525ci qəzet Ruhun sonsuzluğuna inanan şair Məmməd İsmayılın 85 illiyinə
Şair Məmməd İsmayılın bədii obrazını canlandırmaq üçün bir söz, bir ifadə kifayət edir: ümid şairi. Həyatımın çətin anlarında, ümidim havadan asılı qalanda “Hələ yaşamağa dəyər bir az da”nın közərtisinə az isinməmişəm. Tək mənmi? Kim bilir neçələrinin həyatına ümid qatıb, işıq salıb, yaşam həvəsini közərdib bir şeirin oyatdığı, yaratdığı cazibə qüvvəsi...
Hələ uşaqlığından dünyanın sərt sınaqları ilə üzləşən, ata-anasının nakam ölümü ilə sınağa çəkilən Məmməd İsmayılda bu ümid hardan idi, nədən qaynaqlanırdı? Allah vergisi, ilahi səbirmi idi? Bəlkə də ilahi lütf idi, doğmalarını əlindən alanda rahim, rəhim Allah adil tərəfini də göstərmişdi, yetim oğlanın yaşam həvəsini artırmışdı, şairlik istedadı bəxş etmişdi, mübarizə əzmi, həyatla mücadilə, çarpışma gücü vermişdi. Vermişdi ki, ədalət tərəzisinin pərsəngi pozulmasın.
...Və bir də də ata-anasından kəsdiyi ömür payını Məmməd İsmayılın ömrünə calamışdı. Yoxsa 85 il ömür sürmək, həyatın keşməkeşlərinə dözmək, ağrı-acılarına tab gətirmək, tanınmaq, sevilmək bir “yetim” oğlanın hünərimi idi?.. Allahın ədalət tərəzisinə söz yox, qurban olduğum mizan-tərəzisində o qədər dəqiqdir ki...
Məmməd İsmayıl ən çox bizim nəsrin şairidir - tələbəliyi XX əsrin 80-ci illərinə düşənlərin. O nəslin ki, arzuları, xəyalları M.İsmayılın sevgi şeirləri ilə harmonik idi, o nəslin ki, şairlərin qəlbə xoş gələn şeirləri əlyazma şəklində əzbərlənirdi, nəğmə kimi oxunurdu, sevgi məktublarının sətirlərinə çevrilirdi,
Onun körpәsinin yaşı üç aylıq,
Mәnim hәsrәtimin yaşı bir ildir -
misraları nakam məhəbbətlərin ağısı kimi səslənirdi...
Şair Məmməd İsmayılın bədii yaradıcılığı həyatı, şəxsiyyəti ilə tən gəlir. Bu yerdə gözəl şairimizin ölməz söz ustadı Seyid Məhəmmədhüseyn Şəhriyar haqqında dediklərini bütün tamlığı ilə özünə aid etmək istəyirəm: “Millət fərdlərinin deyil, mərdlərinin sayı ilə tanınır”. Şair Məmməd İsmayılı yaxından tanıyanlar fikrimin doğruluğunu təsdiqləyər. M.İsmayıl harada yaşamasından asılı olmayaraq əsl Vətən sevdalısıdır. Türkiyədə yaşayıb fəaliyyət göstərdiyi illərdə də şeirlərinin baş mövzusu Azərbaycan, Vətən, Qarabağ dərdi, itirilmiş torpaqların həsrəti, yurd ağrısı olub:
Dostu bu dünyada seçib taparlar,
Dost-düşmən seçilər, Vətən seçilməz.
Qayanı yonarlar, dağı çaparlar,
Dağ-qaya kiçilər, Vətən kiçilməz.
M.İsmayıl üçün qürbətdə yazdığı söz də, şeir də bir parça Vətən timsalındadır:
Gedərsən, vətənin qalar vətəndə
İçinin içindә köz vәtәn olar.
Dәrdinә, sәrinә vәtәnsәn sәn dә,
Qürbәtdә sәnә dә söz vәtәn olar.
M.İsmayıl 2020-ci ildə, 44 günlük Vətən müharibəsi günlərində Azərbaycanda olmasa da, Qarabağ uğrunda savaşanların yanında dayandığını şeirləri ilə bəyan edirdi, ata kimi dualayırdı Azərbaycan əsgərini. “Üç-dörd ay bundan öncə saytlardan birinə verdiyim müsahibədə, sanki içimə dammış kimi demişdim: Mən məğlub millətin məğlub şairi kimi dünyadan köçməyəcəyəm. Səsimi duyan Tanrıya şükürlər olsun. Və dualarım Qarabağımızı qanı, canı bahasına işğaldan azad etməkdə olan igidlərimizlədir. Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün Azərbaycan türklərinin gözü, qulağı Azərbaycanda - Qarabağdadır. Allah yar və yardımçımız olsun...”
Və şairin qəlbdən gələn duaları Allahın dərgahına yetişdi, çin oldu:
Ağzımda haqq deyirəm, bu haqq səsi sənindir,
Hələ haqqın nahaqla bəhsəbəhsi sənindir,
Dünyanın ən mübarək qələbəsi sənindir,
Bu qələbə yolunda nə dayan, nə yavaşı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.
Haqq yürüşündə, haqq savaşında qazanılan qələbənin çəkisi bu qələbə uğrunda canından keçən şəhidlərin ruhu qədər ağırdır, doğmalarının qəlbindəki göynərti qədər ağrılıdır, yandırır. Və bu ağrının bir təsəllisi var:
Açılan çiçəklər barında ölər,
Hörümçək hördüyü torunda ölər,
Alışan kösövlər qorunda ölər,
Ölsə, bal arısı balında ölər
Pərvanə işığın yolunda ölər, -
Oğul şəhid olar vətən yolunda.
Şair Məmməd İsmayılın şeirə gəldiyi dövr Azərbaycan ədəbiyyatının, xüsusən də poeziyanın geniş inkişaf etdiyi, sevildiyi, oxunduğu dövr idi. Bu dövrün bir çox tanınmış ədəbi simaları var ki, adlarını ədəbiyyat tariximizə yazmağı bacardılar. Şair M.İsmayıl da söz sarıdan bəxti gətirənlərdəndir:
Bütün sualların cavabı birdi,
Yatmaq istəsən də, yuxuna girməz.
Bəlkə söz sarıdan bəxtin gətirdi,
Varsan, var sarıdan əlin gətirməz...
“Lələsi” olmayan bu söz adamı 85 illik ömründə nə yazdısa, düzünə yazdı:
İnanma, qəm qəmə yovuşar çətin,
Düzlüyün eləsi, beləsi yoxdu.
Kərəm sevgisinə qovuşar çətin,
Kimin ki, qarşıda Lələsi yoxdu.
“Lələsi” olmasa da, yaşam sevgisi böyük idi Məmməd İsmayılın. Olmasaydı, yarıyolda dayanacaqdı, bu qədər tanınmayacaqdı, sevilməyəcəkdi. Ən nisgilli şeirlərindən belə ümid işığı süzülür onun. Tanıtımı olan “Hələ yaşamağa dəyər bir az da” şeirini “Ümid balladası” da adlandırmaq olar:
Yollar eniş-yoxuş, bәlәn-bәlәndi.
Yollar min ildir ki, gedib gәlәndi
Tәzәydi, köhnәydi, nәydi, bilmәdim,
Talada cığırlar qafiyәlәndi...
Dünәn Bethoveni çaldılar sazda,
Hələ yaşamağa dəyər bir az da.
Nə sirdirsə, əksər şairlər ən yaxşı lirik şeirlərini yaradıcılıqlarının birinci dövründə yazırlar. Bu dövrdə yazılan sevgi şeirləri nərgiz çiçəyi kimi kövrəkdir, zərifdir:
Ay Mәmmәd, haqlıyar sәni subaylıq,
İslanar, quruyar verdiyi yaylıq.
Onun körpәsinin yaşı üç aylıq,
Mәnim hәsrәtimin yaşı bir ildir.
Məmməd İsmayılın sevgi şeirləri çox sadədir. Sadə kənd usağı necə sevibsə, həyəcanlanıbsa, elə o cür də yazıb, hisslərini sətirlərə tökərək ürəyini boşaldıb:
Boşuna düşdüyün nә hәvәs idi,
Peşinә düşdüyün nә köçdü belә?!.
Bizim aramızdan su keçmәz idi
Bizim aramızdan nә keçdi belә?!
Sən demə qərib yerlərin sevgisi də qərib olurmuş...
Әrәfә yeriyimiş qәrib ürәyin,
Gözlәyә-gözlәyә oldu gün axşam.
Mәn sәnin yadından çıxırdım yәqin,
Sәn mәnim yadıma düşdüyün axşam...
Qərib yerin gecikən məhəbbət nağılı... Sevginin yaşımı olur? Sevgi vaxt-vədəyəmi baxır? Sevgi zaman-məkan tanıyır ki?
Yerini dəyişir çox şey dünyada,
Vaxt qəmin başını qatanda gəlim.
Ya sənin yaşına qayıdım, ya da
Sən mənim yaşıma çatanda gəlim.
“İyirmi yaşımı sevmədin yetər, gəlim, üzə duran altmışımı sev” deyən şair Məmməd İsmayılın “Səndən xəbərsiz” şeiri bu gün də nəğmə kimi oxunur. Məhəbbətin vida mahnısı bütün nəsillər üçün doğmalığını hələ ki saxlayır:
Gör mәnim qismәtim nәlәr-nәlәrmiş,
Sәn uzaq sandığın yaxın gәlәrmiş.
Sәn demә, dağlara qar әlәnәrmiş
Dumandan xәbәrsiz, çәndәn xәbәrsiz,
Mәn sәni sevmişәm sәndәn xәbәrsiz...
Hələ yaradıcılığının ilk illərində şair M.İsmayılın ədəbi cameənin diqqətini cəlb etməyinin bir səbəbi də şeirlərindəki ağır fəlsəfi yük, misraların altında gizlənən ağır məna idi:
Biz dörd nəfər idik.
Təpəl qoyun idi,
Gözəl alma idi,
Anamdı, məndim.
Gələcək həyatın xatirəsinə
Bizi atmışdılar Yer kürəsinə.
Anam gözəlliyin gəlinliyiydi,
Alma meşələrin pöhrəliyiydi,
Mən isə bəşərin körpəliyiydim.
Vaxtınız olanda sıxın bir məni,
Bir görün nəyəm?!
- Ana çörəyiyəm,
Alma şirəsiyəm, qoyun südüyəm.
“Mən kiməm, hardayam?” sualına şairin özünəməxsus cavabı var:
Qazanlar qaynayır qapağın altda,
İgidlər çürüyür papağın altda,
Hayanda biz səni axtarıb gəzək
Məyər yer qəhətdi Allahın altda?!
Sən indi hardasan, Məmməd İsmayıl!
Əslinə qalanda Məmməd İsmayıl heç şairlik iddiası da yoxdur:
Әllәrim lazımsa, apar әlimi,
Gözlәrim lazımsa, çıxar gözümü.
Ağlında bir kәlmә sözüm qalıbsa,
Sәn Allah özümә qaytar sözümü, -
Mәn şair deyilәm, atam-qardaşım.
Bəşər övladını doğuluşdan bir qorxu təqib edir - ölüm xofu. Amma M.İsmayıl ölüm xofunu qürbətdə yaşadığı illərdə artıq içindən keçirib, bu həsrətdən gündə min dəfə ölüb dirilib, daha bu qorxudan qorxacağı qalmayıb:
Bu sirri soruşasan hansı alimdən
Durub deməzmi ki, açılan solar.
Yolunu gözləyən qəfil ölümdən
Qorxmasan nə olar, qorxsan nə olar?
Şair inanır ki, insan ölümü ilə söhbətləşəndə, dost olanda yaşamaq daha qorxusuz olur, rahat olur:
Qocalıq ruhuna çökəndə,
Fikrin tərpətöyün toxumu kimi dağılanda,
Səksəndən sonra
Sənə ölü namizədi kimi baxılanda
Çay soğulacağına
Dəniz yox olacağına
inanmadığı kimi inanma
Öləcəyinə...
O şey ki, Allah əmridir, o şey ki, ömründə bir dəfə yaşanır, ondan qorxmağa dəyərmi? M.İsmayılın fikrincə yox!
Çalış çaldığını çal sarı simdә
Bu kibrit günlәr ki, düzülüb sәfә;
Yüz dәfә can vermә, gәlәn ölüm dә
Bir dәfә gәlәcәk, cәmi bir dәfә.
Şair Məmməd İsmayıl “Uzaq bir səfərə misram yol gedər, Şerimin ölümsüz günləri başlar...” deyəndə həm özü inanır, həm də oxucunu inandırır ki:
Allah göydə inanmış,
Sən də yerdə inan buna
Ruhun sonsuzluğuna...
Yazdığı şeirlər ruhu qədər ölümsüz olacaq, yaşarı olacaq şair Məmməd İsmayılın...
Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru