ADP 8 Noyabr Zəfər Günü münasibətilə bəyanat yaydı
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Demokrat Partiyası 8 Noyabr - Zəfər Günü münasibətilə bəyanat yayıb.
Moderator.az xəbər verir ki, bəyanatda deyilir:
"ADP bəyan edir ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik tarixində ən şanlı və əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli iradəsinin, birliyinin, vətənpərvərliyinin və öz torpaqlarına sahib çıxmaq əzminin təntənəsi kimi Azərbaycan tarixində əbədi yaşayacaqdır. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi ilə özünün həlledici mərhələsinə qədəm qoydu. Şuşanın azad olunması Azərbaycanın hərbi-siyasi qələbəsinin taleyini müəyyənləşdirməklə yanaşı, təxminən 30 il davam edən işğala son qoyulmasının və ölkəmizin ərazi bütövlüyünün bərpasının tarixi əsaslarından birinə çevrildi.
ADP hesab edir ki, 8 Noyabr təkcə hərbi qələbənin ildönümü deyil, həm də milli yaddaşımızın, dövlətçilik tariximizin və xalqımızın mübarizə əzminin rəmzidir. Bu Zəfər Azərbaycan xalqının öz tarixi torpaqlarına bağlılığının, milli həmrəyliyinin və müstəqil dövlət kimi suveren hüquqlarını qorumaq iradəsinin parlaq ifadəsidir. Bu tarixi qələbənin əldə olunmasında Ali Baş Komandanın siyasi iradəsi, Azərbaycan xalqının göstərdiyi birlik və həmrəylik, Azərbaycan Ordusunun qəhrəmanlığı, hərbçilərimizin fədakarlığı və vətənpərvərliyi həlledici rol oynadı. Müharibə dövründə Azərbaycanın haqq işinə siyasi və mənəvi dəstək göstərən qardaş Türkiyə və Pakistanın mövqeyi də xüsusi qeyd edilməlidir. Türkiyənin bütün çətin məqamlarda nümayiş etdirdiyi qətiyyətli siyasi dəstək, Azərbaycanla həmrəyliyi, Pakistanın ölkəmizin ərazi bütövlüyünə verdiyi prinsipial siyasi və mənəvi dəstək xalqlarımız arasındakı qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Azərbaycan xalqı bu dəstəyi daim yüksək qiymətləndirəcəkdir.
ADP hesab edir ki, Zəfər Gününün mənəvi mahiyyəti, ilk növbədə, bu qələbənin əldə olunması naminə canından keçmiş şəhidlərimizin xatirəsinin uca tutulması, onların ailələrinə dövlət və cəmiyyət qayğısının daim diqqət mərkəzində saxlanılması ilə tamamlanmalıdır. Vətən uğrunda sağlamlığını itirmiş qazilərimizin sosial müdafiəsi, tibbi və psixoloji reabilitasiyası, məşğulluğu, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyası dövlətin və ictimaiyyətin mühüm vəzifələrindən biri olaraq qalmalıdır.
ADP eyni zamanda hesab edir ki, qazanılmış tarixi Zəfərin qorunması və möhkəmləndirilməsi, ölkəmizin suverenliyinin, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün təmin edilməsi, azad edilmiş ərazilərin bərpası, həmin torpaqlarda həyatın yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi Azərbaycanın qarşısında duran mühüm tarixi vəzifələrdəndir. Zəfərimizin davamı güclü dövlət, demokratik cəmiyyət, hüququn aliliyi, milli həmrəylik və sosial rifahın təmin olunması olmalıdır.
ADP bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xalqını, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edir.
Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Qazilərimizə möhkəm cansağlığı, şəhid ailələrinə səbir və dözüm, xalqımıza sülh, əmin-amanlıq, rifah və firavan gələcək arzulayırıq.
Zəfərimiz əbədi, dövlətimiz müstəqil, xalqımız bir və həmrəy olsun!
Tanrı Azərbaycanı qorusun!"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 06 Noyabr 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















