Icma.az
close
up
RU
525 ci qəzet Haqqa könül verən şair

525 ci qəzet Haqqa könül verən şair

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rafiq YUSİFOĞLU

1990-cı ildə İstanbulda “Tərcüman” nəşriyyatı tərəfindən nəşr edilən dörd cildlik “Türklərin altın kitabı”nın bir dəstini mənə hədiyyə edən Abbas Abdulla kitabın birinci cildinin üstündə belə bir avtoqraf yazmışdı: “Əzizim Rafiq bəy, Tanrı sənə yar olsun!”

Elə hesab eləyirəm ki, mənim, eləcə də baş redaktoru olduğum “Göyərçin” jurnalının uğurlarında tanınmış şair, ədəbiyyatşünas, tərcüməçi, publisist, naşir, diplomat, sadə, təvazökar, zarafatcıl bir insan olan Abbas Abdullanın bu xeyir-duasının da az-çox rolu olub. Həmişə mənə deyirdi ki, bəlkə də sənin özün bunun fərqində deyilsən, ancaq “Göyərçin”i hamıdan əvvəl latın qrafikalı əlifba ilə nəşr eləməyə başlamağınız xalqa, eləcə də türk dünyasına böyük xidmətdir. Abbas müəllim həmin kitabları mənə o məqsədlə vermişdi ki, jurnalın gələcək nəşrlərində oradakı mətnlərdən istifadə edim. Elədim də. “Göyərçin”də “Türk dünyasının böyük oğulları” rubrikası altında silsilə yazılar da çap elədim...

Vaxtilə İstanbulda Azərbaycanın baş konsulu vəzifəsində çalışan Abbas Abdullanı türk dünyasının birliyi, turançılıq ideyaları həmişə düşündürür, qayğılandırırdı. Deyirdi ki, bütün uğurlarımız bu birlikdən asılıdır. Abbas Abdulla 44 günlük müharibədən sonra qazandığımız parlaq zəfərin sevincini yaşaya bilməsə də, ümid eləyirəm ki, onun ruhu şaddır. Türk dilli ölkələrin bir-birinə yaxınlaşması, ittifaq qurması indi bütün bizi istəməyənlərin kürkünə birə salıb...

Abbas Abdulla ilə hələ tələbə vaxtından tanış idim. O qədər “Ulduz” jurnalının redaksiyasına gedib-gəlirdim ki, bir otaqda əyləşən yaradıcı adamların da hamısı ilə dostlaşmışdıq. Mən əvvəlcə əsasən ayrı-ayrı vaxtlarda şeir şöbəsinə rəhbərlik edən Məmməd Arazın, Tofiq Bayramın, İsa İsmayılzadənin yanına gedib gəlirdim. Abbas Abdulla da onlarla bir otaqda əyləşər, tez-tez zarafatları, atmacaları ilə söhbətə qoşular, maraqlı, səmimi bir ab-hava yaratmağın vasitəçisi olardı. “Ədəbiyyat və incəsənət” qəzeti baş redaktorunu müavini olanda, “Ulduz” jurnalına rəhbərlik eləyəndə də Abbas Abdulla elə öz ampulasında idi: sadə, şən, zarafatcıl, mehriban...

Bir dəfə Ədəbiyyat İnstitutunda onunla rastlaşanda bir həmyerlisi olan elmlər doktorundan gileyləndi. Dedi ki, mızıldanır, kitabıma ön söz yazmağı ləngidir. Dedim ki, ay kişi, gör sən nəyin dərdini çəkisən e? Sən həmin adamdan qat-qat səviyyəlisən. Nəyinə lazımdı onun ön sözü? Güldü. Sözüm çox xoşuna gəldi. Dedi ki, bax sənin xətrini ona görə çox istəyirəm e! Düşündüyünü çəkinmədən deməyi bacarırsan.

Sonralar Yazıçılar Birliyində işləyən vaxtlarda da onunla görüşərdik. Mən ADPU-da işləyən vaxt ara-sıra metroda rastlaşar, söhbətləşər, zarafataşar, bir-birimizə təzə lətifələr danışardıq... Abbas Abdulla istər yaşca, istər ədəbi təcrübəcə məndən böyük olsa da, heç vaxt bunu hiss etdirməzdi. O qədər sadə, təvazökar idi ki... Adam həmişə ondan müsbət enerji alırdı elə bil.

Heyif ki, indi Abbas Abdulla dünyada yoxdur. Ancaq nə yaxşı ki, yazdığı şeirlər, poemalar, elədiyi tərcümələr, Azərbaycan - Ukrayna ədəbi əlaqələri ilə bağlı monoqrafiyası özündən sonra bizə yadigar qalıb.

Abbas Abdulla (1940-2019) zəngin bir ömür və yaradıcılıq yolu keçən, istər ədəbiyyatda, istərsə də xalqımızın ictimai-siyasi həyatında özünəməxsus izi olan bir adam idi. Uzun illər ədəbi mətbuatda rəhbər vəzifələrdə çalışmış, Azərbaycanın İstanbuldakı baş konsulu (1992-1997) vəzifəsində işləmişdi. 1984-cü ildə ona Əməkdar mədəniyyat işçisi fəxri adı verilmişdi. Həmin il Ukraynada Maksim Rılski adına ədəbi mükafata layiq görülmüşdü. Zəhmətkeş bir qələm sahibi olan Abbas Abdullanın “Əməkdə fərqlənməyə görə” (1980) medalı ilə təltif olunması da təsadüfi deyildi.

1957-ci ildə “Öyün, Vətənim” adlı ilk şeiri Tiflisdə nəşr edilən “Şərqin şəfəqi” qəzetində çap olunandan sonra Abbas Abdulla şeir-sənət yolunu seçmiş, bu yolda xeyli uğurlar qazanmışdı. Ali filoloji təhsil alan Abbas Abdulla Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspirantı olmuş (1964-1966), ədəbi əlaqələrlə bağlı tədqiqat işi üzərində işləmiş, Kiyevdə Şevçenko adına Ədəbiyyat İnstitutunda təcrübə keçmişdir.

Rəhbər vəzifədə işləməsi, baş redaktor, konsul olması onu fərdi yaradıcılıqdan bir qədər uzaqlaşdırsa da, Abbas müəllim daim yaradıcılıqla məşğul olmuş, şeir, tərcümə kitabları araya-ərsəyə gətirə bilmişdi. Onun ədəbi irsi “Ata yurdu” (1970), “Ağlı-qaralı dünya” (1980), “Üzü dan yerinə” (1984), “Sonsuzluğa gedən karvan” (1988) və s. şeir kitablarında öz əksini tapmışdır.

“Azərbaycan-Ukrayna ədəbi əlaqələri” (1982) elmi monoqrafiyası Abbas müəllimin gərgin elmi axtarışları nəticəsində araya-ərsəyə gələn bir maraqlı, faktlarla zəngin tədqiqat əsəridir.

Abbas Abdulla həm də zəhmətkeş, səriştəli bir tərcüməçi idi. O, İ.Draçın “Könlümün harayı” (1968), V.Leqkobitin“Hərə bir şəkil çəkir (1972), İ.P.Kotlyarevskinin “Natalka Poltavka” (1973),  M.F.Rılskinin “Yanğı” (1977),  M.Şapovalın “Son görüş” (1978), T.Şevçenkonun “Fikirlərim, düşüncələrim”(1979), Lesya Ukrainkanın “Su pərisi” (1982)  kitablarını dilimizə ustalıqla tərcümə eləyib nəşr etdirmişdi. Bu kitablarda toplanan şeir və poemalar orijinalda olan əsərlər təsiri bağışlayırdı. Bundan başqa, A.Abdulla Ukrayna şairlərinin şeirlərindən ibarət “Bayraq və günəş (1978)”, “Körpülər” (1979) adlı şeir kitablarının da tərcüməçisi idi. Azərbaycan oxucusu məhz A.Abdullanın tərcümələri vasitəsi ilə müasir Ukrayna şairlərinin əsərləri ilə tanış olurdu. Ümumiyyətlə, Azərbaycan - Ukrayna ədəbi əlaqələrinin həm yaranmasında, həm də tədqiqində Abbas Abdullanın müstəsna xidmətləri var idi.

Borçalının Kəpənəkçi kəndində dünyaya göz açan, sonra ömrü boyu Bakıda yaşayan, “dünyanın hər yerinə yol Bakıdan başlayır, o dünyaya da”, - deyən Abbas Abdulla harda olursa-olsun – istər Kiyevdə, istər Moskvada, istərsə də İstanbulda həmişə öz yurdunun, el-obasının, mənsub olduğu xalqın, onun dilinin, ədəbiyyatının, mədəniyyətinin təmsilçisinə çevrilib. Əhatəsində olduğu adamlara dilimizi, ədəbiyyatımızı, adət-ənənələrimizi sevdirməyi bacarıb.

“Kimliyim” adlı şeirində Abbas Abdulla elə bil ki, öz portretinin zahiri yox, alt qatı haqqında onu tanımayanlara məlumat verirdi:

Yazı masam həm də yemək masam.
Dünyanın barı-bərəkəti masamın üstündə.
Bu barı-bərəkəti yeməyə həvəsim yox,
Yalnızca qəm yeyirəm.
Evimdə qələbəlik –
Qarım, cocuqlarım,
Qohum-əqrəbalarım,
Gəlib-gedən müsafirlərim...
Amma mən günü-gündən təkləşirəm, –
Haqqa qovuşmağa...
Dağlar arxasında
Kişnəyə-kişnəyə qalıb köhlənim.
Ağlamasın məni sevənlər,
Ağlamasın bacılarım,
Dünyadan gedişim
Dünyaya gəlişim ola bilər.

“Dünyadan gedişim dünyaya gəlişim ola bilər” inamı, ümidi idi həyatdan, dünyanın əyiş-üyüş işlərindən bezən şairin gələcəyə inamını artıran. Onun şeirləri halallıq mayası ilə yoğrulmuşdu.

Çocuqkən qoştum əməyə,
Varmadım haram yeməyə,
Xalqa yalan söyləməyə
Üzüm varsa, gözüm çıxsın.
Ölüm-qalım bazarında
Can bu gündə, göz yarında.
Fani dünyanın varında
Gözüm varsa, gözüm çıxsın.

Abbas Abdulla xalq ruhunda yazılan hecalı şeirlərin də, dünya poeziyasından bəhrələnən sərbəst şeirin də maraqlı nümunələrini yarada bilən şair idi. Onun bayatı, qoşma, gəraylı kimi ənənəvi janrlarda yazılan əsərlərinin mayasında belə müasir insanın düşüncə tərzi aydınca sezilirdi.

Bu çala Ortaçala

Ortayurd, ortaçala.

Yar könlümün sazını

Götürüb orda çala.

Bu oba Sadaxlıdı

Sevinc-qəm ortaxlıdı, -

Bir yar sevdim, sevindim,

Gördüm ki, adaxlıdı.

Bu oba Ayortadı,

Köhlənin ha yortadı –

Vədə verdin gəlmədin,

Gün keçdi, ay ortadı.

Bu kənd Kəpənəkçidi,

Girmə, bağlar içidi.

Bura babam məskəni,

Özgələri nəçidi?!

Doğulduğu, boya-başa çatdığı doğma yurdu unuda bilməyən, onun zəngin folklor ənənələrinə öz poeziyasında yeni çalar verməyə çalışan Abbas Abdulla üçün bədii forma yox, milliliyimizdən qaynaqlanan yeni fikir daha çox önəmli idi. O, dilin incəliklərində nyaradıcı şəkildə bəhrələnməyi bacaran istedadlı bir qələm sahibi idi.

Haqsızlıqla, torpaqlarımızın işğalı ilə, xalqımızın başına gətirilən oyunlarla barışa bilməyən Abbas Abdullanın bəzən pessimizmə qapılsa da, onun şeirləri soydaşlarımızın əhvali-ruhiyyəsini göstərmək baxımından səciyyəvi idi.

Bu nə sayaq dünyadır?
Çox baş-ayaq dünyadır...
O dünya haqq dünyadır,
Bu dünyayla, işim yox.

Haqsızlıqla barışa bilməyən, “bu nə sayaq dünyadır?” – deyən ömrü boyu haqqa, ədalətə könül verən, yazılarında həmişə haqq-ədalət carçısı kimi çıxış edən Abbas Abdulla inanırdı ki, gec-tez biz öz torpaqlarımızı azad eləyəcəyik. Ancaq təəssüf ki, “Erməni məsələsi və ya oğru elə bağırır doğrunun bağrı yarılır” kitabının müəllifi Abbas Abdulla 44 günlük zəfər sevincini yaşayanlar sırasında ola bilmədi. Ancaq biz inanırıq ki, indi azadlıq təşnəsi olan şair dostumuzun ruhu şaddır.

10-13.11.2024

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Yanvar 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see263

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see175

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see167

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see165

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see165

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see164

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see163

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see163

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see163

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see161

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see161

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see160

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see158

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see157

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see156

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri