525 ci qəzet Mən ümidlilər qrupundanam, inanıram ki, yaxşı olacaq
Əməkdar artist Rasim Cəfər müxtəlif illərdə Azərbaycan Dövlət Pantomim və Yuğ teatrlarında fəaliyyət göstərib. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. 40-dan çox serial və filmdə, o cümlədən "Əlvida, Şmidt!", "Olimpia", "Suğra və oğulları", "Mən burdayam, İlahi" filmlərində və "Ata ocağı", "Mən, Lalə, bir də Şerlok Holms" seriallarında rol alıb.
Aktyor Rasim Cəfər ilə müsahibəni təqdim edirik.
- Həm Pantomim, həm Yuğ, həm də Gənc Tamaşaçılar teatrında fəaliyyət göstərmisiniz. Üç teatr da spesifkasına görə bir-birindən fərqlənir. Tamaşalarda olubmu ki, hansı səhnədə olduğunuzu unudub iki teatrın aktyoru kimi davranasınız?
- 2003-cü ilə qədər Pantomim teatrında işləmişəm. Daha sonra Gənc Tamaşaçılar Teatrında və Yuğ Teatrında fəaliyyətə başladım. Hər üç teatrın spesifkası ayrı-ayrı olsa da, aktyorun inkişafı üçün üçü də böyük məktəbdir. Pantomimadan çıxandan sonra uzun müddət klassik teatr tamaşalarında oynayanda bacardıqca hərəkətlərimi sıxmağa çalışırdım. Çünki Pantomimada hərəkətlər daha qabarıq olurdu. Gənc Tamaşaçılar Teatrında rejissorlar irad tuturdular ki, iri oyna. Həm də kino sahəsində olmağı daha çox istəyirdim, sənədlərimi kino rejissorluğu ixtisasına vermişdim. Hərəkətlərimi sıxaraq kino oyun tərzini öyrənməyə çalışırdım, özümü bir növ kinoya hazırlayırdım. Sonra artıq şüurlu surətdə hər teatrın öz tərzinə uyğunlaşmağı bacardım.
- Amma deyirlər, kino və teatr aktyoru bir-birindən fərqlənir.
- Kinoda ilk böyük rolum 2007-ci ildə olub. O vaxta qədər mütəmadi kastlara gedirdim və heç vaxtda çəkilmirdim. Artıq kinoda çəkilməyə başlayandan sonra anladım ki, kino aktyoru, teatr aktyoru deyə bir bölmə yoxdur. Bəziləri deyirlər ki, kino aktyoru teatrda oynaya bilmir və ya tərsinə. Bu, yanlış düşüncədir. Sadəcə aktyorun təcrübəsi olmalıdır ki, harda olduğunu ayırd edə bilsin. Mənim üçün kino aktyoru, teatr aktyoru deyə bir bölgü yoxdur, peşəkar aktyor var.
- Əliabbas Qədirovdan, Bəxtiyar Xanızadədən, Vaqif İbrahimoğludan öyrəndiyiniz ən böyük dərs nədir?
- Aktyor kimi yetişməyimdə hər üçünün rolu böyükdür. Əliabbas Qədirov mənə səhnəni, aktyorluğun ilkin əlifbasını öyrədib, əlimdən tutub səhnəyə çıxardıb. Bəxtiyar Xanızadə mənə bədənimi, Vaqif İbrahimoğlu isə ruhumu tanıtdı. Amma üçünün də mənə öyrətdiyi ən önəmli dərs sənətə sevgi və məsuliyyətdir.
- Bir vaxtlar sizi baş rollarda görmürdük. Amma birdən-birə bir neçə filmdə baş rol aldınız, tez-tez filmlərə çəkilməyə başladınız, hətta baş rol aldığınız filmlərdən biri - "Mövsümün sonu" festivalda qalib gəldi. Kimin kəşfi ilə yaradıcılığınızda dönüş yarandı?
- 1996-cı ildən bütün kastlara gedirdim, amma seçilmirdim. Gah deyirdilər fransıza oxşayırsan, səndə azərbaycanlı obrazı yoxdur, gah deyirdilər baş qəhrəman obrazını sənə verə bilmərik. Amma ilk dəfə məni baş rola "Ev" filmi ilə Asif Rüstəmov gətirdi. Bu film mənim üçün kino sektoruna vizit kartı oldu. Daha sonra tez-tez dəvətlər almağa başladım, Rusiyada, İranda filmlərə çəkildim. İndi demək olar ki, bu günə qədər çəkildiyim filmlərin 70 faizində baş roldayam.
- Vaxtilə sizi bəyənməyib filmlərinə dəvət etməyənlər bu gün sizi dəvət edəndə necə reaksiya verirsiniz?
- Bir filmin kastinq seçimləri keçirilirdi, sona mən və bir başqa oğlan qalmışdı. Məni çağırdılar ki, baş qəhrəmanı tamaşaçılara sevdirməliyik, səni isə tamaşaşıya sevdirə bilmərik və buna görə səni seçə bilmərik. Sonra filmə baxdım, inanın, çəkilmədim deyə heç təəssüflənmədim. Heç nə itirməmişdim. Amma "səni tamaşaçıya sevdirə bilmərik" cümləsi mənə çox təsir eləmişdi. Bundan sonra qarşıma hədəf qoydum ki, vaxt gələcək ən yaxşı kino aktyorlarından biri olacağam. Daha sonra həmin filmdə başqa rola dəvət elədilər, dedim yaxşı. Maddi tərəfin deyəndə dedim yox, mən o qiymətə gəlmirəm. Bildirdim ki, məbləğ mən deyəndən aşağıdırsa, xahiş edirəm, bir də məni narahat etməyin.
- Qisas?
- Yox, qisas deyildi, sadəcə hirslənmişdim. Sözlərindən elə çıxdı ki, biz səni baş rola çəkmədik, heç olmasa, gəl bu rolda oyna. Bu isə mənə yaxşı təsir eləmədi, sanki mənə yazıqları gəldi, amma qəbul eləmədim. Ona görə yüksək məbləğ dedim, bilirdim ki, həmin qiymətə görə çağırmayacaqlar. İndi də bu fənddən istifadə edirəm, hər hansı ssenari xoşuma gəlməyəndə elə bir şey deyirəm ki, artıq məni çağırmırlar (Gülür). Amma sonradan çox təkliflər aldım, vaxtilə məni fransıza oxşadıb filmlərinə çağırmayanlar, indi azərbaycanlı qəhrəmanı oynamaq üçün çağırırılar.
- Həyat yoldaşınız ssenaristdir. Birlikdə film ərsəyə gətirməyi düşünürsünüzmü?
- Bir ara istədim, öz pulumla kiçik bir serial çəkək. Tizerini çəkdik. Ssenari müəllifi həyat yoldaşımla Nicat Dadaşov idi. Amma istədiyim maddi vəsaiti tapa bilmədim deyə alınmadı. Kanallar çox az pul təklif edirdi, həmin məbləğlə çəkiliş edə bilməzdim. Həm də özüm aktyoram deyə istəmirdim ki, gedim başqa aktyorları az məbləğlə çəkilişə dəvət edim. Əgər qarşımdakı 5 manata çəkilirdisə, mən ona 5 manat verməli idim, daha az verə bilməzdim. Yalvar-yaxarla iş görmək yaxşı şey deyil. Niyə görə kiməsə deməliyəm ki, mənə görə qiymətdə bir az aşağı düş. Axı onun əziyyətinin dəyəri var. Özüm kimlərinsə xətrinə az pula, hətta pulsuz belə çəkilmişəm. Amma bunu heç kimə təklif etmədim. Amma alınsa, istəyərəm ki, nə vaxtsa bir film çəkim.
- Bir qrup kino adamı Azərbaycanda kino və serial sektorunun inkişaf etmədiyini bildirdiyi halda, bir qrup da bu sahədə kifayət qədər inkişafı müşahidə edir. Siz hansı qrupdansınız?
- Mən ümidlilər qrupundanam, inanıram ki, yaxşı olacaq (Gülür).
- Onda belə çıxır ki, indi vəziyyət yaxşı deyil deyə nəyinsə nə vaxtsa yaxşı olacağına inanırsınız.
- Yaxşı vəziyyətdə deyil demək doğru olmaz. Yaxşı filmlərimiz var. Amma yetəri qədər çox deyil. Sadəcə daha çox olsa, yaxşı olar.
Filmlərimizin daha geniş sərhədlərə çıxmasını istəyərdim. Düzdür, festivallarda iştirak edirik, amma nadir hallarda olur. Bunun bir ənənə halını alması yaxşı olardı. Kino yoxdur deyə bilmərik, amma istədiyimiz səviyyədə deyil. Sadəcə bizdə hər şey maddiyyatın üzərində qurulub və kino da maddiyyat tələb edən sahədir. "Tağıyev: Neft" filminə baxanda çox sevindim, o film iki stereotipi sındırdı. Azərbaycanlı tamaşaçılar kommersiya filmlərindən başqa filmlərə getmirlər, amma "Tağıyev: Neft" filminə bilet tapılmırdı. Bir də deyirlər, kino sahəsində kadr yoxdur. Amma həmin filmdə rəssam işindən tutmuş mismar vuranına qədər bütün heyət özümüzünkü idi. Bizdə kadr var, sadəcə imkan şərait və maddiyyat lazımdır ki, ortalığa iş çıxarda bilək.
- Müsahibələrinizin birində demişdiniz ki, "Əlvida, Şmidt!" filmindəki obrazınızı real oynamaq üçün taksidən istifadə edərək bir müddət sürücüləri müşahidə etmisiniz. Bəs "Mən burdayam, İlahi" filmində necə? Bir qazinin dərin duyğularını, hisslərini necə duya bildiniz?
- Daha çox qazilərin videolarına, müsahibələrinə, döyüş haqqında xatirələrinə baxırdım və onlar danışanda davranışlarına fikir verirdim, hansı hissləri keçirdiklərini anlamağa çalışırdım. Bir də bütün insanlar əslində eynidir, sizdə olan rənglər məndə də var, məndə olan rənglər də sizdə var. Sadəcə sizdə olan rənglərin bəzisi daha tünddür, tonlar fərqlidir. Aktyor sənəti də həmin düzgün rəngləri tapmaqdır. Deyə bilmərik ki, bir insanda məhz ağ rəng var, digərində isə qara. Yox, sadəcə ağ sizdə çoxdursa, qara da başqasında çoxdur. Mən də qazinin hansı rənglərdən daha çox istifadə etdiyini anlamağa çalışırdım. Hisslərimizi biz idarə edirik, bəzilərini boğub öldürürük, amma yox olmur. Aktyorluq da lazım olan hissi qıcıqlandırıb oyatmaqdır, dirçəltməkdir. "Mən burdayam, İlahi" filmində də qızını itirmiş ata, dostlarını müharibədə itirmiş qazini anlamağa çalışırdım. Baxdığım videolarda, görüşdüyüm adamlarda daha çox davranışlara və gözlərə adaptasiya olurdum. İnsanın davranışları onu daha çox büruzə verir. Bu, Pantomim teatrından gəlmə xüsusiyyətdir. Bəxtiyar müəllim həmişə bizə deyərdi ki, insan boş-boşuna heç bir plastik hərəkət eləmir, onun oturuşunda belə bir məna var. Vaqif İbrahimoğlunun bir sözü var idi, ssenarini oxuyursan, başlayırsan onu analiz etməyə, sənin üçün şüurlu şəkildə hər şey aydın olandan sonra səhv etmək imkanın olmur. Özünü rahat burax, intuisiyan səni idarə edəcək.
- Bir az da son zamanlar gündəmi zəbt edən və baş rol aldığınız "Mən, Lalə, bir də Şerlok Holms" serialından danışaq.
- Əvvəl-əvvəl serialda rol almağım nəzərdə tutulmamışdı. Mənə öncə ikinci rejissor kimi təklif gəldi. Ssenarini oxudum, çox xoşuma gəldi və razılaşdım. Başladıq kastlara. Uzun müddət uşaq axtardıq, Saida Haqverdiyevanın rəhbəri olduğu "Oyuq" teatrına müraciət etdik, obrazların çoxunu ordan tapdıq, amma əsas qəhrəmanları tapa bilmirdik. Nəhayət, baş obrazları da tapdıq. Bütün personajları seçmişdik, bircə Şerlok Holms obrazını tapa bilmirdik, variantlar var idi, amma seçməkdə çətinlik çəkirdik. Axırda mənə dedilər ki, bəlkə elə sən özün oynayasan. Əvvəlcə çox tərəddüd elədim, çünki həm rejissor, həm də aktyor kimi işləmək çox çətin olacaqdı. Axırda saqqızımı oğurladılar, mən də razı oldum. Amma iş prosesində fərqinə vardım ki, həqiqətən çətin imiş, amma nəticəsi uğurlu oldu.
Bu proyektin çətin tərəfi bütün yükün uşaqların üzərində olması idi. Ssenari uşaqlara köklənmişdi, hər gün onların çəkilişi var idi deyə bezirdilər, yorulurdular. Amma zövq verən bir iş oldu. Həqiqətən bu seriala ehtiyac var idi. Belə deyim, sözün əsl mənasında biz uşaqları unutmuşuq. Onlar üçün nə film çəkilir, nə serial. Əvvəllər telekanallarda uşaq redaksiyaları var idi, indi isə mən bilən heç birində yoxdur. Hətta animasiya filmlərini də uşaqlar üçün yox, böyüklər üçün çəkirlər. Sonra da şikayətlənirik ki, uşaqlar bütün günü yutuba, TikToka baxır. Axı onlar da nəyəsə baxmalıdır. Yaxşı olardı ki, uşaqlar üçün belə serialların davamı olsun. Azərbaycanlı uşaq yetişdirmək üçün bu, mütləqdir. Müstəqillik dövründən bu günə qədər uşaqlar üçün bir film çəkilib - "Dərs". Başqası yoxdur. Bu, məcburiyyət halını almalıdır, dövlət proqramında olmalıdır. Əgər ölkədə beş film çəkilirsə, mütləq biri uşaq filmi olmalıdır. Kanallarda uşaq redaksiyaları olmalıdır. Mən qızımı kinoteatra bilmirəm nəyə aparım, hamısı əcnəbi filmlərdir. Əminəm ki, azərbaycanlılar uşaqlarına rahatlıqla pul xərcləyirlər, özləri yeməsələr belə, uşaqlarına yedizdirirlər. Buna görə biznes adamları bunu nəzərə almalıdırlar. Əgər uşaqlar üçün filmlərə pul buraxsalar, yaxşı gəlir götürə bilərlər.
Ləman İLKİN