Icma.az
close
up
RU
Ağ rəngin poeziyada harmoniyası

Ağ rəngin poeziyada harmoniyası

Icma.az bildirir, 525.az portalına istinadən.

Yeganə XANLAROVA,
Filologiya üzrə fəlsəfə doktoru

Qulu Ağsəsin poeziyasında "ağ" yalnız rəng deyil - ideya, gözəl niyyət və estetik mövqedir. Onun şeirlərindəki məna yükü nə qədər ağırdırsa, bu yükü daşıyan bədii ifadə bir o qədər saf, şəffaf, ağ-bəyazdır. Elə buna görə də bu yazının sərlövhəsi ilk andan öz-özünə formalaşır: "Ağ rəngin poeziyada harmoniyası".

Azərbaycan ədəbiyyatının yaxın tarixinə nəzər saldıqda nikbinlik və ümid üzərində qurulan, adında "işıq", "ağ", "ümid" sözləri daşıyan onlarla əsərlə qarşılaşırıq: Fikrət Sadığın "Ağ cığır", "Yerdən göyə ümid", Xəlil Rza Ulutürkün "Ümid və məhəbbət poeziyası", Arif Abdullazadənin "Ömrün ağ cığırları", Musa Yaqubun "İşıq ömrü", Anarın "Ağ liman" və digərləri... Bu silsilə təsadüfi deyil. Professor Tofiq Hüseynoğlunun dəqiq müşahidəsi ilə desək, həmin dövrün müəllifləri həyati konsepsiyalarındakı nikbinliyi, insana və gələcəyə inamı əsərlərinin adına əlavə edilən "ağ" epiteti ilə kodlaşdırırdılar. Lakin sonrakı illərdə yazılan oxşar adlı əsərlər əvvəlki rezonansı doğurmadı. Çünki zaman dəyişmişdi - torpaq həsrəti nikbinliyin üzərinə kölgə salmışdı.

Qarabağsız qalan şairin sevinci necə bütöv ola bilərdi? İllərlə yurd həsrəti çəkən qələm sahibləri üçün "ağ" rəng də ağrı ilə çulğalaşmış, qaynayıb-qarışmışdı. Ta ki 27 illik ayrılıq sona çatana qədər... Bu tarixi dönüşdən sonra Qulu Ağsəs də poeziyasına yeni bir nəfəs gətirdi. Əvvəlki illərdəki torpaq həsrəti üçün anaların söylədiyi vətən xitablı ağıları eşidib ağlamadı, bu dəfə ağ rəngdən "Ağdam"ı yazdı, "Ağam şəhəri"ni yazdı, ağ rəngi yenidən mənalandırdı, aktuallaşdırdı:

Yuxarı başına keçən kafirə

yuxarıdan aşağı baxan,

Allahdan da çəkinməyən,

bircə əsarətdən qorxan!

Ağ alınlı qızılı atların vətəni,

Seyid cəddinə içilən andların vətəni!

Qulu Ağsəsin qeybdən gəlirmiş kimi səslənən təxəllüsü onun poeziyasının ideya təmizliyini də tamamlayır. Xalq təfəkküründə "ağ gün", "üzün ağ olsun" kimi ifadələr yaxşı niyyətin, saf əməlin göstəricisidir. Şairin şeirləri də məhz bu semantik sahədən qidalanır. Ağlığın harmoniyasından yoğrulan bu misralar hələ işğal illərində onun qəlbində azad Ağdamın işığını yandırmış, ümidini çoxaltmışdı.

Şairlər hər mövzuda yaza bilər. Amma mənə görə, şairliyin başlanğıc mövzusu da, son mövzusu da Vətəndir. Necə ki, insan ömrü laylayla başlayıb laylayla bitir, Azərbaycan insanının Vətən sevgisi də beşikdən başlayır. Daşı, qayası, çayı, meşəsi, dağı - Vətənin hər detalı şeirin materialına çevrilir. Bu mövzuda yazmaq sadəcə poetik seçim deyil, məsuliyyət və cəsarətdir. Oxucuya bu qüruru aşılamaq isə əsl sənətdir. Qulu Ağsəsin "Ağdam" şeiri məhz bu estetik yükü daşıyır.

Əlbəttə, ədəbiyyat mövzu baxımından sonsuzdur, zəngindir. Amma Qulu müəllim Vətən mövzusuna xüsusən həssas və duyğusal yanaşır. Axı qarış-qarış tanıdığı doğma ata-baba yurdu mənfur düşmənin işğalı altında olduğu müddətdə başqa nə haqda düşünəydi ki?! Ona görə yurd ayrılığının ağrısını sözə, şeirə çevirdi. Oxucu da, ədəbi tənqid də bu yaradıcılığı səmimi qəbul etdi, yüksək qiymətləndirdi.

Lakin düşünürəm ki, Ağdam azad edildikdən sonra qələmə aldığı "Ağam şəhərim! Adam şəhərim! Ağdam şəhərim!" şeiri Ağsəs təxəllüsünə xüsusi bir parlaqlıq gətirdi. Bu, artıq azad Ağdamın səsi idi:

Ağam şəhərim!

Adam şəhərim!

Ağdam şəhərim!

Şükür külünə,

şükür qayıdış gününə!

Sevincdən ağlımız çaşıb,

yüz min dəliynən gəlirik.

Bir "Uzundərə" havası çal,

çıx Bərdə yoluna -

Uzundərəynən gəlirik!..

Şair Q.Ağsəs heca və sərbəst şeirdə eyni ustalıqla yazır. Xüsusilə, sərbəst şeirdə ritm, ahəng, intonasiya və ideya bütövlüyü onun poeziyasının əsas göstəricilərindəndir:

Bu dünyada heç kəsə demədim...

O dünyada soruşsalar:

sən kimsən? -

deyəcəm ki,

altındakı skamyada

bir yol özü oturmayan

yorğun ağacam...

Qulu Ağsəsin poeziyası mövzu rəngarəngliyi ilə seçilir: Vətən, təbiət, məhəbbət, sosial mühit. İctimai proseslərə vətəndaş-şair mövqeyindən yanaşması onun şeirlərini aktuallaşdırır və oxucuya daha yaxınlaşdırır. "Atama ithaf" şeirindəki ata - zəhməti, alın təri ilə övladını böyüdən bütün valideynlərin ümumiləşmiş obrazı, lirik qəhrəmandır. Yazıçı Seyran Səxavət bu şeiri dünya ədəbiyyatının on poetik nümunəsindən biri adlandırıb:

Bir tikə çörəyin dərdindən

gecə yatmayıb,

gündüz yatmayıb,

tabutdan başqa heç yerdə

ayaqlarını oxxaynan uzatmayıb...

Şəkli də qalmayıb,

darıxanda köksümə sıxım,

bütün ömrü dincəlsəm də, doymuram -

atamın yorğunluğu

mənim canımdan çıxır...

Qulu Ağsəs "şair" olmaq xatirinə şeir yazanlardan deyil. Onun yaradıcılıq yolu kitabları ilə təsdiqlənib: "Sənsən hər yer" (2002), "T.o.ç.k.i." (2007), "Nabran novellası" (2009), "Bitpəna poşta" (Kiyev, 2009), "Dawn" (2016, ingilis dilində), "Yorğun ağacam" (Təbriz, 2022), "Görsən üşüyürsən..." (2024).

Qulu Ağsəsə kitablarının davamını görmək, növbəti şeirlər yazmaq diləyi ilə yaradıcılıq yolunda bol uğurlar arzulayırıq!

P.S. Qulu müəllimi ilk dəfə "Ulduz" jurnalında həyata keçirdiyi "Variasiya" layihəsinin müəllifi kimi tanımışam. Layihənin mahiyyəti maraqlı idi: hansısa yazıçıdan bir hekayə təqdim olunar, növbəti dəfə həmin hekayəni davam etdirib yekunlaşdıran cürbəcür, rəngarəng sonluqlu yeni hekayələr ərsəyə gətirən yazarların ədəbi məclisi qurulardı. Hərə öz sonluğunu təqdim edər, yaddaqalan ədəbi görüşlər baş tutardı. Söz-sənətdən danışılar, poeziyadan seçmələr səsləndirilər, hekayələrin müzakirələri tədbirə rəng qatardı. Hər dəfə diqqətimi çəkən əsas məqam isə bu idi - seçilən mövzuların müxtəlifliyinə baxmayaraq, tədbirin mərkəzində daha çox əsas ideya kimi Vətən, vətənpərvərlik ideyası dayanırdı.

P.P.S. Q.Ağsəsin insan olaraq da ağ niyyətli olması yaddaşımda dərin iz buraxıb. "Variasiya" layihəsinin bir tədbirinə gedərkən dediyi səmimi sözlər bu gün gerçəyə çevrilib. Belə ki, "Variasiya" layihəsinin tədbirinə yazıçı-publisist Şahanə Müşfiq ilə birlikdə dərsdən çıxıb yol yoldaşı kimi gedərdik. O vaxt Şahanə magistrant, mən də doktorant idim. Yol boyu Şahanə mənə dedi:

- Eşitdin Qulu müəllim bizə nə dedi?"

- Eşitdim, eşitdim. Dedi: "Şahanədən gələcəkdə yaxşı yazıçı olacaq, Yeganədən isə yaxşı alim". Qulu müəllim hər ikimizə səmimi arzularını əvvəlcədən uzaqgörənliklə ifadə etmişdi. Mən oldum filologiya üzrə fəlsəfə doktoru, elmi fəaliyyətimə davam etməkdən məmnunam. Şahanə isə ədəbiyyatda yazıçı-publisist kimi kifayət qədər diqqətəlayiq bir məqamda yer tutub. Uzaqgörənlik yalnız istedada deyil, ağ niyyətə də bağlıdır. Qulu müəllim də, demək, elə ağ niyyətin özüdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Dekabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri