Icma.az
close
up
RU
Amerikada yaşayan azərbaycanlı rejissor: Əvvəl pul qazanmağı öyrənəcəksən

Amerikada yaşayan azərbaycanlı rejissor: Əvvəl pul qazanmağı öyrənəcəksən

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Elmar Bayramov kinorejissordur, ABŞ-də yaşayır. 28 dekabr 1986-cı ildə Lənkəran şəhərində doğulub. 2004-cü ildən 2007-ci ilə qədər Kontakt Kapoeyra İdman Klubunda, 2007-ci ildən 2016-cı ilə qədər Azərbaycan Kapoeyra Federasiyasında müəllim olub, federasiya prezidenti vəzifəsinə qədər yüksəlib.

2011-ci ildən sosial mövzularda ssenarilər yazmağa başlayıb. İlk sosial videoçarxı 2013-cü ildə "Ekoloji missiya" layihəsi olub. 2017-ci ildə ailəsi ilə birgə Amerika Birləşmiş Ştatlarına köçüb. Bir müddət Los Anceles şəhərində, daha sonra Georgia ştatının Atlanta, Texas ştatının Hyuston, Nyu-York şəhərin Bruklin bölgəsində yaşayıb. Hazırda Pensilvaniya ştatının Easton şəhərində yaşayır. Amerikada 2018-ci ildə ilk "Ups" qısametrajlı filmini çəkib və "Urban Action Showcase İnternational" film festivalında "Ən yaxşı döyüş səhnəsi" kateqoriyasının qalibi olub. 2019-cu ildə "Qoy qaçım" (let me run) qısametrajlı filmini çəkib.  2019-2021-ci illərdə 15 müxtəlif nominasiyanın (ən yaxşı rejissor, ən yaxşı ssenari, ən yaxşı qısametrajlı film və s.) qalibi olub. "Eşq səfəri", "Cəhd", "Oğlan evi 2", "Mahmud baba", "Rafa", "Nəfəs", "Don Marleone", "Tanrının ritmi" kimi filmlərin rejissoru olan Elmar Bayramov "Oxu", "Mübarizlik yolu", "Məryəm", "Avropa Oyunları", "Kəmər" sosial filmlərinin də müəllifidir.

Rejissor Elmar Bayramov ilə müsahibəni təqdim edirik.

- Elmar bəy, əvvəl idman sahəsində olmusunuz. Maraqlıdır, necə oldu kino sahəsinə gəldiniz? Bir çoxları üçün elə də gəlir gətirməyən bu sahəyə marağınız necə yarandı?

- 2002-ci ildən, məktəb illərində Lənkəranda kapoeyra idman növü ilə məşğul olmağa başlamışam. 2004-cü ildə universitetə daxil olandan sonra Bakıda kapoeyra müəllimi kimi fəaliyyətimi davam etdirmişəm. 2015-ci ilə qədər Azərbaycan Kapoeyra Federasiyasında müxtəlif vəzifələrdə - müəllim köməkçisindən federasiya prezidenti vəzifəsinə qədər çalışmışam. 2012-ci ildən sosial mövzularda hekayələr yazmağa başladım və bu proses 2013-cü ildə ilk sənədli filmim olan "Eşq səfəri" layihəsini çəkməyim və rejissorluq fəaliyyətimə başlamağımla davam etdi. Daha sonra "Black Garden" şirkətini qurduq, müxtəlif sosial və kommersiya layihələrini həyata keçirməyə başladıq. 2015-ci ildən federasiyanın işlərinə kifayət qədər vaxt ayıra bilmədiyim üçün oradan ayrıldım və tamamilə rejissorluq fəaliyyətinə fokuslandım. Kommersiya layihələri maddi baxımdan daha stabil idi və mənim maraqlarımla üst-üstə düşürdü. Bu, mənim qəlbən sevdiyim peşə idi və seçimimin tam doğru olduğunu anlayırdım. Fikrimcə, video prodakşn fəaliyyəti biznes kimi çox uğurlu seçimdir və Azərbaycanda işini bilən, zövqlü prodakşn studiyalarının qazancı ölkə standartlarından xeyli yüksəkdir. Azərbaycanda rejissor kimi qazancımdan tam razı idim. Yəni az gəlirli bir sahəyə keçid etməmişdim. Əksinə, sevdiyim işdən daha çox qazanc əldə edərək onu həm də əyləncəyə çevirmişdim.

- Amerikaya köçdükdən sonra oradakı həyat və film sahəsində hansı çətinliklərlə üzləşdiniz?

- Amerikaya köçmək və hər şeyi yenidən başlamaq çox çətin seçim idi. 2017-ci ildə "Don Marleone" filmindən sonra bu qərara gəldik. İlk filmimiz olmasına baxmayaraq, fərqli bir Azərbaycan filmi çəkməyə çalışmışdıq. Lakin Azərbaycanda illərlə formalaşmış kino zövqü əsasən komediya filmlərinin istehsalını tələb edirdi və biz də yalnız müəyyən tanınmış aktyorlarla işləyə bilərdik. Mən həmin aktyorlarla o standartlara uyğun komediya çəkmək fikrində deyildim. Uşaqlıqdan həyatımın əsas prinsipi daim daha yaxşı olmaq və düzgün şəkildə inkişaf etmək olub. Lakin bu tendensiyaya uyğunlaşmaq mənim üçün ciddi bir geriləmə demək idi. Beləliklə, Azərbaycanda qalmaq əvəzinə, Amerikaya köçmək və yeni həyat qurmaq mənim prinsiplərimə daha çox xidmət edirdi. Lakin bu, heç də asan olmadı. Yoldaşım Könül Kəngərli bütün bu çətinliklərdə mənə dəstək olmasaydı, bəlkə də təslim olub geri qayıdardım. Georgia ştatının Atlanta şəhərində ilk dörd ayı amerikalı bir ailənin evində yaşadıq. Sean və Aaron Bart qardaşlarının video prodakşn işlərinə kömək edirdim. Lakin bu proses çox ləng gedirdi və buna görə də Texasın Hyuston şəhərinə köçməli olduq. Texasda olduğumuz müddətdə Könül öz rəsmlərini onlayn şəkildə uğurla satmağa başladı. Bundan sonra 2018-ci ilin fevral ayında Nyu-Yorka köçdük. İlk kameramı və digər avadanlıqları alaraq prodakşn fəaliyyətinə başladım. Bu gün artıq "Old Stone Film" təşkilatı altında peşəkar bir komanda ilə müxtəlif kommersiya çarxları, musiqi klipləri və müstəqil film layihələri istehsal edirik.

- Bir müddət vətəndə, bir müddət qürbətdə fəaliyyət göstərmisiniz. Yaradıcılığınızda bu iki dövr bir-birindən nə ilə fərqlənir?

- Qürbətdə fəaliyyət göstərmək, qürbəti düzgün analiz etmək və onu tanımaq daha çox zaman tələb edir və çoxlu uğursuzluqlara səbəb ola bilər. Ən çətin tərəfi isə ruhdan düşmədən yoluna davam etmək idi. Lakin qürbət bizə yeni baxış bucağı qazandırdı - həm kinoya, həm də həyata. 2018-ci ildə "Friends in Film" layihəsi çərçivəsində bir il davam edən dərslərdən bir şeyi dəqiq öyrəndim: əvvəl pul qazanmağı öyrənəcəksən, sonra o pullarla öz ideyaların əsasında filmlər çəkəcəksən və nəhayət, o filmlər sənə pul qazandıracaq. Bu müddət ərzində bir çox filmlərdə müxtəlif aşağı vəzifələrdə çalışdım. Könüllü olaraq bir çox film festivallarında təcrübə qazandım və sonda Amerikanın əsas prinsipi olan "pul qazanmaq ideologiyasına" geri qayıtdım. Artıq mən də bu sistemin necə işlədiyinə əmin idim.

Azərbaycan və Amerikadakı fəaliyyətlərim arasındakı əsas fərq ondan ibarət idi ki, Azərbaycanda qərar verməyə tələsmək məcburiyyəti vardı. Tələskənlik isə həm hisslərə, həm də sənətə zərər vurur.

- Amerikada nümayiş olunan, Birinci Qarabağ müharibəsinə həsr edilmiş "Nəfəs" filmi amerikalılar tərəfindən necə qarşılandı?

- Tovuz hadisələri və müharibə zamanı biz bir komanda olaraq Amerikanın müxtəlif ştatlarında keçirilən etiraz mitinqlərində iştirak edir, videotəbliğat layihələri hazırlayırdıq. "Nəfəs" filmi də bu müddət ərzində tanıdığım bir çox hadisə iştirakçılarından və onların yaşadıqları real hadisələrdən ilhamlanaraq meydana gəldi. Əvvəllər bu ideyam var idi, lakin İkinci Qarabağ müharibəsi məni bu layihəyə daha da bağladı. Şəxsi büdcəmlə layihəyə başladıq. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və diaspor üzvləri də filmin büdcəsinə dəstək oldular. Filmin ilk nümayişi Nyu-Yorkda baş tutdu. Təqdimatda Azərbaycan diaspor fəalları, yerli biznes tərəfdaşlarımız və müxtəlif rəsmi təşkilatların nümayəndələri iştirak edirdilər. Posttravmatik Stress Pozuntusu (Post-Traumatic Stress Disorder, PTSD) aktual mövzu olduğu üçün tamaşaçılar mövzunu asanlıqla mənimsəyirdilər. Bu, rejissorla sual-cavab zamanı da açıq şəkildə hiss olunurdu - onlar mövzuya dərindən bələd idilər. Filmin ikinci təqdimatı isə Massaçusets ştatının Boston şəhərində baş tutdu. Bu film üzərində işləyərkən bir çox əsirlikdə olmuş azərbaycanlılarla əlaqə saxladım. Müxtəlif hekayələri dinlədikcə hər biri məni daha dərin araşdırmalara sövq etdi. Bu axtarışlar isə məni Bəxtiyarın başına gələnləri öyrənməyə qədər gətirdi. Bəxtiyarla şəxsən tanış olmaq vaxtı gələndə inanılmaz bir məqam ortaya çıxdı - mən artıq onu tanıyırdım. Biz illər əvvəl Federasiyada birlikdə çalışmışdıq. Onun özü haqqında çox az danışan, sakit və dərin bir insan olduğunu bilirdim. Bəxtiyarı əvvəldən tanımağım filmdə onun hekayəsini daha rahat və təbii şəkildə inkişaf etdirməyə kömək etdi. Onun yaşadıqları təkcə bir insanın taleyi deyil, yüzlərlə insanın səsi idi.

- Filmlərinizdə vizual baxımından estetik zövq hiss olunur. Bu, haradan qaynaqlanır? Ümumiyyətlə, rəssamlıqla maraqlanırsınızmı?

- Mənim üçün vizual estetika filmin əsas ifadə vasitələrindən biridir. Hekayəni yalnız dialoqlar və hadisələrlə deyil, görüntülərlə də izah etmək vacibdir. Bu baxımdan rejissor kimi vizual kompozisiyaya xüsusi önəm verirəm. Uşaqlıqdan rəssamlığa böyük marağım olub, lakin bunu peşəkar şəkildə inkişaf etdirmək üçün nə maddi, nə də mənəvi resurslar var idi. Həvəskar şəkildə müxtəlif məşhurların portretlərini çəkirdim. Gözəl kompozisiyanın fərqində olduğumu isə yalnız rejissorluq fəaliyyətim zamanı dərk etdim. Filmlərimdə işıq, rəng və kadr quruluşuna xüsusi diqqət yetirirəm, bunlar həm də hekayəni gücləndirən elementlərdir.

- İlk filminiz "Don Marleone"dən danışaq. Necə oldu ki, belə bir mövzuya - mafiya mövzusuna toxunmaq qərarına gəldiniz?

- "Don Marleone" sifarişli bir layihə idi və cəmi üç ay ərzində ssenarisi yazılıb kinoteatrlara çıxarılmalıydı. Əvvəldə də qeyd etdiyim kimi, Azərbaycanda film istehsalında tələsmək tendensiyası həmişə mövcud olub və bu layihədə də eyni vəziyyət yaşandı. Filmdə real problemlər qara yumor dili ilə işlənmiş və hadisələr yuxu içində baş verən bir süjet xətti üzərində qurulmuşdu. O dövrdə Azərbaycanda bu cür mövzuları ciddi janrda çəkmək kifayət qədər riskli idi. Nəticə etibarilə film kommersiya məqsədilə çəkilirdi və bu səbəbdən janr seçimində balans tapmaq vacib idi. Filmin əsas süjeti Novxanı sahillərində yerli kəndlilərə məxsus torpaqların müxtəlif yollarla əllərindən alınmasını əhatə edirdi. Biz bu həqiqətləri qara yumor vasitəsilə təqdim edərək hekayənin dilini yüngülləşdirməyə və eyni zamanda komediyaya öyrəşmiş kütlənin də marağını cəlb etməyə çalışdıq. O dövrdə dəniz sahili torpaqlarının mənimsənilməsi cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən biri idi. Filmdə bu mövzuya toxunmaq həm aktual idi, həm də tamaşaçı üçün tanış olan bir problemi fərqli rakursdan göstərmək imkanı yaradırdı. Məqsəd yalnız güldürmək yox, həm də müəyyən mesajı ötürmək idi. Yuxu metaforası isə həm hekayəni daha simvolik etdi, həm də dövrün reallıqlarını satirik dillə çatdırmağa imkan verdi.

- Ümumiyyətlə, Amerika film cameəsində uğurlu filmin əsas şərtləri, qaydaları hansılardır? Həmin qaydalar Azərbaycanda da tətbiq oluna bilərmi?

- Amerika film sənayesində uğurlu filmin əsas şərtləri güclü ssenari, janr seçimi, vizual keyfiyyət və düzgün bazar strategiyasıdır. Azərbaycanda isə bu prinsiplərin tətbiqi bir çox problemlərlə üzləşir. Ən böyük çatışmazlıqlardan biri mövzu limitləridir - bəzi mövzulara toxunmaq çətindir və bu, rejissorların sərbəstliyini məhdudlaşdırır. Digər ciddi problem isə kinoteatr azlığı və yüksək bilet qiymətləridir, bu da filmlərin geniş yayılmasına mane olur. Üstəlik, kinoteatr şəbəkələri arasındakı problemlər də bazarı məhdudlaşdırır. Amerikada uğurlu film yalnız yaradıcı tərəfdən yox, həm də kommersiya baxımından düşünülmüş bir prosesin nəticəsidir. Azərbaycanda isə film istehsalı var, amma onun yayımı və tamaşaçıya çatdırılması üçün lazımi infrastruktur formalaşmayıb. İnkişaf üçün orijinal hekayələr yaratmaq və filmin bazarını düzgün qurmaq əsas prioritet olmalıdır.

Ləman İLKİN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Aprel 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri