525ci qəzet Tərcümə təcrübələri: ədəbimədəni hüdudların ötəsinə körpü
Sevinc MÜRVƏTQIZI
Tanınmış ədəbiyyatşünas, tərcüməçi və redaktor Seyfəddin Hüseynlinin yenicə işıq üzü görmüş "Tərcümə təcrübələri" kitabını müəllif imzası ilə əldə etmək üçün bir axşamçağı yolumu "525-ci qəzet"in redaksiyasından saldım. Əslində kitabdan ötrü AYB-nin "Bayatı" kitab mağazasına, yaxud Tariyel Əliyevin "Papillon" Kitab Evinə də müraciət edə bilərdim. Amma jurnalistikadakı 18 illik iş təcrübəmin tən yarısı bu doğma redaksiyanın payına düşür deyə, məhz "525"in redaksiyasına üz tutdum. Həmin illər ərzində qəzetin ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə redaktoru Seyfəddin Hüseynlinin mətnə də, müəllifə də tələbkar, güzəştsiz yanaşması, amma eyni zamanda gənc yazarlara, jurnalistlərə öyrədici yöndə həssas, qayğıkeş münasibəti, aramızda elə bir əsaslı yaş fərqi olmasa da, onu həmişə özümə ustad bilməyimə, bir çox yazarımız kimi, mənim də çox həvəslə, minnətdarlıq və şükranlıq hissilə ondan bəhrələnməyimə əsas olub.
Hərçənd, özü belə məsələlərdə xeyli təvazökardır, dəfələrlə bu cür məqamları dilə gətirənlərin söhbətinin yönünü məharətlə ayrı axara saldığının da şahidi olmuşam. Amma zənnimcə, kiminsə üstün insani məziyyətlərini vəfa hissi ilə xatırlayıb vaxtaşırı təqdir etmək, dilə gətirmək də insanlığın şanındandır, belə olmalıdır.
"Tərcümə təcrübələri" kitabının titul vərəqini müəllifin şəxsim barədə "Sözə bağlılığın gözəl və dəyişilməz obrazı kimi tanıyıb əziz tutduğu istedadlı həmkarı" kimi üstün xarakterizə ilə imzalaması sözügedən kitab haqqında yazmaq istəyimin məsuliyyət yükünü bir pay da artırdı. "Tərcümə təcrübələri"ni elə oradaca həvəslə əlüstü vərəqləyib, tərcümə edilən müəlliflərin adlarını görəndə, nağıl dili ilə desək, "bu çəkidə yüngül, vəzndə ağır" nəşri cümlə-cümlə oxumaq və sonra kitabla bağlı düşüncələrimi mütləq yazmaq fikrim qətiləşdi. Uşaqlar ləziz təamı tez bitməməsi üçün necə yavaş-yavaş yeyərlərsə, "Tərcümə təcrübələri"ni elə o templə - çoxdandır axtardığım məhz bu dadda mütaliənin verdiyi zövqün tələm-tələsik bitməməsi arzusuyla oxudum...
"...Get-gedə ağırlaşan xatirə yükü"nün bədii təs(v)iri ilə...
"Tərcümə təcrübələri"nə keçməzdən əvvəl, fürsət düşmüşkən, Seyfəddin Hüseynlinin yeni kitabının "sələfi" sayılan, 2017-ci ildə işıq üzü görmüş daha bir uğurlu işi - Culian Barnsın Buker mükafatlı "The Sense of an Ending" əsərinin ana dilimizdə "Aqibət duyğusu" adıyla son dərəcə uğurlu tərcüməsi haqqında yığcam bəhs etmək istəyirəm. Seyfəddin Hüseynlinin çoxillik peşəkar tərcüməçi təcrübəsi ilə doğma dilimizə qazandırdığı "Aqibət duyğusu" "kor-koranə irəliləyib axının səmtinə üzənlərin get-gedə ağırlaşan xatirə yükü" haqqında misilsiz mütaliə zövqü bəxş edən əsərdir. Tərcüməçi zəngin fəlsəfi təfəkkürlə yüklənmiş əsəri tərcümə edərkən, yalnız dilin strukturunu deyil, həm də Barnsın bədii təfəkkürünü, mürəkkəb düşüncə tərzini, onun ədəbi potensialının ironik və mücərrəd incəliyini, metaforik zənginliyini də ustalıqla Azərbaycan dilinə çevirib. Beləliklə də, orijinal mətnin fəlsəfi dərinliyini və postmodern mürəkkəbliyini qorumaqla yanaşı, oxucunu hər bir qatında (səhifəsində) yeni anlamların kəşfinə sövq edən bədii bir aləm yaratmağa nail olub. "Aqibət duyğusu"nun dilimizə tərcüməsində orijinal mətnin mənəvi və fəlsəfi dərinliyini itirmədən, müxtəlif ədəbi və dil səviyyələrini ustalıqla birləşdirilərək əsərin intellektual yükü, duyğu tonu olduğu kimi qorunub. Seyfəddin Hüseynli burada yalnız mətnin bədii-mənəvi zənginliyini deyil, həm də Barnsın ədəbi ustalığının incəliklərini Azərbaycan dilində peşəkarlıqla "orijinal ritmlə təkrarlamağı" bacarıb və tərcüməni həm fəlsəfi dərinlik, həm də ədəbi incəliklə zənginləşdirərək, iki fərqli dilin və düşüncə tərzinin harmoniya içində təmasını təmin edib. İnsanın keçmişlə, xatirələrlə və həyatın mənası ilə qurduğu mürəkkəb əlaqələri dərindən araşdıran, postmodern estetikaya söykənən fəlsəfi-psixoloji bir əsər yazmış Barns, zamanın gətirdiyi qırılmaları təsvir edərək oxucunu insanın yaddaş təcrübəsinin çoxqatlılığında səyahətə çıxarır, hər kəsin öz aqibətini necə formalaşdırdığına dair dərin bir düşüncəyə dəvət edir.
Romanda xatirələrin qaranlıq kölgələrində gizlənən anlamlar və süjetin qeyri-müəyyənliyi, reallıq və xəyali olan arasındakı sərhədlərin silinməsi ilə bir növ metafizik axtarışa çevrilir. Və Seyfəddin Hüseynli bütün bunları özündə ehtiva edən mətnin orijinal ruhunu, doğma iqlimini qoruyaraq Culian Barnsın şah əsəri sayılan romanı Azərbaycan oxucusuna həm bədii-estetik, həm də intellektual ustalıqla təqdim edib...
Məxsusi zövqlə ərsəyə gətirilən zəngin bədii tərcümə kolleksiyası
Seyfəddin Hüseynlinin həm ədəbiyyatşünas, həm də redaktor kimi peşəkar mütəxəssis olması çətin tərcümə prosesində özünə qarşı son dərəcə tələbkar və perfektsionist yanaşmasına zəmin yaradıb. Mətnləri oxuduqca intuitiv hiss edirsən ki, tərcüməçi az qala, hər bir sözün üzərində titrəyərək tərcümənin mükəmməlliyinə diqqət yetirib. Ümumiyyətlə, sözə dürüst, məsuliyyətli və fədakar münasibət onun hər tərcüməsində gözə çarpan məziyyətdir: bu fəaliyyət yalnız dilin deyil, həm də mədəniyyətlərarası əlaqələrin anlaşılıb çatdırılmasına xidmət edir. Orijinal mətnin ruhuna sadiq qalma prinsipi və doğma dildə mükəmməl təqdimat bədii tərcümənin əvəzolunmaz nümunələri kimi qarşımıza çıxır.
"Tərcümə təcrübələri" dünya ədəbiyyatından mövzu və ədəbi estetika baxımdan məxsusi həssaslıqla, zövqlə seçilib dilimizə çevrilən hekayələr, esselər və ədəbi söhbətlərdən ibarət zəngin bədii tərcümə kolleksiyasıdır. Bu tərcümələr yalnız fərqli mədəniyyətlərin və ideologiyaların bədii dillə tərcüməsi deyil, həm də insanların psixologiyasını, həyatını, cəmiyyətə münasibətini müxtəlif baxış bucaqlarından təsvir edən çoxsahəli oturuşmuş bir təcrübədir.
Bu kitab tərcümə prosesini yalnız bir dilin materialının başqa bir dilə ötürülməsi şəklində yox, daha dərindən, mədəniyyətlərarası əlaqələr, fərqli dövrlərin və estetik baxışların qarşılıqlı təsiri kimi təqdim edir. Əsərin nəinki hər səhifəsi, bəzən hər bir cümləsi belə tərcümə prosesindəki zəhməti xatırladaraq, eyni zamanda bədii dilin incəliklərinə və insanın düşüncə dünyasının dərinliklərinə səyahət etməyə imkan verir. Bu mətnlər sadəcə, dilin deyil, eyni zamanda fərqli zaman və məkanların, dəyişkən insan psixologiyalarının, müxtəlif mədəniyyətlərin tərcüməsidir.
Kitabdakı hər bir mətn ölkə, müəllif, mövzu və üslub baxımından fərqli yanaşmaları əks etdirir. Tərcümə prosesinə müstəsna həssaslıqla yanaşıldığındandır ki, yalnız yazıçıların ədəbi yaradıcılıq aləminə deyil, onların şəxsi dünyalarına da pəncərə açılıb.
Seyfəddin Hüseynli bu kitab vasitəsilə Azərbaycan oxucusuna dünya ədəbiyyatının hüdudsuz ədəbi, bədii, psixoloji üfüqlərini tanıdır və o hüdudların ötəsinə körpü salır...
Kitabı istər oxucu kimi hər şeyi unudub mütaliə edəndə də, istər filoloq kimi cümlələrin, sözlərin arasında didinib dərinliklərinə varanda bir daha əmin olursan ki, mübaliğəsiz, tərcümələrdəki dilə, üsluba və peşəkarlığa söz ola bilməz. Hekayədən-hekayəyə adladıqca, essedən-esseyə keçdikcə, sanki ölkə-ölkə gəzirsən. Amma bu, elə belə, məcburi bələdçi ardına düşüb gedilən bir səyahət deyil, sanki hər yeni ölkənin parıldayan paytaxtını da, gecəqondu məhəllələrinin boz üzünü də bədii sözün gücüylə "görüb" keçirsən: hər ölkədən qiymətli nəsə əldə edərək, "damaq zövqü"ndə bir fərqli tam - dad, qəlbində bir başqa zövq, ruhunda bir ayrı hissiyyatla əsl bədii söz bayramı yaşayırsan...
Həyata, insana, ədəbiyyata, incəsənətə münasibətdə maraqlı yanaşmaları, müxtəlif tarixi, mədəni, ictimai məsələləri öz dilinə hər baxımdan uyğunlaşdırmaq, xüsusilə də, bədii tərcümə prosesində hər zaman ən çətin məqamlardır. Seyfəddin Hüseynli məhz bu çətinliyin öhdəsindən gələrək, hər bir mətnin tərcüməsinə (hiss olunur ki, elə redaktəsinə də) az qala, bir sənət əsəri kimi yanaşaraq, həm dilin incəliklərini, həm də cəmiyyətin içindəki sosial-siyasi dinamikanı nəzərə alıb. Redaktə demişkən, kitabın redaktoru Südabə Ağabalayevanın, korrektoru Gülzar Səfərovanın da nəşrə son dərəcə məsuliyyətli yanaşmasındandır ki, ən tələbkar oxucunun da qarşısına filoloji-qrammatik cəhətdən "tərtəmiz" şəkildə çıxması təmin edilib.
Fərqli bədii-estetik təmayüllərin ahəngdar təqdimatı...
Kitab fərqli dövrlərin və istiqamətlərin bədii dillərini, poetik xüsusiyyətlərini əks etdirir. Modernizmdən-postmodernizmə, ekspressionizmdən-realizmə və absurdizmə qədər - tərcümə zamanı diqqətəlayiq xüsusiyyətlərdən biri və birincisi, Seyfəddin Hüseynlinin orijinaldakı özünəməxsus dil və üslub istifadəsini qoruyub saxlamaqla, eyni zamanda doğma dilimizin ədəbi imkanlarından səxavətlə, amma məsuliyyət hissini unutmadan istifadə etməsidir. O, hər bir cərəyanın tərcüməsini mümkün qədər orijinal ruhda qorumağa çalışıb, amma eyni zamanda həmin cərəyanın özündəki bədii-estetik təmayülü də dilimizin doğma ahəngi ilə oxucuya çatdırmağı bacarıb.
Seyfəddin Hüseynli tərcümə prosesinə həm bədii, həm də psixoloji və fəlsəfi aspektdən yanaşaraq oxucunu dünyaya fərqli bir pəncərədən baxmağa dəvət edir, beləliklə, mütərcim təkcə "Tərcümə təcrübələri"ni deyil, özünün yüksək ədəbi zövq anlayışını da oxucularla comərdliklə bölüşür. Bu tərcümələr həm də mədəniyyətlərarası əlaqələrin daha sağlam qurulması üçün dayanıqlı körpülərdir. Sözügedən kitab hər bir ədəbiyyatsevər üçün yalnız bir mütaliə vasitə-təcrübəsi deyil, həm də ədəbiyyat və tərcümə haqqında yeni düşüncə tərzinin formalaşmasına yol açan qiymətli nəşrdir.
"Tərcümə təcrübələri" - bədii tərcümə sənətinin yalnız dil zəminində ötürülməsi deyil, həm də mədəniyyətlərarası düşüncə və incəsənət mübadiləsinin təcəssümüdür. Seyfəddin Hüseynli tərcümə təcrübələri ilə oxucuya yalnız müəllifin ədəbi potensialını tanıtmayıb, həm də hər bir əsərin daxilindəki psixoloji, fəlsəfi və estetik qatları da təqdim edə bilib.
Tərcüməçi bu əsərləri yalnız konkret cəmiyyətin tələblərinə uyğunlaşdırmaqla kifayətlənmir, həm də sənətin estetik funksiyasını qorumağa çalışır. Kitabdakı hekayələr, esselər və ədəbi söhbətlər, insanın həyatı anlamağa çalışarkən üzləşdiyi paradoksları, çətinlikləri ön plana çıxarır. Bu tərcümələrdə yalnız yazıçının şəxsi baxışları deyil, həm də həmin dövrün sosial-siyasi şəraiti də aydın nəzərə çarpır. Hekayələr, esselər və ədəbi söhbətlər hər bir dövrün ideoloji təsirlərini və onların bədii dildə necə əks olunduğunu göstərir.
"Tərcümə təcrübələri" sanballı müəlliflərə xitab etməsi ilə həm də gələcəyin ədəbiyyatının tərcüməsidir. Bu əsərlər bədii tərcümənin insan həyatını, düşüncəsini və dünyagörüşünü necə dəyişdirdiyini, necə bir sənət formasına çevrildiyini də göstərir. Seyfəddin Hüseynli hər bir əsərlə yalnız mədəniyyətlərarası əlaqə qurmaqla kifayətlənmir, həm də ədəbiyyatın saflaşdırıcı gücünə, əsl söz sənətinin gələcəyinə olan inamı oxucuya ötürür...
Doğma dil kontekstində "sərhədləri aşan" mozaik prozaika
"Tərcümə təcrübələri"nin "Hekayələr" bölümü kitabın böyük hissəsini təşkil edir: burada yer alan tərcümələr öz orijinal mahiyyətlərini tam mənada saxlayaraq və eyni zamanda doğma dil kontekstində dərin bir təsir yaratmaqla "sərhədləri aşır".
Kitabın ilk səhifələrindən mütərcim Beat cərəyanının inkarçı ədəbi bütü sayılan Riçard Brotiqanın "Birinci Dünya müharibəsi... "Los Anceles" təyyarəsi" və "Qocalar avtobusu" hekayələrini təqdim edərək, ənənəvi mənada deyil, sayğılı metaforik anlamda "Amerika açıb". İndiyədək Riçard Brotiqanın "Qarpız şəkərində" əsərini türk dilində oxumuşdum, orada yazıçının absurd distopiyasından sonra, indi də bu hekayələrdə konkret hadisələrdən daha çox, onların yaratdığı atmosferə və duyğulara fokuslayan bəzən şairanə, hərdən də minimalist müəllif təhkiyəsinə yenidən heyran qaldım: "...Hamımız naqolay narahat durumdaydıq. Bu necə olmuşdu? Niyə biz qəflətən qəddar taleyin əlində oyuncağa çevrilmişdik, niyə bir-birimizdən gözümüzü çəkə bilmirdik?.." Təbii ki, bu təhkiyənin dilimizə yüksək səviyyədə "transfer"ində tərcüməçinin müstəsna məsuliyyətli, yaradıcı və peşəkar yanaşmasını da yenidən xatırla(t)maq yerinə düşərdi. Bu xatırlatdığım məqam sonunacan kitabın ruhuna hakimdir. Mütaliə zamanı hər mətndən zövq aldıqca kitabda üç hekayəsi ilə yer alan Çexiya yazıçısı İvan Kraus kimi hər kəsə demək istəyirdim ki: "Oxuyun, ay millət!" Yazıçının eyniadlı hekayəsində və eynən bizdə keçirilən kitab təqdimatlarını "bəzəyən" maraqlı tipajlarla zəngin "Təqdimat mərasimi" əsərində yumorun ironiyaya, bəzən sarkazmın da bunların hər ikisinə qarışıb insanı güldürən və düşündürən ab-havası var. Bu ab-havadan söz düşmüşkən, qeyd eləmək istərdim ki, ümumiyyətlə "Tərcümə təcrübələri" kitabının, demək olar ki, bütün ruhuna intellektual yumorun və ironiyanın hər tonu hopub... Haradasa oxucu intuisiyası ilə hiss edirəm ki, Seyfəddin Hüseynli sanki məhz o tonların ədəbi ifadəsinin öz əksini tapdığı mətnlərin tərcüməsinə daha meyillidir və tərcümə seçiciliyində mütləq bu xüsusiyyəti də nəzərə alır...
Və bu intellektual, sarkastik mühitdən tərcüməçi sanki oxucunun diqqətini götürüb qəfildən əski Çin nəsrinə doğru qanadlandırır. Qədim dövrün (I-X yüzilliklər arasında yaşamış) Çin ədibləri Li Fu-Yanın "Qabaqcadan bilinən evlilik"dəki fatalizm inancını sorğuladıqdan sonra, Xuanfu Şinin "Səfehlər kəndi"nə düşürük - həm də doyunca güldürən "Alt çənə əhvalatı" ilə...
"Əcnəbilərin niyə sevilmədiyini" isə İngiltərə yazıçısı Cerom Klapka Ceromun ingilislərə məxsus özünükiçiltmə (self-deprecating) yumoru ilə yazdığı hekayəsindən anlamaq olar...
Kitabda hekayələri verilən italyan nəsrinin üç usta ismi - İtalo Kalvino, Luici Pirandello və Canni Rodarinin fərqli üslublarda yazdıqları, amma ümumilikdə absurdizm, cəmiyyət və fərdin qarşıdurması fonunda daxili ziddiyyətləri təsvir edən hekayələri bədii ədəbiyyatda psixoloji və paradoksal dərinlik həvəskarlarının doyunca zövq alacağı qəbildəndir. Bu üçünün arasından sevimli yazıçım isə daha çox Luici Pirandellodur, çünki: "Bəzi öhdəliklər" mütləq olmalıdır, labüddür bu. Olmasa yaxşıydı, ancaq var bunlar". Və ardınca da "Qatar fit verdi" - belə "fit"lər bizi "miskin məişətdən, çəkdiyimiz əzab-əziyyətdən qoparmaq" üçündür...
Yer üzündə göz işlədikcə uzanan ucsuz-bucaqsız əraziyə malik Rusiya, bu kitabın da böyük hissəsini - doğulduğum yerləri andıran doğma təhkiyə ilə yazmış - bir çox ədibin hekayə və esseləri ilə, sözün yaxşı mənasında, "zəbt" edib: Mixail Bulqakov, Fazil İskəndər, Sergey Lukyanenko, Yuri Mamleyev, Oleq Pavlov, Zaxar Prilepin, Roman Sençin, Aleksey Varlamov, Gözəl Yaxina, Mixail Yelizarov, Mixail Zoşşenko, Dmitri Merejkovski, Aleksandr Soljenitsın, Vladimir Krupin, İqor Yevdokimov və Larisa Obaniçeva... Fərqli ədəbi cərəyanların təmsilçiləri olsalar da, ümumiləşdirici yanaşsaq, bu yazıçılar həm fərdi, həm də sosial təcrübələrinə söykənərək əsərlərində müxtəlif dövrlərin və şəraitin təsirini, insanın daxili dünyasını, mənəvi və fəlsəfi dilemmasını dərin şəkildə qələmə alıblar. Əslində könül istərdi ki, kitabda yer alan hər bir əsərin bədii-fəlsəfi məziyyətləri və ədəbi tərcümə keyfiyyəti haqqında ayrıca fikir bildirəsən, amma bu, elə ən azı "Tərcümə təcrübələri" həcmində bir kitab demək olardı. Ona görə də oxuculara kitabı bütünlüklə oxumağı tövsiyə edib sadəcə, konkret qısa misallarla aldığım mütaliə zövqünün təfərrüatlarını da dardoymaz anlada bilirəm.
Təfsilatlı, təsirli təsvirlər və təfsirlər
Mixail Yelizarovun "başmetsifət" "Maşa"sı haqqında isə ayrıca yazmaqdan özümü saxlaya bilmədim. Evli-uşaqlı kişinin sevgilisindən ayrılandan sonra çəkdiyi ironik eşq acısı fonunda həyatındakı o boşluğa girməyə icazə verdiyi, "təsəlli payı" adlandırdığı fırıldaqçı, manipulyator Maşa haqqında yazılan bu hekayədə pelevinvari bir hava da əsir sanki. Yelizarovun özünəməxsus zəngin dil oyunları, həmçinin "estetik" biədəb ifadələri, göndərmələri və qara yumoru da öz yerində... Ayrılıq acısını belə fizioloji proseslərin vasitəsilə bədii şəkildə işləyən yazıçının qəhrəmanı yağışdan çıxıb yağmura düşür. "Sarışın pupida"sının yerini həm emosional, həm də, psixoloji cəhətdən, əsərin qəhrəmanı üçün çətin bir sınağa çevrilən Maşa tutur. Müvəqqəti də olsa. Ehtimal ki, bu hekayə tərcüməçinin təkcə bədii tərcümə baxımından deyil, həm də müəllifin çoxsaylı, rəngarəng göndərmələrinə dair (Çexovdan başlamış, slavyan, yunan mifologiyasına, Merilin Monronun məşhur mahnısından Korney Çukovskinin məşhur "Aybolit"inə, rus folklorundan fin rəqsinə, Qusar balladasınacan...) təfsilatlı təfsirinə görə, üzərində ən çox işlədiyi, zəhmət çəkdiyi əsərlərdəndir. Bununla da Seyfəddin Hüseynli sanki oxucunu müasir rus nəsrinin bu ziddiyyətli, maraqlı və intellektual prozasına "hazırlıqlı vəziyyətə gətirir". Və təkcə bu hekayədə deyil...
...Kitabda yer alan yeganə Suriya yazıçısı İbrahim Samuelin "Öhö-öhö" hekayəsini oxuyanda sarsıldım. Təxmin edin: hekayədə nədən söz açılır? Həbsxana dəhşətlərindən! Tərcüməçinin sanki xüsusi intuitiv ədəbi, həm də tarixi bəsirətlə müraciət edib illər öncə dilimizə çevirdiyi bu hekayənin məzmunu indi daha da aktualdır. Hekayəni oxumağımdan bir neçə gün sonra ortalıqdan yox olan Suriya diktatoru Bəşər Əsədin ağlagəlməz edam və işgəncələrinin yeraltı "dünya"sından - Sednaya həbsxanasının varlığından dünya ictimaiyyəti böyük üzüntüylə xəbər tutdu... İnsanları canlı-canlı presləyən alətlərin göstərildiyi tükürpədən kadrları televiziyada izləyəndə İbrahim Samuelin hekayəsinin son cümlələrini - qorxunc həyatın ədəbiyyatdakı uğurlu bədii təsvirini bütün sarsıdıcı və qorxunc təsiri ilə yenidən xatırladım: "Elə bil yuxarıdan nəhəng bir qapaq düşdü, altında qaldım: kamerama burum-burum sızan işıq qeybə çəkildi. Zindan buz kimi soyuq vücudumun üstünə örtdü divarlarını..."
Türkiyə yazıçılarının bu kitabda mütaliə zövqümüzü artıran hekayələri və esseləri də çox dəyərli ədəbi örnəklərdir. Xüsusilə də, Ercan Kesalın melanxolik türk filmləri ruhunu ehtiva edən, qorxuları ilə üzləşməyə çəkinən insanların psixoloji yaşantılarını anladan "Qorxma, burax əllərimi..." hekayəsi və Semih Gümüşün söz(l)ə işləyənlərin hərtərəfli müşküllərindən bəhs edən "Redaktorluq qəliz peşədir" essesi...
Ən sevdiyim janr olan esselər haqqında danışarkən, Aleksandr Soljenitsın, Tomas Bernhard, Kurt Vonnequt, Mario Varqas Lyosa, Mario Benedettinin "Tərcümə təcrübələri"ndəki ayrıca "Esselər" bölməsində təqdim edilən qiymətli əsərlərini xüsusilə vurğulamaq olar. Uğurlu tərcümə ilə dilimizə bəxş edilən bu esse örnəklərini, yazmaqdan və oxumaqdan zövq alanlar üçün, dil, üslubiyyat, mövzu baxımından ədəbi məktəb rolunu oynayan nümunələr hesab etmək olar.
Kitabın "Söhbətlər" bölümündə Mario Varqas Lyosa ilə Qabriel Qarsia Markesin roman haqqında söhbəti, israilli yazıçı Edqar Keret, macarıstanlı ədib İmre Kertes, türkiyəli yazıçı İskəndər Palanın müxtəlif vaxtlarda verdikləri müsahibələr bədii təfəkkürün daha rahat və informativ bir şəkildə oxucuya çatdırılmasına imkan verir. Bu söhbətlər ədəbiyyatın gələcəyi, sənətin rolu və yazıçıların cəmiyyətdəki mövqeyi ilə bağlı oxucunu dərindən düşünməyə dəvət edir.
"Tərcümə təcrübələri"nin dil və ifadə zənginliyi baxımından da oxucu rəğbətini qazanacağını düşünürəm. Seyfəddin Hüseynli tərcümə zamanı orijinal mətni naşı tərzdə "azərbaycanlılaşdırmadan" (bizim bədii tərcümə sahəsində bu lüzumsuz tendensiyaya da çox rast gəlinir), amma Azərbaycan dilinin mümkün metaforik qatlarından, çoxçalarlı təsvir-ifadə üsullarından, frazeoloji birləşmələrdən, idiomatik vahidlərdən, bəzən hafizəmizin qaranlıq küncündə gizlənən, lakin tərcüməçinin ustalığı ilə yaddaşımızdan boy göstərən sözlərdən yerində istifadə edərək (naqolay; çovumaq; ələngə; səydərəş; ötərgi; ciyərparam; pasternaksayağı döy-sındır; hönkürtüqarışıq cikkə; durduğu yerdə uçalanmaq, "qırdıqaçdı naşirlik" və s.) xarici müəllifləri azərbaycanlı oxucuya daha da doğmalaşdırıb. Amma yerbəyer: şəhərə xas, urbanistik düşüncəli nəsri öz dilində, kənddən bəhs edən, hardasa idillik məzmunlu nəsri də məxsusi ifadə vahidlərilə.
...Kitabda Mario Varqas Lyosa ilə Latın Amerikasında roman mövzusunda söhbəti verilmiş Qabriel Qarsia Markes deyir: "Mənim aləmimdə, istənilən böyük ədəbiyyat nümunəsi konkret gerçəkliyə əsaslanmalıdır..." Sonda, dahi Markesin bu cümləsinə söykənərək, demək istədiyim yekun fikir budur ki, "Tərcümə təcrübələri" bütövlükdə - istər müraciət edilən müəlliflər və mövzular baxımından, istərsə də bədii tərcümənin uğurlu ifadəsi aspektindən - həm konkret gerçəkliyə əsaslanan, həm də onu böyük ustalıqla təcəssüm etdirən əsl ədəbiyyat hadisəsidir.