Icma.az
close
up
RU
Anamın ağ şalı Azad Qaradərəlinin yeni hekayəsi

Anamın ağ şalı Azad Qaradərəlinin yeni hekayəsi

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Azad Qaradərəlinin "Anamın ağ şalı" adlı yeni hekayəsini təqdim edir.

Qardaşım Canpolada, o biri qardaşlarıma və bacım Arzuya

Çoxuşaqlı ailə ili mübah gələn zəmi kimidi – başı yığnaqlı, ruzisi az-az olar, amma kəsilməz.

O ili iş elə gətirdi ki, kəndimizin qos-qoca dükançısı bir qış günü yıxılıb öldü və atam adına “Raypo” dedikləri idarəyə gedib, ortalıqda qalan dükanı keçirdi anamın adına. O dükan bizim ailə üçün atamızın müəllim maaşından sonra ikinci ruzi yeri olmaqla yanaşı, mənim yaddaşımda çoxlu xatirələri ilə qalıb. Hər dəfə anamın yanına gələndə o xatirələrdən biri dirilir, boy verib dolur içimə, məni balon kimi şişirdib qaldırır göyün üzünə və erməni işğalında qaldığı üçün illərdir həsrətində olduğumuz kəndimizə, evimizə, məktəbimizə və o dükana gedib çıxır, dindarların Məkkə ziyarətindən ötə bir duyğu yaşamış oluram. Bude, anam yenə başlayıb, nəyisə qurdalayır, yaddaşıma işıq salır, tərpədir içimi...

- Ədə, bala, o kirbişin şalım vardı ye, bahalı, ağavış, özünnən gülləri olan, yadındadı?

İstəyirəm öz sözüynən sataşam ki, yenə nə köhnə palan içi tökürsən?

Qıymıram. Qoy danışsın. Ürəyini boşaltsın.

Düzdü e, mənimçün bunlardan maraqlı şey ola bilməz. Amma mən axı bu söhbətləri azı yüz kərə eşitmişəm. İşdən yorğun-arğın gəlmişəm. İstəyirəm ki, uzanım, bir balaca gözümün acısın alım... Hanı, indi də kripdeşin şalın dəfələrlə eşitdiyim əhvalatını təptəzə variantda danışmağa hazırlaşır...

(Atam vəfat edib. Biz hamımız məcburi köçkün kimi gələndə bir müddət bu yarımçıq binalara əl gəzdirib yaşasaq da, sonradan özümüzü tutduq, hərəmiz ailəmizlə şəhərin bir tərəfində ev-eşik sahibi olduq. Anam burda tək qalır. İndi çox yaşlaşıb, ayaqları sözünə baxmır, ona görə bacımız xaric, biz qardaşlar növbəyə salmışıq: hər kəs bir gün axşam saat 7-dən səhər saat 7-cən arvadı ilə anamızın yanında qalır. Bu gün növbə bizm arvadla mənimdir.)

Televizoru açsam da, Türkiyə kanallarına çevirmişəm ki, bizimkilərin son xəbərlərinə baxmasın. Nə edim? Olar bir həftədir müharibə başlayıb. İstəmirəm ki, anam bilsin. Hərəmizin bir oğlu var. Mənimki də polisdir. Bu gün, sabah yəqin ki, döyüşə gedəcəklər. Anam bilsə... Onsuz da halı yaxşı deyil. Bir yandan da bu müharibə xəbəri...

Gözümü anamın gözündən yayındırıram ki, sualı bəlkə yadından çıxa. Bir də qorxuram , deyə, televizoru çevir Bakıya...

O şalın isə məndə qəmli bir tarixçəsi vardı...

***

Bizim kənddə günəş tez çıxar, gec batardı. Qaladaşının haçasından qurcuvalı telləri göründümü, evdə adam qalmazdı. Hər kəsin işi bəlli idi. Müəllim atamız məktəbə tələsərdi. Anam evimizin alt mərtəbəsindəki kənd dükanımıza gələn olmasa, ya nehrəsini yırğalaya-yırğalaya toyuq-cücəyə də dən atar, bizə tapşırığını verərdi. Böyük qardaşlarım evlənib rayon mərkəzinə köçdüyündən evin ağır işi mənə və məndən sonrakı qardaşların üstünə düşmüşdü. Eşşəyi palanlayıb dəhrəni götürər, odun yığmaq üçün meşəyə yollanardım. Qış üçün odun tədarükü evin ən vacib işlərindən idi. Məndən sonrakılar həyətimizdəki torpaq sahəsini belləyib lobya, xiyar, pomidor əkmək üçün hazırlayardılar.

Yol boyu meşəyə gedə-gedə düşünürdüm ki, bir-iki il keçsəydi, mən də əsgərliyə gedər, qayıdandan sonra rayon mərkəzində işə girər, evlənib aradan çıxardım. Əvvəlcə, orada bir otaqlı ev kiralayar, bir-iki il yaşayandan sonra torpaq alar, ev tikərdim...

Bu cür xəyallar qura-qura bir də görərdim ki, odunluğa çatmışam. Daha xəyalları başımdan qovub dəhrəyə güc verərdim. Gərək gün qızmamış, bir yük odun doğrayım, gün əyiləndə gedim çıxım evə...

Belə-belə iş-güclə xırraş-boğuşdaykən baxardıq ki, gün Yarımyaylağa tərəf aşmaqdadır...

Nə yarımçıq işimiz varsa, başlayardıq görməyə.

Qardaş, işə bax ki, bu yaz günü buracan necə gəldi, bilməzdik, amma bax, batmağa gedəndə elə ordaca aslıb qalardı. Əvvala, bərk acardıq. Di gəl, işlər qurtarmayıncan, gün gedib dağın dalında gizlənməyincən, səsi kəndi başına götürən naxırdan mal-heyvanımızı ayırıb yerbəyer eləməyənəcən bizə rahatlıq yoxuydu. Bax, bu bir-iki saat o uzun yaz günündən uzun görünərdi... Gün batmırdı ki, batmırdı...

Bir gün günəşin dağın dalında can çəkişməsində olan vaxtında dükana müştəri gəlmişdi. Atam da məktəbdə işlərini bitirib çoxdan evə qayıtmışdı. Anamın sacda çörək bişirirdi və hələ bir-iki kündəsi qalmışdı. Tək bacımız balaca olduğundan ona isbatlı kömək edə bilmirdi. Ona görə də biz qardaşlar bu işdə də anamıza əl yetirirdik. Birimiz sacın altına mənim meşədən doğrayıb gətirdiyim qırmalardan itələyir, birimiz kündəni taxtanın üstünə qoyub yastılayır, birimiz də bişmiş lavaşları üst-üstə yığardıq.

Anam əlini saxlayıb atamı səslədi ki, ə, gəl dükana, mənim əlim urfalıdı. (Kişini heç vaxt öz adıyla çağırmazdı.)

Atam açarı gətirib ikimərtəbəli evimizin altında yerləşən dükanın qapısını açdı, qonşu kənddən olan ər-arvadı içəri ötürdü. Anam urfanı kündənin üstünə səpib təəccüblə çiyinlərini çəkdi:

- Məhlim orda tükan yoxdu? Bınnar nə avız bizim tükana gəliplər?

Atam müştərilərlə içəridə bir xeyli qalandan sonra onun boğuq səsi eşidildi:

- Ay qardaş, bını mən aşağı qiymətə verə bilmərəm e! Bı qiyməti mən qoymamışam ki... İndi üstündə ləkə var, var də, saa yalvarmıram ki, gəl bını al?! Bının qiyməti bıdı, özü də qalıb bizim əyağımızda... Alırsan, al, almırsan, yaxşı yol... Boye...

Ər-arvad çölə çıxanda qadın anama yaxınlaşıb gülə-gülə dedi:

- A bacı, sən bı işə nə deyirsən? O kirbişin şalı mən almax istiyirəm, amma üstünə ləkə düşüb... Deyirəm, bəlkə aşağı qıymata verəsıız, onu biz alax?

Anam atama baxdı. Elə baxdı ki, sanki ondan danışmaq üçün icazə istəyirdi. (Hə, orasın deyim ki, dükan anamın adına olsa da, məktəbdən qurtarandan sonra ora da atam baxardı. Anamın nə düz-əməlli dükandan baş çıxarmağı vardı, nə də vaxtı. Ona görə belə məsələlərə yazıq arvad qarışmazdı. İndi birdən-birə anamın elə bil söz demək istəyi yaranmışdı və atamın hirsinin yatmasını gözləyirmiş kimi ifallı-ifallı onun üzünə baxırdı.)

Atam bunu hiss edib gülümsündü və başı ilə arvadına işarə etdi ki, nə deyirsən, de.

Anam üzünü qadına tutub dedi:

- Ay bacı, vallah mənim saa andım yoxdu, bax, bu süfrə-təhnə haqqı, mən hələ o şalı heç açıb baxmamışam ki, nə şaldı, nə dəyil... Yazıx kişi, allahirzasına bir-iki dəfə dilucu da olsa, təylif eliyib ki, istiyirsən, o şalı götürəy, o ləkə düşən tərəfi qatda içəri, ört başıa, pulun yavaş-yavaş qoyarıx yerinə. Mən irazı olmamışam, onnan ki, külfətimin boğazınnan kəsib heylə bahalı şal ala bilmərəm axı... Maa heş lazım da dəyil... Amma iş ki bı çilliyə çıxdı, yeriyin gedin, o şalı özüm örtəciyəm, mayışımı hər alanda bir azın yerinə qoyacıyam getsin...

Qadınla kişi dinməz-söyləməz yola düzəlib getdilər. O gündən qar-qur kəsildi və anam o krepdeşin şalı götürüb, ləkəli tərəfini içəri qatladı, xeyirə-şərə örtməyə başladı...

(Bu şal məsələsi bizim ailəni lap girinc eləmişdi. Baha olduğu üçün, üstəlik, ləkəsi də vardı deyə, satılmamışdı. Əşşi, bizim kənddə yüz neçə manatı kimdi ona verən. Rəhmətlik qabaqkı dükançının dövründən qalmaydı. Bu ailədən savayı, neçə-neçə adam gəlmişdi ki, yarı qiymətinə verin, alaq onu. Təbii, atam vermiri. Hökümətin malını necə yarı qiymətə versin axı?!.

Bir yandan da hər gələn rivizor deyirdi ki, belə getsə, bu şal qalacaq sizin ayağınızda...

Ona görə də, bu dəfə anam son nöqtəni qoydu və məsələ belə həll olundu.

Bax, anamın söz açmaq istədiyi şalın belə tarixi vardı.)

***

- Niyə dinmirsən?

- Hə... Yadımdadı... Şalı deyirsən də... O bahalı...

- Yuxuda o şalı görmüşəm öyünkü gecə... İnanmazsan... Gördüm kənddiyiy...

Səsi titrəyir. Başlayır ağlamağa. Gözünün yaşını başındakı çalmanın ucu ilə silir, ayağa qalxır, lap cavanlıqdakı kimi əlini yuxarı – 27 il qabaq yaşıl rəng çəkdiyimiz tavana tuşlayıb şövqlə deyir:

- Gördüm ki, şalımı külək başımnan aldı, apardı ode haaa, göyün üzünə... Şal, maa gülmə, özü də tərtəmizdi, ləkəsi-zadı da yoxdu, arsız canım... Həəə, gördüm, şal böyüdü, böyüdü, eeee, kəndimizin üstündəki göy boyda oldu. Az qalıram ki, əl atam şalın bir ucunnan tutam, mən də qalxam göyün üzünə... Əlim çatmır. Sohra görürəm ki, kəndin uşaxları da yığışıb başıma, atılıb-düşüllər, fıştırıxlıyıllar, əl çalıb oynuyullar... Bir də nə görsəm yaxşıdı? Gördüm Qaladaşının o üzünnən gün çıxdı, qalxdı, qalxdı, qan qırmızı rəng aldı, sohra irəybərəy oldu, ode, işvənerin üstündəki o bayrax irəngində oldu...

Köhnə şifonerimizin üstündəki rəngi solmaqda olan bayrağımıza baxıram. Qalatasarayın UEFA çempionu olduğu gün gedib almışdım onu, balaca oğlum çiyninə salıb həyətdə o yan-bu yana qaçır, “Cim-Bom çempion!” deyərək qışqırırdı. Burdan indi yaşadığımız yerə köçəndə istədim götürəm, əlim gəlmədi...

Anamın telefonuna zəng gəlir. O danışdığı yuxunun təsirindən hələ çıxa bilməyib deyə, bir müddət mat-mat telefona baxır, handan-hana telefonu açır və dinləyib qışqırır:

- Nə?! Nə müharibəsi?! Kim müharibə eliyib?! Nə vaxt olub?!.

Sonra hirslə mənə sarı dönür:

- Sən bını niyə mənnən gizdətmisən?! Nəvəmdi, sənin polis oğıun! Deyir ki, müharibədi, biz erməniləri qavalayırıq, torpaqlarımızı azad eliyirik... Deyir, tezliklə Qarabağı azad eliyəciyik...

Birdən lap cavanlıqdakı kimi cəld yerində fırlanır, taxçadakı köhnə çamadanı açır, içindən ağ krepdeşin şalı çıxardıb başına atır və irəli yeriyib fırlanmaq istəyir, amma yıxılmamaqçün əl atıb stuldan yapışır, içindən gələn səslə deyir:

- Mən yuxumu görmüşdüm... Bu şal... Bu şallla...

Anam qəfil yıxılır. Yoldaşım əl atıb onu tutur və həmişə açıq olan yatağına sarı aparır.

Mən isə ayağa qalxıb televizoru Bakı kanallarına çevirirəm...

Müdafiə Nazirliyinin əməkdaşları brifinq keçirir və ordumuzun ələ keçirdiyi kəndləri sadalayır...

Şifonerin üstündən rəngi solmuş bayrağımızı götürüb eynən Qalatasarayın qələbəsinə sevinən balaca oğlum kimi atılıb-düşürəm.

Yatağında uzanan anamın şalı isə başından sürüşüb düşür. Yoldaşım şalı qaldırıb lap qəlbi yerə qoyur. Gözüm şalın ağ rəhginə düşür sanki. Qırpav adamlar kimi kirpiklərimi çırpır, şırpıram. Səyriyən gözümlə bir də baxıram ki, şal evimizin içində o yan-bu yana süzür, süzür...

...Alçacıq evimizn, vaxtilə yaşıl rəng sürtdüyümüz tavanı aralanır, göy üzü görünür. Bir anlıq evimizin içi kəndimizə çevrilir. Anamın şalı Yarımyaylağın üstü ilə süzür, süzür, lap yuxarılara qalxır... Bütün kənd əhli – ölülər də, dirilər də başını qaldırıb anamın şalına baxır və əl çalırlar...

***

Ordumuz qalib gəlib. Qarabağı, bizim də rayonu, kəndimizi azad edib. Bir görəydiniz anam necə sağalıb. Qardaşlarım və arvadları yenə növbə ilə gecələr yanında qalmağa gedəndə təpinir də bizə:

- Düzəlmişəm day. Elə bil cavanlaşmışam... Niyə gülürsüuz? Vallah yaxşıyam... Kəndimizə havaxt gediriy, onu maa deyin, deyim hə. Yoxsa arvadların da vurub qoltuğuna gəlillər yanımda qalmağa... Hanı o şalım? Ver, örtüb başıma, gedəcəm kəndimizə!..

...Gedə bilmədi anam. Altdakı ili vəfat elədi.

O evə hərdən tək gedirəm. Anamın çamadandakı şalını çıxardıb qoxulayır, bir də rəngi getmiş bayrağımızı sığallayıram... İlk fürsətdə kəndimizə gedəndə bu iki əşyanı da özümlə aparmalıyam...

***

Hərəmiz bir sənətin sahibiyik. Birimiz dükançı, birimiz fotoqraf, birimiz operator, birimiz məşhur kulinar, birimiz müğənni... Lap böyük qardaşımız yazı-pozu adamıdı. Çoxdandı görüşmürük. Deyirəm, gərək bu şal məsələsini yadına salam, bəlkə, bir şey qaraladı...

Bir də kəndimizin qaçqınlıq zamanı ölüb yad yerlərdə qalan adamlarının dərdi də alıb məni. Onu da ona deyəcəm. Bəlkə bir şey fikirləşdik...

***

MÜƏLLİF

Şal əhvalatını təkrar dinlədim, çox duyğulandım. Oturub bu yazını yazdım.

Bir də kəndimizin qaçqınlıq-köçkünlük dövründə vəfat edən adamlarının siyahısını çıxartmışıq. Düşünürük ki, ailəbaşına pul yığacağıq, qəbiristanımızda bir abidə düzəltdirəcəyik, vəfat edənlərin adlarını və şəkillərini ora yazacağıq. Budur o siyahı:

İsmixan, Xudaverdi, Sənəm, nəvəsi Amil, Rəşid, Ziba, Mübariz, Natiq, Süleyman, nəvəsi Xəqani (şəhid), Həsən (Həsənov), Gülvar, Hüseyn, Roza, Nargilə, Fəridə, İsmayıl, Narıngül, Akif, Zakir, Sədaqət, Səxavət, Soltan, Mehdi, Tahir, Zübeydə, Çimnaz, Əhməd, Dilbər, Nailə, Xırdaca, Kazım, Şəhrəbanı, Əyyub, Qısxanım, Ağaqulu, Kamran, Qüdrət, Zalikə, Yaxşıxanım, Lətifə, Elcan, Cəmil, Kübra, Nüşabə, Dadaş, Diləfruz, Zöhrə, Novruz, Zinyət, Əzət, Nadir, Nübar, Zərif, Zeynəb, Çiçək, Aygün, Abbas, Güləbətin, Musa, Fatma, Fatı, Vəkil, Gülbadam, Vəli, Narbəyim, Həsən (Qasımov), Sarabəyim, Güllər, Şahnisə, Xostan, Qasım, Əli, Tərlan, Pakizə, İzafə, Zərif, Suqrət.

S.A. (Söz Ardı)

Siyahıya kimin adı düşməyibsə, xahiş edirəm, xəbər etsin, əlavə edək, ruhumuz bütövləşsin.

Bu siyahının bir özəlliyi də odur ki, 44 günlük müharibənin şəhidinin də adı onların içərisindədir.

Ruhları şad olsun.

Amin.

09.09.2025

“Eurovision 2026” Mahnı Müsabiqəsi Vyanada keçiriləcək "Bircə sən yoxsan, əzizim... " - Günün şeiri 900 illik qəsrin qapıları yenidən ziyarətçilərə açılır
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://kulis.az
archiveBu xəbər 11 Sentyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see337

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see317

Qətər aldadıldığını başa düşür

11 Sentyabr 2025 08:20see280

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see138

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see132

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see129

Pentaqondan ABŞ ın Çinlə müharibəyə hazırlaşmasına REAKSİYA

11 Sentyabr 2025 00:29see127

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see124

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see124

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see123

Hesablama Palatası: Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır

10 Sentyabr 2025 17:13see123

Eminin yeni evindən Video

09 Sentyabr 2025 20:40see120

Toral Bayramov: Əlimizdən gələni yox, gəlməyəni edirdik

10 Sentyabr 2025 01:33see119

İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN ya birləşdirilir?

10 Sentyabr 2025 21:42see119

Mirzoyan Azərbaycanla delimitasiya prosesindən danışdı

10 Sentyabr 2025 21:44see118

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see118

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see118

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see118

Ən varlı amerikalılar onlardır Siyahı açıqlandı

10 Sentyabr 2025 22:34see116

Günün qoroskopu: öz ruhunuza bircə dəfə “eşidirəm səni” desəniz...

11 Sentyabr 2025 00:02see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri