Icma.az
close
up
RU
ABŞ sız London sammiti: “Qoca qitə” Ukraynanı xilas edə biləcəkmi?

ABŞ sız London sammiti: “Qoca qitə” Ukraynanı xilas edə biləcəkmi?

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropanın aparıcı dövlətlərinin liderləri bazar günü Londonda bir araya gəldilər. Görüş Ukrayna prezidenti Volodimir Zelenski, ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens arasında gərgin fikir mübadiləsindən bir gün keçirildi. Sammitin təşkilatçısı, Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirdi ki, məqsəd müharibənin dayandırılması planını hazırlamaq idi. Ancaq görüşdən sonra Qərb dünyasının liderləri ABŞ-ın Rusiya ilə münaqişəni davam etdirmək istəmədiyini nəzərə alaraq, əvvəlki koalisiyanın necə qorunub saxlanacağına qərar vermədilər. Bununla belə, “qoca qitə” tələsməyin vacib olması məsələsində ortaq mövqe nümayiş etdirdilər.

Ukrayna prezidenti Volodimir Zelenski ilə Amerika prezidenti Donald Tramp arasında görüş zamanı Ağ evin Oval kabinetində baş verən “tarixi qalmaqal” ABŞ-ın yeni administrasiyasının Kiyevlə münasibətlərinə təsiri barədə müxtəlif mülahizələr irəli sürülür. Bununla yanaşı, dünyanın gözü qarşısında baş verən mübahisə ABŞ və onun Qərb müttəfiqləri arasında gələcək əməkdaşlığın mümkünlüyü ilə bağlı da yeni suallar ortaya çıxarır: Vaşinqton Transatlantik əməkdaşlığı davam etdirəcəkmi və Ukraynaya hərbi yardım məsələsində iştirakını dayandıracaqmı?

Ötən bazar günü Londona toplaşan Avropa ölkələrinin liderləri bu və digər həyati əhəmiyyətli suallara cavab axtarmağa çalışdılar. Görüşdən sonra keçirilən mətbuat konfransında Baş nazir Starmer bildirdi ki, hərəkətlərin sürətli tempini saxlamaq və ümumi plan üzərində işləməyə davam etmək üçün tezliklə yenidən görüşəcəklər: “İndi əlavə söhbətlərin vaxtı deyil - ədalətli və davamlı sülhə nail olmaq üçün hərəkətə keçmək və yeni plan ətrafında birləşmək vaxtıdır”.

Görüş öncəsi Starmer Londonun praktiki addımlar atdığını da nümayiş etdirdi: Ukraynaya 1,6 milyard funt-sterlinqlik hərbi yardım paketini açıqladı. Martın 2-də açıqlanan 2,2 milyard funt-sterlinqlik kreditdən başqa, London 1,6 milyard funt-sterlinq ayırır və bu, Ukraynaya Belfastda istehsal olunacaq 5000-dən çox hava hücumundan müdafiə raketi almağa, ölkənin güclü müdafiə sektorunda iş yerləri yaratmağa imkan verəcək: “Bu, kritik infrastrukturu indi qorumaq və Ukraynanı sülhün təmin olunmasında gücləndirmək üçün həyati əhəmiyyət kəsb edəcək, çünki biz keçmişin səhvlərindən dərs almalıyıq. Rusiyanın asanlıqla poza biləcəyi Minsk kimi zəif razılaşmanı qəbul edə bilmərik”.

Bundan başqa, Starmer dedi ki, Britaniya Ukraynaya kömək etmək üçün mühüm addımlar atır. Onların arasında Ukraynaya hərbi kontingentin göndərilməsi də var: “Biz bu sazişin icrasını qorumaq üçün Ukraynaya kontingent göndərəcəyik. Biz kömək etmək fürsətini gözləyə və laqeyd yanaşa bilmərik. Dərhal köməyimizi artıracağıq”. Onun sözlərinə görə, Böyük Britaniya, Fransa və digər ölkələr Ukrayna ilə döyüşlərə son qoymaq planı üzərində işləyəcəklər. O, planın daha sonra ABŞ-la müzakirə ediləcəyini və planın birgə həyata keçiriləcəyini bildirdi. Starmer qeyd etdi ki, London Ukraynada sülhü müdafiə etməyə hazırdır – bu, həm “yerdə çəkmələrin”, həm də “havada təyyarələrin” olmasını nəzərdə tutur. Baş nazir sazişin ABŞ-ın dəstəyinə ehtiyacı olduğunu xatırladaraq əlavə etdi ki, “Avropa ağır yükü qaldırmalıdır”: “Açıq deyim ki, davamlı sülhün bərqərar olması ilə bağlı Trampla razıyıq. İndi buna nail olmaq üçün birlikdə çalışmalıyıq”.

Britaniya hökumətinin rəhbəri ABŞ-ın etibarsız müttəfiq olması barədə səsləndirilən fikirlərlə razı olmadığını da açıqladı: “Mən ABŞ-ın etibarsız müttəfiq olması ilə razılaşmıram, bir-biri ilə bu qədər sıx bağlı olan iki ölkə yoxdur”. Onun sözlərinə görə, sammit iştirakçıları ondan çıxış etdilər ki, “bu, Avropanın ABŞ-la birgə və Amerikanın dəstəyi ilə üzərində işlədiyimiz plandır. Buna görə də dünən axşam Trampla danışdım”. Ağ evin məsələyə münasibəti hələlik bilinmir. Amma ABŞ prezidenti Donald Tramp deyir ki, ölkəsinin Putindən narahat olmaqdan daha aktual problemləri var. Onun fikrincə, “Avropa kimi olmamaq” üçün belə bir yanaşma lazımdır. “Avropa kimi olmayaq deyə, Putindən az, ölkəmizə daxil olan miqrant təcavüzkarlar, narkobaronlar, qatillər və ruhi xəstəxanalardan olan dəstələrdən daha çox narahat olmalıyıq!”. Bu sözlər bir daha təsdiqləyir ki, Ağ evin prioritetləri dəyişir və “qoca qitə” taleyini özü həll etməlidir və Ukraynaya yardımları da artırmalıdır.

Bəs avropalılar Ukraynaya necə kömək etmək istəyirlər? Qərb KİV yazır ki, London sammitində liderlər dörd əsas addımda razılaşdılar. Birincisi, iştirakçılar Ukraynaya hərbi yardımın davam etdirilməsinin və Rusiyaya iqtisadi təzyiqin artırılmasının zəruriliyini bildirdilər. İkincisi, görüş iştirakçıları əmin olduqlarını bildirdilər ki, istənilən davamlı sülh Ukraynanın suverenliyini və təhlükəsizliyini təmin etməlidir və Ukrayna danışıqlar masası arxasında olmalıdır. Əgər sülh razılaşması əldə olunarsa, Avropa liderləri Rusiyanın Ukraynaya gələcək işğalının qarşısını almağa çalışacaqlar. Ukraynanı qorumaq və ölkədə sülhü təmin etmək üçün “istəklilərin koalisiyası” yaradılacaq. “Bloomberg” Avropa rəsmilərinə istinadən yazır ki, Fransa və Böyük Britaniya yaxın günlərdə ABŞ prezidenti Donald Trampa “Avropa Plus” alyansı - Ukraynada sülhməramlı missiyada iştirak etmək istəyənlərin koalisiyasını təqdim etməyi planlaşdırır. Agentlik qeyd edir ki, qrupa Kanada da daxil olmaqla qeyri-Avropa ölkələri də daxil ola bilər.

ABŞ və Avropa arasında yaşanan hazırkı vəziyyətdən maksimum faydalanmağa çalışan Fransa prezidenti Emmanuel Makron görüşdən sonra bildirdi ki, Paris nüvə silahlarının müttəfiq torpaqlarda yerləşdirilməsinin mümkünlüyünü istisna etmir. ABŞ-ın nüvə silahlarının Avropanın bir sıra ölkələrinin ərazisində olması məlumdur. Avropalılar ehtiyat edirlər ki, Vaşinqton silahlarını və hərbçilərini “qoca qitə”dən çıxara bilər. Belə bir ssenari gerçəkləşərsə, Avropada güclü boşluğun yaranacağı heç kimə sirr deyil. Həmişə liderliyə can atan Fransa belə bir perspektivi yüksək qiymətləndirir. Məhz bu baxımdan Makron nüvə çəkindirməsi məsələsində avropalı tərəfdaşlarla əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir: “Bizimlə dialoqu dərinləşdirmək istəyənlər zərurət yaranarsa, çəkindirmə təlimlərində iştirak edə biləcəklər. Bu mübadilələr avropalılar arasında əsl strateji mədəniyyətin inkişafına töhfə verəcək”. Onun sözlərinə görə, nüvə silahları mövzusu qorxulu deyil, lakin Fransanın nüvə doktrinası da dəyişmir. Amma Makronun bu açıqlaması ölkəsində birmənalı qarşılanmır. Ultrasağçıların lideri Marin Le Pen Makronu tənqid edərək dedi ki, çəkindirici qüvvələr “fransız” olaraq qalmalıdır.

Bir sözlə, London sammitində ötən cümə günü Oval kabinetdə baş vermiş qalmaqalın geosiyasi təsirlərini yumşaltmağa, beynəlxalq münasibətlərdə müşahidə olunan gərginliyi azaltmağa çalışdılar. Amma sammitin nəticələri göstərdi ki, bir sıra Avropa liderləri Ukraynanı dəstəkləyəcəklərinə söz versələr də, Kiyevə açıq şəkildə bildirdilər: Avropa Ukrayna məsələsində ABŞ olmadan hərəkət etməyə hazır deyil. “Euractiv” portalının materialında da qeyd olunur ki, Aİ liderləri ABŞ ilə xüsusən NATO kontekstində yaxından işləməyə davam etməyin vacibliyinə və Avropanın təhlükəsizlik məsələlərində ABŞ-la əməkdaşlığın zəruriliyinə inanırlar. Hətta bir sıra Avropa liderləri Ukraynanı dəstəkləyəcəklərinə söz versələr də, Kiyevə Vaşinqtonla əlaqələrini bərpa etməyə çağırdılar.

Belə çıxır ki, “istəklilərin koalisiyası” Ukraynaya kömək məsələsində hələ də ümidlə okeanın o tayına baxır.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Mart 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri