Icma.az
close
up
RU
Ağ at Yasunari Kavabatanın hekayəsi Azərbaycan dilində ilk dəfə

Ağ at Yasunari Kavabatanın hekayəsi Azərbaycan dilində ilk dəfə

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1968) yapon yazıçısı Yasunari Kavabata 11 iyun 1899-cu ildə Yaponiyanın Osaka şəhərində doğulub. Ziyalı və varlı ailədə doğulan Yasunari Kavabata üç yaşında valideynlərinin hər ikisini itirib. Yazıçı və bacısı ana tərəfdən baba-nənəsinin himayəsində böyüyüb. Yazıçı altı yaşında olarkən nənəsi və bacısı da ölüb. Bu faciəvi hadisələr gələcək yazıçının psixikasına təsirsiz ötüşməyib. Kavabata ilk əsərlərindən biri olan və həyatdakı sonuncu yaxın adamının, babasının ölümündən az əvvəl yazdığı "On altı yaşlı oğlanın gündəliyi" (1914) avtobioqrafik hekayəsində başına gələn faciələri əks etdirməyə çalışıb.

Yazıçı 1920-ci ildə Tokio Universitetinin ingilis dili və ədəbiyyatı bölümünə daxil olub. Lakin bir il sonra yapon ədəbiyyatı bölümünə dəyişilib. Sonuncu kursda təhsil alanda Kavabata artıq "Buncay syuncyu" ("Dövrün ədəbiyyatı") jurnalının redaksiya heyətinin üzvü idi. 20-ci illərin ortalarında isə o, bir qrup gənc yazıçı ilə birlikdə yapon ədəbiyyatında modernist istiqamətin tribunasına çevrilən "Bunqey dziday" ("Müasir ədəbiyyat") jurnalının əsasını qoyub.

"Rəqqasə İdu" (1925) povesti gənc müəllifin ilk uğurlu əsəri sayılır. Kavabatanın növbəti "Quşlar və vəhşi heyvanlar" (1933) kitabında bir gəncin insanlarla təmasdan qaçıb təbiətə sığındığı, yalnız sevdiyi gənc qızın xəyalı ilə yaşadığı təsvir edilirdi. Yazıçının bu qəhrəmanı Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsərindəki qəhrəmana bənzədilir, "XX əsr yapon Məcnunu" adlandırılır.

Sənətkarlıq təcrübəsi artdıqca Kavabata, əsasən, Avropa mədəniyyətindən nəşət edən eksperimentlərdən uzaqlaşmış və milli ənənələrə daha çox bağlanmışdı. "İdzulu rəqqasə" (1926), "Qarlı diyar" (1935,1937-1947), "Dağın səsi" (1949-1954), "Köhnə paytaxt" (1962), "Asakuslu şən qızlar" (1961), "Minqanadlı durna" (1949-1952) kimi əsərlərin müəllifi olan yazıçı Fransanın İncəsənət və Ədəbiyyat Ordeni zabiti (1960) adına layiq görülüb. 1948-1965-ci illərdə o, yapon PEN-klubunun sədri, 1959-cu ildən həyatının sonuna qədər isə Beynəlxalq PEN-klubun vitse-prezidenti olub. Yasunari Kavabata Nobel mükafatı alan ilk yapon yazıçısıdır. İsveç Akademiyası 1968-ci ildə "yapon şüurunun mahiyyətini əks etdirən yaradıcılıq məharətinə görə" Yasunari Kavabatanı Nobel mükafatına layiq görüb.

Yazıçının həyatı faciəvi sonluqla bitib. 1970-ci ildə yaxın dostu, tanınmış yapon yazıçısı, kino-aktyor və sağ təmayüllü siyasi xadim, nəhayət, uzun illər yapon ədəbiyyatının ən şanslı Nobel iddiaçılarından biri olan Misimanın yapon hərbi bazalarından birində əsgərləri hökumət əleyhinə üsyana qaldırmaq cəhdi uğursuzluqla bitəndən sonra xarakiri edərək özünü öldürür. Bu, Kavabata üçün böyük sarsıntı olur və yazıçının narkotik asılılığı daha da güclənir. Nəticədə onun meyiti 16 aprel 1972-ci ildə yaşadığı mənzildə qazla zəhərlənmiş halda tapılır. Bu, intihar hadisəsi kimi qeydə alınır. Hər hansı bir məktub olmadığından bu dəhşətli addımın səbəblərini müəyyənləşdirmək də mümkün olmur. İntihar versiyası ilə yanaşı, Kavabatanın ölümünü bədbəxt təsadüf hesab edənlər də az deyil. İndiyə qədər bu sirrin üstü açılmamış qalmaqdadır.

Əgər həqiqətən, intihar olubsa, yapon yazıçısının bu hərəkəti taleyin qəribə ironiyalarından sayıla bilər. Çünki Kavabata Nobel mühazirəsində məhz müasir dünyada geniş vüsət alan intihar olaylarına toxunaraq belə demişdi: "İnsanın dünyaya yadlaşma dərəcəsindən asılı olmayaraq, intihar etiraz forması sayıla bilməz. İntiharla həyatına son qoyan insan nə qədər ideal olsa da, müqəddəs adlandırıla bilməz".

Kulis.az yazıçının "Ağ at" hekayəsini ilk dəfə Azərbaycan dilində təqdim edir.

Yapon palıd ağaclarının (meşələrinin) yarpaqları arasına gümüşü bir günəş şüası süzülmüşdü.

Noquçi, səbəbsiz yerə başını qaldırdı, gözlərini qıyaraq bu parıltıya baxdı və sonra bir də nəzər saldı. Günəşin işığı birbaşa gözlərinə vurmurdu: o, yarpaqların sıx örtüyündə ilişib qalırdı.

Bir neçə palıd yanaşı bitmişdi; aralarında nəhəng bir ağac vardı ki, ona baxanda adam düşünürdü ki, bir yapon palıdı necə bu qədər uca və gövdəli ola bilər?! Bu ağaclar qərbdən gələn günəşi qarşılayıb meşənin dərinliklərinə süzürdülər. Onların aşağı budaqları budanmamış, elə əl dəyilməmiş qalmışdı. Yayın qərbə boylanan günəşi palıdların arxasında asta-asta batmağa davam edirdi.

Olduğu yerdən günəşi bütöv görə bilmirdi, çünki yarpaqların bir-birinə dolaşmış sıx toxuması onu gizlətmişdi; günəş yalnız yarpaqlar içində bir işıq parıltısı idi. Noquçi buna adətkərdə (günəşi belə görməyə alışmışdı) idi. Bura dəniz səviyyəsindən min metr yüksəklikdə, dağlıq bir bölgə idi və burada yarpaqlar Avropa ağaclarınınkı kimi təravətli, yaşıl olurdu. Günəşin batdığı vaxtlarda yapon palıdlarının yarpaqları solğun-yaşıl, şəffaf bir rəng alırdı. Bəzən yüngül bir meh əsəndə, bu yarpaqlar sanki işıqdan ibarət dalğalar buraxırdı.

Amma həmin gün, günün sonuna yaxın, yarpaqlar hərəkətsiz idi, işıq da yarpaqların içində sükut içində dayanmışdı.

- Hə? - Noquçi təəccübünü dilə gətirdi. Gözləri səmadakı qaranlığa bənzər rəngi sezmişdi. Bu, hələ palıd ağaclarının arasında gizlənən səmanın rəngi deyildi; bu rəng elə bir rəngdi ki, sanki günəş indicə batmışdı. Palıdların yarpaqları arasında ilişib qalmış gümüşü işıq hələ də qalırdı, çünki ağacların arxasında süzülən kiçik bir ağ bulud, artıq batmış günəşin son işığı hələ də işıldayırdı. Ağacların sol tərəfində, uzaq dağ silsilələri tədricən tünd mavi kölgəyə bürünürdü.

Birdən, palıdların arasına hopmuş o gümüşü işıq qəfil söndü. Sıx yaşıl yarpaqlar qaraldı. Elə həmin anda, ağacların ucundan bir ağ at sıçrayaraq solğun göyə (küllü səmaya) doğru çapdı.

- Ah! - dedi Noquçi, amma bu təəccüb əslində o qədər də təəccüb sayılmazdı. Çünki bu, onun üçün qeyri-adi görüntü deyildi.

"Deməli, o yenə minmişdi. Və yenə qara geyinmişdi"...

Ağ atın belindəki qadının qara, uzun geyimi arxada dalğalanırdı. Daha doğrusu, atın qalxmış quyruğunun üzərindən geriyə doğru axan o qara parçanın qıvrımları, həm onun paltarı idi, həm də ona aid olmayan, öz-özünə dalğalanan bir varlıq idi.

- Bu nə ola bilərdi? - Noquçi təəccübləndi və gördüyü siluet artıq göydə itib yox olmuşdu. Amma atın ağ ayaqlarının hərəkəti onun yaddaşında iz buraxmışdı. Baxmayaraq ki, at yarışdaymış kimi çox sürətlə hərəkət edirdi, amma bu görüntü vaxtı ayaqları aydın görünürdü və dırnaqları iti, dəqiq cizgilərlə seçilirdi.

- "Bəs o uzun qara parça nə idi? Bəlkə o parça deyildi?!" - Noquçi bu qeyri-müəyyən düşüncə içində tərəddüdlə susdu.

Noquçi ibtidai məktəbin yuxarı siniflərində oxuyarkən, bir dəfə Taeko ilə birlikdə oleandr çiçəkləri ilə çevrələnmiş bir bağçada oturub şəkil çəkmişdi. Razılaşmışdılar ki, hər ikisi at şəkli çəkəcək. Taeko sanki göydə çapırmış kimi görünən bir at çəkdiyi üçün Noquçi də onun kimi bir at çəkmişdi.

- "Bu, dağı təpikləyib tanrıların çeşməsini fışqırdan atdır", - demişdi Taeko.

- "Amma qanadları yoxdur axı!" - Noquçi heyrətlə səslənmişdi. Onun çəkdiyi atın isə qanadları vardı.

- "Ona qanad lazım deyil", - Taeko cavab vermişdi, - "Ayaqlarındakı dırnaqları sivridir".

- "Bəs onu kim sürür?"

- "Taeko. O atı sürən Taekodur. Mən çəhrayı paltar geyinmişəm və ağ ata minmişəm".

- "Hımm! Deməli, dağı təpikləyib tanrıların çeşməsini fışqırdan atı sürən Tae-çandır?"

- "Hə, elədir. Noquçi-canın atının qanadları var, amma heç kim ona minmir".

- "İndi oturacaq!" - Noquçi tələsik şəkildə atın belinə bir oğlan çəkdi. Taeko kənardan baxaraq izləyirdi.

Bütün məsələ belə olmuşdu; Noquçi sonradan başqa bir qadınla evləndi, uşaqları oldu, qocaldı və bu xatirəni tamamilə unutdu.

Bu hadisəni yuxusuz gecələrin birində, qəfil xatırlamışdı. Oğlu universitetə qəbul imtahanından kəsilmişdi və hər gecə saat ikiyə, üçə qədər dərs oxuyurdu; bu isə Noquçini elə narahat edirdi ki, yuxuya gedə bilmirdi. Yuxusuz gecələr çoxaldıqca Noquçi həyatın boşluğunu hiss etməyə başlamışdı. Oğlunun qarşısında hələ gələcək vardı, arzuları vardı, heç yatağa da girmirdi. Ata isə, sadəcə yataqda gözünü tavana dikib uzanırdı. Və bu, oğlu üçün deyil, özünün içini gəmirən boşluqdan irəli gəlirdi. Bu hiss bir dəfə içində yuva qurduqdan sonra onu rahat buraxmırdı, qarmaqarışıq kökləri ilə Noquçinin bütün daxili aləminə kök salmışdı.

Noquçi yuxuya getmək üçün müxtəlif yollar sınadı. Sakit xəyallara dalmağa çalışdı, xatirələrə sığındı. Sonra bir gecə, təsadüfən Taekonun ağ at rəsmini xatırladı. Orijinal rəsmi aydın xatırlaya bilmirdi. Amma qaranlıqda gözlərini yumarkən, Noquçinin gözünün önünə uşaq əlilə çəkilmiş bir atdan çox, göydə qaçan ağ atın silueti gəlirdi.

- "Ho! Görəsən, bu çəhrayı paltarda at sürən Taeko-çandırmı?

Göydə çaparaq qaçan ağ atın fiquru aydın idi, amma üstündəki adamın nə rəngi, nə də forması seçilirdi. Amma deyəsən qız da deyildi.

Hər halda, göy boşluğunda qaçan o ağ atın sürəti tədricən azaldıqca və o, uzaqlaşaraq yox olduqca Noquçi həmin an yuxuya getdi.

O gecədən sonra, Noquçi ağ atın zühurundan yuxu çağırışı üçün istifadə etməyə başladı. Və doğrudur, Noquçi, bəzən yuxusuzluğa qapılırdı; nə vaxt ki narahatlıq, qəm-qüssə onu bürüyürdü, bu hal onun vərdişinə çevrilirdi.

Artıq uzun illər idi ki, Noquçi yuxusuzluğunun dərmanını həmin görüntüdə, həmin xəyalda axtarırdı. Ağ atın silueti canlı və möhtəşəm idi, amma onu sürən şəxs bütün dünya üçün sanki qara libasda bir qadına bənzəyirdi. Bu, çəhrayı geyimli balaca qız uşağı deyildi. Üstəlik, həmin qara geyimli qadının surəti - Noquçinin xəyalında belə - solğun, yaşlı və getdikcə daha sirli görünməyə başlayırdı.

Bu gün isə bir ilk idi: Noquçi ilk dəfə ağ atın görüntüsünü yataqda gözlərini yumaraq deyil, oyaq halda kresloda oturarkən görmüşdü. Və bu da bir ilk idi ki, görüntüdəki qadının arxasından uzanaraq dalğalanan uzun, qapqara bir parça görünürdü. Ağır, qalın, axın kimi sürünən o qara şey - "Axı bu nə idi belə?!"

Noquçi baxışlarını o tədricən qaralan, kül rənginə dönmüş səmaya dikdi - o səma ki, ağ atın görüntüsü orada itib, yox olmuşdu.

Artıq qırx il idi ki, Taekonu görməmişdi. Onun taleyi, harda olduğu barədə heç nə bilmirdi.

P.S. "Shiro-uma" (Ağ At) - Nobel mükafatlı yapon yazıçı Yasunari Kavabata tərəfindən 1963-cü ildə yazılıb və P.Metevelis tərəfindən 1983-cü ildə, Çiba prefekturasının İçikava şəhərində ingilis dilinə tərcümə olunub.

Tərcümə: Nilufər Hacılı

"Ədəbiyyat qəzeti"

Bu gün Qurban Bayramıdır Həyatı söz, sözü həyat əbədiləşdirən ustad - Rəsul Rza 115 “Şah İsmayıl” tamaşası təqdim olunub - “Opera günləri”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 İyul 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri