. Dostlar, teatrda onu yad edəcək  hansısa tədbir keçirildi, yoxsa göstəriş, sərəncam gözləyirlər adi xatirə gecəsi üçün də?

Yadigar Sadıqlı, ictimai fəal:

- Trampın Qrenlandiyanı Danimarkadan qoparmaq cəhdini ABŞ-nin əvvəlki ərazi alışları ilə eyniləşdirmək istəyənlər var.

ABŞ indiki ərazisinin 1/5 hissəsindən çoxunu (2,1 milyon kv km) 1803-cü ildə Fransadan alıb. Hadisə "Luizianın alınması" kimi məşhurdur. ABŞ əslində mühüm liman şəhəri olan Yeni Orleanı almaq istəyirdi və bunun üçün Parisə elçi göndərib 10 milyon dollar təklif etmişdi.

Fransa özü Luiziananı yenicə İspaniyadan almışdı və o zaman hələ Birinci konsul olan Napoleon Bonapart anladı ki, Avropada apardığı müharibələr zamanı ən son əsgərə ehtiyacı olduğu halda, Şimali Amerikada ərazi saxlaya bilməyəcək. Ona görə də bütün Luiziananı cəmi 15 milyon dollar müqabilində amerikalılara təklif etdi. Ciddi şok keçirən amerikalılar götür-qoydan sonra təklifi qəbul etdilər.

Vaşinqton 1819-cu ildə Floridanı İspaniyadan aldı. Bu hadisə Luiziananın və Alyaskanın alınmasından daha az məşhurdur. Amerikalılar ispanlara təklif etdilər. İspanlar da anladılar ki, ABŞ istədiyi zaman Floridanı tuta bilər, yarımadanı müdafiə etmək üçün yetərincə qüvvələri yoxdur. Zatən ərazinin xərci gəlirindən çox idi. Madrid də Floridanı satdı. Bunun müqabilində pul almadı. Amma müqavilədə nəzərdə tutulurdu ki, ABŞ Florida əhalisinin İspaniya hökumətinə qarşı iddialarını təmin edəcək. Amerikalılar da bu iddialara 5,5 milyon dollar ödədilər.

Alyaska təklifi, ümumiyyətlə, ruslardan gəldi. Krım müharibəsindən sonra Britaniya ilə münasibətləri pisləşən ruslar fikirləşirdilər ki, Kanadaya nəzarət edən ingilislər buranı tutmaq istəsələr, ciddi müqavimət göstərə bilməyəcəklər. Krımda məğlubiyyətin əsas səbəblərindən biri Rusiya ordusunun daimi bəlası idi: bərbad logistika. Krımı təchiz edə bilməyən ölkə Alyaskanı necə edəcəkdi? Üstəlik, ruslar da buraya daha çox xərc çəkirdilər, nəinki fayda götürürdülər. ABŞ-da başlanan Vətəndaş müharibəsi üzündən məsələ uzandı. Nəhayət, 1867-ci ilin martında imzalanan müqaviləyə əsasən, 1,5 milyon kv km ərazi 7,2 milyon dollara satıldı. Rusiyanın 1904-1905-ci illərdə yenə bərbad logistika üzündən Uzaq Şərqdə Yaponiyaya məğlub olması göstərdi ki, düz edib Alyaskanı satıblar.

Nəhayət, gələk Qrenlandiyanın sahibi olan Danimarkanın ABŞ-a satdığı başqa əraziyə - Vircin adalarına. ABŞ daha əvvəl də bu adaların alınmasında və hərbi-dəniz donanmasının Karib dənizində bazası kimi istifadə olunmasında maraqlı idi. Amma müxtəlif səbəblərdən razılığa gəlinmədi.

Birinci Dünya müharibəsi başlayanda amerikalılar qorxdular ki, Almaniya adaları tutub sualtı qayıqların bazası kimi istifadə edər. Buna görə Kopenhagenə yeni təklif göndərdi.

Amma Danimarka nə 100 il əvvəlki İspaniya idi, nə 50 il əvvəlki Rusiya. Danimarkada 1916-cı ildə referendum keçirildi. İştirak edənlərin 64 faizi satmağa "hə" dedi. Parlament də razılıq verdi. Yalnız bundan sonra, 1917-ci ilin avqustunda adalar 25 milyon dollar müqabilində ABŞ-a satıldı.

Bununla belə, alıb-satan tərəflər arasında konsensusa baxmayaraq, heç zaman sözügedən ərazilərdəki sakinlərin rəyi soruşulmayıb. Hətta Danimarka da soruşmadı. Yalnız Santa Krus adasında yerli liderlər referendum təşkil etdilər. İştirak edən 4034 nəfərdən yalnız 7-i satışa "yox" dedi.

Bu sövdələşmələrin - hətta tamamilə başqa beynəlxalq münasibətlər dövründə baş vermələrini kənara qoysaq, - heç birini Trampın xuliqanca hədə-qorxusu ilə müqayisə etmək olmaz.  Üstəlik, XXI əsrdə yerli əhalinin rəyini soruşmadan onların taleyini həll etmək biabırçılıq olar.

Asif Nərimanlı, jurnalist:

- AZAL-ın Rusiya tərəfindən vurulan təyyarəsi ilə bağlı materialların bu həftə açıqlanması gözlənilsə də, proses uzanır. Əslində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nizamnaməsinə görə, mülki təyyarə qəzalarının səbəbləri ilə bağlı ilkin hesabat bir ay müddətində dərc olunmalıdır. Dekabrın 25-də baş verən qəzadan bir ay 4 gün keçməsinə baxmayaraq, hesabatın açıqlanması uzanır.

Problemin Rusiyadan qaynaqlandığı sirr deyil. Son günlər Rusiya mediası üzərindən Azərbaycana qarşı aparılan kampaniya da Kremlin məsuliyyətdən yayınmağa çalışdığını təsdiq edir.

Təyyarənin vurulmasından sonrakı dövrdə Rusiyan iki belə cəhd edib:

- vurulma faktın gizlədilməsi məqsədilə müxtəlif versiyalar tirajladılar;

- vurulma faktını gizlədə bilməyəndə məsuliyyətin bölüşdürülməsi gedişini etməyə çalışdılar;

Hər iki cəhd nəticə vermədi, hazırda Bakıya qarşı informasiya hücumları, səfirin Rusiya XİN-ə dəvət edilməsi və s. üçüncü - təzyiq cəhdidir. Buna paralel olaraq, diplomat kanallarla müzakirələr də davam edir. Putinin xüsusi nümayəndəsi Titovun 27-28 yanvarda Bakıya səfəri də bu kontekstdə diqqət çəkir.

Görünür, günahkarları cəzalandırmaq və kompensasiya ödəmək istəməyən Rusiya məsuliyyətdən yayınmaq, yaxud ən azı bölüşdürməyin yollarını axtarır.

Elxan Şahinoğlu, politoloq:

- Ağ Evin yeni sahibi Donald Trampa yaxınlığı ilə tanınan və Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Kreml sahibi Vladimir Putindən müsahibə ala bilən yeganə amerikalı jurnalist Taker Karson qaş düzəltmək istəyərkən, göz çıxarıb. O, həmkarı Mett Taibbiyə müsahibəsində deyib ki, guya Co Bayden ABŞ prezidenti olduğu müddətdə administrasiya Rusiya prezidenti Vladimir Putini sıradan çıxarmağa cəhd edib. Belə bir planın olub-olmadığını iddia etmək çətindir. Bəlkə də Vaşinqtonda hesab ediblər ki, Putin olmasa, Rusiya müharibəni dayandıracaq. Bunda müəyyən qədər məntiq var. Misal üçün, Putinin yerinə Baş nazir Mixail Mişustin keçsə, böyük ehtimalla, o, müharibənin davamında maraqlı olmayacaq. O, Baş nazir təyin olunandan bu yana bir dəfə də müharibə barədə fikir bildirməyib. Mişustin müharibənin Rusiya iqtisadiyyatına dağıdıcı zərbə vurduğunu anlamamış deyil. O ki qaldı, Vaşinqtonun Putini aradan götürmək planına, ABŞ tarixində belə hallar az olmayıb. Mərkəzi Kəşfiyyat İdarəsinin Kubanın keçmiş lideri Fidel Kastorun öldürmək üçün müxtəlif planları olub, sadəcə reallaşdıra bilməyib. Mərkəzi Kəşfiyyat İdarəsi 1973-cü ildə çevriliş yolu ilə Çilinin solçu Prezidenti Salvador Alyendeni general Auqusto Pinoçetlə əvəz edə bilib. Doğrudur, bu zaman Alyende həlak olub və Pinoçetin hərbi xuntası minlərlə çililinin ölümünə səbəb olub. Ancaq bu, Vaşinqtonu az narahat edib.

Karslon düşünüb ki, Donald Tramp Bayden administrasiyasının "Putin yoxdursa, problem də yoxdur" prinsipini bəri başdan rədd edəcək. Həqiqətən Tramp Ağ Evdə ilk günlərindən başlayaraq Baydenin bir çox qərarını ləğv edib. Ancaq bəzi məsələlərdə davamlılıq istisna deyil. Keçmiş Prezident Duayt Eyzenhauer 1961-ci ildə kreslosunu seçkidə qələbə qazanan Con Kennediyə təhvil verəndə Mərkəzi Kəşfiyyat İdarəsi Kubaya qarşı müdaxilə planı hazırlamışdı. Kennedi planı bəyənməsə də, mexanizm işə düşmüşdü və Ağ Evin yeni sahibi Mərkəzi Kəşfiyyat İdarəsinə "yox" deyə bilmədi. Müdaxilə Amerika üçün məğlubiyyətlə nəticələnsə də, Kennedi sələfinin hazır planından imtina edə bilməmişdi. Eyni ilə Tramp üçün maraqlı olsa, o da Mərkəzi Kəşfiyyat İdarəsinin və Pentaqonun əvvəlcədən hazırlanan planlarına "hə" demək məcburiyyətində qala bilər.

seeBaxış sayı:74
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri