Icma.az
close
up
RU
525 ci qəzet Hansı vəzifədə çalışmağımdan asılı olmayaraq mən ilk növbədə yazıçıyam

525 ci qəzet Hansı vəzifədə çalışmağımdan asılı olmayaraq mən ilk növbədə yazıçıyam

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xalq yazıçısı Elçin "Teleqraf" İnformasiya Agentliyinə müsahibə verib. Müsahibəni təqdim edirik.

- Elçin müəllim, müsahibəmizə yaradıcığınızla başlayaq. Hələ 16 yaşınızda "O inanırdı" adlı hekayə ilə yaradıcılığa başlamısınız. Sizin fikrinizi bilmək maraqlıdır, insanda yazmaq ehtiyacı nədən yaranır?

- Dünyada nə qədər yazıçı varsa, bu suala, məncə, birmənalı cavab verə bilməz. Əslində yazıçı bilmir, yazmağa niyə başladı… Kiçik yaşlarımda hekayələr yazırdım, vərəqi jurnalın arasına qoyub, nənəmə oxuyurdum, guya, jurnaldan hekayə oxuyuram. Nənəm Bilqeys xanım savadlı qadın idi. Təbii, hər şeyi başa düşürdü, amma üzə vurmurdu. Bəli, "O inanırdı", yadımdadır, 1959-cu il yayında "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdu. Amma həmişə demişəm, indi də təkrar edirəm ki, 16 yaşında bir uşağın hekayə nəşr etdirməsi düzgün deyil. Çünki oxucuya təqdim edilən hekayə, yaxud şeir həvəskarın yox, professionalın yazısı olmalıdır. Necə yəni "həvəskar şair" 200 sərnişinli təyyarəni "həvəskar pilota" tapşırmaq olar?

"Həvəskar şair" şeirlərini ailəsinə, dostlarına oxuya bilər, bu çox gözəl. Ancaq ədəbiyyat professionalındır. Mən 1968-ci ilə qədər çap etdirdiyim hekayələrin, povestlərin heç birini "Seçilmiş əsərləri"mə daxil etməmişəm. Hekayələrimi çapa verəndə 1968-də yazılmış "Qatar. Pikasso. Latur. 1968" ilə başlayıram. Halbuki o vaxta qədər iki povestim nəşr edilmişdi - "Sos", "Açıq pəncərə". Hətta indiyə qədər də bu povestlər haqda yazırlar.

- Atanız İlyas Əfəndiyevin yazıçı kimi formalaşmağınızda hansı təsirləri oldu? Bu sualı sizə ədəbi aləmdə vaxtaşırı gündəmə gələn "atalar-oğullar" mövzusu kontekstində veririk...

- Dünyada yazıçıların yalnız yüzdə bir-iki faizi yazıçı oğludur. Azərbaycan ədəbiyyatında da belədir. Aleksandr Dümanın, yaxud Tomas Mannın oğulları da yazıçı olublar, hərçənd ataları səviyyəsində deyillər. Mühit amili var, əlbəttə, amma heç vəchlə müəyyənedici deyil. Lev Tolstoy da, Aleksey Tolstoy da qraf olublar. Maksim Qorki isə həyatın dibindən çıxıb, yaxud Cek London matros olub...

İstedad varsa, mütləq özünü büruzə verəcək. İstedad çox sərt, möhkəm və güclüdür. O biri tərəfdən də zəif, sadəlövhdür. İstedadı məhv etmək, ya da şirnikləndirib, ondan istifadə etmək asandır. Sovet dövründə bizim istedadlı yazıçılarımız var idi, amma o yazıçılar ki ədəbiyyata yox, ideologiyaya xidmət etdi, Sovet İttifaqı onların əsərlərini özü ilə apardı. Hanı o "ideoloji" romanlar, povestlər? Bu gün onlar yoxdur.

İlyas Əfəndiyevin, əlbəttə, mənim yazıçı kimi formalaşmağımda rolu böyükdür. Yaradıcılıq mənasında "İlyas Əfəndiyev mühiti" - kitablar idi, yazıçılar idi, sənət adamları idi, oxucular və tamaşaçılar idi. Əgər səndə istedad varsa, daxildən gələn ehtiyacla üst-üstə düşürsə, öz bəhrəsini verəcək.

Mən uşaqlıqdan nəinki İlyas Əfəndiyevin yazdıqlarını oxumuşam, eyni zamanda bu əsərlərin yaranmasının şahidi olmuşam. Bu da yəqin öz rolunu oynayıb. Bir xatirə yadıma düşdü: rəhmətlik Mehdi Hüseyn İlyas Əfəndiyevlə dost idi. Bizim evə gələrdi. Bir dəfə Mehdi Hüseyn soruşdu ki, "Elçin yenə yazır?" Sonra da şagird dəftərində bir hekayəmi götürüb oxudu. O zaman 13 yaşım vardı. Həmin hekayəmi oxuyandan sonra atama dedi ki, "balam, Elçin əməlli-başlı yazıçıdır ki…" (Gülür.) Əlbəttə, şişirdilmiş söz idi, amma görürsüz, yaddaşımda qalıb.

- 70-ci illərdə yazdığınız "Dolça", "Toyuğun diri qalması" əsərlərinizdə həmin dövrün ab-havasını olduğu kimi vermisiz, şirə qatmamısız. Folklora qayıdış kimi "Mahmud və Məryəm" romanını qələmə aldınız. 80-ci illərdə "Ağ dəvə", "Ölüm hökmü" əsərini yazdınız. Müstəqillik dövründə "Baş" romanı meydana çıxdı. Pyeslər yazdız. Necə düşünürsünüz, zamanın yaradıcılığa konyuktur təsiri varmı?

- İndicə dedik ki, sovet dövrünün konyukturası ilə yazılmış əsərləri indi oxuyan var? O əsərləri yalnız tənqidçilər, ədəbiyyatşünaslar oxuya bilər. Eləcə də, medalın o biri üzü: Baxın, Aleksandr Soljenıtsın dissidentlikdən istifadə etdi - bu da, medalın o biri üzü idi. Yəni 1960-cı illərin ortalarından başqa tipli bir konyuktura yarandı: stalinizmi, sistemi tənqid etmək. İstedadlı əsərlər də yarandı. Amma Soljenıtsının bədii istedadı onun ictimai enerjisindən çox aşağı idi. Əslində ona siyasi-ictimai fəaliyyətinə görə "Nobel" verildi. Halbuki sovet dövründə "Nobel" almayan bir sıra rus yazıçıları var idi ki, bədiilik baxımından ondan xeyli üstün idi.

Semyon Babayevski, yaxud Anatoli Safronov Sovet ideologiyasını tərənnüm edirdilər, ordenli, medallı məşhur yazıçılardan idilər, ancaq istedad zəif, bədiilik acınacaqlı idi. Soljenıtsın romanlarında ideoloji baxımdan SSRİ-ni, Stalini, partiyanı ifşa edirdi, amma burada da istedad zəif idi, çatışmırdı.

Mixail Şoloxov, əksinə, ideologiyaya doğma adam idi, bütün partiya qurultaylarında iştirak edirdi, çıxışlarında Lenindən, Brejnevdən sitatlar gətirirdi, Stalinlə, Xruşşovla dostluq edirdi. Ancaq "Sakit Don" bu gün də yaşayır, çünki istedad güclüdür, mükəmməldir. Münəccimlik etmək istəmirəm, amma 50 ildən sonra Soljenıtsın on beşinci dərəcəli rus yazıçılarının siyahısında olacaq.

Bir cəhəti də demək istəyirəm: sovet dövrü Azərbaycan ədəbiyyatında yaranmış "ideoloji əsərlər"in hamısının üzərindən ucdantutma xətt çəkmək də düz deyil. Azərbaycan ədəbi-bədii dilinin inkişafında, yeni janrların yaranmasında, formalaşmasında bu əsərlərin ciddi rolu var.

- 80-ci illərdə yenidənqurma dövrü olmasaydı, "Ölüm hökmü" romanı meydana gələcəkdimi?

- "Ölüm hökmü" mütləq yazılacaqdı və yazıldı. Amma onun çap edilib-edilməməsi başqa məsələ idi. Mən "Ölüm hökmü"nü 1984-cü ildə yazmağa başladım, onda hələ "yenidənqurma"dan əsər-əlamət yox idi. 1987-ci ildə bitirdim, 1988-ci ildə isə çap edildi.

Bu romanı yazanda çap olunub-olunmayacağı kimi qorxu və narahatlıq hissini kənara qoymuşdum. Tamam əmin idim ki, bu əsər çap olunmayacaq. Amma bu romanın bəxti gətirdi, dövr dəyişdi, "Ölüm hökmü" də çap olundu.

- Əsər üzərində işlədiyiniz zaman repressiya dövrü ilə bağlı arxiv materiallarında nələrlə qarşılaşdınız?

- Yox, "Ölüm hökmü" fəhmdən, düşüncələrdən doğan romandır. Bəzi sənədli hissələri də var. Yeri düşmüşkən deyim ki, son 10-12 ildə çox az bədii əsər oxumuşam. Oxuduqlarım əsasən sənədli əsərlər, arxiv materialları olub. İndi hər şey, o cümlədən 1937-38-ci illərin arxiv materialları çap edilib.

Mənim həyatımın böyük bir hissəsi Sovet İttifaqında keçib. Bu, necə bir ölkə idi? Bu ölkəyə rəhbərlik edən insanlar - Lenin, Stalin, Malenkov, Xruşşov, Qorbaçov - bunlar kim idi? O vəzifələrə necə gəlmişdilər? Sovet ideologiyası nə üçün birdən-birə çökdü? Mən harada yaşamışam? Axır vaxtlar Stalin haqqında eyniadlı bir pyes də yazdım.

- Bu yaxınlarda Mir Cəfər Bağırov haqqında iri həcmli publisistik yazınız "Ədəbiyyat qəzeti"ndə, eləcə də "525-ci qəzet"də çap olundu...

- Bəli. Məlum atalar sözü var: "Yazıya pozu yoxdur". O dövrlə əlaqədar hər şey üzə çıxacaq və artıq üzə çıxır. Elə o dövrün mətbuatını vərəqləmək çox "məchullar"ın üzünü açır.

- Ümumiyyətlə, İlyas Əfəndiyev 1930-cu illərdəki ideoloji mübarizələrdə görünmür. Bu nə ilə bağlıdır?

- İlyas Əfəndiyev yalnız 1940-cı ildə Yazıçılar İttifaqının üzvü olub. Onun ilk kitabı "Kənddən məktublar" 1939-cu ilin sonlarında nəşr edilib. 38-ci ildə hekayələr yazmağa başlayır. 39-ci ilin əvvəlində yeddi-səkkiz hekayəsini götürüb gəlir Bakıya, Yazıçılar İttifaqının yerini tapır. O zaman artıq məşhur yazıçı olan Əbülhəsən həmin illərdə Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyirmiş. Rəhmətlik çox koloritli adam idi, kimləsə danışanda "əzzim-əzzim" deyirdi.

Əbülhəsən gənc bir qızla söhbət edirmiş, gözucu əlyazmaya baxıb: "Əzzim-əzzim, bura poçt-zaddır ki, "Kənddən məktublar" gətirmisən?"- deyir. Emosional bir adam olan İlyas Əfəndiyev də hirslə hekayələri mizin üstünə atıb gedir. Ancaq sonra Əbülhəsən hekayələri oxuyur və plandan kənar nəşr etmək üçün "Azərnəşr"ə göndərir. Atam bu əhvalatı gülə-gülə ləzzətlə danışardı. O kitab indi mənim kitabxanamdadır. Redaktoru da Sabit Rəhmandır.

- 40-50-ci illərdə baş verən intriqalarda da İlyas Əfəndiyevin iştirakı yoxdur. Xüsusilə, atanızın Mir Cəfər Bağırovla münasibəti və bu kimi məsələlər haqqında danışa bilərsinizmi?

- Mən "Mir Cəfər Bağırov kim idi?" yazısında onun yazıçılara, "Dədə Qorqud"a, Heydər Hüseynova münasibətinə də toxunmuşam. İlyas Əfəndiyevlə Mir Cəfər Bağırovun xüsusi bir münasibəti olmayıb. Ümumiyyətlə, İlyas Əfəndiyev heç vaxt Kommunist Partiyasının üzvü olmayıb. İctimai işlərlə, iclaslarla qəti arası olmayan adam idi. Onun ən böyük kabineti evindəki iş otağı idi.

- 1968-ci ilə qədər yazdığınız əsərləri nəşr etdirməmisiniz. Zamanla insanın həyata baxışı, təfəkkürü dəyişə bilir. Ümumiyyətlə, nəşr etdirmək istəmədiyiniz əsərləriniz yenə varmı?

- Var.

- Bəs, süjet xəttini dəyişmək istədiyiniz əsəriniz necə, varmı?

- Xeyr, elə bir əsərim yoxdur. İki-üç il əvvəl "Qırx beş" adlı elə o sayda hekayələr kitabım nəşr edilib. Onların da çoxu sovet vaxtı yazılıb. Heç birinin bir cümləsini, vergülünü belə dəyişməmişəm. Necə yazmışamsa, bu gün oxuculara da elə təqdim etmişəm. Əgər mən partiya, kolxoz, zavod və sair barədə əsər yazsaydım, onlardan da imtina etməyəcəkdim. Olduğu kimi qalacaqdı. Sadəcə həmin yazı heç kimi maraqlandırmayacaqdı, ədəbiyyat tariximizin arxivinə yollanacaqdı.

- Adətən, yaradıcı insanların çoxu gecələr işləyirlər. Maraqlıdır, siz əsərlərinizi hansı saatlarda yazırsınız?

- Mən əsasən səhər saatlarında işləyirəm, saat 5-9 arası. İlyas Əfəndiyevdən fərqli olaraq, mən gənclik illərimdən ictimai həyatın içində olmuşam. Yazı-pozu vaxtım da belə olub.

- Sizin özünüzün ən sevdiyiniz əsəriniz hansıdır?

- Deyə bilmərəm. Nə yazmışamsa, hamısı mənimdir. Yazdıqlarımın hər biri mənim daxili aləmimin ifadəsidir. Sırf yada düşmək baxımından hərdən "Ağ dəvə"ni xatırlayıram. Ancaq yazdıqlarımı təzədən oxumaq, onlara təzədən qayıtmaq xasiyyətim yoxdur. Buna heç vaxtım da yoxdur.

- Ömür səhifənizi vərəqləyərkən hansı illərə qayıtmaq istərdiniz?

- Cavanlıq illərimə...

- Bir müddət əvvəl yeni əsər üzərində işlədiyinizi vurğulamışdınız. O əsər haqqında məlumat verə bilərsiniz?

- Əlimdə bir-iki yazı var. İlyas Əfəndiyevlə bağlı sənədli romanı bitirmək istəyirəm. Bu yaxınlarda bir pyes yazmışam. Bizim görkəmli rejissorumuz Mehriban Ələkbərzadə "Baş" romanını səhnələşdirib, yaxınlarda məşqləri başlayacaq.

- 25 il Baş nazirin müavini kimi böyük vəzifədə fəaliyyət göstərmisiniz. Adətən, insanlar arasında belə bir fikir formalaşıb ki, siyasət sahəsi yaradıcı insanlara mane olur.

- Əvvəla, bu - doğru fikir deyil. Azərbaycan ədəbiyyatı tarixində Qazi Bürhanəddindən tutmuş Molla Pənah Vaqifə qədər bir çox sənətkarlarımız dövlət işində, vəzifələrdə olublar. Sovet dövrü yazıçılarımızın da elələri var ki, vəzifələrdə çalışıblar. Yəni mənim Baş nazirin müavini işləməyim xüsusi bir hadisə deyil. Hansı vəzifədə çalışmağımdan asılı olmayaraq mən ilk növbədə yazıçıyam. Bəli, vaxt çatışmazlığı olur. İndi yalnız BDU-da yarım ştatda professoram, bu maraqlı və çox vaxt almayan işdən başqa bir vəzifəm yoxdur, ancaq vaxt yenə çatışmır.

- 1980-ci illərdə müsahibələrinizin birində "İsmayıl" adlı roman yazdığınızı bildirmişdiniz. Amma sonralar nə o romanın özünə, nə də haqqında məlumata rast gəldik.

- Mənim üçün ağrılı bir məsələdir. O romanın ayrı-ayrı fəsillərini yazmışdım. Sadəcə, onları bir yerə yığmaq, çatışmayan hissələri yazmaq lazım idi. Gecikdirdim, başqa yazılar ortaya girdi. İndi də tapa bilmirəm. Deyəsən, necə olubsa o əlyazmalarını itirmişəm. Az müddət hakimiyyətdə olmuş İkinci İsmayıl haqqında idi.

- Yazıçı Anar uzun müddətdir Azərbaycan Yazıçılar Birliyinin sədridir. Onun sədrliyi ilə bağlı müxtəlif tənqidi fikirlər də var. Bu məsələ ilə bağlı sizin mövqeyinizi öyrənmək istərdik.

- Yazıçılar Birliyinin ətrafında yaranan ajiotajın ədəbiyyata heç bir aidiyyəti yoxdur. Ajiotaj ədəbiyyat yaratmır, dedi-qodu yaradır. Yazıçılar Birliyindən danışanda, onun mətbu orqanlarını yaddan çıxarmayaq. "Azərbaycan" jurnalı Azərbaycan ədəbiyyatını necə təqdim edir, hansı bir istedadlı əsər geri qaytarılıb? Onun Azərbaycan ədəbiyyatının inkişafındakı rolunu danmaq olmaz. "Ədəbiyyat qəzeti"nin indiki səviyyəsi beş-altı il əvvəlki vəziyyətindən müqayisə edilməz dərəcədə fərqlidir, ya yox? "Azərbaycan" da, "Ədəbiyyat qəzeti" də bu gün ədəbiyyat sahəsində maarifçilik edirmi? Ədəbiyyatı təbliğ və təqdim edə bilirmi? Baxın, bu gün ədəbiyyat problemlərini professionallıqla işıqlandıran "Azərbaycan" jurnalı deyilmi? "Ədəbiyyat qəzeti"ndə professional ədəbiyyat söhbətləri, yazıları, materialları dərc edilmirmi? Bəli, belədir.

"Literaturnıy Azerbaydjan"ın tirajı azdır, ancaq bu gün ədəbiyyatımızı təbliğ edən bir tribunadır. "Qobustan" maraqlı bir dərgidir. Yəni olanımız bunlardır. İndi təsəvvür edək ki, nə "Azərbaycan" jurnalı, nə də "Ədəbiyyat qəzeti" nəşr edilir, "Literaturnıy Azerbaydjan" da yoxdur. Belə də ədəbiyyatımızın durumu necə olar? Çox ciddi boşluq yaranmazmı? Yaranar. Amma bundan danışan yoxdur.

Təəssüflə burasını da deyim ki, "Ulduz" jurnalı "Azərbaycan", ya da "Ədəbiyyat qəzeti" ilə müqayisədə xeyli zəif görünür, bugünkü gənclərin ədəbi simasını göstərməyi bacarmır, orada gəncliyin ədəbi-bədii mənzərəsi xeyli dərəcədə solğundur. Bu gün "60-cılar nəsli" haqqında çox danışırlar. Ancaq baxın, o nəslin özünü təqdim və təsdiq etməsində "Ulduz"un rolu az olmamışdı. Bir sözlə, ajiotajla məşğul olmayaq, ədəbiyyatla, onun problemləri ilə məşqul olaq.

- Yazıçılar Birliyinin sədri kimi Anarın yaş məsələsinə də irad bildirilir. Qeyd edirlər ki, sədrliyə cavanlar gəlməlidirlər. Bu haqda nə deyə bilərsiniz?

- Son qurultayda mən də iştirak edirdim. Qurultay iştrakçılarının aşağısı 99 faizi Anarın seçilməsinə səs verdi. Bizim üzdə əl qaldırıb, arxada qeybət etmək mərəzimiz var. O ki qaldı yaş məsələsinə, əgər insan özünü yaxşı hiss edirsə, işləmək həvəsi varsa, qurultay onu yekdilliklə seçirsə, niyə də işləməsin? Yaşın çoxluğu nə vaxtdan qınaq mənbəyi olub?

- Yazıçılar Birliyinin bir təşkilat olaraq fəaliyyətini ədəbi prosesə adekvat hesab etmək olarmı?

- Qurban müəllim, siz də yazıçısınız, sizin və dostlarınızın yaradıcılıqla məşğul olmaq üçün orada qarşınızı nə alır?

- Heç nə...

- O zaman yazın-yaradın də...

- Uzun müddət Yazıçılar İttifaqının İdarə Heyətinin katibi işləmisiniz. Nə zamansa Yazıçılar Birliyinə rəhbərlik etmək istəmisinizmi?

- (Gülür.) Bəyəm mənim vəzifəm Yazıçılar Birliyinin sədrliyindən aşağı olub? Amma bu başqa məsələ ki, bu gün məndə nostalji bir hiss var. Cavan vaxtımda - 1975-ci ildə Yazıçılar İttifaqının katibi seçildim. O vaxt Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi işləyirdim. Yazıçılar İttifaqındakı o mühitlə - yazıçılarla, şairlərlə, Natəvan klubundakı ədəbi toplantılarla bağlı daxilimdə, dediyim kimi, nostalji bir hiss var. Məşhurlardan tutmuş qeyri-məşhurlaracan yazı-pozu əhli Yazıçılar İttifaqına gəlib-gedirdi. Bu, o demək deyil ki, onların hamısı ilə yaxın, ya qeyri-yaxın dost idim. Yox. Elələri var idi ki, xoşuma gəlmirdi, bəziləri ilə münasibətim pis idi. Amma bu gün onların hamısını xoş hisslərlə xatırlayıram.

- Dünyada ədəbiyyatın gələcəyini necə görürsünüz?

- Həmişə deyirəm ki, rəqəmsal dünya yeni sivilizasiyanın yaranması deməkdir. Məncə, ədəbiyyatın sırf texniki nöqteyi-nəzərdən forması dəyişəcək. Bu gün kitab kağızda çap edilir, 20 ildən sonra, bəlkə də daha tez yəqin kitab yalnız elektron şəkildə olacaq. Amma ədəbiyyət mahiyyət etibarilə qalacaq, dəyişməyəcək. Ədəbiyyatın, məncə, öz missiyası var. Bu missiya o vaxt bitə bilər ki, daha Yer üzündə insan olmasın. Əgər insan olacaqsa, bəşəriyyət yaşayacaqsa, ədəbiyyat da bəşəriyyətlə bərabər olacaq. Yalnız formasını dəyişəcək, mahiyyətini yox.

- Elçin müəllim, üç qızınız var. Maraqlıdır, İlyas Əfəndiyevin sizinlə bağlı rolu, sizin adınızın qızlarınız üzərində olan rolu qədərdirmi?

- Bəli, mənim üç övladım var. Əgər rolumu onların kariyeraları baxımından deyirsinizsə, onlar artıq müstəqil insanlardır. Sadəcə, onu deyə bilərəm ki, onlar da, övladları da mənim dostlarımdır. Sizinlə mühit barədə danışdıq, məncə, ailə mühitinin ən birinci göstəricisi oradakı dostluqdur. Qalan bütün hisslər dostluğun içindədir.

- Elçin müəllim, yaşınız az deyil, Allah sizə ömür versin. Hazırda nə kimi arzularınız var?

- Ən böyük arzularımdan biri Qarabağla bağlı idi ki, o da həyata keçdi. İlyas Əfəndiyev də, mən də həmişə Qarabağa bağlı olmuşuq. Bu gün çox xoşbəxtəm ki, Qarabağ işğaldan azad olundu, Azərbaycan öz suverenliyini tam bərpa etdi. İkili siyasi standartlar dünyasında bu cür Qələbə qazanmaq, Zəfər çalmaq taleyüklü tarixi hadisədir. Sağ olsun Ali Baş Komandan, ordumuz, xalqımız.

- 44 günlük zəfərimizdən bəhs edən əsər yazmağı düşünmüsüzmü?

- Əlbəttə, sağlıq olsun. 44 günlük Zəfər və 23 saatlıq Qələbə elə hadisələrdir ki, vaxt keçdikcə, təkcə ədəbiyyatda yox, ümumiyyətlə sənətdə daha artıq dərəcədə milli-mənəvi özünüifadəyə çevriləcək.

- Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Qurban YAQUBOĞLU

Rəqsanə HƏSƏNOVA

"Teleqraf" İnformasiya Agentliyi

Foto: Elnur MUXTAR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Fevral 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see126

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see125

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see124

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see123

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see122

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see122

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see119

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see117

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see115

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see114

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see114

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see110

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see110

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see110

İran AES lərin istifadəyə verilməsi prosesini sürətləndirəcək Vitse prezident

12 Aprel 2025 20:52see110

İtkin düşən azyaşlı tapıldı FOTO

12 Aprel 2025 23:13see110

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see110

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see110

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri