Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Tramp Harvarda 30 gün vaxt verdi

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı: Zəmanət verilməlidir

525 ci qəzet Qarabağlı Nigari: vətənsevər sufi şair

525 ci qəzet Qarabağlı Nigari: vətənsevər sufi şair

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sevda MURADXANQIZI (SADIQOVA)
Filologiya üzrə fəlsəfə doktoru

Hər insan bir kitabdır, doğum, ölüm adlı zaman içində fəsillərə, hissələrə, səhifələrə ayrılan ömür kitabı. Bu kitabların hamısı oxunmur. Ancaq bütün dövrlər üçün örnək həyat təcrübələrindən danışan ömür kitabları və bu cildlərə, səhifələrə əlavə rənglər, cizgilər qatan, insan və dünya haqqında biliklərlə zəngin olan müəllif kitabları hər zaman oxucusunu tapır. Orada məkan və zaman, insan və dünya fərqli mahiyyətdə, fərqli baxış bucağından görünür.

Ümumtürk ədəbi fikir tarixinin Y.Balasaqunlu, Ə.Yəsəvi, Nizami Gəncəvi, C.Rumu, Yunus Əmrə, İ.Nəsimi, M.Füzuli kimi görkəmli nümayəndələri bəşərin intellekt və mənəviyyat xəzinəsini zənginləşdirən, əbədiləşdirən mütəfəkkirlərdir. Yazdıqları əsərlər dünya fikir tarixinin mükəmməl örnəkləridir. Bədii şəkildə təqdim etdikləri gerçəklər, göstərdikləri, toxunduqları problemlər, həqiqətlər bütün dövrlərdə aktualdır.

Azərbaycan poeziyasının bu silsiləyə daxil olan sənətkarlarından biri Azərbaycan torpağında dünyaya gəlib Türkiyədə vəfat edən Mir Həmzə Nigaridir. Mir Həmzə Nigari islam mistisizminin XIX əsrdəki nümayəndəsi, qarabağlı sufi şairdir.

Mənbələrin verdiyi məlumata görə, M.H.Nigari 1797-ci ildə Zəngəzur qəzasına daxil olan, indiki Laçın rayonunun Cicimli kəndində dünyaya gəlib.

Həmzə körpə ikən, hələ altı aylığında Mir Paşa adı ilə tanınan atası Rüknəddin öldürülür, anası Qızxanımın himayəsində böyüyür. O, on beş yaşına qədər ciddi təhsil ala bilmir, 15 yaşında ikən anasının təhriki ilə, bəzi mənbələrə görə, öz təşəbbüsü ilə kimsəyə demədən Qaraqaş kəndinə gedir. Qeyd etmək lazımdır ki, Qaraqaş toponimi ilə bağlı məlumatlara görə, Qaraqaş yaylağı Laçın, Qaraqaş dağı Kəlbəcər rayonu, Qaraqaş kəndi isə Cəbrayıl və Ağdam rayonlarının ərazisinə daxil imiş. Qaraqaş kəndində Mahmud Əfəndi adlı şəxsin yanında qalır və ilk dərslərini ondan alır. Mənbələrin verdiyi məlumata görə, Qaraqaşda olarkən Nurəddin əfəndi adlı şəxsin həyat yoldaşı, irfan elminə bələd olan və izzətli, mənəvi keyfiyyətləri ilə xüsusi hörmət sahibi olan Şahnigar xanım gənc Həmzəyə dəstək olur, maddi cəhətdən bütün xərclərinin qarşılığını ödəyir, mənəvi təkamülündə mühüm rol oynayır. Sonralar Şahnigar xanımın, maddi, mənəvi köməyi, yaxşılıqları qarşısında mənəvi borc və təşəkkür əlaməti olaraq özünə Nigari təxəllüsünü seçir.

Bir müddətdən sonra Şəkinin Dəhnə kəndində yaşayan Şikəst Abdullah Əfəndinin yanında dərslərini davam etdirir. Düşdüyü irfan yolunun yeni mərhələsi nəqşibəndi şeyxlərindən Xalidi Bağdadinin xəlifəsi kürdəmirli İsmayıl Şirvaninin yanında başlayır. Nigari onun ardınca Türkiyənin şahzadələr şəhəri sayılan Amasiyaya gedib çıxır. İsmayıl əfəndi, Nigarinin həyatında və sufi təriqətlərdən olan nəqşibəndiliyə bağlanmasında mühüm rol oynayır.

Həmzə Nigari mürşidinin icazəsi ilə müqəddəs məkanları ziyarət üçün səfərə çıxır, əvvəlcə Konyaya gedir, Mövlana Cəlaləddin Ruminin türbəsini ziyarət edir, sonra isə Məkkə, Mədinə, Şam, Qüds şəhərlərində olur. Ziyarətlərinin sonunda Amasiyaya qayıdır. Onun müridlikdə yüksək mərhələyə çatmasının sübutu mürşidi İsmayıl Şirvaninin təqdim etdiyi yazılı xilafətnamədir. Uzun müddətdən sonra Nigari Azərbaycana qayıdır, doğulub böyüdüyü yerdə irfan elmini təlim edir, tədris fəaliyyətinə başlayır. Onun yanına müxtəlif bölgələrdən insanlar gəlir. Seyid Həmzə el arasında "Şıxəfəndi baba" adı ilə tanınır, ədəbi mühitdə isə "Niğari" təxəllüsü ilə məşhurlaşır. Belə deyirlər ki, o, zaman-zaman yaşadığı evin arxasındakı kahaya çəkilər, orada bir müddət tənha qalar, mistik yolçuluğa çıxaraq zikr edərdi. Həmin yerə "Şıxəfəndi babanın zikr evi" deyərdilər.

Nigari Krım müharibəsi zamanı müridləri ilə birlikdə gizli şəkildə Qarsa gedir, Osmanlı ordusuna daxil olur, müharibədə iştirak edir. Müharibədən sonra Ərzuruma yerləşir. Həmzə Nigari bir müddətdən sonra Ərzurumdan İstanbula gedir, nəhayət Amasiyaya qayıdaraq orada məskunlaşır. Burada uzun müddət təfsir və hədis dərsləri deməklə yanaşı, təsəvvüf fəaliyyəti ilə də məşğul olur, lakin onun fəaliyyəti, sufi baxışları bəzi dindarları narahat edir. Dövlət dindarları narazı salmaq istəmir, bunun müqabilində şikayətlərə cavab olaraq Nigari Harputa sürgün edilir. 1885-ci ildə Harputda vəfat edir. Vəfatına az qalmış Harput valisi Hacı Həsən Paşa ilə söhbətində Amasiyada dəfn edilməsini xahiş edir, bunun üçün ondan kömək istəyir. Vali ona "Allah sizə ömür versin, ancaq yol çox uzaqdır, rahatsızlıq olar" dedikdə, Nigari valinin nəyə işarə etdiyini bilərək belə bir cavab verir: "Səksən ildir bu vücud Allah demişdir. Ondan qeyrisini görməmişdir. Səkkiz gün içərisində teaffün edəcəksə (çürüyəcəksə), qoy getsin". Deyilənlərə görə, səkkiz gün yolda olmasına baxmayaraq, onun heç bir zərər görməyən nəşi Amasiyaya gətirilir. Beləliklə, Nigari vəsiyyəti üzrə Amasiyada dəfn olunur.

Mir Həmzə Nigarinin Mühyiddin Ərəbinin "Fütuhatı-məkkiyyə" əsərinə yazdığı Təvzihat, türkcə və farsca divanı, ayrıca "Nigarnamə" və "Saqinamə" adlı əsərləri vardır. Divanı Tiflisdə (1908) və İstanbulda (1883) dərc edilib. "Nigarnamə" İstanbulda dərc olunur. Farsca divanı da yenə İstanbulda 1911-ci ildə nəşr edilir. Onun əsərləri Azərbaycanda da işıq üzü görür. 2004-cü ildə Seyid Nigarinin öz misraları ilə adlanan "Xaki-Payin, Taci-Sərim" kitabı, 2010-cu ildə "Divan"ı, 2012-ci ildə "Nigarnamə" əsəri oxuculara təqdim edilir.

Mir Həmzə Nigarinin əsərləri sufi şairin obrazını müxtəlif rakurslardan işıqlandırır, onun şəxsiyyəti, könül dünyası haqqında məlumat verir, zahiri görüntüsü və daxili mənəvi keyfiyyətlərindən ibarət portretini yaradır. Nigarinin söz dünyasından oxucularına təqdim olunan əsas portretlərindən biri cənnət məkanda dünyaya gələn, torpağına, elinə bağlı, vətən dərdi çəkən insanın tam və dolğun vətəndaş obrazıdır.

Şairin sevgi və fərəh hissi ilə qələmə aldığı, təsvir etdiyi mənzərələr Azərbaycanın dilbər guşəsi olan Qarabağın gözəlliklərini bədii sözün gücü ilə göz önündə əyaniləşdirir. Onun məşhur "Qarabağ" şeirində füsunkar təbiət mənzərəsi və ayrılıq həsrətindən ibarət olan emosional duyum birləşir. İstifadə etdiyi bənzətmələr Qarabağın ecazkar, könül açan gözəlliyi ilə yanaşı, həsrət, ayrılıq acısının təqdiminə xidmət edir. Bu təsvir, ifadə tərzi şairin vətənə bağlılığını, könül yanğısını oxucuya ötürərək hissi-emosional səviyyədə yaşada bilir və sözün bədii təsir effektini qüvvətləndirir.

Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ,

Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ...

Kövsəri-Tuba imiş çayi-çinari Qarabağ,

Aləmi-cənnət imiş dari-diyari Qarabağ...

Dağlayıbdır bəni bir laləüzari-Qarabağ,

Yandırıbdır bəni bir nari-Nigari Qarabağ.    

"Çaynamə" əsərində bu təbiət gözəlliklərinin sərhədləri bir az da boyüyür, Azərbaycan torpağı daha geniş miqyasda tərənnüm edilir. Nigari Azərbaycanın sərhədlərini, coğrafi koordinatlarını bədii sözlə çəkir:

Qərbiyyəsi Gögçə, gahi-xuban,

Şərqiyyəsi Badikubü Şirvan.

Sərhəddi-cənubisi Ərəsdir,

Gürcidi Şimali, xoşnəfəsdir;

Cənnət kibi, hər məhəlidir bağ

Hər bir tərəfində bağü irmağ.

Nigarinin təqdim etdiyi coğrafi sərhədlər əsrlərlə səsləndirilməyən Azərbaycan reallığını əks etdirir. Doğma torpağın, vətənin yadellilərin hakimiyyəti və idarəsi altında olması, azadlıq mücadiləsində fəal iştirakı, həyatının təqiblərdə keçməsi şairin tərənnüm etdiyi Qarabağ mövzusunda kədər və həsrət motivlərinin silsiləvi yer almasına səbəb olur. Yurdundan köçkün düşən Nigarinin misraları vətən sevgisi, ayrılıq dərdi, torpaq yanğısından danışır:

Qan əkər, odlar tökər Miri-Nigari məgər

Yad qılıbdır yenə Qarabağ torpağını.

Nigari könül yanğısı, həsrət acısı ilə birlikdə doğma yurdun toponimik mənzərəsini şeir dilinə köçürür. Onun əsərlərində Çilgəz yaylağı, Qaraqaş yaylağı, Həmzə bulağı, Həkəri çayı, Bərğüşad çayı, Tərtər çayı və sair vətən həsrətinin, ayrılıq acısının rəmzi, bədii obrazı kimi canlanır:

Canıma çəkmiş fələk Bərgüşadın dağını,

Sönməz atəşi, ursan Həkəri irmağını;

Sanma ki, ahım odu Tərtərə təsir etməz,

Qarabağ içrə düşüb yaxmaya nəhri-Tələki.

lll

Ol dairədə Həkəri, Bərşad,

Eşqin yeridir, buyurdu ustad;

Sinəmə çarpazı dağlar çəkilür.

Yadıma düşdükcə Çilgəz yaylağı...

...Cənnətülməvadır, hövzi-Kövsərdir

Qaraqaş yaylağı, Həmzə bulağı.

Şair qürbətdə başıbəlalı Qarabağ torpağından, vətəndən ürəkaçan, yeni bir xəbər gözləyir:

Ey Nigari, ömrün irişdi payə

Salmadı başimə ol sərv sayə,

Can nisar eylərəm peyki-səbayə

Xəbər versə, bir gün Qarabağdan.

Bəzən vətən sevgisi həsrətin kədərini əridir, gələcəyə inam üstün gəlir və şair qəlbi səbrlə ilahi ədalətə, köməyə inanır, qəlbində ümid işığı yanır:

Tükənməzmi dərdin, yoxmu bir çarə?

Yaxılursan şamü səhər odlarə

Səbr eylə biçarə, ey günü qarə

Ey Seyyid Nigari, Movla kərimdir.

Mir Həmzə Nigari "Movla kərimdir" ifadəsini artıq bir irfan alimi kimi inamla səsləndirir, gələcəyə inam hissi ilə, ümid içərisində xeyir-duasını da vətənindən əsirgəmir.

Bir qönceyi-gülün tarimarıyam

Görüm abad olsun ol Qarabağı.

Bir gözəl kəbkin giriftarıyam,

(kəbk - kəklik)

Şənlik olsun dağı, bağı, ovlağı.

Nə yaxşı ki, bu gün, XXI əsrdə Qarabağ torpağı, eli, obası ilə birlikdə, bütün Azərbaycan əsrlərdən bəri gözlənilən şənlik və büsata şahidlik edir. Qarabağdan əsən sevinc yelləri, Amasiyaya şadlıq, şənlik havası aparır.

Nigarinin şeirlərində torpağı müqəddəs bilən dünya insanı, vətənpərvər Nigari ilə məkan və zaman sonsuzluğunda irfan elminin eşq yolçusu Nigari vəhdət yaradır. Nigarı irfan sahibi, təsəvvüf fəlsəfəsini bədii sözün gücü ilə açıq təqdim edən və onu yaşayan, insanları mənəvi təkamülə, kamilliyə səsləyən şairdir. Fərdi həyat və düşüncə tipindən aşiq və irfan insanına keçidin yolu Nigarinin təxəllüsündən başlayır, yaradıcılığı və əməli fəaliyyəti ilə davam edir. Bu mərtəbədən Nigarinin sufi şair portreti görünür:

Lütfi-ilahinin nəzərgahiyəm,

Ərbabi-sevdanın qibləgahiyəm,

Mülki-məlamətin padişahiyəm,

Xaki-payi-dilbər taci-sərimdir.

Ədəbi mühitdə Nigari kimi məşhurlaşan şairin təxəllüsü rəmzi məna daşıyır. Nigar sözünün mənası lüğətlərdə 1) şəkil, rəsm, əks; 2) gözəl; 3) sevgili olaraq verilir, nominativ və məcazi mənada işlənir. Təsəvvüf poeziyasında isə bu sözə əlavə məna çaları, rəmzi məna yüklənir: sevgili, canan, dilbər və sair. Əsasən isə "Yaradan" sözünün ekvivalenti olaraq istifadə edilir. Klassik poeziya dilində hər iki semantika aparıcıdır. Deməli, Nigari sözü təxəllüs olaraq bu anlayışların hamısını əhatə edir. Mərhum akademik T.Hacıyev qeyd edir ki, Nigar allah sevgisinin rəmzi olan gözəl obrazıdır. Və bu mənada Nigari adını Füzulinin Leylisi ilə müqayisə eləmək olar. Leyli Allaha eşqin rəmzidir, Seyid Həmzə də allaha eşqin, məhəbbətin obrazını Nigar adı ilə canlandırır:

 Alıbdır canımı qəmzə,

düşübdür könlümə lərzə

Hər bir aşiq Seyid Həmzə,

hər bir dilbər Nigar olmaz.

Yaradanın gözəllik və sevgi olaraq bilinməsi, poeziya dilində gözəl qadın obrazında təqdimi XII-XIII əsrlər islam mistisizminin nümayəndəsi İbn əl-Ərəbinin fəlsəfi görüşləri və bədii yaradıcılığı ilə əlaqələndirilir. O, bunu öz əsərlərində xüsusi izahlarla əsaslandıraraq deyir: "Allahın gözəlliyi ilə (zinət əl-lah) bu dünyanın gözəlliyi (zinət əl-həyat əd-dünya) arasında bir fərq var: məqsəd (qəsd) və niyyət (niyyə) fərqi. Gözəlliyin özü isə həmindir (əyn əz-zina), ayrı birisi deyil".

Vacib məqamlardan biri də İbn əl-Ərəbinin şair olması və əsərlərində "mistik hisslərini sevgi şeirləri formasında təqdim etməyi münasib bildiyini söyləməsi"dir. Tədqiqatlara görə, o, məhəbbətin tərənnümü olan "Tərcüman" əsərinə ikinci dəfə yazdığı ön söz və şərhlərdə bir çox obrazların rəmzi məna daşıdığını izah edir. "İbn əl- Ərəbi "Tərcüman" divanında "mənim dinim sevgidir" ifadəsini işlədir və bu ifadənin "Quran" əsasında şərhini verir.

İbn əl-Ərəbiyə görə, həqiqi, hər şeyi əhatə edən sevgi, insanın özünü rədd edir və onu Allahın varlığında əridir. Deməli, sevgi kiçik mənada duyğu və emosional hiss, böyük mənada varlığın yaradılış, var oluş səbəbi, hərəkətverici qüvvəsidir. Müxtəlif elmi və fəlsəfi nəzəriyyələr, xüsusilə təsəvvüf nəzəriyyəsi "insanın tanrının bir zərrəsi olması, tanrının əlamətlərinin onda varlığı" fikrinin üzərində dayanır və özünüdərk yolunu vacib sayır. Özünüdərkə gedən yol sevgidən keçir, sevgi ilə qət edilir. Bu idrakda olan insan dünyanın faniliyini dərk edir, güc, təkəbbür oyununu və qorxularını bitirərək kamillik zirvəsinə çatmış olur. XX əsrin əvvəllərində H.Cavidin "Mənim tanrım gözəllikdir, sevgidir", C.Cabbarlının "Bütün əski tanrıları buraxdım İndi artıq bir tanrım var, gözəllik" fikirlərində bu ideya səslənir.

Ənənəvi qadın adı kimi işlənən və poetik dildə gözəl, sevgili mənasını ifadə edən "Nigar" adını özünə təxəllüs olaraq seçməsi Mir Həmzə Nigarinin dünyanın nəfs, təkəbbür və qorxu hissindən arındığına, əxlaqi gözəlliyinə, həm də irfan elmində irəliləyərək yüksək mərhələyə yetməsinə dəlalət edir: Eləsəm arifi-Şiraz ilə bəhs, olmaz əcəb Ki verüb lutfi-Xuda badeyi-irfan bana. Ruhun gender bölgüsü yoxdur, ruh əzəli və əbədi var olan yaradandandır. İlahi eşq yolçuları, irfan elmini bilənlər dualitadan uzaqlaşır, özünü maddiyyatdan, dünya nəfsindən azad edir, bütün yaradılışda da yalnız yaradanın təcəllisini görür. Mövlananın dediyi kimi: "Yaradılanı sev, Yaradana görə".

Nigarini tanıdan mənbələr və onun yaradıcılığı, söz-ifadə sistemi təsəvvüf insanının həyat tərzi ilə ideya-əqidə sisteminin, qəlb gözəlliyi ilə zahiri görüntüsünün ahəng yaratması, fikri, sözü ilə əməlinin bir olması haqqında məlumat verir. Mirzadə Mustafa Fəxrəddin Ağabalinin 1929-cu ildə yazdığı "Hümayi-ərş" əsəri bu istiqamətdə maraqlı mənbədir. Müəllif, Nigarinin tərcümeyi-halı, Amasiya həyatı, şeyx, sufi, şairliyi, zahiri və batini məziyyətləri, əxlaq və davranışları haqqında geniş məlumat verərkən, bəsirət gözü ilə şeyxi görən birisinin dilindən belə təsvir edir: "Sanki ilahi qüdrətin cəlal və camal feyzi bir cismani nur halına gəlmiş də könülalıcı gözlərin rəssamı olmuşdu".

Bu məlumat Nigarinin əsərlərində də təsdiqlənir. O, şeirlərində öz portretini, üz və göz cizgilərini sözlə çəkir, "rüxsarım görən Məcnun olur", "ellər mana məftun olur", "var gözümdə halət", "bəxşi-Mövla əfsun olur" kimi ifadələrlə vizual görüntü yaradır:

Var bir halım ki,

rüxsarım görən Məcnun olur

Böylədir kim, ilbəil,

ellər mana məftun olur.

Var bir halət gözümdə,

bəxşi-Mövladır, kimə

Baxsam, ol şeyda bana,

eynim ona əfsun olur.

Bu misralarda mistik nurlanmadan və Nigarinin qəlbindəki ilahi nurun zahirə axması, maddi uzundə, gözlərində əks olunmasından söhbət gedir. Dəqiq elmlərdə kainatın vahid enerji axınından ibarət olmasından danışılır. Ezoterik ədəbiyyatda insanın maddi bədəninin ətrafında işıq halqası - auranın olması ilə bağlı məlumatlar verilir. Danışıq dilində, el arasında belə insanlar üçün "üzündə nur var" ifadəsi işlənir, ədəbi dildə "işıqlı adam" ifadəsi də bu şüuraltı bilikdən qaynaqlanır.

Türk ədəbiyyatı tarixininin görkəmli tədqiqatçısı və yazıçı İskəndər Pala Nigari "Divan"ının Türkiyə nəşrinin ön sözündə yazır ki, Mir Həmzə Nigari adlı lüğətdə bir söz olsaydı, qarşısında mütləq "eşq" yazılardı.

T.Hacıyev qeyd edir ki, o, Azərbaycan ədəbiyyatında iki sənətkarın, Füzulinin və Yunus Əmrənin üslubunu birləşdirir. Bir tərəfdən məclislər üçün, təhsil görmüşlər üçün klassik poeziya janrında sufiliyi tərənnüm edir, o biri tərəfdən də dərvişlər üçün sadə dildə şeirlər yazır, sufiliyi, nəqşibəndiliyi sadə dillə xalqa çatdırır. Bu mənada onun xalq şeiri janrında yazdığı əsərləri də təsəvvüf fəlsəfəsi ilə yüklənir:

Eşqə giriş, eylə simurği tələb

Andan özgə yoxdur aləmdə səbəb;

lll

Qərar et Ənqa tək Qafi-bəqadə

Tərk et nə var dünyavü mafihadə...

M.H.Nigarinin yaradıcılığı dərviş Yunusla aşiq Füzulinin eşq fəlsəfəsini sintez edir. O, Yunusun "Gəl gör məni eşq neylədi", Füzulinin "Yarəb bəlayi-eşq ilə qıl aşina məni", "Məndə Məcnundan füzun aşiqlik istedadı var" kimi sevgi rekviyemlərini davam etdirir və Nizaminin "Eşqdir mehrabı uca göylərin" fəlsəfəsini belə davam etdirir:

Eşqdəndir cümlə əşya, innəma

Eşqdəndir əslü fəri-külləma

Eşqdəndir gərdişi-xurşidü məh,

Eşqdəndir Qafi-sakin vəssəra.

Eşqdəndir, ey Nigari, hər nə var,

Eşqdəndir cümlə əşya, intəha.

Təsəvvüf poeziyası yaradan və dünya, yaradan və insan, insan və dünya istiqamətində fəlsəfi görüşlərin poetik dillə ifadəsi və təqdimidir. Bu, bilavasitə poeziyanın kosmoqoniya, yaradılış elminə bədii müdaxiləsidir. Nigari "sevda"nı da "eşq"lə eyni məxrəcdə təqdim edir:

Əcəb nəqşü, əcəb nəqqaş,

əcəb pərgardır sevda,

Əcəb məşqü, əcəb məşşaq,

əcəb xoş kardır sevda!

Əcəb biyarü biyavər,

əcəb bitirü bixəncər,

Bəhadir, siri-cəngavər,

əcəb sərdardır sevda.

Açılmaz bir müəmmadır,

bilinməz elmi-kimyadır,

Mücərrəd qeybdir,

düşvartər əsrardır sevda!

Nigarinin şeirləri üçün xarakterik olan cəhətlərdən biri musiqilik və ritmdir. Onun şeirlərinin müəyyən bir hissəsinin strukturu, söz-ifadə tərkibi zikr məclislərində ifadə oluna biləcək xüsusi ritmə malikdir. Tarixi faktdır ki, sufilərin zikr məclislərində bu cür ritmli əsərlər musiqinin müşayiəti ilə oxunmuş, Mövlanə ənənəsi kimi yaşayan "Səma rəqsi" də xüsusi ritm və musiqi ilə icra olunmuşdur. Ahəngdarlıq, ritmli təkrarlar və musiqi konkret zaman içərisində maddi, dünyəvi düşüncələrdən uzaqlaşmaq, daxili nitqi susdurmaq vasitəsilə könül gözü, bəsirət gözünün açılmasına yardım etmək məqsədini izləyir. Bu anda hərəkət passiv, təkrarlanan nitq isə müşayiət edici, istiqamətləndirici olur:

Əlhəmdülillah, Əlhəmdülillah

Söylər vücudum təmamən Allah

Görsəm bir bəla, zikrim hüveyda,

Əlhökmü lillah, əlhökmü lillah;

lll

Qəm əlindən gəldim dadə

Dərdimdir həddən ziyadə

Yalvarıram, vermə badə

Zülfün Salmanə, Salmanə.

Musiqi, səs və sözlərin təkrarı, melodiklik söylənilən fikrin təsirini, qavrama intensivliyini artırır, yaddaşa həkk edir. Nigarinin şeirlərində istifadə etdiyi ritmik vasitələr, musiqilik onun həm də musiqinin növləri, musiqinin insana təsiri haqqında biliklərdən xəbərdar olmasını göstərir. "Nigarnamə" əsərində xüsusi emosional təsir gücünə malik muğam, təsnif və şöbələrdən bəhs edilir ki, onlar bu gün də milli musiqi sənətinin, muğam sənətinin inciləri hesab olunur:

Allah deyüb şirin-şirin həm

Meydani-məzaqə girdi ol dəm.

Yəni ələ aldı, çaldı sazı

Ki çaldı "Əraq"ı ki "Hicaz"i;

Yəni qamu etdi öylə bir baz,

Mütrüb oqudı və çaldı "Şahnaz"...

Azərbaycan ədəbiyyatının, demək olar ki, sonuncu təsəvvüf şairi Seyid Nigari, tədqiqatçıların da dediyi kimi, hələ də layiqli qiymətini almayan sənətkarlardandır. Onun sevgi şeirlərinin təsəvvüf qatı tədqiqatçılarını gözləyir, dil, ifadə, ideya məzmun sistemi ilə birlikdə yeni araşdırmalar, geniş tədqiqat tələb edir. Təsəvvüf bütün yaradılışı, külli-aləmi qarşılıqlı əlaqə və vəhdətdə götürən, maddi dünya insanını eşq yolu ilə kamilliyə aparan bir elmdir, ancaq bu elm sadəcə nəzəriyyə deyil, həm də bir həyat təcrübəsi, yaşam tərzidir. Ə.Yəsəvi, Nizami, Mövlana, Yunus Əmrə, Nəsimi, Fuzüli, Nigari kimi sənətkarların ədəbi irsinin eşq fəlsəfəsi müasir elm və texnologiyanın çərçivəsinə sığışmır, daha dərin elmi-ədəbi məna, məzmun və təcrübi əhəmiyyət daşıyır. Elmi-texniki tərəqqi maddi dünya insanını aya, ulduza, başqa planetlərə apara bilir, ancaq yanındakı, yaxınındakı insanın qəlbinə apara bilmir. Odur ki, bu söz fatehlərinin, könül dostlarının düşüncələrə və ürəklərə yol tapan, sevgi və eşqlə yoğrulan, qəlbləri, zehnləri aydınladan əsərlərində əsrlərdən bəri bizə ötürülən, müasir dünyaya və müasir insana göndərilən çağırışları eşitmək, duymaq, öyrənmək lazım gəlir. Çünki özünü bilən, kamillik yoluna düşən insan yaradılışın məqsədini, mahiyyətini öyrənə bilir və belə insan öz fəaliyyətini gözəllik, sevgi əsasında qurur, dünya və insanlıq naminə çalışır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Fevral 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see124

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see124

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see119

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see117

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see115

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see114

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see113

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see113

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

29 May 2025 15:10see112

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see112

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

29 May 2025 15:22see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see111

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see111

Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı: Zəmanət verilməlidir

29 May 2025 13:21see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri