Alimentlə bağlı YENİLİK Vəsaitin uşağa xərclənməsinə belə nəzarət oluna bilər
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son zamanlar boşanmaların sayı durmadan artır. Bu mənfi tendensiyanı müxtəlif səbəblərlə izah edirlər. Lakin ümumi bir fikir var ki, boşanmaların artmasının əsas səbəblərindən biri alimentdir.
Araşdırmalar göstərir ki, məhkəmə prosesində hakim əksər hallarda uşaqların anada qalması ilə bağlı qərar verir. Bu da bəzi analara diqtəedən tərəf statusu verir. Çünki uşaqlar hansı valideyndə qalsa, digər valideyn qarşı tərəfə hər ay aliment vermək məcburiyyətindədir.
Bu da qadına əlavə imkan verir ki, təkcə uşaqların yox, həm də öz xərcini dolayısı ilə atadan alsın.
Halbuki bəzi hallarda ananın rəsmi qazancı atanın qazancından üstün olur. Bununla belə məhkəmə atanın üzərinə hər uşağa görə ən azı 260 manat aliment ödənişi qoyur.
Nəzərə alaq ki, ölkəmizdə minimum əmək haqqı 400, orta aylıq əmək haqqısa 1000 manat civarındadır. Əgər ailədə 3 uşaq varsa, o zaman ata ən azı 750 manat aliment ödəməlidir.
Ayda 600-700 manata işləyən ata belə vəziyyətdə nə etməlidir? Aliment üçün hər ay borca girəcəksə, bəs özü nəylə dolanmalıdır?
Üstəlik, əmlak bölgüsü olanda da uşaq və uşaqlar kiminlədirsə ona daha çox pay düşür.
Digər narahatlıq doğuran məqam alimentin necə xərclənməsidir. Alimentin təyinatı uşaqların zəruri xərcləri ilə bağlıdır. Amma bir çox hallarda aliment alan tərəf bu pulu özünün və evin zəruri xərclərinə ayırır. Bu da ədalətli yanaşma deyil. Ona görə də dünya təcrübəsindən yararlanaraq alimentin təyinatına, istifadə qaydalarına yenidən baxılması zərurətə çevrilib
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Ruslan Mustafayev deyib ki, ümumi fikirə əsasən, asanlıqla uşaqların anaya verilməsi və atanın üzərində qoyulan aliment öhdəliyinin asan icra mexanizmi qadınlarda boşanmaya marağı artırır:
“Təbii ki, bu hal boşanmaların sayının artmasının bir səbəbidir. Praktika göstərir ki, məhkəmələr uşaqların əsasən anada qalması barədə qətnamə çıxardırlar. Bu da qadınlarda inam yaradır ki, uşaqlar onunla qalacaq, aliment alacaq və əmlak bölgüsündə daha böyük paya sahib olacaq.
Təcrübəmdə görmüşəm ki, məhkəmələrdə hər 10 atadan 7-8-i övladlarının onunla qalmasını istəyir. Nəzərə alaq ki, Ailə Məcəlləsində və digər qanunvericilikdə valideynlər arasında heç bir fərq qoyulmur. Qanunvericiliyimzdə ana ilə ata arasında hüquq bərabərliyi var.
Amma praktikada biz fərqli mənzərə görürük.
Fikrimcə, analar bilsə ki, boşandıqdan sonra uşaqlar atanın yanında qalacaq, o zaman böyük ehtimalla onlar boşanmadan çəkinərlər. Burada bir maraqlı məsələ var ki, digər məhkəmə mübahisələri ilə müqayisədə alimentlə bağlı qərarların icarası çox asandır. Məsələn kiminsə evdən çıxarılmasına dair qətnamənin icrası aylarla, illərlə uzana bilər. Amma istisnaları nəzərə almasaq, alimentlə bağlı qərardadlar çox qısa zamanda icra olunur. Bu da qadınların bir çoxuna əlavə stimul verir”.
Müsahibimiz onu da qeyd edib ki, uşaqların maddi vəziyyətinin təmin edilməsi qanunvericilikdə hər iki valideynin vəzifəsi kimi göstərilir:
“Təəssüflər olsun ki, qadınlar öz vəzifələrini kənara qoyaraq uşqların maddi tərəfdən təmin edilməsini tam olaraq atalardan tələb edirlər. Bir çox hallarda da bu istəklərinə çatırlar. Baxmayaraq ki, uşaqlar qarşısında hər iki valideyn eyni məsuliyyət daşıyır”.
Aliment hara xərclənməlidir?
Bu sualı cavablandıran Ruslan Mustafayev deyib ki, alimentin ödənilməsindən sonra onun hara xərclənməsinə dair qanunvericiliyimizdə hər hansı bir nəzarət mexanizmi yoxdur:
“Yəni ata məhkəmənin onun üzərinə qoyduğu vəzifələri icra etməyə məcburdur. Əgər bunu etməsə, ata barədə daha ciddi tədbirlərin görülməsi imkanları qanunvericilikdə təsbit edilib. Təbii ki, alimenti alan valideyn bu pulu özünün yox, uşaqların zəruri ehtiyaclarına istifadə etməlidir.
Amma qanunvericilikdə buna nəzarət mexanizmi yoxdur.
Bununla belə, aliment ödəyən şəxs sübut etsə ki, ödədiyi vəsait övladlarının zəruri ehtiyaclarına deyil, digər yerlərə xərcənir, o zaman məhkəməyə müraciət edərək alimentin miqdarının azaldılmasını tələb etmək hüququna malikdir. Hətta uşaqların anadan alınıb onun himayəsinə verilməsi tələbini irəli sürmək hüququna sahibdir. Amma bunun üçün zəruri dəlil və sübutlar toplanmalıdır. Bu isə olduqca uzun və çətin bir işdir”.
Hüquqşünas bu məsələ ilə bağlı bir təklif də irəli sürüb:
“Yaxşı olardı ki, rayon icra hakimiyyətlərinin nəzdindəki himayəçilik və qəyyumluq şöbələrinin səlahiyyətləri artırılsın. Aliment ödəyən şəxs də lazım olanda bu şöbəyə müraciət edərək ödədiyi vəsaitin hara xərcləndiyi barədə səhih məlumat ala bilsin. Bu həm prosesin gedişatında şəffaflıq yaradar, həm də hər iki valideynin məsuliyyətini artırar”.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 29 Yanvar 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















