ABŞ səfir Barrakın vasitəsilə Yaxın Şərqdəki dövlətlərin demokratiyaya ehtiyac duymadıqlarını deyir
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Tom Barrakın çıxışında kifayət qədər maraqlı məqamlar var.
Əli Mustafa
“Səfir qeyd edir ki, Yaxın Şərqdə demokratiya heç vaxt olmayıb. Həqiqətən də belədir. Biz bilirik ki, Birinci Dünya Savaşından sonra bu coğrafiya Britaniya və Fransanın arasında bölüşdürülüb, yəni onların müstəmləkəsi olub. Sonradan burada qurulan hakimiyyətlər nisbi, yəni onlardan asılı olub. Bu və ya digər formada həmin imperiyalarla bağlı hakimiyyətlər olub və orada demokratiya onlara lazım olmayıb. Onlara xalqdan asılı bir hakimiyyət, dövlət deyil, həmin imperiyalarla bağlı dövlət modelləri lazım gəlib və onu da ediblər”-deyən politoloq qeyd edib ki, Yaxın Şərqdəki bir çox ölkələrdə də həmin monarxiyaları görə bilərik, həmin monarxiyalar vaxtilə dünyanı bölüşdürən imperiyaların bir formada təsis etdiyi təsisata bağlıdır.
Əli Mustafa bildirib ki, son vaxtlar İraqda, Liviyada, Livanda kifayət qədər ciddi problemlər - müharibələr, qarşıdurmalar, toqquşmalar - olur, İranda da vəziyyət eynidir.
“Tom Barrakın bu toplantıdakı çıxışı əslində Suriya ilə bağlı Amerikanın baxışlarını bir növ açıqlayır. Səfir qeyd edir ki, prezident Tramp Suriya ilə bağlı məsələlərə fərqli yanaşır, ənənəvi yanaşmadan imtina edir. Ənənəvi yanaşmanı da təqribən belə ifadə edirlər ki, Qərb ölkələri Yaxın Şərqdən daim demokratiya istəyir, idarəetmədə fərqli bir model və ya Avropa modellərinə uyğun bir şey istəyir, o da alınmır. Amerika administrasiyası Suriyadakı mövcud rejimə sanki bir nisbi müstəqillik tanımaqla imkan verib ki, bir növ zaman qazansın və ölkəni idarə edilən vəziyyətə gətirsin”-deyə politoloq qeyd edib.
Suriyadakı mövcud Əhməd Hüseyn əş-Şaraa rejimini demokratik saymaq olarmı?Əli Mustafa hesab edir ki, bilavasitə xalqın seçdiyi prezident yoxdur, amma müəyyən güc mərkəzlərinin, siyasi güclərin razılaşdığı və seçdiyi bir hakimiyyətin mövcudluğundan danışa bilərik.
“Burada ümumiyyətlə seçki özü də nisbi bir məsələdir. Çünki seçki zamanı müxtəlif sistemlərdən istifadə olunur və onların demokratikliyini də hər zaman mübahisələndirmək imkanları var. Bildiyim qədər ona müəyyən bir zaman verilib ki, Suriyada müəyyən gərginlikləri aradan qaldırsın. Yəni vacib olan işlər qurulsun, əhali geri qayıtsın. Əslində bu da ağlabatandır. Çünki bu gün Suriyanın əhəmiyyətli bir hissəsi qaçqın vəziyyətindədir, müxtəlif ölkələrdədir. Yəni belə olan halda ölkədəki əhalinin seçdiyi hakimiyyətin də sabah legitimliyini şübhə altına almaq olardı. Ona görə bütünlükdə əhali ölkəyə yığılandan sonra legitim hakimiyyətin formalaşması daha məntiqli idi. Yəni belə bir razılaşma var”-deyə Əli Mustafa qeyd edib.
Politoloq bildirib ki, Tom Barrakın da çıxışından məlum olduğu kimi Amerika da Suriyaya müəyyən müstəqilliyin verilməsinin tərəfindədir: “Hakimiyyətin işinə çox qarışmamaq və imkan vermək ki, onlar ölkəni bir normallaşdırsınlar, yəni orada bir səliqə- səhman yaratsınlar”.
“Səfir sanki demək istəyir ki, Yaxın Şərqdə demokratik dövlətlər, respublikalar o qədər də özünü doğrultmur, burada "xeyirxah" monarxiyalar daha işləkdir. Səfir bu monarxiyalardan da öncə liderlik məsələsini gündəmə gətirir. Barrak deyir ki, əslində bu coğrafiyada uğur qazanmaq, yəni dövlətlərin qurulması üçün müəyyən cəmiyyətlərdə rifahın və sabitliyin olması üçün liderlərin rolu daha önəmlidir. Yəni prosesə düzgün rəhbərlik edən, yön verən xarizmatik liderlərin olmasına ehtiyac var. Bu baxımdan sanki mövcud hakimiyyət idarəetmə fürsəti Əhməd Hüseyn əş-Şaraa ABŞ-nin bir avansı kimi də qəbul edilə bilər. Yəni bu anlama gəlir sanki Əhməd Hüseyn əş-Şaraaya şans verilir ki, (düzdür, rejimi devirib, yəni hərbi lider kimi özünü göstərib) bir siyasi lider kimi də öz imkanlarını səfərbər etsin.
Suriyada onun fəalliyyətlərinin nəticəsində bir qərar veriləcək ki, bu şəxs lider kimi yarıyır və yaxud da dəyişmək lazımdır. Amma bütövlükdə Suriya ilə bağlı Amerika monarxiyanın yaranmasına tərəfdarmış kimi görünür. Bunu mübahisələndirmək olar. Əgər sabah orada bir monarxiya qurulacaqsa, təbii ki, gərək Suriya xalqının da razılığı olsun. Bölgə dövlətlərinin də mövqeyi burada önəmlidir. Təbii ki, ABŞ dünyanın super gücü olaraq burada hələlik daha böyük söz sahibidir. Yəni bu mesajlar var.
Gələcəkdə Suriyada monarxiya ola bilər, amma mütləq mənada burada monorxiya olacaq anlamına gəlmir. Dediyim kimi bu bölgədəki və dünyadakı proseslərdən əhəmiyyətli dərəcədə asılıdır. Gələcəkdə Suriya demokratik respublika da ola bilər və yaxud da elə Tom Barrakın dediyi kimi sabah da orada hansı xeyirxah monarxiyanın qurulduğunu da görə bilərik. Və yaxud da bölgədə fərqli bir düzən yarana bilər. Daha böyük bir oluşum da formalaşa bilər və Suriyada onun içində yer ala bilər.
Bu gün Suriya ilə bağlı, Orta Şərqlə bağlı Türkiyənin və İsrailin fərqli yanaşmaları var. Gələcəkdə bu baxışların hansının qalib gələcəyindən asılı olaraq, bölgədə biz fərqli bir siyasi sistemin də yaranmasını müşahidə edə bilərik”-deyə Əli Mustafa qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 22 Dekabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















