Icma.az
close
up
RU
Anar Rusiyaya cavab yazdı Əyri güzgüdə

Anar Rusiyaya cavab yazdı Əyri güzgüdə

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


ANAR

İçimdə yaranan ikrah hissini güclə boğaraq, yenə də Vladimir Solovyovun verilişlərini izləməyə məcbur oluram.

Vladimir Solovyov, şübhəsiz ki, savadlı, ağıllı insandır. Elə bu səbəbdən də belə bir jurnalistin bu dərəcədə riyakar olması daha da təəccüblüdür. Solovyov mütəmadi yalan danışır və özü də çox gözəl bilir ki, yalan danışır. Onun tok-şoularında tamaşaçılarına "yedirtməyə" çalışdığı bütün mövzulara toxunmaq istəmirəm.

Şəxsi qənaətim odur ki, bu adamın, əslində, rus xalqına dərin nifrəti var. Yoxsa o, qonşu, hətta uzaq ölkələri bütövlükdə məhv etmək, ya da ən pis ehtimalda işğal etmək kimi planlarla hədələməz, təhqir etməzdi. Bu cür davranışla isə o, həmin xalqları Rusiyaya qarşı potensial düşmənə çevirməyə çalışır - sanki onların mövcudluğuna təhdid kimi təqdim edir.

Hər hansı bir dövlətin siyasəti ilə razılaşmaya bilərsən, rəhbərlərini sərt şəkildə tənqid edə bilərsən, amma küçə söyüşlərinə əl atmaq, bütöv xalqları tərbiyəsizcə alçaltmaq, onların milli ləyaqətini tapdalamaq, mənəvi dəyərlərini, düşüncə tərzini, dil xüsusiyyətlərini məsxərəyə qoymaq olmaz.

Solovyov gah finlərin, gah Baltikyanı xalqların, gah da almanların və müsəlmanların dilini təqlid edərək məsxərəyə qoyur. Az qala komediya ustası kimi, gah Leninə, gah Stalinə, gah Qorbaçova, Yeltsinə, gah da azğın və qəzəbli tonla danışan Hitlerə bənzəməyə çalışır. Bu cür artistik bacarıqları ilə etdiyi parodiyalar bir yana qalsın, əsas məsələ odur ki, o yalnız dillə məsxərə etmir, həm də açıq şəkildə xalqları təhqir edir, adlarını hallandıraraq alçaldır.

Bu ksenofob adam dəfələrlə bütün bir xalqın, ölkənin, qitənin fiziki cəhətdən məhv edilməsinə çağırışlar edir. O, adamyeyən tərzindəki çıxışlarında ən böyük arzularından birini, Böyük Britaniyanın dəniz altında qaldığını görmək istəyini açıq-aşkar dilə gətirir. Təkcə bir şey bəlli deyil: görəsən, İngiltərə və Şimali İrlandiya suyun altında qalsa, günahı olmayan İrlandiya Respublikası da eyni aqibəti yaşayacaq, yoxsa salamat qalacaq?

Ən qorxulusu isə budur ki, Solovyov bu dəhşətli çağırışları yalnız öz adından deyil, guya dövlətin mövqeyi kimi səsləndirir, hakimiyyəti də təhrik etməyə çalışır. Yenə də Kreml siyasətçilərinin vəziyyəti soyuqqanlılıqla qiymətləndirməsinə ümid edə bilərik.

Ən dözülməzi isə budur ki, bu cəfəng ideyaları Solovyov guya bütün rus xalqının arzusu kimi təqdim edir. Halbuki bu xalqı və ölkəni sevdiyini deyə-deyə, onlara bundan böyük ziyan vura bilməz. Çıxışlarında təkidlə Parisə, Berlinə, Varşavaya, hətta Bayden dövründə (Tramp vaxtında hələ qərar verə bilməyib) ABŞ-a da atom bombası atmaq çağırışları edir. Heç düşünmür ki, cavab zərbəsi də ola bilər, Rusiya şəhərləri də dağıla bilər, hər iki tərəfdən milyonlarla günahsız insan həlak ola bilər. Solovyov elə bilir ki, atom Apokalipsisindən özü sağ çıxacaq, ya da ən pis halda da cənnətə düşəcək. Halbuki onun üçün artıq çoxdan cəhənnəmdəki VİP qazanda yer hazırlanıb.

Hər dəfə dünyanın Üçüncü Dünya müharibəsində "nüvə intiharı" ilə məhv olacağını narahatlıq keçirmədən, şirin təbəssümlə proqnozlaşdırır. Görəsən, İtaliyadakı villasını itirməyin əvəzini bütün bəşəriyyətin məhvi ilə çıxmağa dəyərmi?

Söhbət villadan düşmüşkən, Qorbaçov və Yeltsinə qarşı gecikmiş qəzəblə çıxış edən, Stalinin repressiya rejimini - Qırmızı Terroru, SMERŞ-i, QULAQ-ı bərpa etməyi arzulayan Solovyov düşünmür ki, o dövrdə Avropada villa sahibi olmaq nəinki mümkünsüz idi, hətta onun özünü Solovetskiyə sürgünə göndərərdilər, o da əgər bu ölüm hökmü tərəfdarı əvvəlcədən güllələnməsəydi?!.

Vladimir Solovyov şəxsiyyəti "yəhudi-faşist" anlayışının nadir nümunəsidir. Daim öz yəhudi mənsubiyyətini vurğulayan bu şəxs, dünya elm və mədəniyyətinə dahilər bəxş etmiş müdrik yəhudi xalqının adına ləkədir. Azad fikrə, demokratiya və azadlıq dəyərlərinə nifrətində Solovyov sırf Gebbels üsullarına əsaslanır: "Daim yalan danış, xalqın, heç olmasa, bir hissəsini aldada bilərsən".

Lakin tarixdə ədalət də var. Müqəddəs rus ədəbiyyatı ilə tərbiyə almış böyük rus xalqı gec-tez bu Qrişka Rasputinlərini tanıyacaq.

Solovyovun verilişlərində iştirak edənlər hər şeydə onunla razılaşırlar. Yalnız bir professor hərdən bir-iki fikir bildirməyə macal tapır. Amma elə ilk cümləsindən sonra Solovyov onun çıxışını kobudcasına yarımçıq saxlayır və dediklərinə dərhal etiraz edir ki, professor fikrini tamamlaya bilməsin.

Solovyovun verilişlərinə dərin etirazımı bildirərkən, onun toxunduğu bütün mövzulara münasibət bildirmək fikrində deyiləm. Amma onun Azərbaycan-Ermənistan münasibətləri, Qarabağla bağlı hadisələr barədə səsləndirdiyi təxribatçı bəyanatlara susmaq mümkün deyil. Onun Azərbaycan haqqında söylədiyi düşmənçilik dolu fikirlər məni heyrətə gətirir.

Solovyovun verilişlərində daim bir neçə erməni çıxış edir (onların içində normal təfəkkürlü rejissor Karen Şahnazarov da var) və Solovyov bu verilişlərdə daim ermənilərə sevgisini dilə gətirir. Vladimir Rudolfoviçi bir milləti sevdiyinə və ya onun oliqarxlarına rəğbət göstərdiyinə görə qınamaq olmaz. Amma sual budur: o, sevdiyini dediyi erməni xalqına da, rus xalqına da niyə ancaq şər arzulayır?

Niyə Ermənistanın qonşuları ilə münasibətlərində azacıq istiləşmə Solovyovu bu qədər qıcıqlandırır?

Otuz il işğal altında qalmış Azərbaycan torpaqları, xarabaya çevrilmiş şəhərlərimiz, minalarla örtülmüş tarlalar, öz doğma yurdunda bir milyon qaçqın, Ermənistandan qovulmuş 200 min azərbaycanlı, Xocalı soyqırımı, "yeni ərazilər uğrunda müharibə" çağırışları - bunların heç biri Solovyovu maraqlandırmayıb. Guya heç nə eşitməyib, heç nə görməyib.

Amma ermənilər heç bir zorakılıq olmadan, sadəcə illərlə aparılmış yalan təbliğatın təsiri altında könüllü şəkildə Qarabağı tərk edəndə və bu zaman bircə nəfər də dinc sakin zərər görməyəndə, Solovyov birdən mifik "Artsax"ı xatırladı.

Halbuki bu faciəvi münaqişə zamanı dünyanın hər yerində, eləcə də Rusiyada, Ermənistanın özündə belə, bu hadisələr "Qarabağ hadisələri" kimi adlandırılırdı. İndi isə Solovyov "Artsax" sözünü diriltməyə çalışır.

Azərbaycana hədə-qorxu gələn Solovyov unudur ki, Cənubi Qafqazın üç ölkəsi arasında rusların ən çox yaşadığı ölkə Azərbaycandır. Onlar bizim çoxmillətli ölkəmizdə digər vətəndaşlar kimi bütün hüquqlardan yararlanırlar. Bakıda yüzlərlə rusdilli məktəb, rus teatrı, Rus Pravoslav Kilsəsi fəaliyyət göstərir. Rus dilində qəzetlər, jurnallar çap olunur. O cümlədən, Azərbaycan Yazıçılar Birliyinin rusdilli qəzeti və jurnalı. Rusdilli televiziya kanalı da var.

Bunu monoetnik Ermənistanda təsəvvür etmək olarmı?

Azərbaycan Rusiya ərazisində sərnişin təyyarəmiz vurulmağına (hansında ki, rus pilotlar da həlak olmuşdu), Yekaterinburqda iki azərbaycanlının məhkəməsiz-filansız öldürülməyinə etirazını bildirir. Bəs Solovyovun azərbaycanofobiyası nədən qaynaqlanır? Erməni sevgisindən?

Amma məsələ bundadır ki, Solovyov sevdiyini dediyi Ermənistana da yalnız zülm, müharibə, qan tökülməsi, məğlubiyyət arzulayır. Çünki Ermənistan rəhbərliyi nəhayət, dərk etdi ki, qonşularla sülh şəraitində yaşamaq qarşılıqlı qırğına hazır olmaqdan daha yaxşıdır.

Qarabağdan ermənilərin köçünü erməni xalqı yox, korrupsiyalaşmış erməni siyasətçiləri istədi. Onlar deyirdi ki, ermənilər və azərbaycanlılar bir yerdə yaşaya bilməz. Bəs necə olur ki, onlar Gürcüstanda, Rusiyada, Türkiyədə, İranda birlikdə dinc yaşayırlar?

Mən inanıram ki, erməni xalqının yalan təbliğatla zəhərlənməmiş sağlam düşüncəli adamları, ziyalıları bütün maneələri və xarici müdaxilələri dəf edərək, azərbaycanlılarla mehriban qonşular kimi yaşamağın yolunu tapacaq.

Vladimir Rudolfoviç isə öz əyri telegüzgüsündə millətlərarası nifaq toxumu səpmək üçün başqa "nöqtələr" axtarmalı olacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 İyul 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri