Putin Qərb mediasını tənqid etdi “Rusiya öz mövqeyini qorumaqda çətinlik çəkirdi”
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin Qərb mediasını 2000-ci illərin əvvəllərində informasiya monopoliyasından sui-istifadə etməkdə və yalan dəyərlərə əsaslanan “yeni sivilizasiya məkanı” formalaşdırmağa çalışmaqda ittiham edib.
Putinin sözlərinə görə, həmin dövrdə aparıcı Qərb media qurumları obyektiv xəbərlər təqdim etmək əvəzinə, özlərinə sərf edən təbliğatı aparırdılar: “Xatırlayırıq ki, iki mininci illərin əvvəlində Qərb KİV-ləri öz monopol mövqelərindən sui-istifadə edirdilər. Onlar guya obyektiv məlumat adı altında istədiklərini yayır, insanların şüuruna yalan mənəvi dəyərlər üzərində qurulmuş ‘yeni sivilizasiya qaydaları’ yeritməyə çalışırdılar.”
Putin həmçinin Qərb kanallarını terrorçulara simpatiya yaratmaqda günahlandırıb: “O vaxt bizim şəhərlərdə, məktəblərdə, xəstəxanalarda partlayışlar törədən və insanları girov götürən terrorçular Qərb telekanallarında ‘üsyançı’ adlandırılırdı. Onlar istəyirdilər ki, dünya bu cəlladlara və uşaqqatillərə rəhm etsin.”
Rusiya lideri qeyd edib ki, həmin illərdə ölkə informasiya cəbhəsində öz mövqeyini qorumaqda çətinlik çəkib, çünki beynəlxalq arenada onun “güclü səsi” olmayıb: “Bizə o zaman həqiqəti müdafiə etmək, baş verənlərin real mənzərəsini göstərmək çətin idi. Çünki ölkəmizin hüdudlarından kənarda bizim güclü informasiya səsimiz yox idi.”
"AzPolitika.info"


