525ci qəzet Azərbaycanın COP29 uğuru: Tarixi nəticələrə doğru
Pərvanə SULTANOVA
[email protected]
Noyabrın 11-dən başlayaraq dünyanın əsas problemlərindən birinə çevrilən iqlim böhranı Bakıda müzakirə olunur, müxtəlif təkliflər, təşəbbüslər irəli sürülür, çıxış yolları axtarılır. Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) artıq bir sıra nəticələrə nail olunub. Belə ki, konfransın ilk günündə Paris Sazişinin 6.4-cü maddəsi ilə bağlı müsbət nəticələr əldə olunub. Paris Sazişinin imzalandığı 2015-ci ildən keçən dövr ərzində yekdil qərar qəbul edilməsi mümkün olmayan bu məsələnin Bakı sammitində razılaşdırılması Azərbaycanın qlobal ekoloji problemlərin həllində növbəti uğurudur. 6-cı maddənin tam həyata keçirilməsi iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması və adaptasiya tədbirlərinə imkan verməklə yanaşı, maliyyə və texniki resursları inkişaf etməkdə olan ölkələrə yönləndirmək üçün əhəmiyyətli bir addım hesab edilir.
Konfransın yekununda daha çox nəticələrin əldə ediləcəyi, qarşıya qoyulan məqsədlərə nail olunması istiqamətində mühüm qərarların razılaşdırılması gözlənilir. Konfransda eyni zamanda, ətraf mühitin qorunması, iqlimin fəsadlarının aradan qaldırılması və s. bağlı müxtəlif toplantılar, panellər keçirilir.
Məlumdur ki, anomal istilər, quraqlıqlar, meşə yanğınları, daşqınlar, qasırğalar, havanın həddən artıq çirkləndirilməsi bütün bunlar adekvat addımlar atılmadığı təqdirdə yaxın illərdə daha fəlakətli nəticələrə gətirib çıxara bilər. Planet üçün belə ciddi təhlükəyə cavab tədbirlərinin müvəffəqiyyəti bir çox amillərdən, o cümlədən, maliyyə investisiyalarından asılıdır. COP29-un əsas mövzusu da elə maliyyə məsələsidir. Konfrans istixana qazı emissiyalarının azaldılmasından tutmuş, iqlim dəyişikliyindən təsirlənən ən həssas regionların dəstəklənməsinə qədər bir sıra məsələləri əhatə etməklə, iqlimin maliyyələşdirilməsində real irəliləyiş əldə etməyi hədəfləyir. Azərbaycan təkcə iqlim sammitinə ev sahibliyi etmir, həm də maliyyə məsələsində öz addımlarını atır. Belə ki, Azərbaycan İqlim Maliyyə Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib və bu fondun çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində töhfə verir. Azərbaycan Prezidenti İlham Əliyev COP29-da İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin Sammitində çıxışı zamanı bəyan etdi ki, bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunub. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı. Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün Bakı 10 milyon ABŞ dolları məbləğində vəsait ayırır. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi - "Azərkosmos"dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalayıb.
Göründüyü kimi, Azərbaycan həm öz yaşıl enerji gündəliyini inkişaf etdirir, azad olunmuş ərazilər yaşıl zona elan edilib, 2030-cu ilə qədər təxminən altı giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Bu, planların hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Həmçinin ixrac bazarlarına diqqət yetirilir, Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarla fəal çalışır ki, bu da ölkəmizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək. Bu kabelin texniki potensialı dörd giqavatdır. Texniki-əsaslandırma işlərinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.
Eyni zamanda, Azərbaycan iqlim fəsadlarınııın aradan qaldırılmasına öz töhfəsini verir, inkişaf etməkdə olan və kiçik ada dövlətlərinə dəstəyini göstərir. Bəzi Qərb dairələrinin sammiti siyasiləşdirmək, Azərbaycanın ev sahibliyinə kölgə salmaq cəhdləri tamamilə iflasa uğradı. Bakı uğurla COP29-a ev sahibliyi edir, eyni zamanda hədəflərə çatmaq üçün səylərini davam etdirir. Bütün dünya Azərbaycana toplanaraq bəşəriyyətin əsas problemi üçün həll yollarını axtarır. İqlimə daha çox ziyan vuranlar özlərini kənarda saxlamaqla isə bir daha göstərdilər ki, onları sağlam və təhlükəsiz dünya deyil, böhranın, qarşıdurmaların davam etdiyi bir dünya maraqlandırır. Bunun bir misalı da budur ki, mövcud münaqişələrin səbəbkarı həmin Qərb qüvvələridir və o münaqişələr də ətraf mühitə həddindən artıq ziyan vurur.
Latviyadan olan ekspert Andrey Starikov mövzu ilə bağlı bildirib ki, inkişaf etməkdə olan ölkələr çox vaxt enerji təchizatçılarıdır. Eyni zamanda, Qərbə ağac və mədən yanacaqları tədarük edən ölkələrdir. Onlar Qərb iqtisadiyyatlarının davamlı artımını təmin etmək üçün zərbə alırlar, əziyyət çəkirlər. Bu nümunən özü problemin ölçüsünün nə dərəcədə olduğunu göstərir.
Ekspert əlavə edib ki, dünyada iqlimə təsir edən 50-dən çox münaqişə var: "Yaxın Şərq müharibəsi, Ukrayna müharibəsi, Cənubi Yəmən müharibəsi və s. Emissiyalara görə pul ödəməyə başlayan varmı? Cavab əlbəttə ki, xeyrdir. İqlim dəyişikliyindən ən çox ziyan çəkən dövlətlər hətta ilk onluğa belə daxil deyillər".
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov hesab edir ki, elm və texnikanın, o cümlədən, sənayenin sürətli inkişafı planetin iqlim sisteminə böyük mənfi təsirlər göstərib, xüsusən son 100 ildə planetin orta temperaturu 0.8 dərəcə artıb və bu artımın da əsas səbəbi istilik effekti yaradan qazların həcmi ilə birbaşa bağlı olub. Nəticədə, son iki əsrdə atmosferdə karbon qazının ümumi miqdarı 30 faizə, metanın miqdarı isə 60 faizdən artıq həcmə yaxınlaşıb. Məhz bu baxımdan 2015-ci ildə Paris razılaşması imzalandıqdan sonra əsas hədəf həmin razılaşmanın 6-cı maddəsi üzrə karbon bazarları sahəsində razılığın əldə edilməsinə yönəlib, lakin təəssüflər olsun ki, ötən 10 ilə yaxın dövr ərzində bu istiqamətdə hər hansı ciddi razılığa nail olunmayıb. Lakin Bakıda COP29-un ilk günündə Paris Sazişinin 6-cı maddəsinin bir müddəası üzrə razılaşmanın əldə edilməsi illərdir iqlim dəyişiklikləri üzrə birgə fəaliyyət qarşısında çox ciddi əngəllərdən birini aradan qaldırmış oldu.
Onun sözlərinə görə, sazişin 6.4-cü maddəsinin Azərbaycanda razılaşdırılması bütövlükdə 6-cı maddə üzrə tam razılıq əldə olunmasına konseptual mənada şərait yaradır və illərdir problem kimi gündəmdə olan müddəanın tam şəkildə razılaşdırılmasına ümidləri artırır.
Deputat qeyd edib ki, əvvəlki dövrlər üzrə də qlobal səylərin birləşdirilməsi istiqamətində ciddi təcrübəyə malik olan Azərbaycanın COP29-dan əsas gözləntilərinin bir istiqaməti məhz 6-cı maddə üzrə müəyyən razılıqlara gəlinməsi idi və Bakıda belə bir prinsipial məsələnin razılaşdırılması, əslində, həm də ev sahibi kimi Azərbaycanın qarşıya qoyduğu məqsədlərə nail olunması üzrə ortaya qoyduğu səylərin nəticəsi sayıla bilər: "Prezident İlham Əliyev tədbirin açılışında rəsmən bəyan etmişdi ki, Azərbaycan Respublikası COP29-un sədri kimi inkişaf etmiş və inkişaf edən ölkələr, o cümlədən, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək. Dövlət başçısının bu istiqamətdə verdiyi qətiyyətli bəyanatın səmimiliyi də heç kimdə şübhə doğurmadı, çünki Azərbaycan Paris Sazişinin tam razılaşdırılması hələ də mümkün olmayan 6-cı maddəsinə müvafiq olaraq çox ciddi niyyətlər ortaya qoyub, hələ 2015-ci ilin oktyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə özünün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədini təqdim edərkən niyyətlərini bir daha bəyan etmişdi. Məhz bu niyyətlərə müvafiq olaraq baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyalarının 35 faiz həcmində azaldılmasını hədəfləyib, 2022-ci ildə, hədəf ilinə 8 il qalmış artıq 34 faizlik nəticə ortaya qoya bilib. Ölkəmiz Qlazqoda COP26 tədbiri zamanı hədəflərini daha da yüksəldərək 2050-ci ilə qədər istixana effekti yaradan qaz emissiyalarının həcminin 40 faiz azaldılmasını məqsəd kimi üzərinə götürüb. Bundan başqa, Azərbaycanın özünün 5 Milli Prioritetindən birini təmiz ətraf-mühit və yaşıl artım ölkəsi olaraq müəyyən etməsi, həmçinin qazıntı yanacağına əsaslanan enerji sisteminin yaşıl enerji ilə əvəzlənməsi istiqamətində effektiv addımlar atması fonunda Paris Sazişinin 6-cı maddəsinə dair razılığın əldə olunması başda olmaqla, bütövlükdə iqlim dəyişiklikləri üzrə mübarizə səylərinin birləşdirilməsi istiqamətində səmərəli fəaliyyət ortaya qoyan subyekt kimi çağırışlar etmək haqqına malik olduğunu qəbul etdirə bilib. Təbii ki, belə bir situasiyada COP29-dan substantiv nəticələrin gözlənilməsi başa düşülən idi və əldə olunan ilkin razılıqlar, ilk növbədə, bu çərçivədə şərh olunmalıdır".
O bildirib ki, COP29 qarşısında əsas məqsədlərdən biri iqlim maliyyəsi ilə bağlı məsələ hesab olunurdu. Bakıda müzakirələrin ardınca, artıq bir sıra beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlarına dair bəyanatları, o cümlədən, dünya bankının 170 milyarda yaxın vəsait ayıra biləcəyini bəyan etməsi, COP29-da danışıqlar üçün əla mühitin hakim olmasını deməyə əsas verir.