Andına sadiq qalan Lider
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Tarixin bu günündə - 1993-cü il oktyabrın 3-də böyük siyasətçi Heydər Əliyev müstəqil Azərbaycana ilk dəfə Prezident seçilib. Bu, sıradan bir seçki deyildi və ölkəmizin, xalqımızın taleyi baxımından müstəsna önəm daşıyırdı. Buna görə də həmin gün bütün ölkə boyunca seçki məntəqələrində böyük qələbəlik yaşanıb. İnsanlar səhər tezdən seçki məntəqələrinə, sözün əsl mənasında, axın ediblər. Seçkilərin nəticələri isə xalqın arzuladığı kimi olub. Belə ki, yüksək seçici fəallığı şəraitində baş tutan seçkilərdə səslərin 98 faizdən çoxu (98.84 faiz ) məhz böyük siyasətçi Heydər Əliyevin lehinə verilib. Bu, seçicilərin Heydər Əliyevə inamının, rəğbətinin ifadəsi idi. Xalq səsini Ona verməklə bir daha təsdiqləmişdi ki, Azərbaycanı idarə etməyə Heydər Əliyevdən başqa heç kim layiq deyil.
Müstəqilliyimizin anarxiya mərhələsi
Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bu, tarixi bir qərar idi. Beləliklə, Azərbaycan XX yüzillikdə ikinci dəfə müstəqilliyinə qovuşub.
Lakin müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir. Heydər Əliyevin aforizmə çevrilən bu fikri Azərbaycanın timsalında da öz təsdiqini tapıb. Heydər Əliyevin 1993-cü ilin yayında ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəlməsi əslində bir xilaskarlıq missiyası idi. O dövrə qısa ekskurs edək. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanda yaşanan hadisələri təhlil etdikdə istər-istəməz respublikamızın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin yenidən itirilməsi təhlükəsindən danışmaq məcburiyyətində qalırıq. 1992-ci ilin yazında respublikamızda qanuni hakimiyyəti zorla devirərək iqtidara gələn AXC- “Müsavat” cütlüyü cəmi bir il ərzində Azərbaycanı böyük fəlakətin - vətəndaş qarşıdurmasının astanasına gətirib çıxartmışdı. Hadisələr elə cərəyan edirdi ki, kövrək müstəqilliyimizin əldən getməsi tam real idi. Gəncədə ilk qardaş qanı axıdılmışdı. Eyni zamanda, ölkədəki xaos, anarxiya mühitini bir fürsət kimi dəyərləndirən Ermənistan havadarlarının dəstəyi ilə işğalçılıq siyasətinin miqyasını genişləndirərək yeni-yeni ərazilərimizi öz nəzarətinə keçirirdi...
Müstəqilliyimizin anarxiya, xaos dönəminin ən ağrılı və narahatlıq doğuran məqamlarından biri də həmin dövrdə Prezident vəzifəsini daşıyan AXC sədri Əbülfəz Əliyevin (Elçibəy) qeyri-adekvat davranışları idi. Atdığı hər addımda, aldığı hər qərarda aydın şəkildə görünürdü ki, o, ölkəni idarə etməyə qadir deyil. Prezident Əbülfəz Əliyev iyunun 17-dən 18-nə keçən gecədə hamını, necə deyərlər, şoka salan hərəkətə yol verib- qəfildən yoxa çıxıb. Sonradan onun yeri bəlli olub- dövlət başçısı müvafiq qurumların təmsilçilərini məlumatlandırmadan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Kələki kəndinə üz tutub və orada yaşamağa qərar verib.
Ölkə çətin vəziyyətdə olduğu bir vaxtda dövlət başçısının bu cür qeyri-ciddi davranmasına hansı qiyməti vermək olar? Sonradan Ali Sovetin Sədri Heydər Əliyev dəfələrlə Prezidentin Bakıya gəlib vəzifəsini yerinə yetirməsinə çağırış etsə də, Əbülfəz Elçibəy buna məhəl qoymayıb. O, özüsayağı şəkildə bəyan edib ki, dövləti Kələkidən idarə edəcək. Yeri gəlmişkən, AXC-“Müsavat” iqtidarında təmsil olunan ayrı-ayrı nazirlər, icra başçıları da oxşar qeyri-ciddi davranışlar sərgiləyiblər. Onlar məsuliyyətsizcəsinə tutduqları vəzifələri özlərinin işlətdiyi ifadə ilə desək, dondurublar...
Heydər Əliyevin xilaskarlıq missiyası
Keçmiş ittifaq rəhbərliyində tutduğu bütün vəzifələrdən istefa verən Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya qayıtmaq məcburiyyətində qaldı. Lakin imperiya nökərləri-bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Heydər Əliyev doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. O, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra-17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Sessiyada Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.
Tale elə gətirdi ki, həmişə Azərbaycanın müstəqilliyini arzulayan, bütün şüurlu fəaliyyətini bu istiqamətdə quran Heydər Əliyev respublikamızın ötən əsrin 90-cı illərinin əvvəllərində ikinci dəfə əldə etdiyi müstəqilliyini qorumaq missiyasını da elə Özü yerinə yetirdi. AXC-”Müsavat” iqtidarının diletant siyasətini qəbul etməyən, yuxarıda təsvir etdiyimiz xaosdan, anarxiyadan bezən xalq üzünü Ona tutaraq Naxçıvandan Bakıya gəlməsini, ölkənin siyasi rəhbərliyinə qayıtmasını təkid etdi. Heydər Əliyev çətin seçim qarşısında idi. Başqası olsaydı, həmin xaotik vəziyyətdə həyatını və karyerasını təhlükəyə atmaqdan çəkinərək suların durlmasını gözləyərdi. Ancaq söhbət Heydər Əliyevdən gedirdi. Çətinliklərlə üzləşən xalqı Ona üz tutmuşdu, güvənmişdi. O, xalqın güvənini, inamını qırılmağı Özünə rəva görə bilməzdi. Bilmədi də. Bakıya gəlib respublikanın idarəçilik sükanının arxasına keçməyə razılıq verdi. Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir qədər sonra isə O, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Və nəhayət, 1993-cü il 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazandı.
Xaosdan sabitliyə və inkişafa doğru
Seçkilərin qalibi olan Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Prezident kimi fəaliyyətə başladı. O, andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Heydər Əliyev bütün varlığı ilə andına sadiq qaldı. O,vaxt itirmədən Azərbaycanın sabahı, müstəqilliyimizin əbədiyaşarlığı üçün müstəsna önəm daşıyan böyük işlərin təməlii qoydu. İlk növbədə ölkədə anarxiyanın ram edilməsinə, vahid komandanlığa tabe olan ordunun formalaşdırılmasına başlanıldı. Dövlətçiliyin möhkəmlənməsini hədəfləyən zəruri qərarlar imzalandı. İslahatların anonsu verildi. 1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında əlamətdar hadisə yaşandı. Heydər Əliyev böyük səylər göstərərək beynəlxalq səviyyədə respublikamıza qarşı yaranan inamsızlığı aradan qaldırmağa və transmilli şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının birgə işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu.
Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində xaosdan, anarxiyadan qurtulan Azərbaycan böyük yolun başlanğıcında idi. Bir-birinin ardınca görülən işlər, “Əsrin müqaviləsi” Azərbaycanın müstəqilliyi və gələcək inkişafı üçün son dərəcə möhkəm təməllər yaratdı.
Azərbaycanı böyük uğurlara aparan yol
Ulu Öndərin əsasını qoyduğu siyasətin son 20 ildən artıq müddətdə Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsi Azərbaycanın böyük xobəxttliyidir. Prezident İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə dövlət başçısı statusunda fəaliyyətə başlayarkən bəyan etdi ki, Onun üçün bundan sonra əsas vəzifə Heydər Əliyev siyasətini davam etdirmək olacaq. O, verdiyi vədə sadiq qalaraq Ulu Öndərin əsasını qoyduğu siyasəti həm yüksək səviyyədə davam etdirib, həm də müasir çağırışları nəzərə alaraq yeni çalarlarla daha da zənginləşdirib.
Azərbaycanda Ulu Öndərin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilməsi ölkəmizin bugünkü müsbət reallıqlarını yaradıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz Azərbaycanda güclü, özünə güvənən, müstəqil dövlət qururuq. Bu dövlət əbədi yaşamalıdır və uğurla yaşamalıdır.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin varisliyinin təmin olunması sayəsində respublikamız iqtisadi və siyasi müstəqilliyini tam təmin edib. Bu gün Azərbaycan dünyada milli maraqlarını qətiyyətlə qorumağı bacaran dövlət kimi tanınır. Ölkəmizin ən böyük uğuru isə 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında şanlı zəfərlərə imza atmasıdır. Bu qələbələr sayəsində respublikamız ərazi bütövlüyünü və suverenliyini öz gücünə tam təmin edib. Postmüharibə dövründə isə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirilir, artıq Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası uğurla tamamlanmaq üzrədir. Bütün bunlar isə müstəqil Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir.
Mübariz FEYİZLİ

