Icma.az
close
up
RU
Anar yaradıcılığında milli özünütəsdiq və milli oyanış

Anar yaradıcılığında milli özünütəsdiq və milli oyanış

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeganə İSMAYILOVA
Filologiya elmləri doktoru, professor
[email protected]

"Kitabi-Dədə Qorqud" Azərbaycan ictimaiyyəti, kütlə, xalq üçün tanınmalıdır. Mən bu baxımdan Anarın xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Mənə belə gəlir ki, biz bu gün müəyyən zaman keçəndən sonra Anarın bu sahədəki axtarışlarına, xidmətlərinə daha da yüksək qiymət verməliyik".

Ümummilli lider Heydər Əliyev

"Hər hansı xalq - ədəbi irsi nə qədər zəngin olsa da, bir, ya iki əsas kitaba, təməl kitaba, Ana kitaba malikdir. Belə baş kitab xalqın varlığını ən dolğun və bitkin şəkildə əks etdirir... Xalqımızın şah əsəri, Ana kitabı Dədə Qorqud dastanıdır".

Anar

2025-ci il 23 iyul Şuşa şəhəri. Vaqif poeziya günləri. Xan sarayının qarşısında tədbir yenicə başlayırdı ki, mənə 10-12 yaşlarında olan bir oğlan uşağı yaxınlaşdı. Təəccüblə soruşdu: "O, yazıçı Anardır?" Mən cavab verdim: "Bəli, zəmanəmizin dahisi Anardır!

Sənin adın nədir?" soruşduğumda oğlan: "Yusifdir", - dedi. "Mən Anarın bütün əsərlərini oxumuşam. Anarı görmək mənim həyatda ən böyük arzumdur" - söylədi Yusif. Anar müəllimlə Yusifi görüşdürdük və bu anı əbədiləşdirdik. Mən soruşdum: "Yusif, sənin telefonun var?" O dedi ki, mənim telefonum yoxdur, mən kitab oxuyuram, mən Anarı oxuyuram!

Anar müəllim ona təqdimatı orada keçirilən yeni kitabını imzalı hədiyyə etdi.

Yusif sevincindən qanad alıb uçurdu. Anar müəllim uşaqdan böyüyədək hər kəs tərəfindən sevilən yazardır. Anar müəllimə möhkəm cansağlığı, uğurlar arzu edirəm.

Anar böyük yazarlarımız Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya göz açıb. Nigar xanımın babası Ələkbər bəy Rəfibəyli "Difai" partiyasının qurucularından biri idi. Nigar xanımın atası Xudadat bəy Rəfibəyli AXC-nin səhiyyə naziri olmuşdu. Nigar xanımın qardaşı Kamil bəy AXC-nin süqutundan sonra Türkiyəyə mühacirət etmişdi. Anar müsahibələrindən birində belə deyir: "Köklərimizə və türkçülüyə meylim ailəmdən qaynaqlanmışdır.  İlk dinlədiyim Nigar xanımın söylədiyi "Koroğlu" dastanı və N.Hikmətin "Günəşi içənlərin türküsü" əsərləri olmuşdur". Əlbəttə ki, bu əsərlər Anarın düşüncəsində dərin iz buraxmışdı.

XX əsrin 70-ci illərindən Azərbaycan nəsrində "Dədə Qorqud" motivləri əsasında yeni bir tendensiya da özünü göstərməyə başlayır. Bu, eposun obraz və ideyalarından milli özünütəsdiq vasitəsi kimi istifadə edilməsi idi. Həmin istiqamətin əsası görkəmli Azərbaycan yazıçısı Anarın yaradıcılığında qoyulur. Onun 1969-1972-ci illərdə yazdığı "Dədə Qorqud" povesti ilə "Kitabi-Dədə Qorqud" milli ədəbi düşüncədə milli özünütəsdiq, milli oyanış və dirçəliş qaynağı kimi tərənnüm olunur. Anarın yaradıcılığı milli ədəbiyyatımızın xüsusi səhifəsi olduğu kimi, "Kitabi-Dədə Qorqud" eposu da Anar yaradıcılığının xüsusi səhifəsidir. Anar "Kitabi-Dədə Qorqud" dastanlarına bağlanmasının bir səbəbini də belə açıqlayır: "Dastanı ilk oxuduğumda 13-14 yaşım olardı. Mən bu əsəri bir film kimi qavradım. O zamanlar kino ilə maraqlanacağımı, bu yöndə təhsil alacağımı, film çəkəcəyimi ağlıma belə gətirə bilməzdim. O ucsuz-bucaqsız çölləri, bozkırları, atları, çadırları bir film kimi gözlərim önündə canlandırırdım".

Eposu "Azərbaycan xalqının şah əsəri, Ana kitabı" adlandıran yazıçı üçün "Dədə Qorqud" dastanı, əslində, sirli-sehrli bir dünyadır. Anarın "Kitabi-Dədə Qorqud" eposuna elmi marağı ilə bədii marağı məzmun və ideya baxımından qovuşuqdur. Eposa başdan-başa milli ideyalarla süslənmiş möhtəşəm abidə kimi yanaşan Anar onu öz bədii yaradıcılığına gətirməklə, əslində, dastandan milli düşüncələrinin ifadə vasitəsi kimi istifadə edib.

Mühiti ilk növbədə silkələyən əsərə qoyulmuş epiqraf idi: "Öz eli olan xalq idim, elim indi hanı? Öz xaqanı olan xalq idim, xaqanım hanı? Orxon yazıları. "Gültəkin abidəsi". Türk tarixinin ulu həqiqətini ifadə edən bu epiqraf bir tərəfdən Azərbaycan dövlətinin müstəqilliyinin əlindən alınmasının açıq-aşkar bəyanı idisə, o biri tərəfdən əsərin məzmununun xalqımızın tapdanan, təhrif edilən ulu tarixi həqiqətləri ilə bağlı olduğunu bildirirdi.

Anar yazır: "Kitabi-Dədə Qorqud" Azərbaycan ədəbiyyatının, xalqımızın yaradıcı dühasının ən böyük və ilkin ifadəsidir. "Kitabi-Dədə Qorqud" xalq həyatının ən erkən dövrlərini saysız-hesabsız təfərrüatı, ayrıntıları, çalarları ilə əks etdirən bilgilər toplusudur, bütöv bir dövrün heyranedici zənginliyə malik ensiklopediyasıdır. Ən çılğın ehtirasların və incə hisslərin, ən xəfif duyğuların, ziddiyyətli insan münasibətlərinin və zərif təbiət təsvirlərinin, igidliyin və comərdliyin, xəyanətin və satqınlığın, məhəbbətin və ölümün, qəzəbin və gülüşün, şadlığın və ələmin qaynayıb-qarışdığı bir dünyadır Dədə Qorqud dünyası".

Artıq ömrünün müdriklik dövrünə qədəm qoymuş Anarın "Dədə Qorqud" yaradıcılığı, əslində, onun "Dədə Qorqud" düşüncələrindən başlanır. Bu düşüncələr isə bir möhtəşəm "an"la bağlıdır. Həmin "an" yazıçı Anarın "Kitabi-Dədə Qorqud" eposu ilə ilk tanışlıq anıdır: "Xanım hey. Bu ilk sözləri oxuyan gündən Dədə Qorqud dünyasına daxil oldum. O uzaq illərdən bəri Dədə Qorqud məni ovsunlayıb və heç vaxt bu əfsundan, sehrdən, tilsimdən çıxa bilməyəcəm. Hər beş-altı ildən bir dastanın Azərbaycan, türk nəşrlərini oxuyuram və hər dəfə o, mənimlə mənim yaşımda olan adam kimi danışır, hər dəfə ondan indiyənəcən eşitmədiyim sözləri eşidirəm, hər dəfə "Kitab"da bunacan görmədiyim, duymadığım gözəlliklər, dərinliklər, dəyərlər tapıram".

Anarın "Dədə Qorqud dünyası" əsərində Azərbaycan xalqının minillər boyu yaşadığı doğma torpağında "yad", "gəlmə" olduğunu əsaslandıran "rəsmi tarixi" məhz "Kitabi-Dədə Qorqud" dastanının milli həqiqətləri ilə ifşa və inkar olunur. "Kitabi-Dədə Qorqud" tariximizin təməl məsələsi - Azərbaycan xalqının mənşəyi və məskəni məsələsiylə birbaşa bağlıdır, daha doğrusu, bu məsələlərin tam dəqiqliyi ilə açılması üçün ən etibarlı mənbə və məxəzdir" - deyə bəyan edən müəllif eposun Azərbaycan tarixi üçün iki mühüm və taleyüklü əhəmiyyətini göstərir:

1. "Kitabi-Dədə Qorqud" Azərbaycan oğuzlarının əsəridir və Dədə Qorqud oğuzları Azərbaycan ərazisində məskun olan azərbaycanlılardır. "Kitabi-Dədə Qorqud"un Azərbaycan tarixi üçün ən böyük, ən əsas və ən birinci xidməti bundan ibarətdir.

2. "Kitab"ın ikinci xidməti isə ondan ibarətdir ki, Dədə Qorqud oğuzlarının, yəni Azərbaycan ərazisində yaşayan oğuzların qədimliyi, başqa sözlə desək, "Kitabi-Dədə Qorqud"un qədimliyi" - bu torpaqda yaşayan azərbaycanlıların bu torpaqda yaşamalarının çox uzaq tarixinə ən tutarlı dəlildir". Alim Anarın sonralar (1985-ci ildə) "Dədə Qorqud dünyası" adlı elmi əsərində tarixi dəlillərlə ortaya qoyulan milli özünütəsdiq həqiqətləri ondan daha öncə (1970-1973-cü illər) yazıçı Anarın "Dədə Qorqud" povestinin bədii ruhunu təşkil edirdi.

Dastanda Dədə Qorqud - müəllif-obrazdır. Eposun obrazlar sistemi "Bütün obrazlar + Müəllif-obraz Dədə Qorqud" kimi ikiqatlı prinsiplə qurulmuşdursa, povestin obrazlar sistemi isə üçqatlı quruluşa malikdir: "Bütün obrazlar + Müəllif-obraz Dədə Qorqud + Müəllif-obraz Anar". Anar "müəllif-obraz" Dədə Qorqudun eposdakı funksional strukturunu povestdə olduğu kimi saxlamışdır. Dədə Qorqud həm süjetin içində, həm də fövqündədir. Anar özü də povestin mətnində iştirak edir. Lakin onun iştirakı mətnin quruluşunun süjet qatında deyil, ümumi mətn səviyyəsindədir: Dədə Qorqud həm süjetin içində, həm də fövqündə olduğu kimi, Anar da həm mətnin içində, həm də fövqündədir. Onun mətnin quruluşunu təşkil edən elementlərin hamısı kimi öz "məna yükü" var. Başqa sözlə, yazıçı Anarın ilk baxışda "Kitabi-Dədə Qorqud" eposunun sadəcə bədiiləşdirilməsi təsirini bağışlayan povestinin ən əsas və başlıca özəlliyi ondan ibarətdir ki, burada "mətnin müəllifi" Anar eyni zamanda mətnin poetik qurumunun struktur elementi - obrazıdır.

Anar povestdə milli tale yükünün 3 qatını müəyyənləşdirmişdir:

1. "Kitabi-Dədə Qorqud" eposundan gələn Oğuz milli tarixi;

2. Oğuz tarixinin də onun içərisinə bütövlükdə daxil olduğu ümumtürk milli tarixi;

3. Oğuz-Türk taleyinin içində olan Azərbaycan milli tarixi.

 "Kitabi-Dədə Qorqud" dastanları həmişə Türklüyə və Türkçülüyə meyl olaraq dəyərləndirilmişdir. Anar "Dədə Qorqud" povestini, ssenarini - özünün də adlandırdığı kimi kino-dastanı yaratdı. Anar "Dədə Qorqud" filmini 1975-ci ildə çəkmişdi. Bu o zaman idi ki, Sovetlər Birliyi özünün möhtəşəm, xoşbəxt çağlarını yaşayırdı. Dimdik ayaqda idi. Bu film çəkilənə qədər "Kitabi-Dədə Qorqud"u sadəcə alimlər bilirdi. Anara bu filmin çəkilməsində əngəl yaradan qüvvələr var idi. Dastanı akad. H.Araslı 1939-cu ildə nəşr etdirmişdi. Sonra "Kitabi-Dədə Qorqud"a mürtəce abidə kimi qadağa qoyulmuşdu. Böyük insan, böyük alim, Dədə Qorqudla bağlı böyük işlər görən alim H.Araslı Anarın yazdığı ssenariyə müsbət rəy verdikdən sonra Anar "Dədə Qorqud" filmini çəkə bilmişdi. Dədə Qorqudla bağlı böyük işlər görmüş bütün alimlərimizi: Əmin Abid, H.Araslı, Ə.Dəmirçizadə, M.Təhmasib, Samət Əlizadə, Fərhad Zeynalov, Şamil Cəmşidov, Tofiq Hacıyev və adını çəkmədiyim digər alimlərimizi hörmət və rəhmətlə yada salmaq istəyirəm. Moskvada yaşayan türkoloq Xalıq Koroğlu da Anarın kitabına gözəl bir ön söz yazmışdı.

Anar bütün yaradıcılığı boyu bir prinsipə sadiq qalıb. Əsla başqalarını təkrar etməmək. Hətta öz yazdıqları nə qədər məşhurlaşıbsa belə, o əsərləri də bir daha təkrar etməyib. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" böyük oxucu kütləsi tərəfindən sevilib, məşhurlaşıb, dəfələrlə nəşr olunub. Amma Anar o əsərin davamı olacaq belə bir əsər yazmayıb. Anar özünü belə təkrar etməyib. Daima yeni mövzularla oxucularının qarşısına çıxıb. Məncə, bir oxucu deyə bilməz ki, Anarın əvvəlki əsəri bundan daha yaxşı, daha maraqlı idi. Anar "oxucum az olsun, amma səviyyəli, məni anlayacaq olsun" düşüncəsində olan bir yazardır. Anarın bu düşüncəsini mən də çox bəyənirəm.

Gerçəklik çox geniş bir anlayışdır. Anarın əsərlərində 1-ci hər gün gördüyümüz gerçəklik var, 2-ci Anarın xəyallarının yaratdığı gerçəklik var.

Anar klassiklərimizi gənc nəslə tanıtmaqla misilsiz xidmətlər göstərmişdir. Mirzə Cəlillə bağlı "Anlamaq dərdi" əsəri, "Qəm pəncərəsi" filmi, "Nigarançılıq" pyesi, Ü.Hacıbəyli dühasını, şəxsiyyətini, sənətkarlığını, dahiliyini əks etdirən "Üzeyir ömrü" və ya "Uzun ömrün son akkordları", dahi H.Cavidə həsr olunmuş "Cavid ömrü" filmlərinin müəllifidir.

Anar publisistik yazıları ilə hər zaman diqqət mərkəzindədir. Məsələn, "Dilimizi yaşadanlar", "Üç Leyli, üç Məcnun", "Türkçülüyün banisi M.Kaşğarlı haqqında, Yusif Balasaqunlunun "Kutadqu Bilik" əsəri ilə bağlı "Xoşbəxtliyin açarı" məqalələri ilə ədəbiyyata töhfələrini verir.

SSRİ dağıldıqdan sonra Türkiyə də daxil olmaqla Türk dünyasının hər yerində qürur duyacağımız aydınlar içində Anarın adı xüsusi minnətdarlıqla çəkilir. Anar Türk dünyası yazarları, şairlər və elm adamları arasında birləşdirici, bütünləşdirici bir missiya daşıyır. Anar 1500 ilin "Oğuz şeiri" antologiyasını hazırladıqdan sonra türk şairi Atilla İlhana təqdim edəndə Atilla İlhan Anara "Siz bizdən daha fazla türksünüz" demişdi. 2018-ci il 29 martda Türk Ədəbiyyat Vəqfi tərəfindən Anara həsr olunmuş möhtəşəm tədbirdə mən də iştirak edirdim. O zaman mən İstanbul Universitetində dərs deyirdim. Dəvətnamə mənə İstanbul Universitetinin Ədəbiyyat fakültəsi tərəfindən verilmişdi. Anar Dədə Qorqudla bağlı yazdıqlarına görə, türkcənin, həm də Türk dünyası problemlərini zaman-zaman qaldırdığına görə, Türk dünyasına böyük xidmətlərinə görə, "Yaşayan Dədə Qorqud" ödülünə layiq görüldü. Bu ödül Türk dünyasında ilk olaraq Anara təqdim edilmişdi. Bu, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verilən böyük ödül idi. Anarın "Dədə Qorqud" yaradıcılığnı araşdıran bir alim kimi, əlbəttə ki, mənim sevincimin həddi-hüdudu yox idi.

Məqaləni Dədə Qorquddan yumla bitirmək istəyirəm:

"Evdə yanan çırağınız daim yansın.

Allah heç kəsi namərdə möhtac etməsin".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Dekabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see235

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see217

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see212

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see199

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see184

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see178

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see151

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see150

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see150

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see146

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see144

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri