Icma.az
close
up
RU
Alim: “Kondisioner” sözünü rahatlıqla istifadə edirik, amma “rozetka” hamını narahat edir MÜSAHİBƏ

Alim: “Kondisioner” sözünü rahatlıqla istifadə edirik, amma “rozetka” hamını narahat edir MÜSAHİBƏ

Apa.az-dan verilən məlumata görə, Icma.az xəbər verir Alim: “Kondisioner” sözünü rahatlıqla istifadə edirik, amma “rozetka” hamını narahat edir MÜSAHİBƏ.

Qarlı havada Dilçilik İnstitutuna müsahibəyə çox həvəssiz getmişdim. Suallarımın hamısına neytral cavablar alacağımı düşünürdüm. Rasim Heydərov isə məni yaxşı mənada təccübləndirdi. Bütün suallarıma maraqlı və konkret, hətta deyərdim açıq, cəsarətli cavablar verdi.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Rasim Heydərovun APA-ya müsahibəsi

- Əvvəlcə dilimizdə yaranan yeni sözlərdən başlayaq. Dilə gətirilən əcnəbi sözlərin qarşılığı hansı prinsiplə seçilir, yaradılır?

- Dilə söz elə-belə, özbaşına gəlmir. Dilə söz gəlirsə, bunun həm psixolinqvistik, həm də sosiolinqvistk səbəbləri var. Hər hansı hadisə baş verməli və ya əşya yaranmalıdır ki, dildə ona uyğun söz yaransın. Heç kim özbaşına, öz yanından söz yarada bilməz. Dilə gətirilən söz birbaşa dilə keçmir. Bu sözlər bir müddət nitq istisnası kimi istifadə edilir. Bir müddətdən sonra dil onu qəbul edərsə, dilə daxil olur. Elə sözlər var ki, gələn kimi asanlıqla qəbul edilir. Elə sözlər də var ki, 50-60 il dildə işlədilsə də, xalq onu öz sözü kimi qəbul edə bilmir. Məsələn, “prorektor”, “kompüter” kimi sözlər dilə gələndə çox asanlıqla qəbul edildi. “Kondisioner” sözü də eynilə. Dildə bu sözləri rahatlıqla istifadə edirik. Heç kim də narahat deyil. Amma “rozetka” sözü hamını narahat edir.

Hər dilin özünün səs ardıcıllığı var. Səs ardıcıllığına uyğun gəlməyən sözlər xalq tərəfindən qəbul edilmir. Dediyimiz kimi, dilə yeni gələn sözlər bir müddət müşahidə edilir. Əgər xalq bu sözü qəbul edirsə, söz dildə vətəndaşlıq qazanırsa, o halda bu sözlər lüğətlərə daxil edilir. Qəbul edilməyən sözlər üçün isə bizim dildə qarşılıq axtarılır.

Dilçilik İnstitutu söz yarada bilməz, sözü xalq yaradır

- Bəs bu prosesdə Dilçilik İnstitutunun funksiyası nədən ibarətdir?

- Adətən, deyirlər ki, niyə Dilçilik İnstitutu söz yaratmır? Dilçi söz yaratmır. Dilçi – dildəki faktları qeyd edən alimdir. Sözü isə xalq yaradır. Dilimizə yeni bir söz gəlirsə, məsələn, “kompüter” sözünün misalında danışaq, bu sözə ancaq bu əşyanın xarakterik xüsusiyyətlərini bilən mütəxəssis, şəxs bizim dildə qarşılıq tapmalıdır. Məsələn, “adapter”ə “tənzimləyici” deyilir. Amma “tənzimləyici” sözü adapterin funksiyasını tam əks etdirmir, deməli, mənasına uyğun deyil. Eyni ilə də "rozetka" sözü. "Rozetka"ya "elektrik yuvası" deyilir. Düşünürəm ki, bu qarşılıq uğurlu deyil və onun mənasını tam ehtiva etmir.

Dilçi əcnəbi dildən gələn bütün sözlərin dəqiq, konkret, təyinatına tam uyğun mənasını bilə bilməz. Bu işlə hər sahənin öz mütəxəssisləri məşğul olmalıdır. Yəni, dilə gələn əcnəbi sözün qarşılığının seçilməsində dilçi-mütəxəssislə müvafiq sahənin mütəxəssisləri birlikdə işləməlidir. Yeni söz ancaq bu cür yarana bilər. Dilçi – dildə gedən prosesləri izləyib, nəticələri ortaya qoymalıdır. Yəni, proseslərin nəticələrini lüğətlərə və qrammatikalara gətirməlidir. Yenə qeyd edirəm, dilçi söz yaratmır.

Çox vaxt bizim dildə tapılan qarşılıqlar xalq tərəfindən qəbul edilib, istifadə edilmir

- Necə düşünürsünüz, dilimizdə aktiv işlənən alınma sözlərin qarşılığının tapılmasına ehtiyac var?

- Dildə vətəndaşlıq hüququ qazanmış əcnəbi sözlərin mütləq Azərbaycan dilində qarşılığının tapılmasına ehtiyac yoxdur. Çox vaxt bizim dildə tapılan qarşılıqlar xalq tərəfindən qəbul edilib, istifadə edilmir, dildə aktivlik qazana bilmir.

- Bəzən sosial şəbəkələrdə dilimizdə yeni yaradılan "geyçim”, “ipəzor" və s. kimi sözləri yayıb tənqid edirlər. Deyirlər ki, Dilçilik İnstitutu yeni sözlər yaradıb. Bu sözləri kim yaradır?

- Bu sözlərin Dilçilik İnstitutu ilə heç bir əlaqəsi yoxdur. Dilçilik İnstitutu özbaşına söz yaradıb, söz təklif etmir. Bu tip sözləri kimlər, hansı məqsədlərlə yaradır, bilmirəm. Dilimizi zənginləşdirmək üçün bu tip qondarma sözlər yaratmaq əvəzinə dialektlərə müraciət etmək daha məqsədəuyğundur. Dili zənginləşdirmək üçün birinci mənbə dialektlərdir. Bizim dialektlərimiz olduqca zəngindir. Biz dili zənginləşdirmək istəyiriksə, yeni sözləri mütləq dialektlərdə axtarmalıyıq.

Ədəbi dil süni yaradılmış dildir, dialektlər isə qaynar bulaqdır. Dialektlərdə bütün sözlərin qarşılığı var. Dediyiniz həmin o qondarma sözlər sosial şəbəkələrdə virus kimi yayılır və sonra heç kimə izah edə bilmirik ki, bu sözləri Dilçilik İnstitutu yaratmayıb. Ümumiyyətlə, bizim lüğətlərimizə salınmamış heç bir söz bizə aid deyil. Nə orfoqrafiya, nə də izahlı lüğətlərimizin heç birində bu tip sözlər var. Bizim lüğətlərimiz Nazirlər Kabinetinin qərarı ilə çap olunur.

2025-2026-cı illərdə yeni orfoqrafiya və orfoepiya lüğətlərinin nəşr edilməsi nəzərdə tutulub

- Lüğətlərdən söz düşmüşkən, yeni orfoqrafiya və orfoepiya lüğətləri nə vaxt hazırlanacaq?

Hazırda Dilçilik İnstitutunda yeni orfoqrafiya və orfoepiya lüğətləri hazırlanır. 2025-2026-cı illərdə yeni orfoqrafiya və orfoepiya lüğətlərinin nəşr edilməsi nəzərdə tutulub. Bu lüğətlər tezlik sistemi ilə işlənilir. Yəni, mətbuatda, kitablarda və mediada ən çox işlənmiş sözlər seçilib analiz ediləcək. Tezliyi daha yüksək olan sözlər lüğətlərə daxil ediləcək. Yeni lüğətlər hazırkı lüğətlərdən daha zəngin və dəqiq olacaq. Məndə olan məlumata əsasən, yeni lüğət üçün beş yüz milyondan artıq söz bazası yığılıb. Bu sözlər təkrar işlənəcək, ələnib, seçiləcək.

Media və mətbuatdan son 20-30 illik materiallar götürülüb, bu materiallardan ən çox işlədilmiş, yəni tezliyi yüksək olan sözlər seçilib. Daxil edilən sözlərin hər birinin götürüldüyü mənbələr də lüğətlərdə öz əksini tapacaq. Eyni zamanda, Dilçilik İnstitutunda ingilis, ərəb, fars və bir çox dillər üçün yeni transliterasiya lüğətlərimiz hazırlanır. Bu, bir qədər uzun sürən prosesdir, amma artıq işlər başlanılıb, sistem qurulur.

Dili inkişaf etdirən ən vacib faktorlardan biri tərcümədir

- Tərcümə mətnlərində, xüsusən də, tibb, psixologiya, fəlsəfə və digər sahələrə dair, tibbi terminlərin, sözlərin bizim dildə qarşılığını tapmaq müşkülə çevrilib. Universitetlərdə tələbələr vəsait çatışmazlığından əziyyət çəkir. Bu prosesi necə tənzimləmək olar? Dilçilik İnstitutu bu məsələyə necə töhfə verə bilər?

- Dili inkişaf etdirən ən vacib faktorlardan biri tərcümədir. Dil tərcümə prosesində aşılanır, inkişaf edir, dilə yeni sözlər, yeni terminlər gəlir. Bu prosesdə tərcüməçinin üzərinə böyük iş düşür. Tərcüməçi təkcə dili yaxşı bilməli deyil, eyni zamanda, tərcümə etdiyi sahənin mütəxəssisi olmalıdır. Terminologiya lüğəti hazırlayan şəxs özündən terminlər yarada bilməz. Bu işi tərcüməçilər görməlidirlər. Tərcüməçi tərcümə prosesində öz sahəsinə uyğun terminləri yığıb toplamalıdır.

Bunun üçün də ədəbiyyat, fəlsəfə, iqtisadiyyat, tibb, sosiologiya və digər sahələrdə tərcümə geniş vüsət almalıdır. Tərcümələrdən sonra bu sahələrdə termin bazası yaranacaq. Dilçilik İnstitutu isə elmi işlər verib bu terminlərin işlənməsini tapşıra bilər. Terminologiya lüğətlərini yaratmaq üçün Dilçilik İnstitutu ilə tərcüməçilər birlikdə fəaliyyət göstərməlidirlər. Bu cür terminlərin, sözlərin bizim dildə qarşılığının olmamasının əsas səbəblərindən biri də ölkədə tibbi, elmi-kütləvi, fəlsəfi ədəbiyyatın yazılmaması, olmamasıdır.

Bu günün yazıçısı dilyaranmada iştirak edə bilmir

- Bu prosesdə yazıçıların üstünə düşən nədir? Yazıçı dilyaranmada, yeni sözlərin yaranmasında necə iştirak etməlidir?

- Sovet dövründə, 20-ci əsrdə aparıcı üslub bədii üslub idi. Bu gün isə aparıcı üslub publisistik üslubdur. O dövrdə sosial media yox idi, insanlar boş vaxtını kitab oxumağa sərf edirdilər. Bədii ədəbiyyat da dilyaranmada ciddi iştirak edirdi. Yazıçıların kitabları minlərlə tirajla nəşr edilir, ölkəyə yayılırdı. İndi isə yazıçı, bədii ədəbiyyat bu funksiyasını itirib. Bu günün yazıçısı artıq dilyaranmada iştirak edə bilmir. Bu gün bu rolu publisistik üslub, TV, radio və media oynayır. İndi mediada yazılan hansısa bir söz dəqiqələr ərzində bütün ölkəyə yayılır.

Yazıçılarımızın dilimizdəki türk sözləri ilə mübarizəsi mənasızdır

Yazıçılarımız da iki cəbhəyə bölünüb: bir qisim yazıda və dildə türk sözlərinin istifadəsini normal hesab edir, digər qisim isə buna etiraz edir. Buna münasibətiniz maraqlı olardı...

- Yazıçılarımızın bu polemikası, dilimizdəki türk sözləri ilə mübarizəsi mənasızdır. Bilirsiniz, dil özü hər şeyi tənzimləyir. Bu məsələləri bir az zamana buraxmaq lazımdır. Dil – dəniz kimidir. Ora düşən kənar sözlərdən lazım olanını götürür, lazımsızları isə sahilə vurur. İnsanlar hansısa sözü nitqində qəbul edib, istifadə edirsə, zamanla bu sözlərin hər biri dilə keçir. Bunu biz və yaxud yazıçılar, istəsək də, istəməsək də, proses baş verəcək.

- Türk sözlərindən söhbət düşmüşkən, Ortaq Türk Əlifbasının yaranmasından da danışaq. Bu proses necə olacaq?

- Ortaq türk əlifbası ayrıca bir əlifba olacaq. Burada məqsəd ortaq bir mənbə yaratmaqdır ki, türk xalqları bir-birini anlaya bilsin. Bizim dilimizə hansısa hərf gəlməyəcək, yaranan yeni əlifba bütün türk dillərinin hərflərindən təşkil olunacaq.

Hazırda almanlar, ruslar və digər xalqlar da öz dillərinin korlanması ilə bağlı məsələ qaldırırlar

- Sosial medianın inkişafı ilə yeni anlayış, söz və terminlər yaranır. Bir kəsim rus, bir kəsim türkcə olanları istifadə edir, adətən isə, həmin termin və ya sözlər elə ingiliscə istifadə edilir. Bu haqda nə deyə bilərsiniz?

- Bu, bir qədər qlobal problemdir. Hazırda almanlar, ruslar və digər xalqlar da öz dillərinin korlanması ilə bağlı məsələ qaldırırlar. Bu proses dünyanın hər yerində gedir. Bu gün dünyanın hər yerində dillər ingilis dilinin təsirinə məruz qalmaqdadır. Dünyaya çıxa bilmək, yaxşı təhsil almaq, karyera qurmaq üçün ingilis dilini bilmək tələb olunur, bunun əks təsiri kimi də dil təsirə məruz qalır. Burda bizim işimiz tənzimləməkdir.

“Koronavirus” sözü yeni lüğətlərə daxil ediləcək

- İstər pandemiya dövründə, istərsə də COP29 dövründə də bir xeyli bizə yad ifadə və sözlərlə tanış olduq ki, bunlar mediada istifadə edilməyə başladı. Ümumiyyətlə, ölkədə gedən ictimai-siyasi və sosial proseslərin dilə təsiri necədir?

- Əvvəlcə, onu qeyd edim ki, dilə söz gələrkən onun mənbəsi önəmlidir. Yəni, tanınmış şəxslərin, rəsmi şəxslərin dilə gətirdiyi sözlər daha rahat qəbul olunur. Yaxşı yadımdadır, o vaxt mərhum Prezident Heydər Əliyev ilk dəfə “konfrans” sözü əvəzinə “sammit” sözünü işlətmişdi və bundan sonra hamı bu sözdən istifadə etməyə başladı.

Sosial-siyasi hadisələrin dilə söz gətirməsi, bu prosesdə iştirakı qaçılmaz və mühümdür. Bəli, COP29 dövründə, ondan əvvəl pandemiya dövründə də dilimizə bir xeyli söz keçdi. Düzdür, bu sözlərin bir qismi sonradan passiv leksikaya keçir, amma bir qismi isə dildə vətəndaşlıq qazanıb, istifadə edilir. Məsələn, “koronavirus” sözü artıq rahat işlənir və lüğətlərə də daxil ediləcək.

Təhsildə test sisteminin tətbiqi gənclərin nitq qabiliyyətinə ciddi zərər vurur

- Sosial media, texnologiyalar və süni intellektin inkişafı, geniş spektrdə istifadəsi dili ünsiyyət vasitəsi kimi sıradan çıxara bilər? Hazırkı gedişat gələcəyin dilinə necə təsir edəcək?

- Bəli. Bu, çox ciddi prosesdir. Bildiyimiz ki, son dövrlər autizmə meyil kəskin şəkildə artıb. Bunun ən mühüm səbəblərindən biri valideynlərin uşaqlarla ünsiyyət qurmamasıdır. Uşağın ilkin danışmaq, öyrənmək yaşı, əsasən, 3-5 yaş arasıdır. Uşaq 3 yaşına qədər danışmağı öyrənməlidir. Valideyn uşağın əlinə telefon verib, özü də bütün gün telefonla məşğul olursa, gələcəkdə bu uşaqda ciddi problemlər meydana çıxır. 3 yaşa qədər ünsiyyət çatışmazlığı yaşayırsa, uşaqda nitq gecikmələri, nitq problemləri yaranır. Bu proses artıq gedir. İnsanlarda artıq ünsiyyət problemi yaranıb, insanlar özlərinə qapanıblar. Bu da öz növbəsində psixoloji problemlərin artmasına gətirib çıxarır.

Bu gün təhsildə test sistemi tətbiq olunur. Test sistemi də gənclərin düşüncə və danışıq qabiliyyətinə ciddi zərər vurur. Məsələn, yüksək balla universitetə qəbul olmuş tələbə bir mövzu haqqında danışanda sərbəst cümlə qurub fikrini ifadə etməkdə çətinlik çəkir.

- Uşaqlara ad qoyulması ilə bağlı da problemlər yaranır. Bəzən valideyn uşağına hansısa adı qoya bilmədiyindən şikayət edir. Bu haqda nə deyə bilərsiniz? Adlarla bağlı qadağalar niyə tətbiq edilir?

- Ad məsələsi də qanunla tənzimlənir. Əvvəlcə “ASAN Xidmət”ə yönəldilir, “ASAN Xidmət”də adla bağlı hansısa problem yaranırsa, o zaman onlar Dilçilik İnstitutuna – Adlar və soyadlar Komissiyasına müraciət edirlər. Dilçilik İnstitutu məsələni araşdırdıqdan sonra rəy verir. Bu rəy əsasında həmin ada ya icazə verilir, ya da imtina edilir. Bununla bağlı problemlər olur, bəli, hətta məhkəməyə müraciət edənlər də olur. İkili adlar, bizim dildə vulqar, təhqir mənasına gələn adlar qoyula bilməz. Adların qoyulması ilə bağlı Nazirlər Kabinetinin tövsiyələri var. Dilçilik İnstitutu da buna əsasən araşdırıb rəy verir.

- Bizdə qanunların dilindən vaxtaşırı şikayətlər olur. Maraqlıdır, bəs qanunların və qurumların adlarının seçilməsində Dilçilik İnstitutu iştirak edir, tövsiyələriniz nəzərə alınırmı?

- Düzü, bizim tövsiyələrimiz çox az hallarda alınır. Əvvəllər Monitorinq Mərkəzi bizim tərkibimizdə olanda tövsiyə üçün bizə müraciətlər edilirdi. Sonra Monitorinq Mərkəzi ayrıca fəaliyyət göstərdi və bu işlə onlar məşğul oldular. Amma qeyd edim ki, bu məsələlərdə koordinasiya bir az axsayır. Koordinasiya zəif olduğu üçün qurum və qanun adları ilə bağlı tövsiyələrimiz çox az hallarda alınır. Bəzən “qaynar xətti”mizə, bəzən isə rəsmi məktubla müraciət edib tövsiyə alanlar olur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk ulduz La Liqa nəhənginin radar ında

23 Fevral 2025 19:26see144

Zelenski prezidentlikdən gedir?

25 Fevral 2025 01:01see140

İran ordusu amfibiya desant əməliyyatı həyata keçirdi

24 Fevral 2025 00:51see117

Hər iş sahibinə dönər...

23 Fevral 2025 22:01see116

MİDA nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? ARAŞDIRMA

24 Fevral 2025 09:10see113

Abşeronun bu kəndinin yollarına xüsusi texnikalar cəlb edildi FOTO/VİDEO

23 Fevral 2025 22:07see112

Zelenskidən fərqli olaraq, Putinə diktator demədi

24 Fevral 2025 23:02see112

Aqşin Yeniseyin 3 dəqiqədə 3 səhvi REPLİKA

24 Fevral 2025 08:00see112

Sürət həddi endirildi

23 Fevral 2025 22:09see112

Lukman İngiltərə yolunda

24 Fevral 2025 11:25see111

Bakı Sumqayıt yolunda “BMW” yandı VİDEO

23 Fevral 2025 20:26see111

Brent bir barel üçün 74,42 dollara ticarət edilir

24 Fevral 2025 22:47see111

Napoli uduzdu, liderliyi itirdi VİDEO

23 Fevral 2025 22:07see110

Məşhur müğənni qəhvəxanada yaşlı kişilərlə belə pozalar verdi FOTOLAR

23 Fevral 2025 21:37see110

Məktəbin qar, təhsilin isə ekologiya dərdi Şagirdlərin xəbərsiz qaldığı təhlükələr

23 Fevral 2025 23:52see110

Yeni “iPhone”ların qiyməti artacaq: Trampın ayağı ağır oldu

23 Fevral 2025 19:27see108

Zelenski: Müharibəni bu il bitirə biləcəyimizə ümid edirəm

25 Fevral 2025 00:38see108

Balıq qiymətləri əl yandırır Ekspert səbələrdən danışdı

24 Fevral 2025 14:23see108

Bu ailələrə ŞAD XƏBƏR

25 Fevral 2025 14:15see106

Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi Nə gözlənilir?

24 Fevral 2025 00:08see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri