907 ci düzəlişin aqibəti necə olacaq? Deputat məsələyə aydınlıq gətirdi!
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Washington Times” (“Vaşinqton Tayms”) qəzetinə müsahibəsində bildirib ki, Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə sadiqliyini nümayiş etdirib.
Nəşrin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə, ABŞ Konqresində 907-ci düzəlişin ləğvinə doğru atılan addımlara, rəsmi Bakının Rusiya ilə münasibətlərinə, eləcə də Azərbaycan–İsrail əlaqələrinə həsr olunan yazısında H. Hacıyevin fikirlərinə istinad edilərək, ABŞ prezidentinin bu sülh gündəliyinə dərhal qarşılıq verməsinin müsbət qiymətləndirilməli məqam olduğu vurğulanıb.
Bununla belə, Hikmət Hacıyev 907-ci düzəlişin mövcudluğunun sülh prosesinə mane olduğunu qeyd edib:
“Hər iki hökumət Azərbaycan və Ermənistan sülhü möhkəmləndirmək üçün gərgin iş aparırlar. Lakin Konqresdə bəziləri tamamilə lazımsız və ayrı-seçkilik toxumları səpən qanunvericilik aktları təqdim edirlər”.
H. Hacıyev Bayden–Blinken administrasiyasının Azərbaycan–ABŞ münasibətlərinə zərbə vurduğunu da bəyan edib. O qeyd edib ki, Donald Tramp dövründə istiləşən ABŞ–Azərbaycan münasibətləri əvvəlki administrasiyanın yanaşması ilə kəskin təzad təşkil edir: “Bayden və Blinken administrasiyası ilə təəssüf ki, çoxsaylı anlaşılmazlıqlar var idi və bu münasibətlərə ciddi ziyan vurdu”.
O, həmçinin xatırladıb ki, Bayden administrasiyası Əfqanıstan missiyası başa çatdıqdan dərhal sonra 907-ci maddə ilə bağlı məhdudiyyətləri yenidən tətbiq edib.
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli bildirib ki, ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi və faktiki olaraq Azərbaycana qarşı ayrı-seçkilik xarakteri daşıyan 907-ci düzəliş uzun illərdir real geosiyasi proseslərdən geri qalan, regionda sülh və əməkdaşlıq təşəbbüslərinə zidd hüquqi-siyasi alət olaraq qalmaqdadır:
“907-ci düzəliş uzun müddət formal olaraq ABŞ hökumətinin Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdırsa da, mahiyyət etibarilə Ermənistanın işğalçı siyasətinə siyasi dəstək mexanizmi kimi çıxış edib. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, eləcə də postmünaqişə dövründə rəsmi Bakının nümayiş etdirdiyi sülh gündəliyi bu düzəlişi tamamilə hüquqi və siyasi absurda çevirib.
Bu gün həm Azərbaycan, həm də Ermənistan hökumətləri sülhün möhkəmləndirilməsi üçün konkret addımlar atdığı halda, ABŞ Konqresində bəzi dairələrin “ayrı-seçkilik toxumu səpən” qanunvericilik təşəbbüsləri ilə çıxış etməsi sülh prosesinə birbaşa zərbə vurur. Trampın birinci prezidentliyi dövründə 907-ci düzəliş faktiki olaraq neytrallaşdırılmış, ABŞ–Azərbaycan münasibətləri enerji təhlükəsizliyi, terrorla mübarizə və regional logistika sahələrində yeni mərhələyə qədəm qoymuşdu. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinə verilən siyasi dəstək Vaşinqtonun Bakı ilə strateji tərəfdaşlığa real yanaşmasının göstəricisi idi.
Bu kontekstdə 907-ci düzəlişin ləğvi məsələsi ilk növbədə siyasi iradə problemidir, hüquqi çətinlik deyil. ABŞ prezidenti və administrasiyası Konqresə təsir imkanlarına malikdir və tarixi presedentlər göstərir ki, Vaşinqton strateji maraqlar naminə Konqresdəki müqaviməti neytrallaşdıra bilir.
Xüsusilə qeyd etmək lazımdır ki, ABŞ-ın Əfqanıstandan çıxmasından dərhal sonra 907-ci düzəlişin yenidən aktivləşdirilməsi Azərbaycan–ABŞ münasibətlərində etimad böhranı yaratdı. Halbuki Azərbaycan illər boyu ABŞ və NATO üçün Əfqanıstan missiyasında əsas tranzit və logistik tərəfdaş olub.
Bu addım bir daha göstərdi ki, əvvəlki administrasiya regiona reallıqlardan uzaq, lobbi yönümlü yanaşma sərgiləyib və nəticədə ABŞ öz maraqlarına zidd mövqe tutub”.
Elçin Mirzəbəyli
E. Mirzəbəyli əlavə edib ki, Azərbaycanın Ermənistanla iqtisadi münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar, o cümlədən neft məhsullarının ixracı və taxıl tranzitinə yaradılan şərait sırf iqtisadi jest deyil:
“Bu, sülhün sosial bazasını formalaşdırmağa yönəlmiş strateji yanaşmadır. Bakı sülhü yalnız Ermənistan hökuməti ilə deyil, Ermənistan cəmiyyəti ilə qurmağa çalışır.
Bu yanaşma 907-ci düzəlişin mahiyyətini tam şəkildə ifşa edir. Bu baxımdan realist yanaşmanı əsas götürsək, 907-ci düzəlişin ləğvi mümkündür, lakin bu proses avtomatik xarakter daşımır. Bunun üçün üç əsas istiqamət ön plana çıxır: ABŞ icra hakimiyyətinin açıq siyasi iradəsi, Azərbaycanın sülh gündəliyinin davamlı və nəticəyönümlü olması, ABŞ-ın regional maraqlarının, xüsusilə enerji təhlükəsizliyi amilinin prioritet olaraq qalması və ənənəvi regional aktorlarla balansın qorunması.
Bu faktorların hamısı bu gün Azərbaycanın xeyrinə işləyir. 907-ci düzəliş artıq nə hüquqi, nə də siyasi baxımdan əsaslandırıla bilən mexanizm deyil. Onun mövcudluğu regionda sülhə deyil, qeyri-müəyyənliyə xidmət edir. Bakı bu məsələni emosional deyil, strateji və prinsipial müstəvidə qaldırır.
Əgər ABŞ doğrudan da Cənubi Qafqazda uzunmüddətli sabitliyi və təsir imkanlarını qorumaq istəyirsə, 907-ci düzəlişin ləğvi gecikmiş, lakin qaçılmaz qərar olmalıdır. Azərbaycanın sülh gündəliyi isə bu qərar üçün ən güclü arqumentdir”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 02 Yanvar 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















