Icma.az
close
up
RU
525ci qəzet Rəssam Eldəniz Babayev: Elə yaradıcılıq müsabiqələri təşkil olunmalıdır ki

525ci qəzet Rəssam Eldəniz Babayev: Elə yaradıcılıq müsabiqələri təşkil olunmalıdır ki

Rənglər dünyasının öz qəhrəmanları var. Sənətləri qədər özləri də maraqlı olan bu insanların dünyaya rəngli baxışlarında müxtəlif yanaşma tərzi, baxış bucağı, nəzər nöqtəsi olur. Eyni sənət dünyasının adamları olsalar da, üslub seçimləri tamam fərqlidir. Nəticədə isə hamısın adı rəssamdır.

Bu ilin yay ayında bir rəssamımızın Türkiyədə açılan fərdi sərgisilə bağlı bir xəbərlə rastlaşanda sərginin adı diqqətimi çəkdi - "Zəfər müjdəsi". Özlüyündə ad hər şeyi açıqlasa da, bir rəssam təxəyyülü, düşüncəsi tamam başqadır. Elə bu səbəbdən kiçik bir araşdırma apararkən, onun haqqında Xalq rəssamı, akademik Tahir Salahovun fikri rastıma çıxdı: "...Ümumilikdə fırça ustasının müxtəlif süjetli bütün əsərlərində milli kolorit aydın nəzərə çarpır, amma milliliklə bir sırada əsərlərin müasir üslubda təsviri də diqqət çəkir". Bu fırça ustası isə qədim divarlarında əsrlərin sirlərinin qorunub saxlandığı İçərişərdə yerləşən "Bakı" rəsm qalereyasının rəhbəri Eldəniz Babayevdir.

- Günlərin birində bir məktəbli əlinə fırça aldı...

- Bu, uzaq 80-ci illərdə olub. Yəqin xatırlayarsınız, o zaman ədəbiyyat kitablarında klassiklərinin qrafik janrda şəkilləri olurdu. Həmin şəkillər diqqətimi çox cəlb edirdi. Dediyiniz o günlərin birində fırça ilə Füzulinin və Nizaminin şəkillərini qeyri-ixtiyari olaraq çəkməyə başladım. Atamın həvəskar rəssam olan dostu bir gün bizə gəlmişdi. Atama dedi ki, Eldənizin çox maraqlı yanaşma tərzi var. Birdən-birə əlinə fırça alıb şəkil çəkmək nədənsə xəbər verir. O zaman rəssam olmaq kimi bir fikrim yox idi, humanitar sahələr mənə daha maraqlı gəlirdi. Lakin valideynlərim məni o zaman fəaliyyət göstərən Pionerlər sarayına apardı. Orada çəkdiyim şəkilləri görən kimi məni qəbul etdilər. İlk müəllimlərim Məsmə xanım və Rasim Nəzirov oldu. Təqribən 8-9 ay hazırlıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil oldum, daha sonra Mədəniyyət Universitetini bitirdim. Hər iki təhsilimi fərqlənmə ilə başa vurmuşam.

- Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi ciddi bir təhsil ocağı olub...

- Sovet dövründə həmin məktəbə qəbula çox ciddi nəzarət vardı, çünki ali məktəb səviyyəsində idi. Bizə dərs deyən müəllimlərin əksəriyyəti SSRİ-nin ali məktəblərini bitirib gələnlər idilər. Əslində bu məktəbi bitirmək bir rəssam üçün yetərli olsa da, mən ali təhsil də aldım, ona görə ki, burada ədəbiyyat və tarix dərslərini daha da dərindən öyrənmək kimi bir imkan vardı. Universitetdə Eyyub Hüseynov, Sabir Şıxlı, Mirteyyub Xəlilov kimi çox güclü müəllimlərim oldu və sonda oranı "Soltan Məhəmməd" təqaüdü ilə bitirdim. Diplom işim Əmir Teymur haqqında oldu.

- Əlaçı tələbə həm də ictimai fəal olub. Haqqınızda araşdırma apararkən bu məlumatları əldə edə bildim...       

- Tələbə həmkarlar təşkilatının sədri idim, müxtəlif beynəlxalq konfranslarda ölkəni təmsil edən yaradıcı gənclər sırasında olmuşam. Mərhum Müslüm Eldarovun yaratdığı Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin ən fəal üzvlərindən sayılırdım. Çox təəssüf ki, o, dünyasını tez dəyişdi və yaradıcılıqla bağlı planlarımız yarımçıq qaldı. İndi ki bu mövzuya toxundunuz, bir maraqlı məqamı da vurğulamaq istərdim. Rəssamlıq Məktəbinin ikinci kurs tələbəsi idim. Moskvadan Bakıya bir heyət gəlmişdi. O zaman Polşanın Varşava və Qdansk şəhərlərində tələbə-gənclərin beynəlxalq forumu təşkil edilmişdi. Sovetlər birliyinin bütün respublikalarından seçilmiş istedadlı tələbə gənclər orada iştirak etməli idilər. Moskvadan gələn heyətin seçimi mənim üzərimdə dayanmışdı. Bilirsiniz ki, o dövrün özünün kriteriyaları vardı. İnsanın davranışlarından tutmuş istedadına qədər bütün incəliklərə ciddi diqqət yetirilirdi, müəyyən orqanlardan keçdikdən sonra vətəndaşa ölkəni tərk etmək icazəsi verilirdi. Həmin forumda mən Azərbaycan SSR-ni təmsil etdim. Sonralar belə tədbirlərdə iştirakım davamlı olsa da, bu forumu həmişə xatırlayıram.

- Çox qürurla sizə dərs deyən müəllimlərin SSRİ-nin müxtəlif ali məktəblərində təhsil aldığını söylədiniz. Deyəsən, özünüzün belə bir marağı olmayıb...

- Olub. 90-cı illərdə postsovet məkanlarında azadlıq hərəkatları başlayanda təhsil naziri Lidiya Rəsulova məni nazirliyə çağıraraq dedi ki, Əzimzadə adına Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirmisən, nümunəvi tələbə olmusan, maraqlı rəsm işlərin var. Ümumi imtahanlardan azad olmaq şərtilə səni Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna və ya Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasına göndərə bilirik. Belə imkan mənim üçün yaradıldı. Lakin hadisələrin axarı dəyişdi. Düzü, Moskvaya da getdim. Dedilər ki, baş verən hadisələrin fonunda nələrin olacağı hələ bilinmir. Sizdə Mikayıl Abdullayev kimi kifayət qədər istedadlı rəssamlar var. Yaxşısı budur ki, qayıdın ölkənizə. Yəni imkan olsa da, mövcud vəziyyət buna mane oldu.

- İndi də keçək rəssama...

- Bəzən rəssama sənətkar, bəzən yaradıcı deyirlər. Yaratmaq yalnız Allaha məxsusdur, insanlığı, bəşəriyyəti yaradan tək Odur. Düşünürəm ki, rəssam Tanrının cəmiyyətdəki çoxluq içərisindən seçdiyi insandır. Atatürkün belə bir deyimi var: "Hər hansı bir insan ola bilərsən, amma bir sənətçi ola bilməzsən". Qanuni Sultan Süleymanın da belə bir etirafı var: "Dünyanı fəth edən hökmdar ola bildim, amma gerçək bir sənətçi olamadım". Zənnimcə, insan istər siyasətdə olsun, istər digər sahələrdə, Allahdan ona yaradıcılıq kimi bir xüsusiyyət verilir və bu da seçilmişlərə aiddir.

- Elə suallar var ki, ənənəvi səslənsə də, cavabları fərdi və müxtəlifdir. Hər rəssamın sevdiyi rəng mütləq ki var...   

- Düz vurğuladınız, cavablar fərdidir. Bəzən deyirlər ki, rənglər ağ və qaradan əmələ gəlir. Bu, bir növ gündüz və gecə anlamı kimidir. Tanrının yaratdığı bütün rənglər gözəldir, bunu bir boyakar rəssam kimi deyirəm. Amma onlar da ağ və qaranın üzərində qurulub. Görürsünüzmü, əvvəl ağ-qara fotolar yaranıb, daha sonra rəngli şəkillərə keçid olub. Ona görə də ağ-qaranın yanaşmasını bilən rəssam, digər rəng çalarlarını gözəl işlədəcək. O ki qaldı özümə, mən daha çox şabalıdı və qızılı rəngləri sevirəm və yaradıcılığımda bu, öz əksini tapıb, çünki gözə rahatlıq, insana sakitlik verən çalarlardır.

- Rəssamlıqda ruhunuza yaxın üslub...

- Türklər demişkən, bu, dartışma mövzusudur. Üslub nədir? İncəsənətin bütün sahələrində əgər klassizm olmasa, modernizm olmaz. Bəşəri muzey olan Ermitajda məşhur bir rəsm əsəri var - Qara kvadrat. Deyilənə görə, əsərin müəllifi Maleviç bu rəsmi çəkəndən sonra uzun müddət hamıya deyirmiş ki, nə yeyə bilir, nə də yata bilir. Nə etdiyini özü də anlamır və nəticədə o, incəsənətə aid beşcildlik fəlsəfi düşüncələrini yazıb. Ona baxanda nə başa düşmək olur? Hər bir rəssam və yaradıcı adam orada öz üslubunu axtarmalıdır ki, oradan ortaya nə çıxaracağam. Bu, mənim subyektiv fikrimdir ki, klassizm olmadan modernizm ola bilməz. Əgər not olmasaydı və Vaqif Mustafazadə bu notları bilməsəydi, peşəkar səviyyədə Azərbaycan muğamı ilə caz musiqisini improvizə edə, "Düşüncə"ni yarada bilməzdi. Yəni onun yaratdığı bilavasitə notlara söykənib. Eləcə də rəssamlıqda Mircavad Cavadov, Rasim Babayev kimi Azərbaycanın nəhəng rəssamları realizmi bütün incəliklərinə qədər bilib sonradan öz üslublarını yaradıblar. Bu baxımdan mən klassikadan yanayam.

- Qaradan söz düşmüşkən, bu rəng haqqında rəssam fikrini bilmək istərdim. Qara rəngdən əksər hallarda qorxurlar ona görə ki, o, vahimə saçır...

- Elə deməzdim... Bu sual bir qədər mentalitetlə bağlı oldu. El arasında belə bir deyim var: "Qara geyinmə, qara gün gətirər". Mənə elə gəlir ki, palitrada qara rəngin olması və kətan üzərində onun lazımi yerdə vurğulanması gözəl effekt yarada bilir. Onu da vurğulamaq istərdim ki, çox qaralıq insanın əhvalında bir sıxıcılıq yaradır və bu baxımdan balansa nəzarət edilsə, insanlar vahiməyə düşməz.

- Rəssama məxsus olduğu deyilən üçüncü göz...

- Gəzdiyim postsovet məkanında, Avropa ölkələrində çox sənətkarlardan eşitmişəm ki, sənətkar müşahidəçi olmalıdır. Bəşər övladının gördüyü ətraf mühiti, rəngləri rəssam tamam fərqli görür. Əgər rəssamın hissiyyatı, dünyagörüşü olmasa, onun əlində fırça ilə nəsə yaratması qeyri-mümkündür. Rəssamın nəinki üçüncü, saysız-hesabsız gözü, müşahidəsi olmalıdır ki, o, ortaya mükəmməl bir əsər çıxara bilsin.

- Onu da deyirlər ki, rənglərin dili var...

- Əlbəttə ki, var... Elə rənglər var ki, insanı xəstə edə bilər. Musiqi terapiyası olduğu kimi, rənglərin də terapiyasıı var. Bir uşağa daima qırmızı rəngi göstərə bilməzsən. Böyüdükcə bu, onda bir aqressiyaya, xoşagəlməz hadisəyə çevrilə bilər. Və yaxud tünd sarı rəngi. Ona görə də rənglərin dili onların palitrada harmoniyası və kətana çevrilməsi deməkdir. Bu da peşəkarlığın ifadəsindən asılıdır və düşünürəm o dil var. Bəzən kompozisiyanın özü yox, boyaların həmahəgliyi məzmunu göstərə bilir. Bir nümunə çəkim sizə. İlya Repinin "İvan Qroznı oğlunu öldürür" adlı məşhur rəsmi var. O əsərdə atanın əlindəki qan rəssam tərəfindən o qədər gerçək şəkildə təsvir edilib ki, bir zabit ona baxdıqdan sonra rəsmə zədə yetirib. Rəngin dili budur.

- Azərbaycan rəssamlığı beynəlxalq aləmdə...

- Yenə bir qədər geri qayıtmalı olacağam. Mikayıl Abdullayevin emalatxanasında olarkən, mənə bir dünya kataloqu göstərdi. Rəssamın "Anamın portreti" adlı bir rəsmi var. Həmin kataloqda M.Abdullayevin bu əsəri Leonardo da Vinçinin əsəri ilə yanaşı yer almışdı. Kataloq 60-70-ci illərə aid idi. Bundan çox qürurlandım. Sovet dövründə bir azərbaycanlı, türk-müsəlman rəssamı həmin kataloqa salınıb. Bu, həmin dövr üçün heç də kiçik hadisə deyildi. Bu gün Azərbaycan və onun vətəndaşları müstəqildir. Keçmiş postsovet ölkələrində, qonşu Türkiyədə, dünyanın müxtəlif yerlərində Azərbaycan günləri keçirilir, rəssamlar öz əsərlərini fərdi qaydada nümayiş etdirə bilirlər. Bu istiqamətdə Heydər Əliyev Fondunun çox böyük xidmətləri var, mədəniyyət sahəsi daima onların qayğısı və himayəsi altındadır. Amma bu işə başqa kənar kömək də lazımdır. Necə ki bunu qardaş Türkiyədəki sənət vəqfləri edir. Bu gün bizdə bir rəssam öz əsərini ölkə xaricinə çıxarmaq üçün Mədəniyyət Nazirliyinin dövlət ekspert komissiyasına hər rəsmə görə xeyli vəsait ödəməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin heç birində həyatda olan rəssamların əsərləri bu qayda ilə ölkədən çıxmır. Bunu açıq etiraf edirəm.

- 30 illik işğal dövrü Azərbaycan rəssamlığında kifayət qədər öz əksini tapmadı...

- Bəli, kifayət qədər tapmadı. Amma bu o demək deyil ki, Azərbaycan rəssamları bu mövzuya laqeyd qaldı. Biz rəssamları heyrətləndirən bir obraz olmalıdır. Yenə bir nümunə çəkəcəyəm. İkinci  Dünya müharibəsində Stalinqrad döyüşləri zamanı şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Mamayev kurqan deyilən yüksəklikdə "Ana Vətən çağırır" adlı möhtəşəm abidə var. Əlində qılınc tutan ana obrazı öz görünüşü ilə hər şeyi deyir. Biz türklər torpağa, ocağa, yurda, millətə o qədər bağlıyıq ki, bu heç nə ilə müqayisəyə gələ bilməz. Biz yaradıcı insanların da boynunun borcudur ki, belə layiqli əsərlər yaradaq. Musiqi sahəsində çox mahnılar, əsərlər yazıldı, lakin sənətkarlıq bununla bitmir. Bu gün bizdə elə yaradıcılıq müsabiqələri təşkil olunmalıdır ki, orada ədalətli, peşəkar rəssam, memar, heykəltaraşlardan ibarət komissiya, jüri təqdim olunan işlərə düzgün qiymət verə bilsin.

- Amma bu boşluq qələbədən sonra sanki doldu, incəsənətin bütün sahələrində sənətkarlar öz sözünü deməyə sarı üz tutdu. Bu, sizdən də yan keçməyib. "Zəfər müjdəsi" əsərinizdən danışaq...

- Ötən 2023-cü il türk dünyası üçün əlamətdar oldu. Azərbaycan Demokratik Respublikasının 105 illiyi, qardaş Türk Cümhuriyyətinin 100-cü ildönümü qeyd olundu. Eyni zamanda Ulu öndərin anadan olmasının 100 illiyi. Bir yaradıcı insan kimi bu hadisələrə münasibət bildirmədən, kənarda qala bilməzdim və "Zəfər müjdəsi" əsərilə öz sözümü deməyə çalışdım. Ötən ilin may ayının 23-də Muzey Mərkəzində əsəri seyrçilərə təqdim etdim. Əsər maraqla qarşılandı. Rəsmdə təsvir edilən kiçik detalların məna yükü çox böyük idi. Bu ilin iyun ayında İstanbulda Atatürk Mədəniyyət Mərkəzində 80 rəsm işindən ibarət  "Zəfər müjdəsi" adlı həm fərdi sərgim açıldı, həm də Mirzə Talıbovun müəllifliyilə kitab-kataloqun təqdimatı oldu. Azərbaycan Rəssamlar İttifaqı tərəfindən nümayəndə kimi Xalq rəssamı Arif Hüseynov sərginin açılışında yaradıcılığım, əsərlərim haqqında öz fikirlərini bildirdi.

- Əsər üçün maraqlı obraz seçmisiniz...

- Zəfəri yeni qazandığımız günlərin birində dostlardan bir foto gəldi mənə. Fotoda əlləri qabar bağlamış bir pinəçi surəti var idi. Şəkildən çox duyğulandım və bu obrazı əsas kimi götürərək ətrafına Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən detalları əlavə etməklə, "Zəfər müjdəsi" əsərini yarada bildim. Çox istərdim əsər Azərbaycanda qalsın, lakin onun taleyi İstanbulla bağlı oldu, çünki kompozisiyanı orada satın aldılar. Əslində mən ümidlə gözlədim ki, Bakıda hansısa muzey və ya qurum bu əsərə sahib çıxar, lakin sonunda qismət öz sözünü dedi. Əsas odur ki, əsərin ünvanı qardaş ölkədir və bununla da qürurlanmağa dəyər.

SÖZARDI: Alman dramaturqu Bertolt Brextin belə bir deyimi var: "İncəsənət yalnız böyük amallara xidmət edəndə böyük görünür". Adı kimi incə olan bu sənətin sakinləri daima böyük amallara xidmət etməkdə israrlı olsunlar ki, zəfər müjdələrimiz də çox olsun.

Tamilla M-ZADƏ

seeBaxış sayı:52
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri