Icma.az
close
up
RU
525ci qəzet HÖKMDARI YAŞADAN ÖLÜM QƏSİDƏSİ Rafael Hüseynov yazır

525ci qəzet HÖKMDARI YAŞADAN ÖLÜM QƏSİDƏSİ Rafael Hüseynov yazır

Rafael HÜSEYNOV
Akademik

Bu çıraq çoxdan sönüb. Yüzillər öncə bu çıraq yanırmış, zülmətləri aydınladırmış, insanlara yol açırmış. O çırağı yandırmış və işığından faydalanmış insanlar hamısı lap çoxdan gedib, amma çıraq qalır.

Bu çırağı mənə illər öncə, indi ərəblərlə bağlı ad daşısa da, ərəblərin bizim tərəflərə gəlişindən daha əvvəl ulularımızın yaşadığı Ərəbqubalı kəndində bağışlayıblar. Mərkəzi Aran bölgəsində, Kürdəmir rayonundakı həmin kəndin həndəvərində indi insanların "Şəhərgah" dediyi səmtdə on dörd-on beş əsr əvvəl "Şirvan" adlanmış qədim şəhərimiz qərar tutubmuş. Şabran, Qəbələ, Beyləqan, Bərdə, Gəncə, Dərbənd, Şamaxı və digər qədim şəhərlərimizin tarixi yerləşkəsi və indiki məkanları dəqiqliyi ilə bəlli olsa da, ən əski şəhərlərimizdən olan Şirvan şəhərinin xəritəmizdəki hüdudları bilinməz qalırdı. 1950-ci illərin sonları, 1960-cı illərin əvvəllərindən Ərəbqubalı kəndinin qıraqlarında kənd təsərrüfatı işləri ilə bağlı ekskavatorlar qazıntı apararkən təsadüfən küplər aşkarlanmışdı. Bu qazıntılar uzun illər boyu rəsmiləşdirilməmiş, ərəblərin Azərbaycana yürüşlərindən əvvəlki çağlardan başlayaraq XI-XIII yüzillərdə həyat qaynamış bu məskəndə tapılanları hərə xəlvəti daşıyıb aparmışdır. Bizans imperiyası (395-1453) ilə bu şəhərin arasındakı bağlantıların bariz təsdiqi şəhərgahda onillər boyu davamlı olaraq aşkarlanmış küp-küp qızıl sikkələrdir ki, zamanında bunları bizim insanlar sadəcə külçə kimi yox, ticarət əlaqələrinin sıxlığı ilə əlaqədar elə işlək pul kimi toplayırmışlar. Təbii ki, qızıla şirnikləşmiş əhalinin özbaşına apardığı pərakəndə qazıntılar əsnasında yalnız qızıl pullar deyil, çoxlu sayda qab-qacaq, müxtəlif ovçuluq, təsərrüfat, məişət alətləri və avadanlıqları da tapılırdı. O kəndin qocaman sakinlərindən biri mənə bir neçə qədim yağ çırağı və bir də fərqli səslər çıxaran çağırtı fitləri bağışlamışdı. Mən də onlardan hərəsindən birini özümdə saxlayaraq qalanlarını diyarşünaslıq muzeyinə bağışlamışdım. Zamanında o fiti dodağına tutunca bu yerlərin insanları uzaqdan-uzağa xəbərlər çatdıraraq bir-birlərini səslərmişlər, alışdırdıqları çıraqlarla da həm hansısa soraqları bildirər, həm də zil qaranlıq gecələrdə yollarını aydınladarmışlar. Rəfə qoyduğum, yazı-pozu zamanı həmişə gözümün qarşısında olan qədimi çırağı bəzən sığallayıram, o anlarda sanki tarixin hərarətini duyuram. Bu çıraq çoxdan sönsə də, hərdən ürək istəyir ki, bu çıraq təzədən şölələnsin. Yəni əslində yana da bilər. İçərisinə yanacaq tök, piltəsini dəyişib bircə dənə kibrit çək, yenə başlayacaq işıq saçmağa. Hərçənd mən bu çırağın indi yanmasını görməyi elə birbaşa anlamda deyil, məcazi mənada düşünürəm. O mənada ki, bu çırağın tarixin dərinlərində əriyib itmiş nurunun izinə düşərək onun işığının gur yandığı zamanlara qayıdaq, o şölələrə baxmış insanlarla həmvaxt olaq.

Nağıllarımızın "uçan xalça" dediyi, adamı ən müasir raketlərdən daha sürətlə yalnız bir yerdən başqa məkana çatdırmaqla sehrli olmayan, həm də bir zamandan ayrı zamana aparmağı bacaran o xəyali xalılardan daha əfsunlu, amma tam gerçək və uçurtmağa qadir qanad kitabdır. 1300 il əvvəlin səhifələrini əks etdirən və XXI əsrdə oturmuş istənilən insanın asudəcə açıb vərəqləyə bildiyi kitab dəqiqələr ərzində bizi nağıl kimi görünən uzaqlara apararaq bələdçilik edə bilirsə, sehrlilikdə ona nə bir uçan xalça çatar, nə də söyləmələrdə rast gəldiyimiz, elə həmin xalçalar möhtəşəmliyində uçuculuq gücünə sahib olan Simurq quşları.

Azərbaycan hökmdarı, alban sərkərdəsi Cavanşirin ömür və mübarizələr yoluna çıraq tutan həmin kitab dünyada ən etibarlı şahidin yazı, söz olduğunu əlavə dəfə təsdiqləyir.

Cavanşirin surətini əks etdirən bir heykəlcik də zəmanəmizə yetişib. Əslində bir yox, iki. Bu, qədim qrifondur ki, bir nüsxəsi Sankt-Peterburqda - Ermitajda, digər nüsxəsi bizdə, Bakıda - Nizami muzeyində saxlanmaqdadır. Lakin sərkərdə Cavanşirin yadigarı olan bu heykəlcik lalsa da, digər heykəl dilli-dilavərdir, danışa, çox həqiqətləri aça bilir.

Cavanşir - abidəsi bizə gəlib çatmış ilk Azərbaycan insanıdır - bu qrifondakı heykəlcikdə o, at belində əsl sərkərdə vüqarı ilə yüksəlməkdədir. Tarixin dünənindən boylanan o surət bir kitabın səhifələri arasında - Musa Kalankatuklunun (bu salnaməçinin adı və nisbəsi müxtəlif nəşrlərdə fərqli şəkildə göstərilir: Moisey Kalankatuklu, Moisey Kaqankatvatsi, Moisey Kalankatuyski, Movses Kaqankatuatsi, Moisey Utilli, Musa Qalakəndli və s.) "Ağvan tarixi"nin vərəqlərindədir.

...Gərək bu kitabı tez-tez açaq. Bu kitab qapalı qaldıqca o surət bizə aydınlığı ilə görünməyəcək. Bu kitabı açdıqca o surət də, Alban tariximizin enişli-yoxuşlu yolları da bütün aydınlığı ilə təzahür edəcək və onda çoxdan sönmüş çox çıraqlar da təzədən yanacaq.

...Azərbaycan dövlətçilik tarixində istiqlal uğrunda mübarizələrin, müstəqillik yolunda çarpışmaların Cavad xan örnəyi də var, Şirvanşah I İbrahim nümunəsi də. Onlar hər ikisi qüvvələr nisbətinin əsla bərabər olmadığı savaş qarşısında idilər və zahirən məğlubiyyət labüd idi. Cavad xan dikbaş bir yol seçdi, Şirvanşah I İbrahim tamam əks xətt tutdu. Hansı haqlıdır? Bu sualın cavabı tarixin içərisindədir. Əsas odur ki, hər ikisindən bizlərə dərs yadigar qalıb. Cavad xan ailəsinin, özünün faciəli taleyini göz önünə alaraq istiqlal uğrunda, müstəqillik yolunda son damla qanınadək çarpışdı. Bildi ki, məğlub olacaq, amma döyüşdü, ömrünü fəda etdi. Və tarixdə yenilməzliyin, əyilməzliyin rəmzi kimi qaldı. Şirvanşah I İbrahim Teymurləngin əzəmətli ordusu ilə üzbəüz idi. Anlayırdı ki, müqavimət nə qədər sərt olarsa, hər qarşıdurma daha genişmiqyaslı faciələrə bais ola bilər. Ona görə də itaət yolunu seçdi, xalqını da, yurdunu da dağıntılardan, tələfatlardan xilas etdi. O örnək də qalır, bu nümunə də. O da bir ibrətdir, bu da bir nəsihət. Amma hökmdar Cavanşirin Azərbaycan tarixində qalan surəti tamamilə seçiləndir.

O, 50 il əlində qılınc çarpışdı. Zahirən uzun ömür yaşamayıb - vur-tut 64 il. O 64 illik ömrün 40 ildən artığını hakimiyyətdə olub. Sadə iş deyil. Amma bu 64 illik ömür, elə görünür ki, sanki ləbələb dopdoludur. Çünki hadisələr, döyüşləri, çarpışmaları, fəthləri o qədər çoxdur ki, sanki 80-90 illik bir ömür yaşayıb.

O, daim manevrlər edir, axına qarşı üzməkdən ustalıqla çəkinir, səmt küləklərindən yararlanmağı daha münasib sayır. Həm də başı daşdan-daşa dəyəndən, onillərcə təcrübələr toplayandan sonra püxtələşib belə olmadı, elə əvvəldən bu təhər idi.

Lap cavan yaşlarından, yeniyetməliyindən o, gah Sasani sarayındadır, iranlılarla əlbirdir, gah da tarixi situasiya dəyişincə, vəziyyətin tələbinə uyğun olaraq Bizansla bir yerdədir.

Lakin bir müddət keçir, Bizans dövləti zəifləyir. Cavanşir onu da görür ki, ərəblər qüvvətlənir, çox tərəddüd və çək-çevir etmir - Xilafətlə yaxınlaşır.

Ya tarix şətrəncinin təklif etdiyi başqa bir "mənsubə" fərqli bir şahmat məsələsi: Cavanşir hunlarla qarşı-qarşıyadır, döyüşür. Amma elə çarpışmalar gedişində fitri bir sezgi ilə anlayır ki, inad göstərsə, müharibə qərarını qətiləşdirib axıradək getsə, ola bilər ki, məğlub olmasın, amma itkiləri çox olacaq, o qədər ki, lap elə məğlubiyyətə bərabər kimi nəticə alınacaq. Di gəl, bunu da iti siyasi iybilmə qabiliyyəti ilə dərk edir ki, çox iddialılıq etməsə, barışığa getsə, sülh bağlasa, lap kiçiklik göstərərək itaətə də hazır olduğunu rəqibə anlatsa, daha artıq qazanar. Bu yolu seçir və uduzmur ki, qazanır. Həm xeyli insanını və əmlakını xilas edir, həm də yurdunu xarabazara çevrilməkdən, camaatını əsir-yesir düşməkdən qoruyur.

Onun şəxsiyyəti elə böyük idi ki, sadəcə canişin vəzifəsini tutanda da, hətta müstəqilliyini müəyyən qədər itirəndə də onun çarlığı, sərkərdəliyi, hakimiyyət başçısı olması kimi inam ətrafdakıların düşüncəsindən çıxmırdı. Musa Kalankatuklu bununla bağlı diqqətəlayiq ayrıntıları yada salır.

Bu xəbərləri 670-ci ildə çatdırır - artıq ərəb istilası dövrünün başlanğıcıdır. Yazır ki, 33 illik hakimiyyəti dövründə Cavanşir həmişə zəfər çaldı, qalib oldu, xalqlar hökmdarı olan dörd çarın da hörmətini və ehtiramını qazanmışdı. Amma vəzifəsinin həmin hökmdarlarla müqayisədə sadəcə aşağı deyil, ümumən eyni tərəziyə qoyulmayacaq qədər cüzi olmasına baxmayaraq, gendən baxana Cavanşirin heç də onlardan aşağı görünməməsini Musa Kalankatuklu xüsusi vurğulayır və buradaca incə, həm də çox önəmli bir məqamı qabardır: "Qoy heç kəs uşaq sadəlövhlüyü ilə elə zənn etməsin ki, Cavanşirin hökmranlığı xalqlar hökmdarı o dörd çarınkından aşağı idi. Yox, aşağı deyildi, onun nüfuzu da, şəxsiyyəti də çox yüksək idi, heç vacib deyil ki, onun başında hökmranlıq tacı yox idi".

Cavanşir ömrü boyu xəttini, siyasətini belə apardı - lazım olanda döyüşdü, şərait tələb edəndə sülh yolunu seçdi, ehtiyac duyulanda diplomatik vasitələrdən istifadə etdi.

Yarımüstəqillik dönəmində də, tam hakimiyyət sahibi olanda da, canişin təyin edildiyi çağlarda da şəxsiyyətinin gücü elə qabarıqdı ki, onu əsl tac sahibi, tam səlahiyyətlər yiyəsi olan hökmdar kimi qavradılar və elə onunla münasibətlərdə də bunu nəzərə aldılar, Cavanşirə üstdən aşağı baxmadılar, ehtiramla davrandılar.

Ona görə də Cavanşirin idarəçi şəxsiyyəti Azərbaycan dövlətçilik tarixində yalnız əski əyyamlara uyğun olan kimi deyil, elə siyasətçi, dövlətçi çevikliyinin yeni zamanlara da yarayan ahəngdar örnəyi kimi də fəhmin, diplomatik bəsirətliliyin, həssas öncəgörmənin, nazik rəftarın ülgüsü tək istinad və istifadə mənbəyi kimi həmişə yaşayacaq.

...Ömrü boyu Cavanşirə zinət verən başlıca keyfiyyət onun mətin və bütöv şəxsiyyəti oldu. Cavanşiri güclü şəxsiyyət timsalına sərrast müşahidələri, düşüncəsindəki qərarqəbuletmə qıvraqlığı, onu heç vaxt aldatmayan fəhmi çevirmişdi. Bunlar elə məziyyətlərdi ki, lap cavan yaşlarından, nəinki cavan yaşlarından, hətta yeniyetməliyindən artıq onda nəzərə çarpırdı. Atası - Albaniya knyazı Varaz Mehrani övladlarını qıraqdan oğrun-oğrun seyr edir və görür ki, ikinci oğlu digərlərindən bir çox cəhətləriylə üstündür, hərəkətləri, davranışı, qabiliyyətləri ilə seçiləndir. Bunu məxəz təsdiq edir. Musa Kalankatuklu yazır ki, Varaz oğlu Cavanşirin qartal kimi cəld və qüvvətli, istənilən anda döyüş meydanına girməyə hazır olduğunu görüb onu Sasani dərbarına - Yəzdigirdin sarayına göndərdi.

Orada hərbi keçid baş tutmalı imiş. Gənc - əslində yeniyetmə (o vaxt 15-16 yaşlarında idi) Cavanşiri hörmət-izzətlə qarşılayırlar və elə gördükləri ilk anlardan o, bəyənilir. Sasanilər sarayında Cavanşir 7 il qalır. Bu müddəti də dəqiqliyi ilə Kalankatuklu göstərir. Elə Sasanilər sarayına gəlincə qısa vaxtda - saatlar, günlər ərzində diqqətləri cəlb etməyi bacarmış çılğın Cavanşiri 7 illik heç də gödək olmayan müddətdə təsəvvür edin ki, yan-yörəsindəkiləri necə valeh edə bilərdi. Təxəyyülü gücə salmağa lüzum da yoxdur, Kalankatuklu özü gerçəkləri nağıl edir. Xəbər verir ki, Cavanşir ən müxtəlif döyüşlərə qatılaraq 11 dəfə yaralanıbmış, həmişə döyüşün ön cərgəsində imiş, ərəblərə qarşı vuruşan Sasani əsgərləri arasında mərdanəliyi, cəsurluğu ilə ən fəallardanmış.

...Cavanşir "Cənub hökmdarı"na - ərəblərə itaətini ifadə etmişdi və xəlifə onu görüşə çağırır.

Xilafət günü-gündən qüvvətlənməkdə, qüdrətlənməkdə idi. Cavanşirin təmsil etdiyi yurdla xilafəti istənilən baxımdan müqayisə edəndə yer-göy arası qədər fərq vardı. Əslində heç irilik-xırdalıq baxımından bir-biriylə yanaşı qoyulası ölçüdə də deyildilər. Nəhəng bir ölkəylə bir kəndin təfavütü necədirsə, bunlar da o sayaq. Lakin xilafətə qəbula, xəlifənin hüzuruna şəxsiyyət gedirdi. Gendən-genə olsa da, Xəlifə I Muaviyə Cavanşirin kimliyindən agah idi. O səbəbdən də buyurmuşdu ki, Cavanşiri Suriyada əyanlar yüksək təmtəraq və təntənə ilə qarşılasınlar.

Cavanşir saraya gəlir, durur Muaviyənin hüzurunda və söhbətə başlayırlar. Bir qədər söhbətləşincə Muaviyəyə aydın olur ki, Cavanşir uzaqdan-uzağa eşitdiklərindən, bildiklərindən də qat-qat artıqdır. Onun zəkasına, məntiqinə, fikrinin sürətinə heyran qalır.

Üstündən bir neçə il ötəndən sonra I Muaviyə Cavanşiri növbəti dəfə Dəməşqə - Şama dəvət edir. Görüşürlər, bu dəfə əvvəlkindən də artıq valeh olur və Cavanşirə çoxlu hədiyyələr verir. Ona qızıldan qını olan qılınc, təlim görmüş fil bağışlayır, öz ilxısından şəxsən mindiyi atlardan 50-sini hədiyyə edir və digər qiymətli sovqatlar verir. Amma bu bəxşişlərin hamısından daha qiymətli bir ərməğanı da olmuşdu. Buna Musa Kalankatuklu "Ağvan tarixi"ndə ayrıca və məqsədli şəkildə işarə edir. Yazır ki, "xəlifə Cavanşirlə sağ əllə görüşdü".

Adətən xəlifə heç kəslə görüşmürdü, çünki o, digərlərinə, rəiyyətə, sadə insanlara çox yuxarıdan baxırdı. Lakin Cavanşirlə, balaca bir yurdun hökmdarı ilə, həm də onun itaətinə girən bir şəxslə əllə görüşür, onu yanında otuzdurur, onunla simsar kimi söhbət edir.

Xəlifəni özündən rütbəcə, məqamca çox-çox aşağıda dayanan bir qonaqla belə rəftara, onu elə özünə bərabər kimi qəbul etməyə səbəb Cavanşirin saçdığı işıq, şəxsiyyətinin yaşına tən gəlməyən sanbalı idi.

Bu, bütün zamanlar üçün sabit həqiqətdir ki, şəxsiyyət qüdrətli olanda istər-istəməz onun təmsil etdiyi yurd da olduğundan daha böyük görünür.

...Bu vətən bizimdir. Bu torpağın üstündə tarixin yadigarı olan nə varsa irsimizdir və gərək onların qədrini bilək, qoruyaq.

2007-ci ildə Parisdə - Luvr sarayında böyük bir sərgi açılmışdı və sərgi düz 3 ay davam etdi: fevral ayının 21-dən başlayaraq may ayının 21-nə qədər. Bu kitabı mən həmin sərgidə almışam. Sərgiyə 2007-ci il mart ayının 16-da getmişdim. Yadımda tarix ona görə dəqiq qalıb ki, bu kitabın arasına həmin sərgiyə aldığım bileti qoymuşdum. Nədir bu sərgi və nədir bu kitab? Sərgi "Armenia sakra" adlanırdı və kitaba həmin ad verilib - "Müqəddəs Armeniya". Ermənilər guya IV əsrdən XVIII əsrə qədər öz xristian irsini - xaçqarları, müxtəlif dini abidələrdən fraqmentləri, əlyazmaları, miniatürləri, ikonaları yığıb gətirmişdilər və Luvr muzeyinin girəcəyindəki 3-4 böyük zalda yerləşdirmişdilər. O zallar çox bahalıdır, çünki onlar girişdəki zallardır və Luvr muzeyinə gələn hər kəs istər-istəməz həmin zallardan keçib tamaşa edir. Ermənilər bu sərgini yalnız Parisdə təşkil etməmişdilər. Bu cür uzunmüddətli sərgiləri dünyanın müxtəlif ölkələrində keçirmişdilər. Həmin albom-kitabın sonunda da sərgilərin təşkil edildiyi ölkələr və məşhur dünya şəhərləri nişan verilirdi: London, Roma, Vaşinqton, Los-Anceles, Vyana, Budapeşt, Berlin, Krakov - daha haralar-haralar.

Səbəbsiz deyi - ermənilər qondarma təbliğatlarını, qurama tarixlərini yaddaşlara hopdurmaq üçün daim belə sərgilər də təşkil ediblər, avropalı tanınmış alimlərin adı ilə kitabar da buraxdırıblar, onların sözünü özlərindən də canfəşanlıqla deyənlərin toplaşdığı simpoziumlar da keçiriblər.

VII-VIII yüzillərədək də, İslamiyyət indiki Azərbaycan ərazisinə əli qılınclı ərəblərlə gəlib oturuşanacan da biz vardıq, söz yox, cəmiyyətin ayrı-ayrı kəsimlərinin tapındığı dinlər də mövcuddu. Buranın insanları arasında totemizm, şamanizm, atəşpərəstlik, xristianlıq - biri bir az çox, biri bir qədər az - yayılmışdı və həmin inancların saxlancı olan abidələrin də hər biri sonrakı əsrlərdə tikib-qurduğumuz məscidlər, minarələr, pirlər, ibadətgahlar kimi bizim doğma və halal irsimiz, milli sərvətimizdir. Sovet dövründə, guya ateizmin mənəm-mənəm çağlarında da ermənilər Azərbaycan ərazisindəki xristian abidələrini, ya bütöv, ya hissə-hissə, illah da ki, xaçqarları oğurlayaraq Ermənistana daşıyır, Eçmiədzində yerləşdirirdilər və onları öz abidələri kimi qələmə verirdilər. Bic idilər, onları dindən artıq tarix maraqlandırırdı. Həmin daşları da yaxşı xristian olduqları üçün deyil, bizim alban irsimizə yiyə durmaqçün qamarlayırdılar.

İllər öncə Parisdə yaydıqları "Armenia sakra" kitabında da Qarabağ ərazisindəki neçə alban məbədinin əksi vardı, hamısı erməni abidəsi kimi qələmə verilib.

2020-ci ilin noyabrında Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalmış ərazilərini düşmən tapdağından azad etdi. Yadınızdamı ermənilərin Kəlbəcərdə Xudavəng məbədində törətdikləri?! Bu, bir əski Azərbaycan abidəsi, alban məbədi idi. Ermənilər onu öz adlarına çıxırdılar. Ermənilər var olduqları müddətcə utanıb-qızarmadan ondan-bundan çırpışdırıblar, başqalarınınkıları mənimsəyiblər. Məqamı çatdı, Allahdan da oğurluq etdilər: Qarabağdan qaçıb gedərkən Xudavəng məbədindəki müxtəlif əşyaları qopararaq, sındırıb yerindən çıxararaq özləri ilə apardılar. Ermənilər elə eyni şəkildə uzun illərdi ki, Azərbaycanın alban abidələrindən olan Laçındakı Ağoğlan məbədini də öz adlarına çıxırdılar. Elə həmin tərzdə Xocavənddəki Amaras məbədinə də "bizimkidir" deyirdilər. Eyni həyasızlıqla Ağdərədəki Gəncəsər məbədini də dədə malları sayırdılar. Bu kilsələrin, bu dini abidələrin hamısı Azərbaycanındır, bu abidələrin bizim albanlara aid olub ermənilərə heç bir dəxlinin olmadığına da sübutlar, dəlillər nə qədər desən. Bolluca araşdırmalar aparılıb, məqalələr yazılıb, monoqrafiyalar buraxılıb.

"Ağvan tarixi"ndə Azərbaycan ərazisindəki ayrı-ayrı alban məbədlərinin, kilsələrinin yaranma tarixi haqqında da ilginc bilgilər yer almaqdadır. Musa Kalankatuklu o məbədlərdən bir parasının tikilməsi ilə bağlı hekayətlər də qələmə alıb. "Ağvan tarixi"nin 27-ci fəsli "Girdiman qalasında Allah adına kilsənin tikilməsi və onun Cavanşir tərəfindən təqdis edilməsi"ndə Musa Kalankatuklu belə yazır: "Xəzərlərin qovulmasından və Cavanşirin qələbəsindən sonra iki il ərzində Allah adına gözəl kilsənin tikilməsi başa çatdı (Bu iki il təxminən 661-ci ildən 663-cü ilə qədər olan müddətdir - R.H.)". Davam edir: "Kilsə tikiləndən sonra Cavanşir əbədi işıq saçan Allah evinə daxil oldu və diz çökərək yalvardı: "İlahi! İndi gəl Sənin naminə tikdirdiyim aramgahına!" Sonra onu müşayiət edənlərlə birlikdə buradan yola çıxıb Girdiman vilayətinə gəldi... Orada diz çökərək acı tövbələrlə, göz yaşları ilə hər şeyin Xaliqinə dua edərək bu sözləri dedi..." - ardınca Cavanşirin duası gəlir.

Cavanşir tikdirib, Girdimanda inşa etdirib, alban abidəsi kimi ucaltdırıb və bunu mənbə ağ üstündə qarayla yazıb. Bu gün ermənilərsə yaxa cırır ki, bizimdir. Bu kilsənin Azərbaycana məxsusluğu, erməniyə dəxlinin olmaması, alban dini abidələri sırasına aidliyi "Ağvan tarixi"ndə on üç əsr əvvəl təsdiqlənir. Amma bu, tək deyil, həmin kitabda Cavanşirin başqa kilsə də tikdirməsi, ayrı məbəd də ucaltması haqda sətirlər qalır.

Ömrünün son parçasında - yay günlərindən birində Cavanşir dincəlmək üçün Bərdəyə təşrif gətirir. Musa Kalankatuklu belə yazır: "Yayın qızmar günlərində bizim məşhur sərkərdəmiz öz əyanları və şəxsi qoruqçuları ilə yüksək dağlar ətəyinə qalxıb orada gül-çiçəklə dolu çəmənliklərdə gəzib, onların sükutundan zövq alıb günlərini kefdə və firavanlıqda keçirirdi. O, dağlardan enib Bərdə şəhərinə gəldi ki, orada özü tikdirdiyi kilsəyə gedib Allaha ibadət etsin və Onun adına qurbanlar versin".

Cavanşirin Girdimanda birini, Bərdədə digərini, hələ başqa yerlərdə də bənzərlərini dikəltdiyi tapınaqların hamısı alban abidələri idi - bunlar bizim irsimiz, öz mirasımızdır. Bu gün albanların yadigarı olan Xudavəng məbədinə iddia edən, onu mənimsəməyə, özününküləşdirməyə çalışan ermənilər hələ çox uzaq keçmişlərdə - 704-cü ildə albanlara qarşı da xəyanət törətmişdilər. Erməni katolikosu İlya xəlifə Əbd ül-Məlikə şeytanlıq etmişdi. Xəlifəyə böhtanlı şayiə ötürmüşdülər ki, albanlar əleyhinizə işləyir, Bizansla ittifaqa girərək sizə qarşı həmlələr etmək niyyətindədirlər. Bunun ucbatından da o zaman Alban katolikosluğu erməni qriqorian kilsəsinə tabe edilmiş, az sonra isə bütün səlahiyyətləri əlindən yerli-dibli alınmışdı. Amma daha dəhşətli olan bir hadisə də baş vermişdi ki, onu da Musa Kalankatuklu ürək ağrısı ilə əyan edir: ermənilərin fitvası ilə albanların bütün yazılı irsi - kitablar, çeşidli əlyazmalar, məktublar tonqallarda yandırıldı, çaylara atıldı. "Ağvan tarixi"nin bu xəbəri sarsıdıcıdır: "Bundan sonra alban kilsələri, maarif ocaqları uzun müddət kitabsız qaldı".

Yox, ermənilər o vaxt heç də bütün əlyazmaları məhv etməmişdilər - alban kitablarının ən seçmələrini sonradan qrabara çevirərək özününküləşdirmiş, özlərinə bu minvalla saxta irs yaratmışdılar.

Budur ermənilərin mənhus sifəti - zamanında albanlara xəyanət ediblər, indi o əski xəyanətkarların xain nəvə-nəticələri həmin xislətlərini bir başqa biçimdə davam etdirir, vaxtilə xəyanət etdikləri albanların abidələrini qapazlayırlar, "mənimkidir" iddiasına düşürlər.

(Azərbaycanın dörd bucağındakı milli xristian irsimizə onsuz da mütəmadi qayğımızı əsirgəmirik. Fəqət çoxdankı arzumdur ki, Ağşəhərdəmi, "Sahil" bağındamı, şəhərin mərkəzindəki hansısa böyük meydandamı - açıq səma altında bir muzey yaradılsın, elə yerdə ki, oradan şəhərimizin qonaqları, əcnəbilər də çox keçirlər. Həmin hər kəsə açıq muzeyə Azərbaycanın müxtəlif guşələrindən - Kəlbəcərdən, Laçından, Qəbələdən, digər yerlərdən alban dövrünə aid abidələrdən nümunələr toplansın. İnsanlar gəlsin, baxsın, özümüzünkülər, xaricilər xristian irsimizə tamaşa etsin. Ermənilər bizə qarşı mübarizələrində beynəlxalq meydanlarda həm də zaman-zaman bu vasitədən istifadə edirlər ki, onlar müsəlmandır, biz xristianıq, biz sizdənik, din qardaşınızıq, sizə türklərdən, təbii olaraq, daha yaxınıq.

Qoy həmin açıq alban abidələri muzeyini gəzən xarici də, avropalı da, xristian ölkəsinin nümayəndələri də görsünlər ki, Azərbaycanın ermənilərdən daha qədim olan belə zəngin xristian irsi var və biz onu sevə-sevə, göz bəbəyimiz kimi qoruyuruq).

...Cavanşir əyyamlarının, şair Dəvdək dövrünün VI-VII əsrlərin Azərbaycan şeirinin ən mütənasib, ən zərif misraları "Dədəm Qorqud" oğuznamələrində boy-boy səpələnib. Hərədən bir tük çəkərək özünə saqqal düzəltməyə çalışan ruhən kosa ermənilər tarix boyu ondan-bundan torpaq qamarlamağa, tarix mənimsəməyə çalışaraq özlərinə şanlı və uydurma bir keçmiş yaratmağa cəhd ediblər. Elə o şəkildə də ondan-bundan şair, şeir, ədəbiyyat örnəkləri qəsb edərək özlərinə qədim və dərin ədəbiyyat yaratmaq yolunda da əlləşiblər. Elə Dəvdəkə də əl uzadıblar. Dəvdəkin Azərbaycan sərkərdəsi, Qafqaz Albaniyasının XI hökmdarı Cavanşirin vəfatı münasibətilə yazdığı o şeiri də özlərinin adına çıxmaq istəyiblər. Həm də belə uydurma izahlarla ki, guya Dəvdək bir erməni şairi imiş, Erməniyyədən Albaniyaya gəlibmiş və Cavanşir sarayında dəvətli qonaq kimi yaşayırmış.

Amma açırsan Dəvdəkin qələmindən çıxmış o yadigar mərsiyəni, oxuyub son misralarına yetişəndə anlayırsan ki, Dəvdək sadəcə sarayda yaşayan bir şair deyilmiş, Cavanşirə qəlbən bağlı insanmış.

Cavanşir musiqini, ədəbiyyatı çox sevirdi və Musa Kalankatuklunun "Ağvan tarixi"ndə bununla bağlı xəfif işarələr də əksini tapıb. Cavanşir dərbarında daim musiqiçilər saxlayırdı, Bərdədə - qış iqamətgahında, bəstəçilər, müğənnilər yanında idi. Hətta yay fəslində dağlara seyrə çıxanda böyründən xanəndələr, çalğıçılar, şairlər əskik olmazdı.

Cavanşir musiqini, ədəbiyyatı sevirdi. Dəvdək də onun sarayında sabit yer alan şairlərdən biri və bəlkə də birincisi idi.

Bəs ermənilər nə ediblər, Dəvdəki özününküləşdirmək, bu mərsiyəni erməni ədəbiyyatının örnəyi kimi qələmə vermək üçün hansı fitnələrə əl atıblar?

1986-cı ildə Yerevanda Dəvdəkin həmin qəsidəsinə həsr olunan kitab buraxıblar. Dəvdək mərsiyəsini müasir erməni dilinə də çeviriblər, qrabarda - köhnə erməni dilində olan variantını da veriblər. Ardınca da ruscadan savayı, ingiliscəyə, fransızcaya, almancaya, ispancaya, polyakcaya edilmiş tərcümələr gəlir. Kitabın sonunda da özündənmüştəbeh erməni müəlliflərin bir-birindən saxtakar, uydurmalarla dolu məqalələri. Kitab da yaxşı kağızda, poliqrafik baxımdan yüksək səviyyədə, nəfis tərtibatla, elə hədiyyəlik nəşr kimi buraxılıb. Bu şeiri hər vasitə ilə erməni ədəbiyyatı ilə bağlamaq üçün akrostix-akroşeir şəklində yazılmış qəsidənin guya məhz erməni əlifbası ilə bağlılığını əyani şəkildə göstərmək üçün erməni əlifbasının hərflərini də müxtəlif əlyazmalardan götürərək bura əlavə ediblər. Erməni əlifbası ilə yox, birbaşa alban əlifbası ilə bağlıdır bu şeir. Çünki burada erməni əlifbasının 36 hərfindən deyil, alban əlifbasının 52 hərfinin hamısından istifadə edilib.

Dərdli şeirini Dəvdək qəlbi riqqətə gətirən misralarla bitirirdi:

Xoşdur mənə bu sözləri deyib yanmaq, alovlanmaq,

Amma daha xoş olardı səninlə bir dəfn olunmaq.

Kənardan gələn, yad olan bir adam bunca fədakar məhəbbətin, sədaqətin ifadəsi olan sözləri dilinə, qələminə gətirərdimi?! Cavanşirin artıq cansız qalan cəsədinə müraciətlə Dəvdək onunla birgə ölüb getmək istədiyini pıçıldayır, könül sirdaşı, məhrəm himayədarını itirdiyi dünya onun nəzərində mənasızlaşır. Əlbəttə ki, bu, bir saray şairinin, sadəcə Cavanşirin xidmətində olan bir insanın boğazdan yuxarı soyuq ahları yox, hökmdara ruhən və qəlbən bağlı, onu ürəkdən sevən bir şairin, sadiq dostun səmimiyyətlə dolu yanıqlı iniltiləridir.

...Cavanşir zəmanəsinin azman şəxsiyyəti idi. Onun həyatdan əbədi gedişi elə bir matəm idi ki, bu yas yalnız Azərbaycanda, yaxın ətrafda deyil, İranda, digər qonşu ölkələrdə də əks-səda vermişdi. Musa Kalankatuklunun "Ağvan tarixi"nin vida günlərindən bəhs edən səhifələri qüssə gətirir.

Ömrünün son günlərində Cavanşir Bərdədədir. Salnamə yazır: "O, dağlardan enib Bərdə şəhərinə gəldi. Şanlı Cavanşir orada zövqlə istirahət etdiyi vaxt adı bilinməyən bir namussuz, şərli və murdar adam Cavanşirin ona qarşı olan məhəbbətini, hədsiz ehtiramını və atasının evinə göstərdiyi qayğını unudaraq, Cavanşiri öldürmək fikrinə düşdü və onun bir para dostlarını cəlb edərək onları özünə cinayət yoldaşı etdi".

Kalankatuklu qətl səhnəsini bir kino görümlülüyü ilə cızır: "Artıq gecənin yarısı keçmişdi və Cavanşirin keşiyini çəkən silahlı gözətçiləri rahatlanıb yuxuladılar. Cavanşir güllüklər arasında olan cığıra çıxdı. Zirehsiz olub, belində təkcə qılıncı var idi. Elə bu vaxt kənardan Cavanşirin qabağına, sanki onun silahdarı imiş kimi, əlində knyazın əsası, belində polad qılıncı və qalxanı olan şər ürəkli xain Varazo çıxdı. Bundan əlavə, bu insafsız caninin qaftanı altında zirehi də var idi. Onlar bağın ortasını keçib geniş çar həyətini əhatə edən divara çatanda hər şeydə tədbirli olan qüdrətli Cavanşir qəddar qatilin niyyətini anladı. Knyaz qəfildən yaraq-əsləhə səsini eşidib diksindi və özünü itirən kimi oldu. O, təxmin etdi ki, bu, onu öldürmək üçün hazırlanmış sui-qəsddir. Buna görə o, nəzərə çarpmadan sakitcə saraya qayıtmaq istədi. Lakin qılıncını yarıya qədər qınından çıxaran insafsız qatil buna hazır idi və qılıncını siyirərək döndü, igid knyazın belinə zərbə endirdi və onu ağır yaraladı. Cavanşir şir kimi nərildədi, öz qılıncını siyirib qatilin üstünə cumdu, amma Allah tərəfindən verilən qüvvə onu tərk edirdi və o, vaxtilə yaxşılıq etdiyi adamın əlində taqətsiz hala düşdü. Cavanşir əlində qılıncı birinci dəfə qatilin üstünə atılanda xain qalxanını qabağa verərək onun qarşısında durdu. Knyazın qılıncı qalxana pərçim oldu və o, qılıncını daha çıxara bilmədi. Qəzəblənən qatil isə zəhərli ilan və qudurmuş vəhşi heyvan kimi zərbəni zərbə üstündən endirib Cavanşirin bədənini doğram-doğram etdi, öz ağasını yerə sərdi...

...O vaxt bizim Albaniyada böyük qarışıqlıqlar baş verdi, saray qabağına əyanlar və silahlı adamlar yığışdı. Bütün ölkə dərd və qəmdə olub, Cavanşirin yasını tuturdu. Görün nə böyük dərdə saldı bizi qatil, ölkəmizə necə ağır zərbə endirdi!.."

Burada keçmişimiz, söz tariximiz baxımından son dərəcə əhəmiyyətli olan məqam gəlib çatır. Cavanşirin ölümünə yazılmış ağı Azərbaycan qəsidəçilik, mərsiyəçilik tarixinin başlanğıcında duran əsərlərdəndir və onun müəllifi o dövrün naməlum şairi Dəvdəkdir. Onu Kalankatuklu belə səciyyələndirir: "Elə bu vaxt bədii üslubu bilən, bilikli, şeir sənətində mahir və məşhur təfsirçi Dəvdək adlı bəlağət ustası ayağa qalxdı. O, məharətlə, təmtəraqla və mahir katib kimi yazaraq Cavanşiri tərif etdi".

Dəvdək qəsidəsindən bir neçə bəndi hələ 1950-ci illərdə unudulmaz şairimiz Mikayıl Rzaquluzadə "Azərbaycan ədəbiyyatı tarixi" kitabının I cildi üçün tərcümə etmişdi. Lakin 1971-ci ildə Xalq şairi Xəlil Rza həmin qəsidəni başdan-sonacan və özünə xas olan od-alovla ana dilimizdə səsləndirdi.

Dəvdək şair idi, Cavanşir sərkərdə. Ancaq ağlayan misraların çatdırdığı bir həqiqət də var ki, Dəvdək Cavanşiri - hətta yatanda da gözü açıq olacaq qədər sayıq, zəhmli, sərt sərkərdəni həm də çiçəkləri saplağından onları incitməyəcək həddə üsulluca üzən kövrək, nəvazişkar, şair təbiətli duyğun bir insan sayır, ona görə fəryad edir ki, daha beləsi heç vaxt olmayacaq:

Ey ilahi kəlmələri xəlq eləyən ulu Tanrı,

Özün nəğmə-ağı söylə, yad et bizim hökmdarı.

Elə nəğmə-ağı qoş ki, bu əvəzsiz itki üçün

Gecə-gündüz gözümüzdən axsın odlu göz yaşları.

Bu Gündoğan ölkəmizi tutan kədər çox böyükdür,

Yer üzünü kəsilməyən hıçqırıqlar bürümüşdür.

Geri dönməz itki üçün qazdılar bir dərin məzar,

Şərafətli hökmdarı ora qoyub basdırsınlar.

Basdırsınlar fitnə-fəsad izlərini, cinayəti,

Arifləri azdırmaqçın çox əlləşdi o azğınlar.

Uzaq-uzaq ellərəcən yayılmışdı şan-şöhrəti,

Yer üzünün o tayına çatmış idi adı, sanı,

Bütün cahan vəsf edirdi onun sonsuz qüdrətini,

Qaranlığa işıq saçan, uzaq görən zəkasını.

Rum qeysəri, bir də Cənub hökmdarı tələsirdi.

Can atırdı görmək üçün bizim böyük hökmdarı.

Şərafətlə, ləyaqətlə, ən bahalı zər-zinətlə

Qarşılardı, salamlardı onlar bizim bayraqdarı.

İgid, cəsur Cavanşirin poladlaşan şəxsiyyəti

Əsarətçi zalımların yatırırdı qiyamını.

O, yatmazdı, mürgülərdi... gözü açıq, qəlbi qaynar.

O, Marsın cəng arabasın ulduzlara surərdi hey.

Qollarına toplasa da min igidin qüvvətini,

Çiçəkləri asta üzər, gülü ehmal dərərdi hey.

Batıb getdin... qərq olmuşuq gecələrin zülmətinə.

Bulud girdi aramıza, ayrı saldı səni bizdən,

Gözlərimiz həsrət qaldı yaraşıqlı qamətinə.

İllər boyu ağlayacam, öz bağrımı didəcəyəm,

Sənsiz qalan o boş taxtı həsrətlə seyr edəcəyəm,

Sən gedəli, dörd tərəfdən bağlanıbdı sevinc yolu,

Gözlərimdən bulaq kimi yaşlar axar qanlı-qanlı.

Görkəmli sərkərdələrdən, qüdrətli hökmdarlardan bəhs edən salnaməçilər hərdən onların adının qarşısında "böyük" kəlməsini işlədir. Bəzilərinin adının önündəki bu kəlmə elə sabitləşib, ləqəbə çevrilərək yaşayıb. Amma orta çağdan bəri Cavanşirdən yazan salnaməçilər, tarixçilər onu "Böyük Cavanşir" deyə təqdim etmirlər, elə sadəcə "Cavanşir" yazırlar. Ancaq onun haqqında elə ürəklə söz açırlar ki, istər-istəməz Cavanşir adının qarşısına "Böyük" sözünü də, "Qüdrətli" kəlməsini də, "Fateh" təyinini də qeyri-ixtiyari özün artırırsan.

1941-cü ilin oktyabrında fırçadan çıxmış bir təsirli tablo da var. Müəllifi rəssam Gülnaz Salamovadır. Sanki heç rəsm deyil, Cavanşirin dəfn mərasimindən çəkilmiş fotodur: ətrafda əyan-əşraf, yenilməz hökmdar tabutda, şair Dəvdək matəm qəsidəsini oxuyur...

Torpağın üzü soyuqdur. Az sonra Cavanşiri məzara tapşıracaqlar, günlər ötəcək, dərd də səngiyəcək, ən əziz, ən yaxın olanların da hıçqırıqları kəsiləcək, həyat həmişəki axarına düşəcək.

Ancaq o vida şeiri, Dəvdəkin Cavanşirin ölümünə həsr etdiyi qəsidədəki atəş heç vaxt azalmayacaq, toxtamayacaq, sönməyəcək, daim on üç əsr əvvəlki təzəliyində və şiddətində qalacaq, ölümdən desə də, Böyük Cavanşirə ÖLÜMSÜZLÜK bağışlamaqda, onu diri saxlamaqda davam edəcək.

19 noyabr 2024

seeBaxış sayı:68
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri