Adlar: divarlara da yazılır, tarixə də... Dilarə Adilgil yazır
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Dilarə ADİLGİL
Bu esseni yazmağa məni həvəsləndirən bir dostum oldu. Daha doğrusu, onun sosial şəbəkədə öz adı ilə bağlı paylaşdığı postu. Əlbəttə, təsadüfi heç nə yoxdur. Nə böyük anlamda, nə kiçik... Əgər mən oxuduğum status, orda paylaşılan fikir barədə daha əvvəl, şüuraltı da olsa, düşünməsəydim, vərəqləyib keçərdim, əhəmiyyət də verməzdim. Necə ki, əksər yuzerlər belə etmişdilər. Hər yazının öz oxucusu olduğu kimi, hər kəsin də öz adamı var...
Müəllif yazır: "Kişi (burada insan) adıyla yaşar. İnsanlar tarixdəki məşhur adaşlarını tanıyır və özlərini onlara bənzətməyə çalışırlar. Bu xüsusiyyət hamıda var. Tarixdəki adaşları məşhur bir insan da olur, bir çiçək də, bir məfhum da..."
Doğrudan elədir. Bir istedadlı, tanınmış, həm də xoşuna gələn adamın eyni zamanda adaşın olduğunu bilmək xoş deyilmi? Əlavə stimuldur. Mən üstündə adım yazılan mağaza, gözəllik salonu görəndə, dərhal xoşbəxt poz verib qarşısında şəkil çəkdirirəm. Adını daşıdığı küçənin lövhəsinin, gəminin önündə və sair yerdə foto paylaşanları da çox görmüşəm. O qədər məmnun görkəm alır ki, sanki bu gəmi general Polad Həşimovun yox, elə o şəkli çəkdirən tələbə Poladın adınadır. Heç kim deməsin ki, bu belə deyil, ya bu hissi yaşamayıb. Ad da dəb ilədir, ya müəyyən bir hadisə ilə, tarix ilə bağlı artıb-azalır. Məsələn, 1970-ci ildə İndira Qandinin Bakıya gəlişindən sonra, həmin dövr Azərbaycanda qızlara İndira adı qoyuldu. Qısa bir müddət. Məhz İndira Qandinin şərəfinə. Sonradan populyarlıq qazanmasa da. Bu hal şahbanu Fərəh Pəhləvinin, Türkiyənin 8-ci prezidenti Turqut Özalın Bakıya səfərlərindən sonra da baş vermişdi. Dilimizə yad olan İndiradan fərqli olaraq, Fərəh və Turqut ad lüğətimizə çox rahat yerləşdi (Özal da ayrılıqda) və indiyə qədər də yaşayır. Bir təmiz azərbaycanlı ailədə Svetlana adının haradan yarandığı ilə maraqlananda "babadı da, Stalinin qızının şərəfinə qoyub. İş burasındadır ki, indi nənə olan Svetlana nəvəsinə adını bilmir necə qoysun, axırı oxşadıb Şölə qoydu", - dedilər... Azərbaycandakı Svetlanaların çoxu aşağı-yuxarı həmyaşdılar...
İnsanla tanışlıq addan başlayır. Yeni tanışlıq zamanı adımızı deyib özümüzü təqdim edəndə "nə gözəl adınız var" - nidasını eşitmək insanı sevindirir, adından da, özündən də razı edir. Ad insanın vizit kartıdır, haqqında yaratdığı ilk təəssüratdır, ilk təəssüratın isə ikinci şansı olmur:
"- Quzum, yavrum! Adın nədir?
- Gülbahar.
- Pəki, sənin, anan-baban varmı?
- Var.
(Hüseyn Cavid)
Bir az da yumor qataq:
- Adın nədir?
- Züleyxa!
- Aşiq olmazsan ki?
- Yox a!
("Ulduz" filmindən)
Adlar hansısa şəxsə heyranlıqdan, İlahiyə minnətdarlıqdan (Allahşükür), ya elə mövsümlə (Xəzangül), doğulduğu ayla (Maya) əlaqədar qoyula bilər.
Elə adlar da var, ailəvidir. Əslində, bu yaxşı ənənədir. Uğurlu, xoşbəxt ömür yaşamış insanın energetikası onun adına da sirayət edir, adı ilə də taleyinə, xarakterinə, xarici görünüşünə ötürülür. Güclü adların cazibəsindən çıxmaq olmur, ha tərəfə getsən də, ona dönürsən, sevə-sevə, təkrar-təkrar qoyulur, nəsildən nəslə keçir.
Ad sadəcə səs yığını deyil. Fərdin özüdür. Zaman keçdikcə insan adına oxşamağa başlayır, ona öyrəşir, onunla eyniləşir, bütövləşir. Bibim uşaqları evdə analarını "mama, mama..." çağırıb heç cür oyada bilməyəndə, "doktor Rəhimə xanım" müraciətinə "bəlii" deyib dərhal ayağa qalxırdı.
Ad - həm də şöhrətdir, markadır, brenddir. Pyer Karden: "Mənim adım özümdən qabaqda gedir", deyirdi.
Ad həm də, statistikadır. 44 günlük Vətən müharibəmiz bu statistikanı xeyli dəyişdi. Laçın boşaldılan gün düşünmüşdüm: "Görəsən, bu gün neçə Laçın doğuldu?" Necə ki, Füzuli azad olanda doğulan füzulililəri, Cəbrayıl işğaldan qurtaranda cəbrayılları, Şuşanı alanda Şüşəxanımları düşünmüşdüm. Prezident İlham Əliyev Vəng kəndinin adını dəyişəndə həmin günlərdə doğulan qızlar da, Çinarlının şərəfinə valideynləri tərəfindən Çinarə adlandırıldılar. Prezidentimiz demiş: "Adı mübarək olsun!" Bütün xalqın toy-bayram etdiyi qələbə naxışlı, heç vədə unutmayacağımız günlərdə həyata vəsiqə almaq! Poladın, Mübarizin də adı yerdə qalmadı. Məktəbdə elə sinif, baxçada elə qrup yoxdur ki, orada Mübariz olmasın! 2021-ci ildə 306 Polad doğulub, hələ "Poladhəşim" kimi yeni ad da yaranıb. "Xudayar" da favoritlər siyahısındadır. 33 oğlan "Xudayar"la şərəfləndirilib. Xudayar Yusifzadə bu adı kəndxudalıqdan çıxarıb şərəf zirvəsinə yüksəltdi (Elə illər olub ki, statistikada "Xudayar" heç qeydə alınmayıb). Xalq şəhidlərinin adını məhəbbətlə balalarına qoyur, yaşadır.
İnsanın həyatı boyu ən çox eşitdiyi kəlmə - öz adıdır. Ad çox həssas məsələ olub şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. İnsanla onun adı arasında mistik, sakral bir bağlılıq var. Psixoloqlar belə deyirlər. Psixologiya nədir? "Köhnə" Azərbaycan dilinə çevirəndə "ruhiyyat" mənasını verir. Əgər kimi isə özünə tərəf çəkmək istəyirsən, ruhunu oxşamağa çalışırsan, ona adı ilə çox müraciət et. Gözəl müraciət et! Sanki həmin adamın qəlbinə açar salmış kimi olursan.
Sənin adın - quş kimidi əlimdə.
Sənin adın - buz kimidi dilimdə.
Sənin adın - hərflərin beşidi.
Dodağımın bircə tərpənişidi.
(Marina Svetayeva. Tərcümə Ramiz Rövşənindir)
Sevdiyin adamın dilində adın sənə daha xoş gəlir. Hansı dildə səslənməyindən asılı olmayaraq, əgər adın sevgi ilə, hörmətlə çağrılırsa, sənin üçün bundan şirin kəlmə ola bilməz.
Simpatiya bəslədiyin adamlarla adaş olmaq da bir ayrı zövq... Həmbürclərlə olduğu kimi...
Ad - cəmiyyət hadisəsidir. Bu, həmişə belə olub. Sovet hökuməti hakimiyyətə gələndə bəzi üzdəniraq Məhəmmədlər öz adlarını bəyənməyib Marat edirdilər... 2000-lərdə yaxşı bir tanışım oğluna Bin Laden adı qoymaq istəyirdi. Terrorçu axtarışda olanda. Özü də məhz bu formada - Bin Laden. Bin Ladenin şübhəli şəxsiyyətini qoyaq bir tərəfə, ondan başlayaq ki, bu ad deyil. Şəxsin adı Üsamədi. Sovet vaxtı qoyurdular "İliç", ona bənzər. Nə məqsədlə? Məncə, prinsipiallıqdan. Mənasız inada, kaprizə görə uşaq bir il adsız qaldı. Ailə də etiraz etdi, qanunvericilik də... Ad qoymaq - ictimai olduğu qədər, mədəni hadisədir. Bizdə dərin kökləri var. Adqoydu, şəbbəxeyir mərasimləri... Quranın altından keçirib xeyir-dua altında körpənin adını qulağına oxumaq... Müqəddəslərin adıdırsa, "adı köməyi olsun" demək... Yoxsa ki, Məhərrəm adını yer çatmadığı üçün Məhər kimi yazdırmaq? Anadan olandan şəxsiyyətinə zərbə vurmaq, zədələmək? Başqa adımız yoxdur, olmayacaq. Valideynin övladına verdiyi ad ilk növbədə elə onun özünü xarakterizə edir. Məsələn, Fransada Nutella, Böyük Britaniyada Sianid "adları" məhkəmə işə qarışandan sonra ləğv edilib.
Gözəl sözlər tək bədii ədəbiyyatın predmeti deyil, lüğəti zənginləşdirməklə də funksiyası bitmir... Yeni adların yaranmasına rəvac verir ki, bu da əsasən, təbiət hadisələri ilə bağlı olur. Leysan, Yağmur, Dəniz, Üfüq... İldırım, Qaya, Buludxan zatən varımız idi...
İkili adlar da var. Bizdə geniş yayılmasa da, yaxşı variantdır. Ata-ana ortaq məxrəcə gəlməyəndə istəklər birləşir. Məsələn, ata Emil deyir, ana Əzəmət. Uşağın adı qoyulur Emil Əzəmət (tanıdığım nümunə). Həm ailədaxili diskriminasiya olmur, balans pozulmur, həm də valideyndən gələn müsbət enerji, qoruma ikiqat çoxalır. Bununla da, uşağın resursu və güc potensialı artır. Səslənişi də gözəl. Eyni komfortla istəyirsən qərbdə gəz, istəyirsən şərqdə.
Ad - həm də, kodlaşdırılmış informasiyadır. Şəxsin İctimai mənşəyi, milliyyəti, dini mənsubiyyəti və sair haqqında məlumatdır. Ad - uğurun yarısıdır. Bir sıra məşhur adamlar, sənət, səhnə ulduzları əsl adlarını qoyub özlərinə psevdonim götürürlər ki, bu da çox vaxt onların xeyrinə işləyir. "Ornella Muti" sahibinə "Françeska Rivelli"dən çox yaraşır. Cey Lo onsuz da epataj Cennifer Lopesin imicinə orijinal əlavədir. "Mahsun Kırmızıgül" də ifaçının səhnə adıdır. Bizdə -Azərin (Anaxanım)... "Nura Suri" də gözəl səslənir və sahibi ilə eyni dalğadadır.
Ad həm də, sirdir... Bir ailə tanıyıram, 3 uşaqdırlar. Üçünün də adı həm qadın, həm kişi adıdır: Əşrəf, İmruz, Müqəddəs...
Adı dəyişməyin də düşər-düşməzi olur... Bəxtini dəyişirsən sanki... Bəxt-taleyə inanmayan adam da ad məsələsində ehtiyatlı tərpənir. Hər insanın qoruyucu mələyi var. Bəlkə o səni elə köhnə adla qoruyacaq, onda necə?! Bir neçə il əvvəl milli bir tövr nümayiş etdirərək adını dəyişən, ən azı zahirən çox sağlam təsir bağışlayan tanınmış hərbçi-analitikimiz, çox təəssüf ki, qısa müddət sonra dünyasını da dəyişdi. Təsadüfmü? Nə bilmək olar...
Adı daşımağı da bacarmaq lazımdır. Eyni adı ayrı-ayrı fərdlər fərqli daşıyırlar. Ad da geyim kimidir, gərək sahibinə yaraşsın, böyük-kiçik, boş-dar olmasın, qutu kimi dursun üzərində.
Ad eyni zamanda məsuliyyətdir. Layiqli ada layiq olmaq, doğrultmaq da var. Adı Hüseyn olanın yanlışa haqqı yoxdur, nədən ki, dünya onun adına ağlayır. Ada dua da edilir, lənət də yağdırılır.
Con Kennedi deyirdi: "Düşmənlərinizi bağışlasanız da, adlarını unutmayın".
Şəxs adlarımız mənəvi sərvətimizdir... Türkdilli xalqlar, biz azərbaycanlılar da daxil qızlara "aylı-güllü" (Aynur, Gültəkin), oğlanlara "ərli-elli" (Ərtoğrul, Elgün) adlar qoyarıq. Həm də, məmnuniyyətlə qoyarıq... Mərhum professor Şirindil Alışanlı bir dəfə zarafatla demişdi ki, daha bizim şöbəyə planet adlı qız göndərməsinlər, çağıranda çaşdırıram...
Ad da assosiasiyadır. Arina - ancaq A.S.Puşkinin dayəsi ola bilər sanki, Diana - ancaq şahzadə. Əsli deyəndə Kərəm yada düşür, Tahir deyəndə Zöhrə... Çox zaman belə adlar qoşa qoyulur. Bizim ailədə Elxan da var, Aqşin də... (Cəfər Cabbarlı). Rəfiqəm İradənin qardaşı Raufdur ("Göz həkimi" pyesi) və sair. Başqa bir rəfiqəmdən "niyə nəvənə adını qoymadın?", - soruşanda "Sən heç xoşbəxt Lalə görmüsən?", - dedi... Əlbəttə, bu belə deyil... Sadəcə, onun qarşılaşdığı Lalələrin xoşbəxtlik payı bir qədər az olub ki, bu da şüüraltı öz işini görüb.
İnsanın ilk sənədi adı ilə bağlıdır, "adı ilə böyüsün", - deyirlər. Son sənədi də. Ölümündən sonra da etibarlıdır. Özü həyatda olmayanda da. Bizi ilk növbədə adımızla xatırlayacaqlar. Uşağa ad seçmək də bir incə sənətdir. Böyüklərin seçdiyi ad hər yaşa uyğun olmalıdır, insanın uşaqlığına da yaraşmalıdır, ixtiyar vaxtına da. Yeddinci qızına Şahanə adını verən əslində ona hər şey vermiş kimidir. Ad müqəddəsdir, onunla məzələnmək, lağa qoymaq yolverilməzdir. Hətta belə bir fikir də mövcuddur ki, insanın özü ilə zarafat etmək olar, adı ilə heç vaxt! Valideyn də var, semantikasına varmadan, tələffüzü çətin bir sözü, sadəcə qulağa xoş gəldiyi üçün ada çevirib onomastikaya öz "töhfə"sini verir. "Ad - taledir" deyirlər, emosional yükü insanın qədərinə təsir edir. Adından dolayı bəxtindən giley edən Hicran və Natəvan tanıyıram ki, haqsız da sayılmazlar. Bəs övladını ömürlük "Cəllad" adına məhkum edən valideyn nə düşünür, ona nə arzulayır görəsən? ("Cəllad"lar əsasən şimal bölgəmizdən çıxır). Ata-ananın birgə məhsulu kimi uşağın adını "Məhsul" qoyan var. İçimizdə körpəyə xörək adı da verən tapılır. Ad qəhətçiliyidir? Ata qayğanağı sevirsə, övladın adı Qayğanaq olmalıdır? Uşağa elə ad qoymaq lazımdır ki, ondan utanmasın, adını qoyana ömrü boyu dua etsin. Dilçiliyin ən gənc sahəsi olan onomastikanın (advermənin) öyrənəcəyi çox şey var...
Məhəmməd Peyğəmbərin xatirəsinə, yoluna edilən hücumlara baxmayaraq, dünyada ən çox qoyulan ad yenə Məhəmməddir... Peyğəmbərimiz ad məsələsinə ciddi yanaşmış və hədislərində buyurmuşdur ki, övladın valideyn üzərində gözəl bir isim ilə isimləndirilib islam ədəbi ilə tərbiyə olunmaq kimi bir haqqı vardır. Bu arada - Azərbaycanda Məhəmmədin təhrif olunmuş Məmməd forması Məhəmmədin lehinə ləğv edildi.
Xritsian adları müsəlmanlar arasında yayılsa da, xristianlar bizim adları demək olar qoymurlar. Müsəlmanlığı qəbul edənlər istisnadır. Yeri gəlmişkən... tarazlıq pozulmasın deyə qeyd edim ki, müsəlmanlar da xristianlığı nadir hallarda qəbul edirlər.
İnsanın öz adına münasibət vaxt keçdikcə dəyişir. Uşaqlıqda adımdan xoşum gəlmirdi. Ətrafdakı tək-tük Dilarə xalaları çıxsaq, yaşıdlarımın arasında, demək olar ki, adaşım yox idi. Mən də bundan kompleks keçirir, saysız-hesabsız Gülnarələrdən biri olmaq istəyirdim. Amma yaşım artdıqca, mənasına vardıqca, ən başlıcası, özümə inamım çoxaldıqca, nəinki adımla barışdım, onunla dostlaşdım da. Hətta indi bizim evdə 12 yaşlı Dilarə də böyüyür. Ad insanı bəzəmir, insan adı sevdirir, ya da... əksinə...
Adı qorumaq da var. Elə olur ki, adın canından qabaq olur. Bu, artıq qəhrəmanlıqdır.
Canlı-cansız hər şey adıyla bilinir... Materiklər də, uzaq ulduzlar da, qasırğalar, sunamilər, kokteyllər, başqa nələr də... Amma yəqin ki, bilmədiyimiz adlar olduğu kimi, adı heç bilinməyənlər da var və bu ikincilər adama daha qorxulu gəlir...

