525ci qəzet Naxçıvandan dünyaya... Vilayət Quliyev yazır
Vilayət QULİYEV
(Əvvəli qəzetin ötən şənbə sayında)
İzabella Arkadyevna Qrinevskaya (Beyle Fridberq,1864-1944) yəhudi əsilli rus dramaturqu, şair, nasir, publisist, tərcüməçi idi. Polşada, şərqşünas və yazıçı Avraam Fridberqin ailəsində doğulmuşdu. Varşavada gimnaziya təhsilini başa vurandan sonra 1880-ci illərin əvvəlində Peterburqa gəlmiş, Bestujev Ali Qadın Kurslarını bitirmişdi. Yaxşı bildiyi müxtəlif Qərbi Avropa dillərindən ruscaya çoxlu tərcümələr etmişdi. Ensiklopedik savadı, geniş maraq dairəsi, yalnız ədəbi deyil, elmi istedadı ilə də seçilirdi. Dövrün ən mötəbər nəşrlərindən birinin - "Brokqauz və Efronun ensiklopedik lüğəti"nin fəal əməkdaşı, naşir İ.A.Efronun yaxın dostu idi. Yaradıcılığa idiş və polyak dillərində yazdığı hekayələrlə başlamış, sonralar rus dilinə keçmişdi. Ədəbi-elmi dairələrdə kifayət qədər nüfuzlu söz sahibi sayılırdı.
Babın şəxsiyyətinə, əsasını qoyduğu və uğrunda həyatını qurban verdiyi dini təlimə marağı 1897-ci ildə, fransız diplomatı Anj Pyer de Sen-Kentenin (1828-1894) ilk babilərdən bəhs edən "Sehrkarlar ölkəsində məhəbbət" romanının rus dilinə tərcüməsi nəticəsində başlanmışdı. Bir rus müəllif üçün qəribə görünəcək mövzuya müraciət etməsində əsrin əvvəlində Yaxın Şərqə səyahətinin bəlli təsiri olmuşdu. Səyahətdən qayıdandan sonra Bab haqqında orijinal əsər yazmaq fikrinə düşən İ.Qrinevskaya tanınmış rus şərqşünaslarından professor A.K.Mirzə Kazımbəy, M.A.Qamazov, A.Q.Tumanski və digər mütəxəssislərin babilik və bəhailiklə bağlı araşdırmalarını diqqətlə öyrənmişdi. Amma təbii ki, həqiqi yazıçı kimi yalnız tarixin hərfinə riayət etməklə kifayətlənməmişdi. Hərəkatın gerçək mahiyyətini, çağdaş düşüncə tərzinə gətirdiyi yenilikləri aşkara çıxarmağa çalışmışdı. Nəticədə "Bab" tarixi dramı (1903) meydana çıxmışdı.
Həmin dövrdə babilik-bəhailik təlimi, Bab və Bəhaullanın şəxsiyyəti, fikir və ideyaları ilə yaxından maraqlanan Lev Tolstoy əsərlə tanışlıqdan dərhal sonra İ.Qrinevskayaya məktubunda (22.X.1903) onu ciddi yaradıcılıq uğuru münasibəti ilə təbrik edib xoş sözlər söyləmişdi. Eyni ilin yayında Tolstoyun Yasnaya Polyanadakı malikanəsində olmuş rus tənqidçisi V.V.Stasov xatirələrində böyük yazıçının pyesi həqiqi maraq və diqqətlə, səhifələrin kənarında qeydlər edə-edə oxuduğunu görmüşdü. Lev Nikolayeviçin xahişi ilə təşəkkür və təqdir sözlərini xanım Qrinevskayaya çatdırmışdı. Müəyyən ekzotika meyllərindən də xali olmayan "Bab" tezliklə Rusiya miqyasında ün qazanmışdı.
İzabella Qrinevskaya, 1911.
Mirzə Ələkbər pyes haqda daha əvvəl, tənqidçi, şair və tərcüməçi Y.A.Veselovskinin 1903-cü il mayın 23-də yerli "Bakinskie izvestiya" qəzetində çıxan "Bab". Fars tarixindən bəhs edən rus dramı" adlı məqaləsindən xəbər tutmuşdu. Şəxsən tanımasa da, dərhal müəllifə məktub göndərmişdi. İ.Qrinevskayanın xatırladığına görə üzərində sadəcə "Sankt-Peterburq şəhərində "Bab" kitabının müəllifi xanım İzabella Qrinevskayaya" sözləri yazılan, küçə adı, ev və mənzil nömrəsi göstərilməyən zərf uzun "səyahətlərdən" sonra nəhayət ünvan sahibinə çatdırılmışdı. Naməlum şəxs ondan kitab istəyir, əsəri diqqətlə oxuyub dini-tarixi baxımdan araşdıracağını, fikirlərini bölüşəcəyini vəd edirdi. Beləcə adi təsadüf nəticəsində aralarında xanım yazıçının "göydən ayağının altına düşən ulduz" adlandırdığı Mirzə Ələkbərlə çoxillik səmimi dostluğu başlanmışdı.
Maraqlıdır ki, Bakıdan, "canlı bəhai" Ələkbər Məmmədxanovdan məktub alana kimi İzabella Qrinevskaya Bab və təliminin davamçıları olan babilərin artıq tarix səhifəsindən birdəfəlik silindiyini düşünürdü. Bəhaullah, Əbdülbəha və babiliyin transformasiyası olan bəhailik təlimi, yaxud dini haqda isə ümumiyyətlə məlumatı yox idi. Çünki həmin vaxta qədər heç bir babi, yaxud bəhai ilə ünsiyyətdə olmamışdı. 1848-1852-ci illərdə İranda həyata keçirilən sərt cəza və təqiblər nəticəsində Babın yalnız özünün deyil, bütün ardıcıllarının da total şəkildə məhv edildiyi, yaxud gizlinə çəkildiyi qənaətində idi.
Tanınmış rus intellektualının bəhailiyin təbliği və tanıdılması sahəsindəki fəaliyyəti "dinin Mühafizi" Əbdülbəhanın diqqətindən yayınmamışdı. Onun simasında ideyalarının daha bir güclü tərəfdarını tapılmışdı. Təbii ki, burada Mirzə Ələkbər vasitəsi ilə alınan xəbərlərin, göndərilən məlumatların az rolu olmamışdı. Nəticədə Əbdülbəha dərhal rus müəlliflə şəxsi ünsiyyət qurmaq, görüşüb üzbəüz danışmaq qərarına gəlmişdi. Bu məqsədlə də onu yanına - keçmiş Osmanlı torpağı Akkaya dəvət etmişdi. Sadiq və etibarlı bəhai kimi güvəndiyi Mirzə Ələkbərin isə yazıçı xanımı uzaq, çətin səfərdə müşayiət etməsini istəmişdi.
Bu münasibətlə Bakıya, Ə.Məmmədxanova göndərdiyi tarixsiz məktubda yazmışdı: "Madam İzabella əsəri ("Bab" nəzərdə tutulur - V.Q.) qələmə almaqla həqiqətən qeyri-adi istedad nümayiş etdirib. Mənim adımdan ona xoş arzularımı, böyük məmnunluq hissimi çatdır. Allahın yardımı ilə iki dramının da təqdimatında, eləcə də nümayişində başarılı olacaqdır". Buradakı "iki dramı" sözləri istinad olunan məktubun 1909-cu ildən tez yazılmadığını söyləməyə əsas verir. Çünki "Bab"ın uğurundan ruhlanan İzabella Qrinevskaya məhz həmin dövrdə bəhailik mövzusunda ikinci əsər - üç il sonra tamamlayacağı "Bəhaulla" dramatik poeması üzərində işləməyə başlamışdı. Əbdülbəhadan dəvəti ustadla görüşməyə fürsət axtaran azərbaycanlı gəncin də ürəyindən olmuşdu.
Yeri gəlmişkən, əgər İzabella Qrinevskaya "Bab"ı təkbaşına ərsəyə gətirmişdisə, "Bəhaulla" üzərində işləyərkən ekspert kimi dəfələrlə Mirzə Ələkbərin yardımına müraciət etmişdi. O da öz növbəsində müəllifə zəruri ədəbiyyat göndərmiş, hətta istifadəsi üçün bəzi məxəzləri farscadan rus dilinə çevirmişdi. Bəhailiyin "mətbəxində" baş verən hadisələr, Bəhaulla ilə yaxın qohumları arasında münaqişə, ortaya çıxan fikir ayrılıqları, hakimiyyət davası, hətta "kənara sızması" o qədər də məqbul sayılmayan bəzi "həssas" məqamlar barəsində səhih, qərəzsiz bilgilər vermişdi. Belə məlumatların geniş yer aldığı məktublarının birində Mirzə Ələkbər xanım Qrinevskayanı bədii axtarışlara daha da ruhlandıraraq yazmışdı: "Sizin göndərdiyiniz kitabçaları aldım, birnəfəsə oxudum. Möhtəşəm əsəriniz "Bab"da ifadə etdiyiniz fikirlərlə yaxından tanış olduqca, yaradıcılıq qüdrətinizi daha çox anlayıram. Yeni əsəriniz "Bəhaulla"nın da şüurlarda necə böyük bir dönüş yaradacağını, müəllifinə necə böyük şöhrət qazandıracağını indidən təsəvvürümdə canlandırıram. Allaha yalvarıram ki, uğurunuz bütöv, dolğun olsun. Əslində belə olacağına heç bir şübhəm yoxdur".
İzabella Qrinevskayanın Peterburqda, Rus Ədəbiyyatı İnstitutunun (Puşkin Evi) Əlyazmalar şöbəsində saxlanan arxivində Ələkbər Məmmədxanovla zəngin yazışması mühafizə edilməkdədir. Təkcə elə onu demək kifayətdir ki, sonuncunun müxtəlif yerlərdən göndərdiyi məktubların sayı 86, teleqramların sayı isə 8-dir. Yazışma Mirzə Ələkbərin yüksək ədəbi zövqə, geniş bilgilərə, analitik təfəkkürə və cəlbedici üsluba malik olduğunu, Bab və Bəhaullanın dövrü, mühiti, şəxsiyyəti, habelə bəhailiyin tarixi, başlıca ehkamları, məna və mahiyyəti, hədəf və məqsədləri ilə bağlı məsələlərdə İzabella Qrinevskayanın yaxın məsləhətçisinə çevrildiyini göstərir.
Məktublar eyni şəxs tərəfindən göndərilsə də, fərqli formalarda imzalanıb. Müxtəlif illəri əhatə edən yazışmada azərbaycanlı müxbirin ad və soyadının Mirzə Ələkbər Məmmədxanlı, Əli Əkbər, Eli Ekper, Ə.Məmmədxanlı, Əli, M.Ə.Məmmədxanlı variantlarına təsadüf etmək mümkündür. O özü də 1911-ci il fevralın 25-də, Əbdülbəha ilə tanışlıq səfərindən qayıdandan sonra İ.Qrinevskayaya göndərdiyi məktubda ad dəyişkənliyinə yüngülvarı istehza edərək yazmışdı: "Peterburqdan Sizin qiymətli məktubunuzu Lebedevanın (söhbət rus ədəbiyyatının türk dilinə tərcüməçisi, İstanbulda Gülnar xanım kimi tanınan türkoloq O.S.Lebedevadan (1852-1913?) gedir. Çox ehtimal ki, onun bəhailiklə maraqlanmasında, Misirin İskəndəriyyə şəhərində Əbdülbəha ilə görüşməsində, nəhayət çox güman, bəhailiyi qəbul etməsində Mirzə Ələkbərin müəyyən rolu olmuşdu) məktublarının surəti ilə birlikdə aldım. İndi ona da cavab yazıram və orada adımı artıq Eli Ekper kimi göstərirəm. Mənim günümə baxın - bir xanım Əli Əkbər, digəri isə Eli Ekper olmağımı istəyir. Nəticədə əvvəlki Ələkbərin yerində indi sadəcə Eli Ekper qalıb".
İzabella Qrinevskaya ilə bəhai yeniliklərinin, ədəbiyyat, teatr və sənət məsələlərin müzakirəsi də yazışmada mühüm yer tutan mövzulardan idi. Məsələn, 30 aprel 1907-ci il tarixli məktubunda Mirzə Ələkbər Bakının mədəni həyatında baş verən və diqqətəlayiq saydığı mühüm hadisə ilə bağlı xəbəri bölüşərək yazmışdı: "Aprelin 28-də şəhərimizə qastrol səfərinə gəlmiş Mixaylovsk teatr truppası (Peterburq) Sizin müqəddəs "Bab" pyesinizi oynadı. Bu günlərdə dərnəyimizdə (Bakı bəhai icması nəzərdə tutulur - V.Q.) söhbət ancaq Sizin haqqınızda, gözəl pyesiniz və onun müxtəlif quruluşları barədədir. Tamaşa normal keçdi. Tinski Bab, Mixaylovskaya Quret (Qürrətüleyn - V.Q.) rolunu pis oynamadılar. "Çox yaxşı" - deyə bilmərəm. Yəqin ki, özünüz iştirak etsəydiniz, hər şey daha fərqli olardı. Sizin əsərləriniz barədə danışmağa elə bir sözüm yoxdur. Yazdıqlarınız o qədər güclü, müqəddəs ruhla elə zəngindir ki, inancı olanları bir an içində özünə cəlb edir. Əks düşüncə sahiblərinin isə yaralı yerinə toxunur, hətta onlarda babiliyə maraq oyadır. Pasajda qoyulmuş portretinizin önündə dayanaraq uzun müddət Sizin haqqınızda düşündüm..."
Əbdülbəhanın cəlbedici dəvəti haqda xəbəri də yazıçı xanıma ilk dəfə o çatdırmışdı. İ.Qrinevskaya "Günəş Diyarına səyahət" adlı yol qeydlərində Mirzə Ələkbər vasitəsi ilə gələn sürpriz təklifdən söz açaraq yazmışdı: "Gözləmədiyim halda teleqram alıram: "Əbdülbəha (Bəhaullanın oğlu, bəhailərin indiki rəhbəri) Sizinlə birlikdə yanına gəlməyimə icazə verib". Beləcə, teleqram göndərən şəxsin timsalında eyni anda həm yol yoldaşı, həm bələdçi, həm də mütərcim tapmış oluram. Milliyyətcə fars (?! - rus yazıçısı hətta 150 il bundan əvvəl, Rusiya imperiyasının nəzarətindəki ərazidə doğulmuş xalis Azərbaycan türkünü də kor-koranə şəkildə "fars" adlandırırsa, onlardan Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi və digər klassiklərimizin həqiqi vətəni, gerçək milli mənsubiyyəti haqda hansısa obyektiv bilgilər gözləmək çox müşkül məsələdir! - V.Q.), dini inanc baxımından sadiq bəhai və Rusiya vətəndaşı olması, mühəndis-texnoloq kimi çalışması istisna edilərsə, barəsində başqa heç bir məlumatım yoxdur. Məktubundan rus dilini kifayət qədər yaxşı bildiyi aydın sezilir. Amma qrammatika və orfoqrafiya ilə heç də həmişə dostluq eləmir. Şərq ruhu hopmuş gözəl ədəbi üsluba malikdir, poeziya, din və fəlsəfə bilicisidir". Başqa bir məktubunda isə yazıçı çox asanlıqla ünsiyyət qurduğu Mirzə Ələkbəri "dilimi və fikirlərimi bilən adam" kimi səciyyələndirmişdi.
Səfərqabağı düşüncələrindən söz açan İ.Qrinevskaya "Günəş diyarına səyahət" əsərində yazırdı: "Gedəcəyimiz yerlər, Şərq məni özünə çəkirdi. Orada babi-bəhailəri - "Bab" və "Bəhaulla" dramatik poemalarımda təsvir etdiyim insanları gözümlə görəcəkdim. İndiyədək xəyalda, təxəyyüldə canlandırdığım insanlarla ilk dəfə üzbəsurət görüşəcəkdim. Etiraf edim ki, əsər üzərində işə başlayanda, hətta son nöqtəni qoyanda da təsvir etdiyim hərəkatın bəşər tarixindəki əhəmiyyətinin tam dərkindən uzaq idim. Qarşıda məni illər boyu həyatlarını yaşadığım qəhrəmanlarımın övladları ilə görüş gözləyirdi".
Onlar uzaq səfərə 1910-cu ilin dekabrında Odessadan çıxmışdılar. İstanbul, Afina, Beyrut, Qahirə, İsgəndəriyyə, Port-Səiddəm keçib o zaman Əbdülbəhanın olduğu Rameyle (indiki Misir ərazisində yerləşir) şəhərinə gəlmişdilər. Yazıçı xanımın biri-birindən dəbdəbəli "müdrik insan, şair, alim, səmavi həqiqətlərin daşıyıcısı" epitetləri ilə təqdim etdiyi Əbdülbəha ilə görüş də burada baş tutmuşdu. İ.Qrinevskaya yuxarıda adını çəkdiyim "Günəş Diyarına səyahət" əsərində ilk görüş və tanışlığı belə təsvir etmişdi: "Üzərinə təmiz, ağ örtük çəkilmiş alçaq kürsüdə ayaqlarını şərqli qaydası ilə altına yığmış (bardaş qurmaq nəzərdə tutulur - V.Q.), bəyaz saçları çiyinlərinə tökülmüş ağ saqqallı qoca oturmuşdu. Əynində kamis adlanan ağ arxalıq vardı. Üstündən isə qəhvəyi rəngli ləbbadə geyinmişdi. Başına qar kimi nazik cuna ilə sarılı ağ rəngli yastı papaq qoymuşdu. Sifəti? Təbii ki, vaxtı ilə şəkildə gördüyüm o gözəl gənc deyildi. Üzünün cizgilərindən ciddiyyət yağan, sıx kirpiklərinin altında qeyri-adi dərəcədə iri və ifadəli gözləri parıllayan yaraşıqlı qoca idi. Boyca böyük olmasa da, bütün görkəmində nə isə qeyri-adilik, sirr və möhtəşəmlik vardı. Başına yumşaq fəs qoyan səfər yoldaşım (Mirzə Ələkbər nəzərdə tutulur - V.Q.) Əbdülbəhanın qarşısındakı stulda qollarını sinəsində çarpazlayıb oturmuşdu. Gözlərini çəkmədən yaşlı adama sitayiş dolu nəzərlərlə baxırdı".
Mirzə Ələkbər Məmmədxanov, 1911.. İ.Qrinevskayanın arxivindən.
Hər iki tərəfin ilk anlar sanki biri-birini öyrənməyə can atdığı görüşün sonrakı gedişini müəllif belə təsvir edir: "Bəhai rəhbəri iri, işıqlı gözləri ilə məni sınayıcı nəzərlərlə süzüb qarşısındakı alçaq divanda yer göstərir. Bu gözlərdə böyük, dərin zəkanın əks olunduğunu deyə bilərəm. Onun müxtəlif cəmiyyət və təbəqələrdən olan avropalı qadınlarla ilk dəfə görüşmədiyi haqda artıq məlumatım vardı. Səfər yoldaşım mənə bəhailik ideyalarına maraq göstərən, bəhai liderinin ziyarətinə gələn, ona aşkar pərəstiş hissi ilə yanaşan çoxsaylı amerikan, ingilis, fransız xanımları haqda danışmışdı. Mən isə əsərimdə surətini yaratdığım qəhrəmanın (üzərində işlədiyi "Bəhaulla" dramı nəzərdə tutulur -V.Q.) oğlunun, onun Yer üzündə hər kəsə və hər şeyə məhəbbət təlimi yaymaq işinin davamçısı olan şəxsin yanına uzaq Rusiyadan gələn ilk qadın idim".
Mirzə Ələkbərin tərcüməçilik vəzifəsini ustalıqla yerinə yetirdiyi söhbət uzun çəkmişdi. Əbdülbəhanı daha çox "Bab" pyesinin məzmunu, tarixi gerçəkliklə bağlılığı, yazıçı qadının hansı səbəbdən özü üçün tamamən yeni və naməlum bir mövzuya üz tutması, əsər vasitəsi ilə oxucularına hansı həqiqətləri çatdırmaq, hansı hiss və duyğuları aşılamaq istəməsi maraqlandırmışdı. Həmin dövrdə hələ teatr və sinemada "müqəddəsləri" səhnəyə gətirmək ənənəsi yayılmasa da, bəhai lideri pyesin Peterburq və Bakı teatrlarında göstərilən tamaşalarını müsbət qarşılamışdı. Bəhailərə düşmən münasibət, gerilik və cəhalət nədəni ilə hələlik Tehranda, yaxud İranın hər hansı digər bir şəhərində oynanmasının mümkün olmadığını bildirmişdi. Eyni zamanda hər iki əsərin dünya dillərinə tərcümə olunacağı, günün birində hətta İran səhnəsində də tamaşaya qoyulacağı ilə bağlı müəllifi müjdələmişdi. Amma bu peyğəmbərliyi hələlik özünü doğrultmayıb.
Əbdülbəha bəhai İşinin dünya miqyasında yaylıması yolunda qatlaşdığı əzab-əziyyətlərdən danışaraq İ.Qrinevskayaya demişdi: "Narazılıq və çəkişmələrin vətəninizi silkələdiyi bir dövrdə yaşayırsınız. Mən dünyaya gəldiyim ildə isə Allah sözünün eşidilməsi naminə hər tərəfdə qan axıdılırdı. Anamın döşünü əməndə təlimimizin tərəfdarlarını darmadağın edirdilər. Bəlli yaşa çatandan sonra özüm də məhəbbət və barış istəyənlərin necə sıxışdırıldığını, təqib olunduğunu gördüm. 5 dəfə sürgün olunmuşam, 42 il hərəkət azadlığım əlimdən alınıb. Amma həmişə Allahın iradəsinə sevinclə tabe olmuşam. Önündə təzim etdiyim, inandığım həqiqət naminə iztirablar qarşısında məmnunluqla baş əymişəm".
Söhbət zamanı müəllif "Bab"ın xarici dillərə tərcüməsi məsələsini qaldırmışdı. Bəhai cəmiyyətlərinin yardımı və çox güman, Əbdülbəhanın təşviqi ilə tezliklə həqiqətən də əsərin alman və fransız dillərinə tərcümələri meydana çıxmışdı. İzabella Qrinevskaya daha sonra yazır: "Mirzə Ələkbər əvvəlki ehtiramlı tərzdə ona "Bab"ın məzmununu nağıl etməyə başladı. Bəhaulla isə söhbət zamanı dəfələrlə təqdiredici ahənglə artıq mənə yaxşı tanış olan "xeyli xub" ifadəsini dönə-dönə təkrarladı. O, müxtəlif intonasiyalarla "xeyli xub", "xeyli xub" - deyə başını tərpədir, arada gah maraqla, bəzən təəccüblə, gah da məmnunluq və razılıq hissi ilə mənə baxırdı. Öz növbəmdə mən də həyatımda ilk dəfə gördüyüm, davamçıları üzərində hüdudsuz hakimiyyətə malik olan bu adamı gözdən keçirir, avropalılara xas bir nihilizmlə onun gizli sirlərini aşkara çıxarmağa çalışırdım".
Misirdə Əbdülbəha ilə iki həftəlik davamlı ünsiyyətdən sonra yeni dini qəbul edən yazıçı qadın sonda sadiq, səbatlı bəhai kimi vətənə - Rusiyaya üz tutmuşdu. Maraqlıdır ki, sərt təqiblərə baxmayaraq, hətta sovet rejimi şəraitində də heç vaxt inancından əl çəkməmişdi. Onun Leninqraddakı mənzilinin ünvanı uzun illər Rusiya ilə əlaqə mərkəzi kimi dünya bəhailərinin soraq kitabçalarında göstərilmişdi. Misirdə keçən günlər Mirzə Ələkbərin həyatında da izsiz ötüşməmişdi. Bakıya dönəndən bir müddət sonra Əbdülbəhanın təklifi ilə yenidən geri qayıdıb xeyli müddət "din Mühafizinin" yanında qalmalı olmuşdu. Burada ustadın yaxın köməkçilərindən biri kimi fəaliyyət göstərmiş, tez-tez səfərlərə çıxaraq onun müxtəlif tapşırıqlarını yerinə yetirmişdi.
Mirzə Ələkbər əvvəl bəhai lideri ilə İzabella Qrinevskaya, sonra isə Lev Tolstoy arasında vasitəçi şəxs olmuşdu. Tərəflərin fikir və mülahizələrini, bu və ya digər məsələ ilə bağlı rəy və mövqelərini bir-birlərinə çatdırmışdı. Məsələn, "din Mühafizindən" aldığı tapşırıq əsasında "Bab" müəllifinə belə bir məlumat çatdırmışdı: "Əbdülbəha mənə göndərdiyi məktubda yazır: "Əgər madam Qrinevskaya "Bab"ı qeydlərimiz əsasında təshih edərsə, qoy o zaman səmanın İlahi yardımına əsla şəkk gətirməsin, lazım gələn bütün işlərin görüləcəyinə əmin olsun". Sonda isə özünün aşağıdakı əlavəsini etmişdi: "Əsas budur ki, qətiyyən həyəcanlanmayın, işlərinizi sakitcə davam etdirin. Yeganə məqsədiniz yaradıcılığınız müqabilində heç bir mükafat gözləmədən insanlığa xidmət düşüncəsi olsun. Susuzluqdan yanan təşnə adama suyu ona görə vermirsiniz ki, təşəkkür sözləri eşidəsiniz. Sadəcə bir insanın həyatını xilas etmək üçün bu işi görürsünüz. Etdiyimiz yaxşılıqların əvəzini Allah bizə ehtiyacımız olduğu qədər ödəyəcək. Odur ki, indidən yalnız gələcəyi təmin etmək barədə düşünmək lüzumsuz və qorxulu işdir. Çünki çoxları hətta əllərində olan hazır mal-mülkdən də bəhrələnə bilmirlər. Sözümün canı odur ki, keçici, müvəqqəti deyil, əbədi və əzəli kamilliyə yetmək üçün çalışmaq lazımdır".
Artıq Birinci Dünya müharibəsinin bütün şiddəti ilə davam etdiyi 1915-ci ildə o, İ.Qrinevskayaya göndərdiyi məktublardan birində yazırdı: "Yelizavetpola (Gəncə - V.Q.), Tiflisə və Əbdülbəhanın tapşırığı ilə getdiyim digər yerlərə səyahətdən indi qayıtmışam. Sabah, yaxud birisi gün yenə də eyni məqsədlə Aşqabada və başqa şəhərlərə yola düşürəm. Evə gələndə masanın üzərində sizin dörd qiymətli məktubunuzu gördüm. İkisini Peterburqdan, ikisini isə Parisdən yola salmısınız. Görünür, mənim Peterburqa göndərdiyim teleqramı almamısınız. Xahiş etmişdim ki, Dreyfusa (İppolit Dreyfus, 1873-1928, şərqşünas-alim, ilk fransız bəhailərindən biri, bəhai mətnlərinin fransızcaya tərcümə və təfsirinə həsr olunmuş kitabların müəllifidir - V.Q.) baş çəkəsiniz.
Əbdülbəhanın məktubunu da tərcüməsi ilə birlikdə Sizə göndərirəm. Əgər Dreyfus gəlsə, verin o da oxusun. Bir də əlavə olunan şəxsi məktubu lütfən ona çatdırmağınızı xahiş edirəm".
Başqa bir məktubunda Bəhaullanın fikirləri ilə daha yaxşı tanış olmaq üçün Mirzə Ələkbər yazıçı qadına rus hərbçisi, şərqşünas - general A.Q.Tumanskinin (1861-1920) ruscaya çevirib 1899-cu ildə Peterburqda nəşr etdirdiyi bəhai "İncil"ini - "Kitabi-əqdəs"i diqqətlə oxumağı məsləhət görmüşdü. Hələ Misirə, Əbdülbəha ilə ilk görüşə yola düşərkən onların arasında bəhalikdə millilik və beynəlmiləllik, dinc yaşayış, müharibə və pasifizm haqda mübahisələr, fikir mübadilələri olmuşdu. Əbdülbəhanın məşhur kəlamlarından birini - "Yalnız öz vətənini deyil, bütün ölkələri eyni dərəcədə sevən insanlar tərifə layiqdirlər" sözlərini misal gətirən Mirzə Ələkbər yollandığı uzaq səfərlərdən İ.Qrinovskaya ilə apardığı dialoqda da yenidən eyni məsələnin üzərinə qayıtmışdı. "Mən bilərəkdən Amerika və Avropadan Əbdülbəhanın həmin mövzuda vəzlərinin dərc olunduğu qəzetləri sizə göndərirdim" - deyə bəhailiyin sülh və qardaşlıq, insanlar arasında anlaşma və qarşılıqlı təmas dini olduğu fikrinə diqqəti çəkirdi.
İzabella Qrinevskayanın bəhailik mövzusundakı əsərlərinin ilk və tələbkar oxucusu kimi uğurlarını təqdir etməklə yanaşı, Mirzə Ələkbər səhv və yanlışlıqları da diqqətdən qaçırmırdı. Bu cəhətdən "Bəhaulla" (1912) dramatik poeması ilə bağlı aşağıdakı qeyd səciyyəvidir: "Yazırsınız ki, tarixi mövzulu kitablarda qeyri-dəqiqliklər qaçılmazdır. Olsun. Axı rusca bilən, yeni əsərinizlə tanış olan oxucular məndən soruşa bilərlər: "Bəs siz hara baxırdınız?" Doğrusu, bu suala necə cavab verəcəyimi bilmirəm. Amma öz növbəmdə sizdən də soruşuram: "Məgər mənim kitabımı ("Bab, Bəhaulla və Əbdülbəha" əsəri nəzərdə tutulur - V.Q.), Atrapetin, Tumanskinin, Dreyfusun yazdıqlarını oxumamısınız? Məgər məndən dəfələrlə eşitməmisiniz ki, Bəhaulla qaçmayıb, İran şahının tələbinə əsasən rus kazaklarının müşayiəti ilə ölkədən çıxarılıb? Elə isə niyə təzədən götürüb yazırsınız ki, "qaçıb"? (haqlı tənqidi qeydi nəzərə alan İzabella Qrinevskaya əsərin sonrakı nəşrlərində yol verdiyi səhvi islah etmiş, "qaçıb" əvəzinə mətndə "sürgün olunub" ifadəsini işlətmişdi. -V.Q.).
Tarixsiz, amma Amerikadan qayıtdıqdan sonra göndərildiyi məzmunundan bəlli olan başqa bir məktubunda Mirzə Ələkbər yazırdı: "Paris səfəriniz məni çox sevindirir. Bu, əvvəl-axır baş tutmalı idi. Çünki xeyir-duanı Əbdülbəha özü vermişdi. Təcrübədən bilirik ki, onun istədiyi hər şey yerinə yetir.
Şəxsi nəzarətiniz altında "Bab" pyesinin Paris səhnəsində nümayiş etdiriləcəyi gün məmnuniyyətlə yanınızda olmaq istərdim. Üstəlik, Parisdən sonra Londona getmək imkanı yaranardı. İyun ayında orada İrqlər konqresi keçiriləcək. Bu konqresin işinə qatılmağa çox can atıram. Əslinə baxanda özümə də İngiltərədə olmaq lazımdır. Çünki praktiki ingiliscəmi təkmilləşdirmək istəyirəm. Ən başlıcası isə Sizinlə birlikdə Şərqdən sonra indi də Qərbdə səyahət etmək əla olardı. Bu barədə düşünürəm. Amma əvvəlcə siz Parisə çatın, oradan mənə yazın...
...Sizin "Bab" həqiqətə nə qədər iddialı olsa, gerçəyi nə qədər dəqiq əks etdirsə, o qədər də geniş yayılacaq, hər yerdə tamaşaya qoyulacaq. Çox şadam ki, qeydlər əsasında əsəri yenidən, daha uğurlu şəkildə işlədiniz. Ümumiyyətlə, yaradıcılığınızda əsas diqqəti ideyaya yönəldin, ardınca isə həqiqətin bədii inikasına çalışın..."
Keçmiş sovet dövründə ədəbi-mədəni əlaqələrin ənənəvi sxemi vardı - həmişə rus yazıçısı təsir və yol göstərirdi, ilham qaynağı olurdu, mentor rolunda çıxış edirdi. Ələkbər Məmmədxanovla İzabella Qrinevskayanın daha geniş öyrənilməsinə ehtiyac duyulan yaradıcılıq əməkdaşlığında isə rollar sanki dəyişmişdi. Azərbaycanlı ziyalı məsləhət verir, yol göstərir, tarixi həqiqət və onun adekvat bədii əksi tələbini irəli sürürdü. Həm də bu, yalnız mövzunun spesifikliyi -bəhailiklə bağlı məsələ deyildi. Daha geniş mənada ədəbiyyat söhbəti idi. Və Mirzə Ələkbərin intellektual hazırlıq səviyyəsi, bədii duyumu həmin söhbəti aparmağa imkan verirdi.
(Davamı qəzetin gələn şənbə sayında)