“Allah molla Paşaya cansağlığı versin ki, bizi bir bir yola salsın…” Videoreportaj
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
25 may - bir vaxtlar məktəbdəki bütün xatirələrin sonlandığı tarix. Güllər, ağ köynəklər, lentlər, “biz gedirik” plakatları və səslənən sonuncu zəng... Amma artıq doqquz ildir ki, “Son zəng” iyunun 14-də çalınır. Zaman dəyişib, dərs ili uzanıb, məktəb divarları arasında böyüyən arzular isə hələ də eynidir.
Bu il məzun olanlarla yanaşı, məktəbi bitirməklərinin 50 illiyini qeyd edənlər də var. “Qafqazinfo” olaraq həmin əlamətdar günü keçmiş şagirdlərlə qeyd etmək üçün Xızıya-Giləzi kənd tam orta məktəbinə yollandıq.
Videonu buradan izləyə bilərsiniz...
1975-ci ilin mayın 25-də “Son zəng”i eşidən gənclər bu gün yenidən məktəb həyətinə toplaşıblar. Bu dəfə bir-birini ağsaqqal, ağbirçək kimi görən sinif yoldaşları üçün dəyişməyən tək şey eyni həyəcandır... Mən isə onlardan düz yarım əsr sonra - iyunun 14-də eyni həyəcanı yaşamış, başqa bir dövrün, amma oxşar duyğuların yetirməsiyəm. Bu görüş təkcə köhnə dostların bir araya gəlməsi deyil, zamanın iki ucunun bir andaca birləşdiyi, bir dövrün digərinə əl uzatdığı an idi.

Burada “yaş öz sözünü deyib” ifadəsini yalnız məzunlara yox, elə onların 10 il oxuduğu məktəbə də aid etmək olar. Belə ki, Xızı rayon Giləzi kənd tam orta məktəbinin tarixi bir əsr əvvələ dayanır. Bu məktəb 1924-cü ildə tikilib. Bina hazırda bağça olaraq fəaliyyət göstərir, ancaq 1974-75-ci il məzunları “Son zəng”ini burada qeyd edib.
Məzunlar görüşü uşaq bağçasının həyətində təşkil etsə də, məclisin davamı Giləzinin başqa təhsil ocağında baş tutdu.
Fotoda: 1924-cü ildə inşa edilən məktəb
.jpg)
Məktəb illərində hər kəsin Fəlakət olaraq tanıdığı Zöhrə Əzimova ilə həmsöhbət oluruq. Pedaqoji Universitetdə Biologiya müəllimliyi üzrə təhsil alan müsahibim daha sonralar Xızıda ixtisası üzrə fəaliyyət göstərib. O bizə 50 il sonra parta arxasında əyləşməyin yaşatdığı hisslərdən danışıb: “Orta məktəbdə adım Fəlakət olub, indi adımı dəyişmişəm. Bu gün bizim üçün çox əlamətdar gündür. Partada oturmuşam, fikirləşirəm, o günlər yadıma düşür. Bu qədər vaxtdan sonra onların hamısını tanıdım, təkcə İsmayıldan başqa. Çox kövrəldim, yaş öz sözünü deyir. Sinfimizin əksəriyyəti yaxşı oxuyanlar idi, amma çox dəcəl idik. Çoxumuzun ali təhsili var, hər kəs fərqli sahədə çalışır”.
.jpg)
Zöhrə xanım məktəb illərindən yadına düşən xatirəsini bölüşür: “10-cu sinifdə oxuyanda tarix fənnindən Heydər müəllimin dərsi idi. Qış günü idi, o zamanlar sinif otaqlarının istiliyini odun sobası ilə təmin edirdilər. Biz də dərsi öyrənməmişdik. Sobanın borusunu yerindən çıxarıb ora kağız doldurduq ki, otağı tüstü bürüsün və biz dərs keçməyək. Müəllim içəri girən kimi heyrətləndi. Biz ona dedik ki, belə otaqda dərs danışa bilməyəcəyik, öyrəndiyimiz də yadımızdan çıxıb. Heydər müəllim başa düşdü ki, bu bizim növbəti sərgüzəştimizdir. O, havanın çox soyuq olmasına baxmayaraq, qapı-pəncərələri açıq qoydu ki, duman çəkilsin. Sonra hər birimizi dərs danışmağa çağırdı. Dedi ki, “soyuq olsa da, sizə dərs keçəcəyəm (gülür)”.
(1).jpg)
Sinifdə yaranan ab-havadan hiss etdim ki, Tubxanım Qasımova hər zaman yaxşı oxuyanlar cərgəsində olub. 40 ilə yaxın müəllim işləyən xanımla söhbətimiz zamanı onun hələ də bu peşəyə bağlı olduğunu anlamaq çətin deyil: “Bu günü yaddan çıxarmaq olmaz. Sinfimizdə 7 qız olub, qalanı oğlan idi. Məktəb illərindən qalan xatirələr çoxdur. Səadət adlı sinif yoldaşımızın evinə gedirdik, hazırda burada deyil. Onların bağlarında oturub gözəl vaxt keçirirdik. İlk dəfə 50 il sonra bir araya gəldik. İndiyədək heç görüşməmişdik, bu, pisdir. Zərnigar və İsmayıldan başqa hər kəsi tanıdım. Hazırda evdar xanımam. 40 il müəllim olaraq çalışmışam, şagirdlərim çox idi. İndi isə nəvələrimə baxıram”.

50 il sonra bu görüşü təşkil edənlərdən biri də Etibar Əzimovdur. O öz “Son zəng”ində iştirak etməsə də, tez-tez belə görüşlərin baş tutmasına səy göstərib. E.Əzimov bildirib ki, bəylərlə ara-sıra görüşsələr də, xanımlarla ümumi görüş olmayıb: “Xanımlardan 2-3 nəfəri tanıya bilmədim. Həmin günlər gözümün önündə canlanır. Müəllimlərimiz çox tələbkar olub, dərsi oxumayanda qorxurduq, bizi döymürdülər, amma zəhmli idilər. Ən yaxşı oxuduğum fənn tarix olub, ən zəif isə riyaziyyat. Öz “Son zəng”imdə iştirak etməmişəm, amma 50 il sonra buradayam. Məktəb illərindən yadımda qalan xatirələr var. Bir dəfə uşaqlar yazı taxtasına “Əlvida, məktəb!” sözünü yazmışdılar. Müəllim dedi ki, “bu yazını kim yazıbsa, silsin”. Ancaq bizim sinfimizdə birlik var idi, heç kəs bunu boynuna almadı. Müəllim hər birimizi tək-tək döysə də, biz sakit qaldıq və bir-birimizi qoruduq. Bu xatirələr yadımdan heç zaman çıxmır. Bu gün isə özəl gündür, təəssüf ki, gəlməyənlər, bu günü hesaba almayan adamlar da var. Ancaq bu mənim üçün 67 yaşımda ən unudulmaz xatirəm kimi qalacaq”.

Növbəti müsahibim görüşün baş tutmasına səbəb olan 3 nəfərdən biri - Paşa Əliyevdir. Pozitivliyi və hərəkətliliyi ilə sinifdə fərqlənən Paşa bəyi yaxından tanımaq üçün həmsöhbət olduq: “8-ci sinfə qədər adım İntiqam olub. Daha sonra dəyişdirilib, bundan isə xəbərim olmayıb. Hazırda rəsmi sənəddə adım Paşadır. Bir dəfə müəllim siyahını oxuyanda dedi ki, Əliyev Paşa. Mən də baxdım, gördüm ki, heç kəs reaksiya vermir. Müəllimə dedim ki, bu sinifdə Paşa adlı adam yoxdur. O məni nəzərdə tuturmuş... Buna görə əsəbiləşib 1 ay məktəbə getmədim. 50 illik görüşə isə nail olduğumuz üçün sevinirik. Bütün sinif yoldaşlarımı tanıdım”.

Paşa bəy, həmçinin uşaqlıq arzusunun aktyorluq olduğunu bildirib: “İdealım isə hind aktyor Ranbir Rac Kapur olub. Ancaq elə oldu ki, başqa sahəyə yönəldim. Hazırda dindarlıqla məşğulam, kənddə molla olaraq fəaliyyət göstərirəm. Elə olub ki, rəhmətə gedən sinif yoldaşlarımı dəfn edib, yas məclisini aparmışam. Eyni zamanda rəhmətə gedən müəllimlərimin, sinif yoldaşlarımın yas mərasimində iştirak etmişəm”.
50 ildir məzun olanların sırasında 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olan gizir Ravil Novruzovun atası Elman Novruzov da var. Aprelin 2-də şəhadətə ucalan R. Novruzov ölümündən sonra Prezidentin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Şəhid atası Elman Novruzov məktəb illərindən yadında qalan gülməli xatirələri bizimlə bölüşüb: “Bu gün toplaşdıq, çox əziz gündür. Bir-birimizi tanıdıq. Mən çox şuluq, nadinc şagird olmuşam. Yadımdadır ki, tarix dərsini öyrənməmişdim, müəllim dedi ki, “gəl dərs danış”, mən isə xəstə olduğumu bəhanə etdim. O da həmin gün məni çubuqla döymüşdü ki, bir daha yalan danışmayım”.

Xatirələri indiki kimi yaddaşında qalan E. Novruzov başqa bir hadisəni də danışır: “Oğlanlardan biri siçovulu kağıza keçirib Fəlakət xanımın partasının altına qoymuşdu. Fəlakət kitabı götürəndə siçovul kağızdan çıxaraq sinifdən qaçdı. Bu zaman aləm qarışdı. Müəllim bunu edənin kim olduğunu soruşdu. Bu əsnada tərləmişdim deyə, iş mənim üstümə qaldı. Buna görə çox döyüldüm. Müəllim hər dəfə deyirdi ki, “dərsə siçovul gətirməyi bilirsən, oxumağı yox?!” Məcbur olub boynuma aldım, amma onu mən etməmişdim. Fəlakət xanım indi buradadır, onun yadına düşəcək”.
Zöhrə (Fəlakət) Əzimova isə bildirdi ki, bunu edən Çingiz adlı sinif yoldaşı olub: “Siçovulu partamın altına Çingiz qoymuşdu. Sonradan mənə gəlib demişdi (gülür)”.
Sinfə 1970-ci illərdə riyaziyyat fənnini tədris edən Baxşı müəllim isə şagirdlərinin hamısını xatırladığını deyib: “Bütün şagirdlərim yadımdadır. Bu sinfin şagirdləri həmişə dərsi dinləyən uşaqlar olub. Ancaq gərək nitqi söyləyən elə danışsın ki, onu dinləsinlər. Çox xoşuma gəldi ki, onlar dürüst çıxış edirlər. Uşaq vaxtı necə olublarsa, onu da dedilər. Bu sinif tez-tez belə tədbirlər keçirir. Bu, təqdirəlayiq hərəkətdir. Uşaqlar hamısı yaxşı oxuyurdu, baxın bu qarşımda əyləşən adam çox yaxşı, tələbkar şagird olub. Həmçinin güclü oxuyan xanım şagirdlərimiz də var idi”.
.jpg)
Sadəgül Əhmədova ilə söhbətə başlayan kimi təhsildən söz açması mənə heç də yad gəlmədi. Çünki o da bir çoxu kimi dönəminin təhsil ala bilməyən xanımlarındandır. Sanki ali təhsil almaq eşqi ilə yanıb-tutuşurdu. Amma bu onun üçün illərdir bir arzu olaraq qalıb: “Əlamətdar gündür, sevinirik. 50 ildən sonra sinif yoldaşlarımı görüb uşaqlaşdım. Hər zaman kəndimizin, məktəbimizin uşaqları ilə fəxr etmişəm. Həyatda tək paxıllığım oxumaq olub. Ali təhsil ala bilməsəm də, 30 ilə yaxın Sumqayıt şəhər 2 nömrəli Xəstəxanada “sovxoz”da işləmişəm”.
.jpg)
S.Əhmədova 50 il öncə “Son zəng”ində səsləndirdiyi şeirin bir hissəsini yenidən oxuyur: “O vaxt “Son zəng”imdə yerlimiz Cabir Novruzun bu şeirini səsləndirmişdim.
İlk məktəbə gəldiyim o çağlar yadımdadır,
Zil qara saçlarına düşən qar yadımdadır.
Sən öyrətdin ilk dəfə qələm tutmağı mənə,
Gözlərində çağlayan arzular yadımdadır”.
Bu görüş keçmişə qayıdış deyil, illərin dəyişdirə bilmədiyi dostluqların və qəlbdə qalan səmimiyyətin bayramı idi.
İki nəsil arasında 45 illik fərq var, amma bu görüş göstərdi ki, zaman, texnologiya, həyat tərzi dəyişsə də, məktəb illərinin duyğuları dəyişmir. Məktəbin sehri hələ də qəlblərdə yaşayır...
Fidan Etibar
Video - Foto: Xəyal Vəlizadə












