Icma.az
close
up
RU
525ci qəzet Mən, mətbuatı xalqın yüksəlişinin ən güclü vasitəsi sayıram...

525ci qəzet Mən, mətbuatı xalqın yüksəlişinin ən güclü vasitəsi sayıram...

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Fərhad CABBAROV
Tarix elmləri doktoru

Azərbaycanın ən tanınmış sahibkar və xeyriyyəçilərindən olan Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halından bəllidir ki, o, təhsil almamışdı, yazıb-oxumağı bacarmırdı. H.Z.Tağıyev təhsilli olmasa da, həmişə öz xalqının maariflənməsinə böyük diqqət yetirirdi. Hacının bu sahədə fəaliyyətini "Kaspi" qəzetinin redaktoru Əlimərdan bəy Topçubaşov belə xarakterizə edirdi: "Təhsilin qatı tərəfdarı olan H.Z.Tağıyev onunla maarif məsələləri ilə əlaqədar təmasda olanların hamısını təəccübləndirir. Heç bir təhsil almayan bu şəxsin fitri zəkası maarifin böyük qüdrətinə inam və əminlik enerjisi ilə doludur".

Maraqlıdır, bəs H.Z.Tağıyev öz pullarını təhsil, maarif, mədəniyyət yolunda ianə etmək qərarına nədən sonra gəlib? 1920-ci illərdə Mərdəkanda kənd icraiyyə komitəsinin (müasir dildə desək, icra hakimiyyətinin) sədr müavini olmuş Eldar Əliyevin 1957-ci ildə qələmə aldığı memuarına nəzər salaq: "Bir gün söhbət etmək üçün Hacının yanına getmişdim. Hacı öz xatirələrini mənə belə nəql etdi: "Keçmişdə - çar hökuməti zamanında Qafqaz müsəlmanları adından məni çarın yanına nümayəndə göndərmişdilər. Bu vaxt məndən başqa, digər xalqların da nümayəndələri gəlmişdilər. Mən çarın yanına Avropa libasında yox, öz milli libasımda getmişdim. Mən o vaxta qədər hələ Avropa libası geyinməmişdim. Çarın yanına girərkən məruzəçi söylədi ki, bu şəxs Qafqaz müsəlmanlarının nümayəndəsidir. Çar mənə çox pis gözlə baxdı və yanındakına dedi ki, bu millət vəhşi millətdir, onlara çox sərbəstlik vermək olmaz. Çarın məni o cür qarşılaması və xalqıma vəhşi nəzərlə baxması mənə çox pis təsir elədi, çünki mənim xalqım vəhşi yox, geridəqalmış xalq idi. Ona görə də mən çarın yanından qayıdandan sonra xalqımın mədəniyyətdə geri qalmasını düşünərək nə cür olursa olsun xalqıma xidmət etməyə başladım. Məsələn, teatr, məktəb açdım". Bu hadisəni yazıçı Manaf Süleymanov Soltanməcid Qənizadəyə istinadən bir qədər fərqli versiyada təsvir edib. S.Qənizadə H.Z.Tağıyevin çarla görüşünü belə nəql edir: "III Aleksandr taxta çıxıb tacgüzarlıq etdikdə Zaqafqaziya müsəlmanları tərəfindən Hacı Zeynalabdin Tağıyev Peterburqa nümayəndə göndərilmişdi. Mərasim zamanı Nazirlər Soveti sədri çarın sağ tərəfində dayanıb, gələnləri bir-bir ona təqdim edirmiş. Hacı Zeynalabdin müsəlman libasında - əynində arxalıq, üstündə çuxa, ayağında şirazi çarıq, əlində dəsmal, duz, çörək çara yaxınlaşanda Nazirlər Soveti sədri Tağıyevin başa düşməyəcəyini güman edərək deyir: "Vaşe veliçestvo, gto predstavitelğ dikoqo naroda (Əlahəzrət, bu vəhşi xalqın nümayəndəsidir)". Tağıyev deyir: "Mı ne dikie, moy narod ne dikiy, on imeet boqatuö, mnoqovekovuö svoö istoriö" (Biz vəhşi deyilik, mənim xalqım vəhşi deyil, o, çoxəsrlik zəngin tarixə malikdir)". Fərqli təsvirlərə baxmayaraq, hadisənin 1883-cü ildə baş verdiyi aydın olur, çünki Rusiya imperatoru III Aleksandrın tacqoyma mərasimi həmin ilin may ayında keçirilib. Eldar Əliyevin xatirələrinə inansaq, məhz imperatorun öz təbəəsinə yuxarıdan-aşağı baxması H.Z.Tağıyevi xalqının tərəqqisi haqqında düşünməyə, həm də bunun üçün əməli işlər görməyə vadar edib.

H.Z.Tağıyevin maarifçilik fəaliyyətinin mühüm qolunu mətbuata dəstək təşkil edirdi. Mətbuatı xalqın mənəvi-maarif və iqtisadi cəhətdən yüksəlişinin güclü vasitələrindən biri kimi görən H.Z.Tağıyev qəzetlərə maddi yardım göstərməyi özünün mənəvi borcu sayırdı. 1897-ci ilin yanvarında H.Z.Tağıyev Bakıda rus dilində çıxan "Kaspi" qəzetini satın aldı, bir müddət sonra isə Ə.Topçubaşovu qəzetin redaktoru təyin etdi, milli ziyalıları qəzetin ətrafına topladı. Həmin vaxtdan etibarən "Kaspi" Azərbaycan ictimai-siyasi fikrinin əsas tribunasına çevrildi, qəzetin səhifələrində müsəlman xalqlarının problemləri, maarif, dil məsələləri müzakirə olunurdu. Rus dilində çıxmasına baxmayaraq, qəzetdə milli məfkurə məsələlərinə geniş yer verilir, Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələri işıqlandırılırdı. Təsadüfi deyil ki, Haşım bəy Vəzirov qəzetin məhz bu keyfiyyətlərini və milli ictimai fikir üçün əhəmiyyətini nəzərə alaraq Hacını "Kaspi" qəzetəsini ermənilərin, rusların çəngindən qurtarıb müsəlman əlinə salan" adlandırırdı. Dövrün qabaqcıl fikir adamları: Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Firidun bəy Köçərli və başqaları "Kaspi" ilə yaxından əməkdaşlıq edirdilər. H.Z.Tağıyev rus dilində çıxan "Bakı ticarət-sənaye vərəqi"ni də maliyyələşdirirdi. 1898-ci ildə aid məlumatlarda o, həmin qəzetin naşiri kimi göstərilib.

1905-ci ildə isə Bakıda Əlimərdan bəy Topçubaşovun naşirliyi, Əhməd bəy Ağaoğlunun və Əli bəy Hüseynzadənin redaktorluğu ilə Azərbaycan türkcəsində "Həyat" qəzeti işıq üzü gördü və qəzetin sponsoru yenə də H.Z.Tağıyev oldu. 1906-1907-ci illərdə Ə.Hüseynzadənin redaktorluğu altında çıxan "Füyuzat" jurnalı, 1907-1908-ci illərdə Haşım bəy Vəzirovun redaktorluğu ilə çıxan "Tazə həyat", 1911-1912-ci illərdə Qara bəy Qarabəyovun redaktorluğu ilə çıxan "Haqq yolu" qəzetləri də H.Z.Tağıyevin maddi köməyi ilə nəşr olunurdu.

Bu nəşrlər arasında ən uzunömürlü "Kaspi" idi, o, 1919-cu ilə qədər nəşr olundu. "Həyat" cəmi 1 il çıxandan sonra fəaliyyətini dayandırdı, "Tazə həyat" isə İran inqilabına həsr olunmuş yazılara görə Rusiya hökuməti tərəfindən bağlandı.

"Füyuzat"ın bağlanması isə Osmanlı sultanı II Əbdülhəmidin narazılığı ilə əlaqələndirilir. Jurnalın səhifələrində konstitusiya quruluşunu, azad cəmiyyəti təbliğ, eləcə də istibdadı tənqid edən yazıların çap olunması və belə bir dərginin ölkə ərazisində yayılması Osmanlı hökumətini narahat edirdi. Artıq 1906-cı il noyabrın 26-da jurnalın ilk nömrəsi Türkiyə ərazisinə daxil olanda Poçt və Teleqraf Nazirliyi Xarici İşlər Nazirliyinə yazmışdı ki, "Bakıda Zeynalabdin namında bir şəxs tərəfindən müzirr [zərərli]" bir jurnalın Osmanlı dövlətinə gətirilməsinə icazə verilməməlidir. Dos. Dr. Mehdi Gəncəli və araşdırmaçı Nihad Nəsirzadə bu sənədi təhlil edərkən maraqlı məqama toxunurlar. Onlar "Füyuzat"a münasibətdə Osmanlı rəsmi dairələrinin məhz H.Z.Tağıyevin adına önəm verməsinə diqqət çəkərək, əslində, onun jurnalın imtiyaz sahibi, Osmanlı hökumətini narahat edən məqalələr müəllifinin isə baş redaktor Ə.Hüseynzadə olduğunu vurğulayırlar. Müəlliflərin haqlı fikrinə görə, yazılardan məsul olmayan Hacı Zeynalabdin Tağıyev Osmanlı idarələrində artıq istənilməyən bir şəxs olaraq qeydə alınmışdı, bu da başqa bir məsələnin həllinə əngəl yaratmışdı. Belə ki, 1906-cı ilin noyabrında Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri H.Z.Tağıyevin imzası ilə Bakıdan 3 tələbənin İstanbula oxumağa göndərilməsi barədə məktuba mənfi cavab gəlmiş və onların Beyrutda təhsil almaları təklif olunmuşdu.

Görünür, bu gərginliyi bir qədər yumşaltmaq məqsədilə H.Z.Tağıyev 1907-ci ildə Yusif Ziya Talıbzadəni Osmanlı sarayına göndərmək qərarına gəldi. 1907-ci il avqustun 19-da Sultan II Əbdülhəmid Y.Z.Talıbzadəni qəbul etdi. Talıbzadə Osmanlı hökmdarına H.Z.Tağıyevin azərbaycancaya tərcümə etdirdiyi Quran təfsirini bağışladı. Bu görüşün nəticəsi olaraq II Əbdülhəmid H.Z.Tağıyevi I dərəcəli, Y.Z.Talıbzadəni isə III dərəcəli "Məcidiyyə" ordeni ilə təltif etdi.

Lakin bu səfərin başqa bir nəticəsi də oldu. Y.Z.Talıbzadə Bakıya döndükdən sonra H.Z.Tağıyev "Füyuzat"ın nəşrini dayandırdı. Jurnalın 24 oktyabr 1907-ci il tarixli 31-ci sayında sahibi-imtiyaz H.Z.Tağıyev tərəfindən verilən elanda yazılmışdı: "Bəzi səbəblərə görə "Füyuzat" müvəqqəti olaraq 32-ci nömrəsindən tətil edəcəkdir". Jurnalın bağlanması ilə bağlı dövri mətbuatda belə bir yazı işıq üzü görmüşdü: "Türkiyə sultanı Əbdülhəmidin taxta çıxmasının 32-ci ildönümündə "Füyuzat" məcmuəsinin imtiyaz sahibi H.Z.Tağıyev Məhəmməd Kərim Ağanın azəri türkcəsinə tərcümə etdiyi Quranı altın cildə cildləyərək Mirzə Yusif Talıbzadə ilə Sultan Əbdülhəmidə hədiyyə göndərir. Hökmdar hədiyyəni alarkən ona deyir: "Bir şey anlamıram. Hacı Zeynalabdin bəy məcmuəsində məni həcv edər, sonra da hədiyyə göndərər". O zaman Bakıda çıxan "Şəlalə", "Molla Nəsrəddin" jurnalları da "Füyuzat"ın nəşrinin dayandırılmasını bilavasitə Y.Z.Talıbzadənin İstanbula səfəri ilə əlaqələndirirdi.

Lakin professor Minaxanım Əsədli öz tədqiqatında bu versiyanı təkzib edərək Y.Z.Talıbzadənin qardaşı şair, maarifçi Abdulla Şaiqin xatirələrinə və arxiv sənədlərinə istinadən yazır ki, "Füyuzat"ın bağlanması nəşriyyatdaxili mübahisələr zəminində baş verib. İstanbuldan Bakıya qayıtdıqdan sonra ona qarşı səslənən ittihamlardan mütəəssir olan Y.Z.Talıbzadə 1907-ci ilin noyabrında yoldaşlıq məhkəməsi çağırır. Burada aydın olur ki, Ə.Hüseynzadə ilə jurnalın idarə işlərinə baxan Həsənağa Həsənov arasındakı qalmaqaldan cana doyan H.Z.Tağıyev "Füyuzat"ı bağlamaq qərarına gəlib.

Osmanlı hökumətinin məcmuə ilə bağlı narazılığı vardı, Y.Z.Talıbzadənin İstanbula səfəri və sultanla görüşməsi redaksiyadaxili problemlərlə üst-üstə düşmüşdü və bütün bunlar jurnalın siyasi səbəblərə görə bağlanması haqqında şayiələrin yaranmasına gətirib çıxarmışdı. Ola bilsin, H.Z.Tağıyev hər iki səbəbi əsaslı bilərək "Füyuzat"ın nəşrini dayandırmağı ən doğru qərar hesab etmişdi.

H.Z.Tağıyevin dəstək göstərdiyi mətbu orqanlarından biri də "Dəbistan" uşaq jurnalı idi. XX əsrin əvvəlində Bakıda çıxan "Dəbistan" jurnalının əməkdaşı olmuş Əliabbas Rzayevin 1956-cı ildə yazdığı memuar xeyriyyəçinin mətbuata verdiyi dəyər barədə maraqlı faktlarla zəngindir: "Təxminən 1906-1907-ci illərdə mən "Dəbistan" uşaq jurnalının redaksiyasında işləyirdim. Bir gün redaksiyanın eyvanında oturarkən (redaksiya Tağıyev pasajında - indiki Bakı univermağında yerləşirdi) mənə molla qiyafəsində bir nəfər yaxınlaşdı. Sonradan məlum oldu ki, bu, Bakıya - müsəlman müəllimlərinin qurultayına gələn və qurultayın ünvanını öyrənmək istəyən Lənkəran məktəbinin şəriət müəllimi Molla Əli Məhəmməddir. Söhbət elədiyimiz anda Hacı Zeynalabdin Tağıyev pasajın pilləkənləri ilə rəhbərlik etdiyi "Kaspi" sığorta cəmiyyətinə qalxırdı (cəmiyyətin kontoru redaksiyanın yaxınlığındakı otaqda yerləşirdi). Bizə yaxınlaşan Hacı soruşdu: "Bura nə kontordur?" Mən deyəndə ki, bura "Dəbistan"ın redaksiyasıdır, Hacı içəri daxil oldu və təklif etdiyim stulda əyləşdi. Hacı jurnalın vəziyyəti haqqında soruşdu. Mən ona danışdım ki, abunəçilər çox azdır, redaksiya ziyanla işləyir və buna görə naşirlər Əlisgəndər Cəfərov və Məmmədhəsən Əfəndiyev jurnalın nəşrini dayandırmaq istəyirlər; mən də xərcləri azaltmaq üçün dərsdənkənar vaxtımda (o zaman Bakı şəhər altısinifli Aleksey məktəbində [Bakı orta texniki məktəb] oxuyurdum) könüllü olaraq və pulsuz redaksiyada kontor müdiri, qarovulçu və şəhər abunəçilərinə jurnal paylayan işləməyi üzərimə götürdüm; bununla da jurnal üçün 3 vəzifənin maaşına qənaət etdim; naşirlər "Dəbistan" jurnalının nəşrini müvəqqəti olaraq davam etdirməyə razılaşdılar. Hacı mənim xeyirxah əməlimi çox təriflədi və dövri mətbuatın, xüsusən də, uşaqlarımız üçün jurnalın xeyri barədə xeyli xoş söz deyərək, dərhal mənə abunə qəbzlərini doldurmağı tapşırdı. Mən Hacıdan onun Aleksandra qız məktəbi üçün 12, şəhər rus-türk məktəbləri üçün isə 5, 6, 7 nüsxəyə abunəni aldım. Ümumiyyətlə, o, jurnalın 50 nüsxəsinə abunə yazıldı və naşir-redaktor Cəfərova bunları çatdırmağı tapşırdı. Dedi ki, qoy Cəfərov qız məktəbinin qəbzlərini ödəniş üçün mənim kontoruna, digər məktəblərin qəbzlərini isə şəhər başçısına təqdim etsin, ikinci qəbzlərin ödənişindən imtina olunduğu təqdirdə onlar da mənim kontoruma təqdim olunsun. Bundan başqa, Hacı mənə naşir-redaktorlara ruhdan düşməməyi, xeyirxah işlərini davam etdirməyi və çətin məqamda onlardan öz köməyini əsirgəməyəcəyini çatdırmağı tapşırdı. Bu xəbərləri eşidən naşir-redaktorların şadyanalığını görmək lazım idi!"

Qeyd edim ki, dövri mətbuata maddi yardım göstərməklə yanaşı, H.Z.Tağıyev qəzetlərdə dərc olunan materialları da diqqətlə izləyirdi. N.Nərimanov yazır ki, o hər gün dörd saat özünü gələn ziyarətçilərdən asudə edib türk, fars, ərəb, rus, fransız dillərində çıxan qəzet və jurnalları oxutdurur, oxuyan mirzələrə diqqətlə qulaq asıb lazım olan yerdə öz rəyini bildirirdi. Mirzə Sadıq Qafqaz, İran, Hindistan və Osmanlıda türk, fars, ərəb dillərində, fransız Kadusli isə rus və fransız qəzetlərində çıxan məqalələri oxuyub tərcümə edirdilər. Onlar Hacının diqqətini ən çox ümumi mənafeyə dair mətləblərə, məsələn, xeyriyyə cəmiyyətlərinin və məktəblərin təsisi, mehmanxanaların və xəstəxanaların tikilməsi kimi məsələlərə yönəldirdilər. N.Nərimanovun sözlərinə görə, Hacının zəkası və yaddaşı çox güclü olduğundan o, hər mətləbi hansı qəzetdə və nə vaxt oxuduğunu xatirəsində saxlayırdı.

A.Şaiq H.Z.Tağıyevin mətbuatda yazılanları diqqətlə izləməsi haqqında yazırdı: "Hacı yazı-pozu bilməzdi, öz imzasını yazmağı ancaq öyrənmişdi. Ancaq hər gün Abdullayev Mirzə Sadıq ona rus və Azərbaycan dillərində çıxan qəzetləri oxuyurdu. Söhbət əsnasında Hacı həmişə deyirdi: "Bu gün qəzetdə oxumuşam ki..."

Ancaq H.Z.Tağıyevin vəsaiti hesabına qəzetlər təkcə Bakıda nəşr olunmurdu. 1900-1906-cı illərdə o, İranda nəşr olunan "Müzəffər" və "Gilan" qəzetlərini, Dağıstanda çıxan ilk ictimai-siyasi jurnal - "Tanq çolpan"ı maliyyələşdirmişdi. İranda çıxan "Tərbiyəçi" qəzetinə maddi yardım göstərərək həmin qəzetin həcmini bir səhifə artırmağı məsləhət görmüş və səhifənin nəşr xərclərini öz üzərinə götürmüşdü.

Türk dünyasının böyük fikir adamı İsmayıl bəy Qaspıralının Bağçasarayda nəşr etdirdiyi "Tərcüman" qəzetinin yayılmasına yardımçı olan H.Z.Tağıyev onun Qafqazdakı abunə haqqını ödəyirdi. O, 1893-cü ildə qəzetin 10 illik yubileyi münasibətilə 500 rubl, 1901-1903-cü illərdə isə 3000 rubl ianə etmişdi. İ.Qaspıralı 1893-cü ildə Bakıdan Bağçasaraya qayıtdıqdan sonra dərc etdirdiyi oçerkdə H.Z.Tağıyevi belə təsvir etmişdi: "Hacı dedikdə ağarmış saqqal, çalma, uzun xalat və ya arxalıq təsəvvürə gəlir. Mənə də belə gəlirdi, amma cənab Tağıyevin simasında ziyalı, mətanətli və gümrah, başını ənənəvi çalma əvəzinə xeyirli fikirlər bəzəyən, xalatını isə xeyirli işlər əvəzləyən adamı görmək çox xoş oldu. Mənə təkmil texnika və mexanikanı tətbiq etməklə nəhəng və ağır işi uğurla idarə edən "hacı" görmək hələ nəsib olmamışdı".

Hindistanın Kəlküttə şəhərində çıxan tərəqqipərvər "Həblu-l-mətin" qəzetinə maddi yardım göstərən H.Z.Tağıyev qəzetin abunə haqqını ödəyərək onu müxtəlif ölkələrin alimləri arasında yayırdı. Arxiv sənədləri arasında 1902-ci ilin martında həmin qəzetə "savadı yaymaq üçün" 5310 rubl ianə edilməsi haqqında məlumat var.

Xeyriyyəçi həmçinin 1911-ci ildən etibarən qırğız dilində nəşr olunan "Qazaxıstan" qəzetinə 1000 rubl ianə edib. Azərbaycanlı jurnalist Ağahüseyn Şükürov qazax professoru Sağımbay Jumaqulun tədqiqatına istinadən qeyd edir ki, "Qazaxıstan" qəzetinin təsisçisi Şangerey Bokeyulı (Bokeyev) nəşrin maliyyələşdirilməsində çətinliklər yarandığı üçün 2 nəfəri Bakıya - H.Z.Tağıyevin yanına göndərmişdi; onlardan biri - qazax yazıçısı Qumar Karaş "Qazaxıstan" qəzetində nəşr edilmiş "Bakı" oçerkində Hacı ilə görüşü belə təsvir edir: "1911-ci il mayın əvvəlində xalq arasında müzakirələrdən sonra qəbul edilmiş qərara əsasən və "Qazaxıstan" qəzetini ayaq üstə saxlamaq məqsədilə biz Allahın mərhəmətinə güvənərək Bakıda yaşayan Hacı Zeynalabdin Tağıyevlə görüşməkçün yola düşdük. Əksəriyyət məqsədimizin boşa çıxacağını söyləyirdi, amma bilirdik ki, bizə ürəkdən uğurlu səfər arzulayan və məqsədimizə çatmağımız üçün dua edən insanlar da var. Allah bu duaları eşitdi və Hacı bizim istəyimizi yerinə yetirdi. "Qazaxıstan"a 1000 rubl ianə verdi. Səmimi arzularını bir ata kimi ifadə edərək bizə müqəddəs Quran kitabının 3 nüsxəsini hədiyyə etdi. Vidalaşarkən kövrələrək söylədi: "Məndən bütün qazaxlara salam söyləyin. Sərvət mənə deyil, xalqa, millətə məxsusdur". Q.Karaşın məqaləsindən həm də bəlli olur ki, onların H.Z.Tağıyevlə görüşünə Əlimərdan bəy Topçubaşov vəsilə olmuşdu. Hacının ianəsi dəfələrlə "Qazaxıstan" qəzetinin səhifələrində minnətdarlıqla xatırlanır, həmçinin bir örnək kimi təbliğ olunurdu. Məsələn, 1912-ci ildə qəzetdə belə bir yazı getmişdi: "Keçən il Uralskda "Qazaxıstan" qəzeti çıxanda bakılı Zeynalabdin Tağıyev 1000 rubl verərək bizə köməklik göstərdi. Bundan xəbər tutan, şüuru və şərəfi olan, damarlarından qazax qanı axan qazad ağalar utanmalıdırlar. Böyük mal-qara sürüləri, var-dövlətləri olsa da, belə nəcib işlər üçün 5-10 rubl verə bilmirlər. Amma hansısa bir çərkəz [qafqazlı] düşünmədən 1000 rubl bağışlayır".

XX əsrin əvvəllərində Haşım bəy Vəzirov "Tazə həyat" qəzetində yazmışdı ki, Hacı Zeynalabdin Tağıyevin müsəlman milləti üçün etdiyi xidmətlərini durub burada bir-bir saymaq fikrinə düşsək, heç olmasa bir ay qəzetəmizi ancaq elə bu təfsilat ilə doldurarıq, ancaq hamısını deyə bilmərik. Həqiqətən də, bu belədir. İstər Azərbaycanda, istər xaricdə həm müsəlmanların, həm də digər xalqların həyatında baş verən bir çox mühüm ictimai və xeyriyyə işlərində hər zaman H.Z.Tağıyevin adına, ianəsinə və dəstəyinə rast gəlmək olur.

REDAKSİYADAN: Məqalə müəllifin "Səxavət dünyasının sərvəri" kitabındakı (Bakı: TEAS Press Nəşriyyat Evi, 2024) materiallar əsasında hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Yanvar 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see132

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see131

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see131

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see128

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see128

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see127

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see123

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see123

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see122

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see120

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see119

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see119

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see117

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see116

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see113

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see113

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see113

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see112

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see111

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri