Icma.az
close
up
RU
525ci qəzet Böyük coğrafi kəşflər və yerli xalqlara onların gətirdiyi bədbəxtliklər Telman Orucov yazır

525ci qəzet Böyük coğrafi kəşflər və yerli xalqlara onların gətirdiyi bədbəxtliklər Telman Orucov yazır

Telman ORUCOV

(   )

Avropalılar italiyalı Markonun bu məşhur səfərindən iki əsr sonra ədviyyat ticarətini ələ keçirmək məqsədilə Şərqə dəniz yolu ilə getmək həvəsinə düşdülər. Portuqaliyalılar bu sahədə qitədə yaşayan digər xalqlardan fərqli olaraq, daha doğrusu, qabağa gedərək, ilk dəfə dəniz səyahətində xeyli irəli çıxmışdılar. XV əsrdə şahzadə Henri Naviqator Afrikanın qərb sahillərini kəşf etməyə, öyrənməyə başlamışdı. Qədim romalılara isə yalnız Afrikanın şimalındakı Misir, Karfagen və Numidiya məlum idi. Qitənin qalan hissəsi onlar üçün terra inkognita olaraq qalmışdı. Onlar Karfagenlə b.e.ə. III əsrdən başlayaraq, II əsrin ortalarına qədər üç Puniya müharibəsində vuruşmuş, son qələbə ilə b.e.ə. 146-cı ildə Karfageni yandırmış və yerlə-yeksan etmişdilər. B.e.ə. I əsrin 30-cu ilində isə Misirin son çariçası VII Kleopatranın romalı sərkərdə Avqusta məğlub olması, bu fərasətli qadının özünü intihar etməsi və ölkəsinin Romanın tabeliyinə düşməsi ilə nəticələnmişdi. Bu hadisələrdən sonra avropalılar 1,5 min ilə yaxın müddətdə Afrika ərazilərinə bir daha müdaxilə etməmişdilər.

Hindistan və ondan şərqdə olan ölkələr isə avropalılar üçün bağlı olaraq qalırdı, onların ədviyyat malları ilə ticarəti ərəblər həyata keçirirdilər və az sonra onların da Qərbə ticarət səfərləri Konstantinopolun türk işğalı hesabına bütünlüklə dayandırıldı. Bu vəziyyət ona aparıb çıxardı ki, avropalılar həmin regionlara dəniz yolu axtarmağa başladılar. Afrikanın qərb sahilinin tədqiqi heç də hələ bu yolu açmaq səviyyəsinə çatmaq deyildi.

Əslində, Qərb sivilizasiyası hələ Orta əsrlərin sonunda dünyanın qalan hissələrinə yayılmağa cəhd göstərmişdi. Səlib yürüşləri ciddi fayda verməməsi ilə yanaşı, bu vəzifənin həllinə azacıq da olsa, kömək göstərə bilməmişdi. Avropalılar bu məqsədi həll etmək üçün, həm də artıq bir dinamik enerjiyə malik idi. Atlantik okeanın şərq sahillərinə XV əsrin sonundan baş verən səfərlər sırf kommersiya məqsədini güdürdü. Çünki bu vaxt Orta əsrlərin aqrar iqtisadiyyatından kommersiya və sənaye kapitalizmi sisteminə keçmək zərurəti meydana gəlmişdi. Avropalılar tanımadıqları xalqlarla yeni və davam edən əlaqələrə girməyə hazırlaşırdı. Bunu isə yalnız XV əsrin sonunda və XVI əsrin başlanğıcında meydana gələn yeni era həll edə bilərdi.

Min il ərzində katolik Avropası vahid coğrafi ərazidə yerləşməyə məhkum idi. Onun başlıca cəhdlərindən biri həmin sərhədlərdən uzağa genişlənmək olduğu halda, Səlib yürüşləri şəklindəki Şərqə istiqamət götürən ilk hərbi axtarış səfərləri gözlənilən səmərəni vermədi, onlara bəslənilən ümidləri bütünlüklə doğrultmadı. Avropanın özü hərəkət edib, ətaləti hələ tərk etməsə də, Asiyanın və Afrikanın şərqindən olan mallar Orta əsrlərdə onun qəsrlərinə yol aça bilmişdi. Müsəlman filosoflarının əsərləri bu dövrdə (XII-XIII əsrlərdə) yaranan ilk universitetlərdə öyrənilirdi. Şərqdə isə ilk universitet 15 min il əvvəl, b.e.ə. III əsrdə Hindistan çarı Aşoka tərəfindən təsis edilmişdi və orada çoxlu əcnəbi ölkələrdən gələn tələbələr də təhsil alırdı. Avropada qədim Roma xeyli inkişaf edib, üç qitəyə ekspansiya həyata keçirsə də, onu universitet kimi təhsil mərkəzləri maraqlandırmamışdı.

Lakin bütün hallarda Şərqin Avropa sivilizasiyaları ilə əlaqəsi məhdud ölçüdə idi. Bu iş yalnız Hindistana, Asiyaya inqilab xarakteri daşıyan səyahətlərlə həyata keçirilə bilərdi. Avropalılar  bəzi ədəbi əsərlərdə qızılla dolu olan səltənətlər barədəki söhbətlərə ciddi maraq göstərməmiş qalmırdılar. Belə torpaqlara sahib olmaq həvəsi avropalıların böyük cəsarət tələb etməsinə cavab verən az sayda nümayəndələrinin şüuruna hakim kəsilməklə, onlarda bu igidlikləri reallaşdırmaq həvəsi yaratmışdı. Əlbəttə, belə səyahətlərə, naməlum torpaqlara səfər etmək heç də adət edilmiş adi bir iş deyildi, möhkəm iradə və çətinliklərdən, qaranlığı ilə seçilən məchulluğa qalib gəlmək fərasəti tələb edirdi. Bu adamlar özlərində tədqiqat ehtirası yaratmalı idilər.

Lakin Osmanlı türklərinin işğalı təkcə ərəb tacirlərinin deyil, qərblilərin də Şərqə oğru gedən virtual yolunu kəsmişdi. Çünki avropalıları Asiyaya getmək üçün dəniz yolu daha çox maraqlandırırdı. Qədim insanlar üçün olduğu kimi, Orta əsr avropalısına da quru yolu əlverişli deyildi. Səhralardan keçən bu çətin yolla ancaq Şərq tacirləri dəvə karvanları ilə uzun məsafələri qət edə bilirdilər. Qitə sakinlərinin məqsədi isə birinci növbədə həmin regionlardan ədviyyat ticarətini ələ keçirmək, həm də digər qiymətli mallara sahib olmaqdan ibarət idi.

Bəzi tarixçilər antik dünya ilə Yeni Tarix arasında körpü rolunu oynayan və azı min il davam edən Orta əsrləri guya nisbətən hər cür tərəqqiyə mane olduğunu, elmin inkişafını ləngitdiyini əsas götürərək, "Qaranlıq dövr" kimi xarakterizə edirlər. Belə mülahizə, əslində, o dövrdə yaşamış insanların fəallığına, axtarışlarına obyektiv olmayan qiymətdən irəli gəlir. Orta əsrlər, sonrakı elmi kəşflərin meydana gəlməsi üçün bünövrə rolunu oynamışdır. Əlbəttə, feodalizm bir istehsal üsulu kimi dövlətin zəifləməsinə şərait yaratmışdı, bu isə onun inkişafa yönəlmiş siyasətinə və fəaliyyətinə ağır zərbə vurmuşdu. Axı Orta əsrlərdə əhalinin əksəriyyətini kəndlilər təşkil edirdi, kənd isə elmi inkişaf etdirmək gücündə deyildi. Həmin dövrü heç də bütünlüklə ətalət yüzillikləri adlandırmaq da ədalətsizlikdir. Əlbəttə, elmi ixtiralar az meydana gəlmişdi, lakin bu o demək deyildir ki, dövr bütünlüklə onlardan xali olmuşdu. Orta əsrlərə qərəzsiz münasibət bəslənsə, bu dövrdə qitədə böyük şəhərlərin əsası qoyulmasına, yaranmasına göz yummaq mümkün deyildir. Bu şəhərlər uca qotik üslubundakı kilsələrlə, qəsrlərlə və saraylarla bəzədilmişdi. Poeziyada cismani hissiyyatı vəsf edən trubadurlar meydana gəlmişdi. Əlkimyaçılar əbəs yerə kimyəvi maddələri qızıla çevirməyə cəhd etmələri ilə yanaşı, kimya elminin inkişafına böyük köməklik göstərmişdilər. Astroloqlar səma cisimlərinin yerləşməsinin tarixi hadisələrlə və insan taleyi ilə əlaqəsini öyrənmək və izah etmək istəsələr də, Göy cisimlərinin öyrənilməsində elmi astronomiyanın inkişafına əsaslı töhfə vermişlər. Tibb elmində Şərqdə İbn Sina kimi böyük filosof və həkim elmi axtarışları və əsərləri ilə öz dövrünü xeyli qabaqlamışdı. Onun "Həkim elminin qanunu" kitabındakı tövsiyələr Orta Asiya alimi tərəfindən yaradılsa da, Avropaya yayılmış tibb praktikasında geniş tətbiq olunmuşdu. Əgər Orta əsrlər yalnız cəhalətə, ətalətə xidmət etsəydi, onda yalnız şam timsalında olan universitetləri də yaratmazdı. Bu təhsil ocaqları isə elmin inkişafında sonralar böyük xidmət göstərdilər.

Dənizçilər okeanda və dənizlərdə üzmək üçün məlum olan nəzəri biliklərə əsaslanırdılar. Bizim eranın II əsrdəki qədim yunan astronomu Ptolomeyin əsərindən yerin kürə şəklində, yumru olması barədə mülahizə avropalılara da məlum idi. Onlara belə gəlirdi ki, dünya yalnız üç qitədən - Avropa, Asiya və Afrikadan ibarətdir. Həm də güman edilirdi ki, okeanlar Yer üzünün quru hissəsinə nisbətən kiçik ölçüyə malikdir. Bu isə gələcək dəniz tədqiqatçılarında belə düşüncənin yaranmasına səbəb oldu ki, dar ölçülü Atlantik okeanını üzüb keçməklə Avropadan Asiyaya girmək olar və bu yeni Asiya qitəsinin bol ehtiyatlarına sahib olmaq imkanını yaradacaqdır.

Kolumbun dahiyanə kəşfi. Yeni qitələrin "Amerika" adlanması

Əslən genuyalı olan Xristofor Kolumb (1446-1506-cı illər) Atlantik okeanı ilə qərbə doğru üzməklə Hindistana gedib çatacağını düşünürdü. O, bu səfər barədəki təklif ilə İspaniya kraliçası İzabellaya müraciət etdikdə, müdrik qadın bu səyahətə maraq göstərdi və onu maliyyələşdirməyi öz üzərinə götürdü. 1492-ci ilin avqustunun ilk günündə Kolumb "Santa Mariya", "Ninya" və "Pinta" adlı üç gəmi ilə Sevilyadan üzüb Aralıq dənizinə, sonra isə Atlantik okeanına çıxdı. Oktyabrın 12-də o, ilk dəfə Bahamalarda quru torpağa ayaq basdı. Sonra o, Kubanın sahillərini, həmçinin indiki Haiti və Dominikanın sahil torpaqlarını, o, buranı İspaniyola adlandırmışdı, öyrəndi. Kolumb güman edirdi ki, bura Asiyadır və o, Hindistana gəlib çıxmışdır. Axı nəzəri əsaslarda, okeanı üzüb keçməklə Asiyaya ayaq basmaq imkanının mövcud olduğu göstərilirdi. Hətta vətənə qayıtdıqdan sonra da o, kraliça İzabellanı və onun əri, kral Ferdinandı inandırdı ki, məhz Hindistanda olmaqla, orada nəinki qızıl tapmışdır, həm də ən başlıcası, oradakı yerli əhalini xristianlığa çevirmək üçün bir qızıl imkana nail olunmuşdur. Axı ispan kralını Roma papası sarsılmaz katolik kimi qiymətləndirirdi və bu ər-arvad qızğın dindar olmaqları ilə, müsəlmanları və yəhudiləri İspaniyadan qovmaq hərəkatını gücləndirmiş, ölkəni müsəlmansız bir diyara çevirmək vəzifəsini həmin 1492-ci ildə artıq həll etmişdilər. Həmin ili yəhudilərə də İspaniyanı 4 ay müddətində tərk etməyi elan etmişdilər.

Kolumb səfərinin son məntəqəsinin Hindistan olmasına heç vaxt şübhə etməmiş, 1506-cı ildə ölənə kimi bu fikirdə də qalmışdı. O, ömrü boyu Şimali Amerikaya dörd səfər etmiş, Mərkəzi Amerika torpaqlarına da qədəm basmışdı. Lakin Hindistanda olması, oranı kəşf etməsi barədəki öz inamını heç vaxt dəyişməmişdi.

Özünün yeni torpaqları kəşf etməsini anlamayıb, səhvə yol versə də, Kolumbun yeni qitələri tapması və tədqiq etməsi dünyanın bütövləşməsinə səbəb olduğuna görə olduqca böyük qəhrəmanlıq idi. Kolumb sonralar özünün bu nəhəng kəşfinə görə müqayisə olunmayan bir şöhrət qazandı, onun şərəfinə Cənubi Amerikada olan bir dövlət Kolumbiya adlandı. ABŞ-nin paytaxtı Vaşinqton şəhəri də həmin adı daşıyan bir  mahalda yerləşir. Nyu Yorku və digər amerikan şəhərlərini böyük səyyahın heykəlləri bəzəyir.

1992-ci ildə Kolumbun dahiyanə kəşfinin 500 illiyini bayram etməyə böyük hazırlıq gedirdi, bu məsələdə ABŞ və Avropa dövlətləri xüsusi fəallıq göstərirdi. Lakin Mərkəzi və Cənubi Amerika xalqları Kolumbun kəşfi hesabına özlərinin inkişaf etmiş sivilizasiyalarının məhvinə yol açan bu səfərin yubileyinin bayram edilməsinə ciddi etirazlarını bildirdilər. Ona görə də yubiley düşünülən təntənə səviyyəsini almadı və dəbdəbə ilə keçirilmədi. Buna etiraz edənlər, əsasən, haqlı idilər, çünki ispan konkistadorları Meksikadakı və Cənub qitəsindəki Amerika ərazilərini işğal etməklə, həmin xalqların böyük mədəniyyətlərini təkcə məhv etməklə kifayətlənməmiş, əsl terror, bəlkə də, genosid həyata keçirərək, çox sayda insan həyatına qəsd etmişdilər. Şimali Amerikada isə yeni sakinlər oxşar tədbirləri həyata keçirmiş, aborigen xalq olan çox sayda hindu tayfalarının genosidinə girişmişdilər. Avropalıların gətirdikləri xəstəliklər də hər iki qitədəki hinduların həyatının məhvi prosesini intensivləşdirmişdi.

(Ardı var)

seeBaxış sayı:81
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri