Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

ATA QƏBRİ

Proloq

Artır məzarların sayı anbaan,

Əbədi yuxuya dalır adamlar.

Çatıb qəbristana dayanır zaman,

Orda cavabsızdır bütün suallar.

Günəş də, ulduz da vədəsiz batır

Könül “vaxtsız”ların dərdini duyur.

Hər qarış torpaqda bir nənə yatır,

İldırım baxışla baba uyuyur.

İnsan yana-yana torpağı qazıb,

Yanaqlar bələnib göz yaşlarına.

Ellərin tarixi, yaşı yazılıb

Qədim məzarların başdaşlarına.

Gəzirəm-qəlbimdə alovlar, odlar,

Tanışlar-bilişlər boylanır yerdən,

Könlümdə, gözümdə ünvanlar, adlar -

İnsanlar önündə baş əyirəm mən!

Gəzirəm bir dərdli cavan məzarı,

Qəlbimdə həyəcan, qəlbimdə ələm.

Yoxsa onu yuyub bahar suları,

Mən onu bir daha görən deyiləm?

Hardadır qəlbimin doğma

fəryadı?

O, çiçək mövsümü, üfüq yazıydı.

Həyatı, ünvanı, məkanı, adı

Torpağa şimşəklə yazılasıydı!

Bəlkə kimsəsizlər küləkləriylə

Mavi səmalara uçub gedib o?!

Qəlbimin susmayan diləkləriylə

Göyləri özünə məzar edib o?

Söykənib vüqarlı uca çinara -

Dinləyirəm onun ürək səsini.

Sonra köçürürəm ağ varaqlara

Bu cavan çinarın hekayəsini:

Qəlbində müqəddəs, sönməz arzular...

“Oğlum məni hər an anacaq” -

dedi.

“Bundan da qiymətli xəzinəmi var?”

Daxmamın çırağı yanacaq” - dedi.

- Ay bala, məktəbin

qurtarhaqurtar...

Buradək çatmaqda hər

dərdi-sərim.

Deyirlər, Bakıda nişanlın da var.

Sizsiniz yeganə həyat əsərim...

Gedirəm... Qəlbimdə qalıb min

arzum,

Onları sən kama yetirəcəksən.

Ey sabahkı nəvəm, gülüzlü

balam,

Qəbrimdə gül-çiçək

bitirəcəksən!...

...Ulduzum saralır, ömrüm solur, bax!

Nadir, mənə gəlsin hər qəza-qadan...

Bəli, madam oğlu kama çatanda

Ata vaxt-vədəsiz köçdü dünyadan...

Ata çiyinlərdə məzara getdi,

Qonum-qonşu tökdü acı göz yaşı.

Nadir üç gün onu ziyarət etdi,

Dedi: düzəldərəm gözəl başdaşı.

İndisə Bakıya tez getməliyəm -

Diplom yazıram...

Elm üçün təptəzə yol açacağam.

Kəndi müvəqqəti tərk etməliyəm,

Atamın qırxında qayıdacağam...

Qış ötdü, baharın dağ seli gəldi -

oğul gəlmədi.

Ata ölümünün bir ili gəldi -

oğul gəlmədi.

Dünya milyon-milyon övlad

yetirdi,

Biri ana, biri ata itirdi -

oğul gəlmədi

Hər payız dağlara çisək-çən

düşdü,

Qap qara saçlara vaxtlı dən düşdü 

oğul gəlmədi...

Qonum-qonşu dedi:

-Belə şey olar?

Yəqin ki, gədənin başında iş var...

Bakıdan kim gəldi, dedi ki, bilsən,

Onun barəsində çox eşitdim mən:

Qəzetdə, jurnalda çıxır yazısı,

adı-imzası...

O, elm aləminin böyük varıdır,

Bizim dağların da iftixarıdır...

- Bir qarı dilləndi:

Gümrah oğlandı,

Yəqin rəng-rufu da artıq solubdur.

Şan-şöhrət həvəsi, alimlik adı

Bizim cavanlara bəla olubdur.

...Get-gedə azaldı bu söz, bu söhbət

Heç kəs Misgərlini xəbər almadı.

Misgərli günbəgün böyüdü, fəqət

Öz doğma kəndində adı qalmadı.

Onun diplom işi gəzdi əllərdə,

Ağsaçlı bir alim rəy yazdı ona.

Nadirin hünəri, adı dillərdə:

- “Namizədlik adı çox azdır ona”.

Nadirin üzünə güldü səhərlər,

Ata itirməsi son şəri oldu.

Ayağı altında qaldı şəhərlər,

Hər səfər onun bir əsəri oldu.

Bu böyük alimlə görüşmək üçün

Artdı sifarişlər, çoxaldı səylər.

Onun şöhrətindən danışdı hər gün

Qəzetdə, jurnalda yazılan rəylər.

Yaşadı narahat okean kimi,

Uzun yolların da qısası oldu.

Əcnəbi dillərdə kitab sahibi,

Həm də oğul-uşaq atası oldu.

Akademik adı aldı bir gecə,

Atası röyada təbrikə gəldi:

- Bilirsən, ay bala, sevindim necə?..

... Oğluna lap yekə stol dilədi.

- Ürəyim səninçün bir zərif teldir,

Qəbrini görmürəm iyirmi ildir...

Danış, atacan!

Ata dinmədi,

Oğlundan bir kəlmə gileylənmədi.

Getdi. Qeybə çıxdı.

Əridi səsi.

(Onu röya verdi, röya itirdi...)

...Ata məzarını görmək həvəsi

Nadirə olmazın kədər gətirdi.

Səhər “Volqa”sına oturdu Nadir,

Yazın da əvvəli... bülbüllər ötür...

- Ay Vəli, tələsmə, asta sür görək,

Bu yerlər cənnətdir, ziyarət edək.

Yaman yorulmuşam özüm də bu yaz,

Barı havamızı dəyişək bir az.

Yadımdan çıxmayıb Qartallı kəndi,

Dibsiz dərələrdə yeltək əsmişəm.

Uşaqlıq, hardasan? Yaş ötdü... İndi

Bu doğma yerlərçün qəribsəmişəm...

İllərin həsrəti qəlbimi dəlir,

Bu da Qartallıdağ, dumandı varı.

O kiçik daxmamız yadıma gəlir,

Görən qonum-qonşu dururmu barı?!

Yamanca kövrəlir adam, ay Vəli,

Yaş qırx, əlliyə çatandan sonra.

Başqaymış sən demə ata nisgili,

Duydum onu ata olandan sonra.

Sür gedək birbaşa qəbristanlığa,

Ürəyim nədənsə olmayır aram.

Atam yerin yeddi qatında olsa,

Torpağın bağrını qazıb taparam.

Şofer heyrətlənir... Neyləsin axı,

Düşünür: görəsən bu necə işdi?

Dünən akademik olan “ağası”

Bu gün birdən-birə dəyişilmişdi...

Budur qəbristanlıq - kəndin kənarı,

Görən neçə insan uyuyur burda?

Yerin gül nəfəsi, göylərin qarı

Yenə zaman-zaman uyuyur burda.

Canlı tarixçədir hər qəbir daşı,

Hər qarış torpaqda insan donubdur...

İki gənc sevgili, ürək yoldaşı

Bir qoşa qəbirdə dəfn olunubdur...

...Gəzdi ürəyində dərdlər, ağrılar,

Yerdən atasını soraqladı o.

Cavabsız qaldıqca sözsüz sorğular

Daşları kitabtək varaqladı o.

Gəzdi qəbristanı o, qədəm-qədəm,

Dedi: “bumu mənim şərəfim, adım?

Ayıbdır, deyərlər - böyük alimsən,

Atanın qəbrini gəzdin, tapmadın...

Bu dərdi görəsən mən kimə deyim?

Dünyanın qəribə sirləri varmış:

Şöhrəti aləmi tutan alimin

Atasının qəbri itib-batarmış!..”

(O, ötən günləri düşündü, andı,

Gözünün nurumu burada söndü?

Dizləri sızlardı, ürəyi yandı,

Özü də bir məzar daşına döndü).

Gəldi qulağına bir insan səsi:

- Ay oğul, oturma belə, tərlisən.

Görürsən, soyuqdur dağlar nəfəsi,

Bura Qartallıdır, sən şəhərlisən...

(Başının üstündə durmuş bir qoca,

Onda dağ qüruru, əzəməti var.

Boyu ərşə qalxan çınardan uca,

Gözləri işıqlı, saçlarısa qar...)

Nadir ona baxdı, kirimişcə, lal:

“Zaman niyə mənim qəddimi

əydi?”.

Suallar dalınca yağdı min sual:

- Ay bala, nə olub, dərdini söylə,

Bəlkə mənim də bir köməyim

dəydi!

Qartallı olsa da yurdum,

məskənim,

Bütün dünya mənim sorağım olub.

Bu kənd ömür yolum, öz yolum mənim,

Həm də yazılmamış varağım olub.

Yaza bilməmişəm, düzü, mən

hələ,

Sözüm gah aranda, gah dağda

qalıb.

Həştad da yaşadım, bilmirəm niyə

Gözüm min qayada, bulaqda

qalıb?

Qoca danışdıqca susur təbiət...

“Bəlkə mənim də bir köməyim çatdı”.

Alim dilə gəldi, dindi nəhayət,

Yalana ilk dəfə belə əl atdı:

- Uzaqdan gəlmişəm, arxeoloqam...

Sizin qəbristandan tarix yazıram.

- Ay oğul, nə gözəl qədəmdir bilsən,

Bax, sənə köməyə hər vaxt

hazıram.

Qəbirlər bərbəzəkli,

Qəbirlər ünvanlıdır.

Başdaşında hər kəsin

Var öz adı, famili-

Qəbirlər də adlıdır!

Bu gözəl adətdir, gəl, inan mənə,

Hər itən bir məzar qanlı yaramdır.

Daşlarda yazılan kiçik salnamə

İnsana əbədi bir ehtiramdır.

Qocayam, yol üstə min niyyətim var,

Arzular ürəkdə heç vaxt bitməsin.

Övladlar, sizə bir vəsiyyətim var:

Bir ata, bir ana qəbri itməsin.

Bu üçcə cümləlik salnamələri

Poza bilməmişdir min boran, ayaz.

Onlar yaşayırlar, oğul, ay oğul,

Gəl sən itib-batmış qəbirlərdən yaz.

...Bir dostum var idi Müqəddəs adlı -

Davadan tək qolla geri qayıtdı,

Gözləri səmavi, boylu-busatlı...

Eşqini ellərin eşqinə qatdı...

Mən də cəbhədəyəm. Dava qurtardı,

Bir vaxt bu dağlara baxdım çox

gendən.

Bəli, zabit idim, ulduzum vardı...

Elə ki, qocaldım, kəndə gəldim mən!

Dostum tez köçmüşdü dünyadan, çox tez,

Bir vaxt gecələr də yata bilmədim.

Bu böyük bir dərddir -

Başa düşün siz,

Dostumun qəbrini tapa bilmədim...

Əzəldən vurğundum Qartallı yurda,

Eh, niyə gül-çiçək ömrükəm solsun?

Bir çinar tingi də basdırdım burda,

Dedim, o dostuma xatirə olsun.

Bir oğlu var idi... İndi deyəsən

Alimdir, dünyada adı-sanı var.

Belə uşaqlarda, ay oğul, də sən,

Görən neçə çiltə övlad qanı var?

Nə çoxdur bax belə övladlar hələ

Ellərə qaynayıb-qarışmayıblar.

Onlara alimlik veriləndə də

İnsanlıqdan bir söz soruşmayıblar.

- Bəsdir, əmi, bəsdir, yetər bu söhbət,

Ürəyim ağrıyır...

(Taleyə bax bir...

Dosta oğuldan çox vəfa, sədaqət...

İnşa məhəbbəti ölən deyildir).

Misgərli “Volqa”ya yanaşır bu an,

- Ay oğul, belə tez hara? Ayıbdır.

Bu yurda kim gəlib, ay bala, inan

Duz-çörək kəsməmiş

qayıtmayıbdır...

Qocaya son dəfə sataşır gözü,

Misgərli özünü maşına salır.

Demək istədiyi “sağ olun” sözü

Dolaşıb dilinin ucunda qalır.

Şoferə “tezcə sür” əmrini verir,

Hıçqırıq kükrəyir onun səsində.

Elə bil dünyada tənhadır Nadir,

Alov var qanının hər qətrəsində:

“Bütün təbiətmi olubdur nasaz,

Bu nə hay-haraydır çökür yollara?

Yüz əsərli oğlan, indi bunu yaz -

Buludlar göz yaşı tökür yollara...”

1967.

İrəvan.

HİDAYƏT

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:830
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Oktyabr 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri