525ci qəzet Azərbaycan 2024cü ili necə başa vurur?
Başa çatmaqda olan 2024-cü il Azərbaycan üçün çox uğurlu hadisələrlə zəngin tarixi bir il oldu. Bu il ərzində ölkəmiz siyasi-diplomatik, iqtisadi, sosial, mədəni sahədə bir çox nailiyyətlərə imza atdı, beynəlxalq mövqelərini daha da gücləndirdi. Rəsmi Bakı bəzi Qərb dairələri tərəfindən bütün təzyiqlərə, hətta təhdidlərə baxmayaraq, müstəqil xarici siyasət xəttini davam etdirərək, öz qətiyyətli mövqeyini qoruyub saxladı.
Təbii ki, 2024-cü ildən danışarkən əsas hadisələrdən bir kimi COP29 konfransı qeyd edilməlidir. Dünyanın ən böyük və mötəbər tədbirlərindən olan bu konfrans həm də qlobal əhəmiyyəti ilə fərqlənir. Noyabr ayında dünyanın hər nöqtəsindən olan insanlar Bakıda iqlim dəyişikliyi problemini müzakirə etdilər. Azərbaycan bu tədbir ən yüksək səviyyədə təşkil etdi. Yüksək təşkilatçılıq, üstəgəl, məhz Bakının gərgin səyləri ilə əldə edilən nəticələrlə COP29 COP tarixində ən uğurlu, əhəmiyyətli konfransına çevrildi.
COP29-da iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, qonaqların arasında 80 prezidentin, vitse-prezidentin və Baş nazirin olması isə həm dövlətimizə etimadın, həm də onun beynəlxalq arenada oynadığı fəal rolun növbəti dəfə sübutu idi. COP29-un yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı iki həftə davam edən qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etdi. Tədbir iştirakçılarının yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. Məsələn, BMT-nin Baş katibi Antonio Quterreş tədbirlə bağlı bəyanatında deyib ki, COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoymaqla bərabər, qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır. COP29-da qəbul olunan ən önəmli qərarlardan biri inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəliyin - Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasını nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.
Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirilib. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi.
COP29-da əldə olunan mühüm nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin çox böyük uğurudur. COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Bir sözlə, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi hesab edilir.
Cari ilin ən yaddaqalan hadisələri sırasında, prezident və parlament seçkiləri mühüm yer tutur. Azərbaycan xalqı növbəti dəfə Prezident İlham Əliyevə yüksək etimad göstərdi.
Bu il Azərbaycan iqtisadiyyatı üçün gözləntilər, əldə edilmiş nəticələr və iqtisadi göstəricilər dövlətimizin başçısının proqnozlarını doğruldub. Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı zamanı bu məsələyə toxunaraq il ərzində Azərbaycanın iqtisadi artım templərinin inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələdiyini vurğulayıb. 2024-cü ilin 11 ayında iqtisadi artım 4,1 faiz təşkil edib, o cümlədən, qeyri-neft sektoru 6,4 faiz artıb. Ölkənin strateji valyuta ehtiyatları 72 milyard ABŞ dollarını ötüb. Azərbaycanın birbaşa xarici dövlət borcu ümumi daxili məhsulun (ÜDM) cəmi 7,3 faizini təşkil edir. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.
Azərbaycan dövləti üçün prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculur işləri, minalardan təmizlənmədir. Bu istiqamətdə il ərzində çox mühüm işlər görülüb, əhalinin məskunlaşdırılması davam etdirilib. Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərlər edərək, bərpa-quruculuq işləri ilə yerində tanış olub, yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edib. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərə 2024-cü ildə ilk səfərini fevralın 26-da Xocalı şəhərinə edib. Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, sonra Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, sakinlərlə birlikdə şəhərdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Hazırda azad olunmuş ərazilərimizdə işlər yüksək templə davam etdirilir.
2024-cü ilin yekunlarını “525”ə şərh edən Milli Məclisin deputatı Rasim Musabəyov deyib ki, bu il Azərbaycan bir çox sahələrdə uğurlar qazanıb. Ölkəmizin siyasi-diplomatik uğurlarına diqqət çəkən deputat bildirib ki, baxmayaraq ki, Avropa İttifaqı, Bayden administrasiyası tərəfindən təzyiqlər var idi, Azərbaycan bunların hamısını neytrallaşdırdı və öz mövqeyində qaldı ki, Ermənistanla danışıqlar ikitərəfli qaydada Azərbaycanın tələbləri mütləq şəkildə nəzərə alınaraq aparılmalıdır: “Biz görürük ki, Nikol Paşinyan ənənəvi olaraq yanaşma sərgiləyir, amma addımbaaddım Azərbaycanın tələblərin qəbul etməyə məcburdur. Məsələn, biz sərhədə yaxın kəndlərin boşaldılmalı olduğunu, əks halda İrəvanın başının ağrıyacağını demişdik. Bu ilin mayında Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri rəsmən Azərbaycana geri qaytarıldı və biz həmin hissədə dövlətimizin suverenliyini təmin etdik”.
R.Musabəyov Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı yaramaz mövqe tutduğunu söyləyib: “Buna görə də biz qapını çırpıb getdik, heç cəhd də etmirik ki, gedib onların hansısa bir istəklərini yerinə yetirib, nazları ilə oynayaq. Onların təzyiqləri söz təzyiqidir, media kampaniyasıdır, səbrimiz kifayət qədər möhkəmdir, amma lazım gələndə adekvat cavabların veririk. Həm parlament, həm Xarici İşlər Nazirliyi səviyyəsində, eyni zamanda cənab Prezident öz çıxışlarında onların lazımi cavablarını verir. Azərbaycan heç kəsin qarşısında əyilmir, bu, ölkəmizin həm gücünün, həm artan nüfuzunun bir təzahürüdür. Düşünürəm ki, belə də davam edəcək. Anlayırlar ki, əgər sən heç kəsin qarşısında əlini açıb dayanmamısansa, nə siyasi, nə hərbi, nə maliyyə dəstəyi istəmirsənsə, özünü kifayət qədər müstəqil aparmaq iqtidarındasan. Azərbaycan bunu edir”.
Ermənistanla sülh sazişinə toxunan deputat deyib ki, Azərbaycanı heç nə vadar etmir ki, kağızı imzalamaq naminə o sülh sazişini imzalasın: “Ermənistan 30 ilə yaxın torpağlarımızı işğalda saxladı, onda buna görə Qərbdə, Şimalda heç kim narahat olmurdu. Deyirdilər ki, danışıqlar aparın, sülhə gəlin, indi nə gərginlik var, nə itki var, nə yaralı var, nə də ki toqquşma. Danışıqlar gedir, bu il olmadı, olsun gələn il, gələn ilin əvvəli olmasın, ortası olsun, əsas odur ki, qane edən sanballı sənəd imzalansın. Və sonra o sənədin icrası nəticəsində bölgədə sabitlik möhkəmlənsin. Əsas olan budur. Azərbaycan bu istiqamətdə öz addımların atır, bizi tələm-tələsik hansısa qərarlar verməyə heç nə məcbur etmir. İş davam edəcək, heç kimə buna görə həyəcanlanmağı məsləhət görmürəm. Azərbaycan öz mövqeyini ortaya qoyur və o mövqeyi müdafiə etmək, irəli aparmaq iqtidarındadır. Bununla hamı hesablaşmağa məhkumdur”.
Deputat azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə diqqət çəkib, həmin işlərdə Azərbaycana yaxın olan dövlətlərin də iştirak etdiklərini söyləyib.
R.Musabəyov bu ilin önəmli hadisəsi kimi COP29-u vurğulayıb: “Azərbaycan dünyada bəlkə ən böyük tədbirlərdən birinə ev sahibliyi etdi. Baxmayaraq ki, vaxt az idi, tədbir çox yüksək səviyyədə keçirildi, Azərbaycan özünə qarşı aparılan bütün kampaniyaları neytrallaşdırdı, tədbiri uğurla keçirdi. Konfransın işində çox sayda insan iştirak etdi, sonda isə BƏƏ-də keçirilən COP28-dən fərqli olaraq Bakıda bir sıra mühüm sənədləri də qəbul etmək mümkün oldu, kompromislər əldə olundu. Bunlar hamısı Azərbaycanın beynəlxalq səviyyədə kifayət qədər gözəçarpan uğurlarıdır”.