525 ci qəzet Ümid edirik ki, bir gün günəş bizim də üzümüzə işıq saçacaq
Icma.az, 525.az-ə istinadən, xəbər edir 525 ci qəzet Ümid edirik ki, bir gün günəş bizim də üzümüzə işıq saçacaq.
Bu dəfə həmsöhbətimiz rejissor, aktyor Vüsal Əhmədzadə olacaq. "Qapı" filminin quruluşu rejissoru, eləcə də bir sıra verilişlərin prodüseri olan müsahibimiz "Ortastatistik Rasim", "Luger", "Olum, ya ölüm", "Sonuncu şam yeməyi", "Viktoriya" filmlərində, "Səfərin ailəsi", "Alatava" seriallarında da rol alıb.
Qalanını özü danışacaq - müsahibimiz Vüsal Əhmədzadə.
- Vüsal Əhmədzadə kimdir?
- Gələcəyə ümidlə baxan bir rejissor.
- Gələcəyə ümidlə baxan bir rejissor bu işə necə başlayıb?
- Texniki Universitetin energetika fakültəsini bitirmişəm, yəni başqa ixtisas üzrə təhsil almışam. Hələ orta məktəbdə oxuyurdum, altıncı sinifdə idim. O vaxt "Şən və hazırcavablar" klubu vardı - KVN deyirdilər. Oradan gəlib soruşdular ki, kim KVN-ə yazılmaq istəyir? Sinifdə təkcə mən əl qaldırdım. Buna görə məni evdə xeyli danladılar (Gülür). Amma rejissor olmaq həqiqətən də uşaqlıqdan arzum idi. Həmin komanda ilə məktəblərarası Bakı çempionatında qalib olduq. Sonra məktəbdə oxuya-oxuya məni universitetlərarası KVN komandalarına dəvət etdilər. Universitetə qəbul olandan sonra da KVN-lə davam elədim, Ənvər Abbasov məni ssenari qrupuna çağırdı. Daha sonra Xəzər TV-də, ATV-də yayımlanan bir sıra seriallarda epizodik rollar aldım, ssenari qrupuna daxil oldum. Beləcə, buralara kimi gəlib çatdım.
- İlk tammetrajlı filminiz - "Qapı" izləyicilər tərəfindən böyük maraqla qarşılandı. İlk işinizdə belə uğurlu nəticə əldə edəcəyinizi gözləyirdinizmi?
- Filmin uğurlu olacağına hələ kastda inanırdım, çünki ssenariyə güvənirdim. Çox həvəsli idim deyə filmə bütün enerjimi sərf eləmişdim. Buna görə əmin idim ki, yaxşı bir iş ərsəyə gələcək. Filmdə həm Əməkdar artistlər, həm də bu sektora yeni gələn aktyorlar var idi. Emin Musayev, İlkin Xəlil, ilk dəfə tammetrajlı filmə baş rola çəkilən Nurlan Rüstəmov. Filmdə rol alan Rafael İsgəndərov, Sənubər İsgəndərli, Zemfira Əbdülsəmədova kimi aktyorlar gənclərə dayaq oldular. Özlərini heç kimdən üstün aparmadılar. Bu, mənim rejissor kimi ilk işim idi və heç kim mənə yuxarıdan aşağı baxmadı, inamsız yanaşmadı. Əksinə, mənə qulaq asırdılar, dəstək olurdular. Bəzən müdaxilələr edirdim, onlar da sağ olsunlar, mən deyəni edirdilər. Filmin sənətkarlarımız tərəfindən bəyənilməsi çox sevindirici idi. Əsas o idi ki, heç kim işimə müdaxilə etmədi. Deyirdilər, sənin filmindir, nə desən, onu edəcəyik. Bu, onların əsl sənətkar olduğunu göstərirdi. Rejissora hörmətlə yanaşırdılar.
- Film sektoruna daxil olanda gözləmədiyiniz hansı reallıqlarla qarşılaşdınız?
- Bu sahədə pul tapmağın çətin olduğuna əvvəllər inanmırdım. Elə götürək "Qapı" filmini. Düşünürdüm ki, bu qədər kastı olan, ünlü sənətkarlar iştirak edən filmə pul tapmaq asan olar. Reallıqda isə elə deyil. Bəzi blogerlərin çəkildiyi filmlərə sponsorlar daha tez gəlirlər. Amma mən filmi demək olar ki, sponsorsuz çəkmişəm, cəmi bir sponsorumuz var idi. Böyük məbləğdə borc edib filmi çəkdim. Amma belə olacağını gözləmirdim. Böyük sənətkarlarla işlədiyimə görə düşünürdüm ki, pul problemi olmayacaq. Amma gördüm ki, elə deyilmiş.
- Deyəsən, "Alatava" serialında da maddi problemlərlə qarşılaşdınız...
- Hə, "Alatava"da da 70 min borcumuz oldu. Belə çıxır ki, biz həm cəmiyyət, həm də kino mühiti kimi yeniliklərə açıq deyilik. Hələ də camaatımız, sponsorlar bayağı işlərə daha çox can atırlar. Düzdür, bunu hamıya şamil etmirəm, yaxşı işlərə dəstək olanlar da var, amma bir qisim daha çox bayağı işlərə pul verir. Şəxsən mənim özümə bu söz deyilib: deyiblər, "nanay-nanay" olmayacaqsa, biz o filmə niyə pul verək ki?
Deməli, bir dəfə "Qapı" filmi üçün tanınmış bir şirkətlə görüşdük. Dedilər ki, baş sponsor kimi filmdə iştirak etməyə hazırıq, amma bir şərtimiz var: Taleh Yüzbəyov öz instaqram hesabında bizi reklam eləsin. Mən onlara izah eləməyə çalışdım ki, Talehin instaqramı ayrı işdir, bizim işimizin onunla əlaqəsi yoxdur. Razılaşmadılar, dedilər, yox, bizim şərtimiz budur ki, Taleh məhsulu əlində tutsun, instaqramda reklam eləsin. Marketinqdə olan belə insanlar da var və onlarla yola getmirik, ona görə biz sponsorsuz işləyirik deyə borca düşürük.
- Maddi problemlər sizi motivasiyadan salmır?
- Yox, əksinə, daha çox motivasiya verir. Biz bloger fəaliyyəti göstəririk deyə oradan da pul qazanırıq və həmin pulları kinoya xərcləyirik. Kino bizim sevdiyimiz işdir. Mənim ətrafımda olan, bir komandada işlədiyim adamlar blogerliyi sevdiklərindən etmirlər, biz bunu 5 manat çörəkpulu qazanmaq xatirinə edirik.
Bizim sevdiyimiz iş kinodur, serialdır - həvəsimiz buradır. Uşaqlıqdan bu işləri görə-görə gəlmişəm. 15 ildir professional şəkildə bu işlə məşğulam. Televiziyalarda, hətta ANS TV-də də işləmişəm. Bunu düşünəndə özümü qocalmış hiss edirəm (Gülür). Orada verilişlərin rejissoru olmuşam, operator kimi, ssenarist kimi işləmişəm. Həvəslə buraya qədər gəlib çıxmışıq, indi bu qədər illərin əziyyətini bada vermək istəmirik. Ona görə də məcburiyyətdən borc da eləsək, ümid edirik ki, bir gün hər şey düzələcək, günəş bizim də üzümüzə işıq saçacaq.
- Uşaqlar üçün verilişlərin yoxluğundan narahat olursunuz. Buna görə də 2019-cu ildə "Barmaq Şou" adlı uşaq verilişinin tizerini yayımlayırsınız. Amma yutubda həmin veriliş qarşıma çıxmadı. Deyəsən, layihə yarımçıq qalıb.
- Yenə gəlirik sponsorların üstünə (Gülür). Oğlumun üç yaşı olanda başladı rus dilində danışmağa. Çünki bütün günü rus kanallarına baxırdı. Qohumlarımda və dostlarımda müşahidə edirdim ki, onların da uşaqları türk dilində olan verilişlərə, cizgi filmlərinə baxırlar. Gördüm ki, Azərbaycan dilində demək olar ki, uşaqlar üçün baxmağa heç nə yoxdur, daha doğrusu, yox səviyyəsindədir. Ona görə də "Barmaq Şou" adlı layihə hazırlamaq qərarına gəldim. Bu verilişdə məşhur aktyorlar gəlib barmaqları ilə oyuncaqları tərpədərək bir hekayə canlandıracaqdılar. Sponsor üçün bir neçə yerlə görüşdüm. Oyuncaqları almaq üçün pul lazım idi. Öz uşağımın oyuncaqlarından istifadə edə bilərdim, amma həmin hekayələri canladırmaq üçün bəs eləmirdi. Onlar da dedilər ki, biz bilmirik axı nə qədər izləmə sayı olacaq, bizi necə reklam edəcəksiniz? Onların düşüncəsinə görə Azərbaycan dilində kontent yaratmaq maraqlı olmayacaqdı. Beləcə, həmin proyekt yarımçıq qaldı. Amma hələ də o proyekt məni düşündürür. Hətta birdən uşaq kanalı açmağı da düşünürəm. Ssenari yazdığımız kimi yeni nağıllar da yazmaq, animasiyalar ərsəyə gətirmək istəyirik. Buna görə bir neçə nəfərlə danışmışam, amma çox bahalı işdir. Animasiya filmdən çox pul tələb edir deyə yenə sponsorlarda ilişib qalırsan. Azərbaycan dilində kontent yaratmaq hələ ki heç kimə maraqlı deyil. Hansı ki dünyada uşaq kontenti yayımlayan kanallar daha çox pul qazanırlar.
- Qısametrajlı film rejissoru ilə tammetrajlı film rejissoru bir-birindən nə ilə fərqlənir?
- Qısametrajlı filmdə qısa vaxt ərzində bütün mesajı çatdırmalısan. Üstəgəl, aktyorla işləməyə də vaxt az olur. Reallıqda bunu heç kim etiraf eləmir, yalandan deyirlər ki, film beş aya ərsəyə gəlib. Amma film var bir aya həm yazılıb, həm də çəkilib, növbəti ayda da kinoteatra çıxıb. Bunu necə edirlər, necə çatdırırlar, bilmirəm. Məsələn, "Qapı" filminin ərsəyə gəlməsinə səkkiz ay vaxt gedib. Montaj da üç ay çəkib. Demək olar film bir ilə hazır olub. Eləcə də "Alatava" serialı. Çünki biz çalışmışıq ki, peşəkar bir iş ərsəyə gətirək. Həm də pulumuz yox idi deyə çəkiliş yavaş-yavaş gedirdi. Amma adamlar var ki, bir aya film çəkir. Necə edirlər bilmirəm, mən də istəyərəm bu işin sirrini öyrənim. Qısametrajlı filmlərə ümumiyyətlə, vaxt ayrılmır. Beş-üç günə həll olunur. Bir nəfərin ssenarisi olur, gətirib verir, üstünü-başını düzəldirlər, aktyorlarla danışırlar, bir kamera tapıb gedib çəkirlər, olur film.
- "Alatava" serialı həyatınızda nəyi dəyişdi?
- Bir az tamaşaçı kütləm dəyişdi. Bundan əvvəl bir neçə seriallara çəkilmişəm. Hətta "Səfərin ailəsi" adlı serialda baş rol almışdım. Komediya idi, amma o seriala demək olar, heç kim baxmırdı. O vaxtı sosial şəbəkələr belə çox məşhur deyildi deyə elə də çox tanınmamışdım, məni təkcə ATV kanalına baxanlar tanıyırdı. "Alatava" serialı daha çox tanınmışlıq gətirdi. Baxmayaraq ki, bu sektorda 15 ildir varam, bir çoxları mənə dedi ki, biz səni indi kəşf elədik.
- Bu gün film sektorunda olan bir qisim şəxs instaqramdan kiçik videoçarxlar, bloqlar çəkərək bu sahəyə gəliblər. Hətta bəzilərinin kino təhsili belə yoxdur. Bu situasiya bizə nə deyir? Kinomuz inkişaf edir, ya tənəzzül edir?
- Dünya ulduzlarını götürsək, onların arasında çox az qismi İncəsənət Universitetini və ya akadamiyasını bitirib. Tanıdığımız dünya ulduzlarından barmaqla sayılacaq qədər az sayda bu sahədə təhsil alanı var. Məsələn, mən Texniki Universiteti bitirmişəm, amma ssenari ilə, rejissorluqla bağlı ən lazımlı kitablarının böyük əksəriyyətini oxumuşam. Bu peşə ilə bağlı təhsil verən ali məktəbə getməsəm də, bu sahəylə maraqlanmışam, araşdırmışam. Burada təcrübə çox önəmlidir. Biz təcrübə qazana-qazana universiteti bitirən bəzi aktyorlardan, rejissorlardan daha çox bilirik. Özümü tərifləmirəm, reallıq budur. Demirəm bloger təhsilli adamdan çox bilir, amma o, daha çox təcrübəli olur, çünki bütün günü çəkilişlərə gedir, hansısa kontent üzərində düşünür.
Rejissor Azər Quliyev iki filmdə mənim assistentim olub. Halbuki o, İncəsənət Universitetini bitirib, mən Texniki Universiteti. Bir dəfə mənə dedi ki, orada öyrənmədiyim çox şeyi burada öyrənmişəm. Məndən yox, setdən, praktikadan və mühitdən öyrənib. Bir problem yaşayanda universitetdə onu necə həll etmək lazım olduğunu demirlər. O da gəlir düşür problemin içinə, ondan sonra başlayır araşdırmağa ki, bu anda nə etməliyəm? Özündən böyüklərə baxır, onlardan öyrənməyə çalışır və yaxud özü çıxış yolu tapmağa çalışır. Azərbaycanda dörd böyük filmin ikinci rejissoru olmuşam. Rejissor Akif Rüstəmov hamımızın ustadıdır. Onla bir neçə dəfə söhbət etmişəm, çox şey öyrənmişəm. Mən universitetə getməsəm belə, Akif müəllimlə söhbət edə-edə çox şey öyrənmişəm. Prodüserləri də başa düşmək olar ki, niyə blogerlərlə daha çox işləyirlər. Çünki blogerlər daha çox pul gətirirlər, onları izləyən müəyyən bir kütlə var. Bir blogeri 300 min nəfər adam izləyir. Prodüser də fikirləşir ki, mən bunu çəksəm, 300 min izləyicidən təxminən 100 mini gələcək, bu da kifayət qədər puldur. Amma Mədəniyyət və İncəsənət Universitetini bitirən hər hansı aktyoru heç kim tanımır, mən Nurlan Rüstəmovu baş rolda çəkəndə hamı mənə dedi ki, sən səhv edirsən, böyük məbləğdə pul itirəcəksən, ondansa Əlixan Rəcəbovu çəksəydin, daha çox pul qazanardın. Amma fikirləşdik ki, axı biz professional iş görürük və bizə də professional aktyor lazımdır. Düzdür, filmdə professional olmayan aktyorlar da var. Məsələn, Emil Musayev, o obraza Emin daha uyğun idi və həmin obrazla da parladı. Amma Nurlan Rüstəmov işinin öhdəsindən professional şəkildə gəldi. Məsuliyyəti, oxumağı, öyrənməyi, setə hazır gəlməyi, rejissorla davranış qaydası ilə sübut elədi ki, professional insandır. Mütləq filmdə üç-dörd nəfər professional insan olmalıdır. Amma mənim növbəti filmimdə blogerlər daha çox olacaq. Çünki məcburiyyətdən düşünürəm ki, borcla nə qədər film çəkməliyəm ki? Mədəniyyət və İncəsənət Universitetində çalışan sənətkarlarımıza hörmətsizlik kimi çıxmasın, hesab edirəm ki, universitet hər il heç olmasa bir nəfər aktyoru, ya rejissoru xarici ölkələrə master-klaslara, dünyaca məşhur universitetlərə göndərməlidir. Yəqin ki, imkan da var, amma göndərmirlər. Eşitmişəm ki, orada işləyən müəllimlərin çoxusu uşaqları çəkilişlərə qoymurlar. Deyirlər ki, getmə, sən orada korlanacaqsan, gəl burada məşqlər elə. Bizdə işləyən bir neçə nəfər demişdi ki, universitetdə il ərzində cəmi bir dənə pyes oynayırıq, başqa heç nə eləmirik. Amma həmin müddətdə tələbələri filmlərin müzakirəsinə aparmaq olar. Mədəniyyət və İncəsənət Universitetindən aktyor gəlir, baxırıq ki, kamera ilə işləmək təcrübəsi yoxdur. Bilmir ki, 100 obyektivlə çəkəndə necə olur, 24 obyektivlə çəkəndə necə olur. Bir-bir belə halları burada öyrətməyə başlayırıq, hansı ki öyrənib gəlməli idilər. Halbuki bu dərsi onlar universitetdə keçməli idilər.
- Son olaraq belə bir sual: Daha çox rejissor kimi tanınmaq istəyərdiniz, yoxsa aktyor kimi?
- Təbii ki, rejissor kimi. Rejissor olmaq, rejissor kimi yaşamaq çox çətindir. Bir kitabdan oxumuşam, deyir, hamı aktyor ola bilər. Yəni biz real həyatda da rol alırıq, dostlarımızın yanında bir cür, sevdiyimiz insanın yanında başqa cür oluruq. Bu, reallıqdır. Amma rejissor olmaq bütün bu obrazları özündə cəmləşdirmək və həyatın bütün dramını, montajını bilməkdir. Rejissorlar filmi gözündə və beynində tam şəkildə görür. Həyatı rejissor kimi yaşamaq daha gözəldir.
Ləman İLKİN
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)