Gənc skripka ifaçısı: Azərbaycan bəstəkarlarının əsərlərini bütün dünyada ifa etmək istəyirəm
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 18 oktyabr, Anara Axundova, AZƏRTAC
AZƏRTAC Azərbaycanın gənc istedadlı musiqiçiləri – beynəlxalq müsabiqə laureatları haqqında yazıları davam etdirir.
Növbəti həmsöhbətimiz gənc skripka ifaçısı, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdi, bir çox respublika və beynəlxalq, o cümlədən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş III Respublika Müsabiqəsi (Azərbaycan), SSRİ Xalq artisti, pianoçu Vaja Çaçavanın xatirəsinə həsr olunmuş II Beynəlxalq müsabiqə (Tbilisi), “Grumiaux” Beynəlxalq Skripka İfaçıları Müsabiqəsi (Belçika), “Nouvelles Étoiles” Beynəlxalq Müsabiqəsi (Fransa), “Fanny Mendelssohn Competition” Müsabiqəsi (İtaliya), “Golden Time Award” Müsabiqəsi (Birləşmiş Krallıq), “Geneva Junior Music Competition” (Cenevrə) musiqi müsabiqələrinin laureatı Surə Həsənlidir.
Surənin tezliklə 16 yaşı tamam olacaq. Onun nailiyyətlərinin siyahısı artıq bir neçə səhifəni əhatə edir. Gənc yaşına baxmayaraq, o, müxtəlif müsabiqələrdə, konsertlərdə və ustad dərslərində fəal iştirak etməklə yanaşı, həm ölkə daxilində, həm də xaricdə – Fransa, Almaniya, Avstriya və Türkiyədə uğurlu solo çıxışlar edib.
İstedadlı skripka ifaçısı yalnız musiqidə deyil, təhsildə də fərqlənir – o, dərslərini əla oxuyur və riyaziyyatda xüsusi nailiyyətlər əldə edib. Bundan əlavə, Surə heyvanları çox sevir – onun iki iti var.
Surə musiqi ilə dörd yaşından məşğul olmağa başlayıb. O, Əməkdar müəllim, professor Fatimə İdyatulina ilə çalışır. Gənc skripka ifaçısının anası Natəvan Həsənova da musiqiçidir – o, qanun ifaçısı, Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

Natəvan xanımın sözlərinə görə, qızını musiqi məktəbinə yönəltməyi heç vaxt planlaşdırmayıb. Lakin Surə çox erkən yaşlarından musiqi istedadı nümayiş etdirməyə başlayıb.
“Konservatoriyada təmir işləri aparıldığı vaxt dərslər müəllimlərin evlərində keçirilirdi. Tələbələr tez-tez yanıma gəlirdilər. Mən gördüm ki, Surə onların repertuarını əvvəldən axıra qədər təmiz və düzgün oxuyur. Bu məni heyrətləndirdi və qərara gəldim ki, onu yoxlayım”, – deyə Natəvan xanım xatırlayır.
Balaca Surənin skripkada ifa etməsini istəyən Natəvan xanım tanınmış pedaqoq, Əməkdar müəllim Fatimə xanım İdyatulina ilə əlaqə saxlayıb. Təcrübəli müəllim qızla görüşərək onu dinlədikdən sonra qəti fikir bildirib: “Surənin təkcə musiqi duyumu deyil, həm də skripka ifaçısı üçün vacib olan əl quruluşu var”.
Bu görüşdən sonra valideynlər tərəddüd etmədən onun musiqi istiqamətində təhsil almasına qərar veriblər.

Surənin özünün xatırladığı kimi, bu yolun lap əvvəlindən hər şey çox ciddi olub: “Beş yaşımda artıq səhnədə çıxış edirdim – ilk konsertimdə iştirak etmişdim. Təxminən altı yaşımda isə müsabiqədə birinci yeri qazandım”.
Gənc musiqiçi iştirak etdiyi çoxsaylı müsabiqələr arasında, xüsusilə bu ilin aprelində Barselonada keçirilən beynəlxalq yarışmanı vurğulayır: “Bu, indiyə qədər iştirak etdiyim ən çətin müsabiqə idi. Çox ciddi bir yarışma idi. Orada dünyanın 38 ölkəsindən iştirakçılar mübarizə aparırdı. Münsiflər heyətinə isə istedadına heyran olduğum Viktor Tretyakov rəhbərlik edirdi. Onun həyat yoldaşı, tanınmış skripka ifaçısı Natalya Lixopoy da münsiflər heyətində yer almışdı. Müsabiqədəki çətinliklər həm fiziki, həm də mənəvi idi. Belə nüfuzlu münsiflər qarşısında, üstəlik yad ölkədə səhnəyə çıxmaq asan deyil…”.
Bütün gərginliyə və stressə baxmayaraq, Surə bu nüfuzlu müsabiqədə uğur qazanaraq Çindən olan iştirakçı ilə üçüncü yeri bölüşüb. Maraqlı məqamlardan biri də odur ki, həmin il ikinci yerə layiq görülən olmamış, birinci yeri isə ABŞ-dan olan iştirakçı qazanmışdı.

Surənin fikrincə, səhnəyə çıxmazdan əvvəl həyəcan hiss etmək tamamilə normaldır. Lakin gənc skripka ifaçısı bu hissəni nəzarətdə saxlamaq üçün müəyyən “rituallara” əməl edir.
“Fatimə xanımın məsləhəti ilə çıxışıma beş dəqiqə qalmış dərindən nəfəs alıram. Səhnəyə çıxmazdan əvvəl isə bir daha dərindən nəfəs alıb, özümü sanki yeni bir insan kimi səhnəyə addımlayaraq təqdim edirəm”, – deyə Surə fikirlərini bölüşür.
“Çıxışıma 10-15 dəqiqə qalmış sakitcə oturub necə ifa edəcəyimi düşünürəm. Özümü səhnədə təsəvvür edirəm – əsəri, notları göz önünə gətirirəm və hər şeyin necə keçəcəyini düşünürəm”.
Surə, həmçinin tanınmış skripka ifaçısı Viktor Tretyakovun ustad dərsində verdiyi məsləhəti də xatırlayır: “Qala-konsertdən əvvəl barmaqlarımızı isitmədən səhnəyə çıxmağa hazırlaşdığımızı görəndə o bizə dedi: ‘Skripkanı götürün və onu isidin. Bu çox vacibdir. Skripka soyuq olarsa, bu, həm texnikaya, həm də səs keyfiyyətinə təsir edir”.

Müsabiqələrdə hökm sürən ab-hava ilə bağlı fikirlərini bölüşən Surə qeyd edir ki, iştirakçılar arasında münasibətlər müxtəlif olur. Bununla belə, o, beynəlxalq müsabiqələrdə tez-tez yeni dostlar qazandığını və onlarla sonradan da əlaqəni qoruduğunu bildirir.
Məktəbi bitirdikdən sonra isə Surə təhsilini Avropada – xüsusilə Avstriya və ya Almaniyada davam etdirmək istədiyini deyir. Gənc musiqiçi böyük səhnələrə çıxmağı və dünya turnelərində çıxış etməyi xəyal edir: “Ölkəmizi, adət-ənənələrimizi tanıtmaq, Azərbaycan bəstəkarlarının əsərlərini bütün dünyada səsləndirmək istəyirəm”, – deyə o vurğulayır.

Söhbətimizə Surənin müəllimi, Əməkdar müəllim Fatimə İdyətulina da qoşulur. O, balaca yaşlarından bəri tanıdığı tələbəsi haqqında səmimi fikirlərini bölüşür: “Surə hər hansı bir müsabiqəyə və ya məsuliyyətli konsertə gedəndə çox böyük həyəcan keçirir. Amma səhnəyə çıxanda özünü peşəkar solist kimi göstərir və özünə güvənir”, – deyə müəllimə vurğulayır.
Fatimə xanım əlavə edir ki, bir müəllim kimi o, şagirdlərinin ailələri ilə əlaqəyə xüsusi önəm verir: “Gələcəyi əvvəlcədən bilmək mümkün deyil, amma mən Surənin uğurlu gələcəyinə çox ümid edirəm. O, musiqiçi olmaq üçün çox çalışır. Valideynləri də daim onun yanındadırlar. Bu, çox vacibdir. Müəllim, şagird və valideyn arasında qarşılıqlı əlaqə olmasa, uğur çətin olar”.
Müsabiqələrə gəldikdə isə Fatimə İdyatulina onların gənc musiqiçilərin inkişafı üçün olduqca faydalı olduğunu qeyd edir:
“Müsabiqələr uşaqları hərəkətə gətirir, onları inkişaf etdirir. Surə də indiyə qədər bir sıra nüfuzlu müsabiqələrdə iştirak edib. Onun tezliklə 16 yaşı tamam olacaq və mən ona daha ciddi beynəlxalq yarışmalarda iştirak etməyi tövsiyə edirəm. Lakin bu, böyük zəhmət tələb edir. Hazırda dünya səviyyəsində, xüsusilə Asiyada çox güclü skripkaçılar var”.

AZƏRTAC-ın müxbiri Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova ilə də görüşüb. Söhbət zamanı Azərbaycan musiqisinin dünyada tanıdılması və bu işdə beynəlxalq müsabiqələrin rolu müzakirə olunub.
“İlk növbədə demək istəyirəm ki, Azərbaycan musiqisi artıq beynəlxalq səhnələrdə yüksək səviyyədə səslənir. Musiqiçilərimizin çıxışları alqışlarla qarşılanır. Bu, bizi çox sevindirir”, – deyə direktor bildirib.
Aytən xanım qeyd edib ki, şagirdlərin belə uğurlara imza atması üçün əsas amillərdən biri peşəkar müəllim heyətinin olmasıdır: “Hazırda bir çox beynəlxalq müsabiqələr keçirilir və şagirdlərimiz burada böyük uğurla çıxış edirlər. Lakin bu, yalnız peşəkar hazırlıqla mümkündür. Bu səbəbdən də müəllimlərin rolu danılmazdır”.

Direktorun sözlərinə görə, İncəsənət Gimnaziyasının rəhbəri kimi onun missiyası uşaqları düzgün istiqamətdə inkişaf etdirməkdir.
“Biz istəyirik ki, Azərbaycan musiqisi hər yerdə səslənsin, bəstəkarlarımızın əsərlərindən ibarət konsertlər təşkil olunsun. Biz öz gücümüzə Təhsil Nazirliyinin dəstəyi ilə belə konsertlər təşkil edirik. Gənc nəsli yaxşı musiqi ilə tanış etmək üçün mümkün qədər çox musiqi tədbirləri keçirməliyik. Onlar ölkəmizdə keçirilir. İnanın ki, bu cür tədbirlərə böyük maraq var. Bundan başqa, bildiyiniz kimi, musiqi məktəblərinə qeydiyyat elektron sistem vasitəsilə aparılır - valideynlərdən çoxlu müraciət daxil olur. Onlar övladlarının musiqi ilə məşğul olmasını istəyirlər. Bu, böyük addımdır. Bundan başqa, Təhsil və Mədəniyyət nazirlikləri tərəfindən çox gözəl incəsənət festivalları keçirilir. Bu tədbirlərdə minlərlə şagird iştirak edir. Onlar Azərbaycan bəstəkarlarının, dünya klassiklərinin əsərlərini ifa edirlər. Bütün bunlar musiqi mədəniyyətimizin inkişafında keyfiyyət nöqteyi-nəzərindən mühüm rol oynayır”, - deyə Aytən Əhmədova əminliyini bildirib.



