Icma.az
close
up
RU
​Antalya Diplomatiya Forumu: Azərbaycanın parçalanmış dünyada diplomatiyanı bərpa etmək cəhdləri

​Antalya Diplomatiya Forumu: Azərbaycanın parçalanmış dünyada diplomatiyanı bərpa etmək cəhdləri

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

2025-ci ilin 11-13 aprel tarixlərində qardaş Türkiyədə IV Antalya Diplomatik Forumu keçirildi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etdi və çox mühüm görüşlər keçirdi.

Forumda qlobal parçalanmaların artdığı bir dövrdə diplomatiyanın sabitləşdirici güc kimi yenidən təsdiqlənməsinə olan təcili ehtiyac, böyüyən geosiyasi çatlar, dərinləşən qlobal bərabərsizliklər, mülki şəxsləri hədəf alan zorakılıq hallarının artması, fərqli baxışlara qarşı dözümsüzlük, texnoloji inkişafın yaratdığı qeyri-müəyyənliklər və iqlim böhranının çoxşaxəli təsirləri, bu halların ortaq ədalət duyğusunu sarsıtması və beynəlxalq qurumlara olan etimadın zəifləməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Antalya Diplomatiya Forumu belə mürəkkəb çağırışların və çoxsaylı böhranların səciyyələndirdiyi və artmaqda olan qeyri-sabitlik və qeyri-müəyyənlik dövründə çoxtərəfli nizamın sistemli problemlərini dəyərləndirməyi və sürətlə dəyişən beynəlxalq mühitdə diplomatiyanın əhəmiyyətini müzakirə etməyi hədəfləyirdi.

Forum diplomatiyanın inkişaf trayektoriyasını necə dəyişə biləcəyini və parçalanmış bir dünyada birlikdə hərəkət etmək üçün ortaq zəminin necə yaradılacağını araşdırmaq məqsədilə qlobal liderləri, siyasətçiləri, akademikləri, iş dünyası ekspertlərini, media və vətəndaş cəmiyyəti nümayəndələrini uğurla bir araya gətirməyi bacardı.

Tədbirdə diplomatiyanın daha əhatəli, çevik və dayanıqlı hala necə gətirilə biləcəyini araşdırmaq üçün ənənəvi diplomatik səyləri dəstəkləyən qeyri-hökumət iştirakçılarının rolu da müzakirə olundu.

Qeyd edək ki, qlobal çağırışlarla bağlı müzakirələrin aparılması, onların həlli yollarının tapılması kimi məsələlərdə dünyanın aparıcı platformalarından biri olan Antalya Diplomatiya Forumunda 20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir olmaqla ümumilikdə 140 ölkədən 450-dək yüksəksəviyyəli nümayəndə iştirak etmişdir.

Forum çərçivəsində müxtəlif formatlarda keçirilmiş 50-dən artıq tədbirdə Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələr aparıldı.

Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, praqmatik və ardıcıl siyasət nəticəsində Azərbaycan son illərdə regionda və dünyada mühüm siyasi, iqtisadi və humanitar mərkəzlərdən birinə çevrilib. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirib, onu etibarlı tərəfdaş və qlobal proseslərə təsir göstərən dövlət kimi tanıdıb. Bu gün Azərbaycan dünya birliyində sabitlik, inkişaf və əməkdaşlıq simvolu kimi çıxış edir. Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin və beynəlxalq təşkilatların sayı durmadan artır. Xarici siyasətdə balanslaşdırılmış yanaşma, qarşılıqlı hörmətə və faydaya əsaslanan münasibətlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına şərait yaradıb. Dövlətimizin başçısının beynəlxalq və regional tədbirlərdə iştirakı, habelə Azərbaycanın ev sahibliyi etdiyi yüksək səviyyəli Zirvə görüşləri ölkəmizə olan marağın və etimadın bariz göstəricisidir.

Son bir neçə ildə Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşündə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Görüşündə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində, Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində, SPECA – Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi BMT Proqramının Zirvə Görüşündə, Davos Dünya İqtisadi Forumunda iştirakı ölkəmizə marağın əyani təcəssümüdür.

Forum müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini bir araya gətirərək, son illər ərzində region üçün əhəmiyyət kəsb edən ən önəmli məsələlərin və çağırışların müzakirəsi baxımından çox vacib beynəlxalq platformaya çevrilib.

Azərbaycan və Türkiyə arasında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş “Bir millət, iki dövlət” prinsipinə əsaslanan münasibətlər bu gün hər iki ölkənin rəhbərlərinin siyasi iradəsi və şəxsi dostluqları sayəsində ən yüksək zirvəyə çatıb. Bu münasibətlər təkcə iki qardaş ölkə arasında deyil, həm də regionun təhlükəsizliyi və inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış qarşılıqlı etimada əsaslanan əməkdaşlıq bu birliyin davamlılığını və gücünü təmin edən əsas amillərdəndir.

Türkiyə-Azərbaycan münasibətlərinin unikal xarakteri və bu əlaqələrin sabitliyi regional inteqrasiya və ortaq inkişaf baxımından nümunəvi model kimi çıxış edir. Heç şübhəsiz, Prezident İlham Əliyevin Antalyaya işgüzar səfəri və Antalya Diplomatik Forumunda iştirakı təkcə iki ölkə arasında strateji münasibətlərin daha da möhkəmləndirilməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisə olacaqdır.

Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib. Dövlətimizin başçısı Antalya Diplomatiya Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu deyib. Bununla yanaşı, dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycanın artan beynəlxalq nüfuzu, onun iqtisadi, enerji və nəqliyyat sahələrində həyata keçirdiyi irimiqyaslı layihələrlə də sıx bağlıdır. Ölkəmiz bu gün regionun enerji xəritəsini müəyyən edən aparıcı aktorlardan biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan və dünya enerji təhlükəsizliyinə mühüm töhfə verən Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji mənbələrinin şaxələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Üç min beş yüz kilometrdən çox uzunluğu olan bu layihə Azərbaycanın zəngin enerji resurslarını Gürcüstan, Türkiyə və Cənubi Avropa ölkələri vasitəsilə beynəlxalq bazarlara çatdırmaqla qlobal enerji əməkdaşlığının mühüm komponentinə çevrilib.

Bununla yanaşı, ölkəmiz nəqliyyat və logistika sahəsində də mühüm təşəbbüslərlə çıxış edir. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və görülən digər işlər Azərbaycanın regionun əsas nəqliyyat qovşağına çevrilməsini təmin edir. Bu layihələr təkcə regional deyil, həm də Asiya ilə Avropa arasında strateji əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır.

Azərbaycanın uğurlu diplomatiyasının nəticəsi olaraq ölkəmiz beynəlxalq əməkdaşlıq platformalarında da fəal iştirak edir. COP29 kimi mötəbər beynəlxalq tədbirin 2024-cü ildə Azərbaycanda keçirilməsi ölkəmizin qlobal ekoloji gündəmdəki mühüm rolunu və iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələri bir daha təsdiqləyir. Bu tədbir vasitəsilə Azərbaycan bəşəriyyətin qarşısında dayanan ən aktual problemlərin həllində təşəbbüskar və məsuliyyətli tərəfdaş olduğunu nümayiş etdirib.

Bundan əlavə, Azərbaycanın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq şəraitində həyata keçirdiyi humanitar və inkişaf layihələri də ölkəmizin dünyada sabitlik, humanizm və dialoq mədəniyyətinin təşviqinə verdiyi əhəmiyyətli töhfələrin göstəricisidir. Xüsusilə, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etməsi, qlobal ədalətin bərpasına yönəlmiş addımlar atması beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib.

Bütün bu fəaliyyətlər fonunda Prezident İlham Əliyevin Antalya Diplomatik Forumunda iştirakı Azərbaycanın dünya siyasətində mühüm söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirir. Azərbaycan bu gün yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə beynəlxalq birlikdə fəal mövqe tutaraq, regionun və dünyanın gələcəyinə töhfə verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü zamanı Prezident İlham Əliyevlə Ersin Tatar arasında ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər, həmçinin ötən il onun Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı məmnunluqla xatırlandı. Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasını qeyd etdi. Ersin Tatar dövlətimizin başçısına Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını ifadə etdi. Qeyd edək ki, hazırda Şimali Kipr Türk Cümhuriyyətinə dəstək müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü regionda baş verən dəyişikliklər fonunda çox önəmlidir. Prezident İlham Əliyev Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar məmnunluğunu bildirərək, bununla bağlı Əhməd Əl Şaraanı təbrik etdi.

Dövlətimizin başçısı dedi ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.

Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etdi. Əhməd Əl Şaraa Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd etdi.

Suriyada sabitliyin bərpası üçün əlindən gələni etdiyini deyən Əhməd Əl Şaraa bununla belə xarici amillərin bu məsələyə təsirindən narahatlığını vurğuladı. Görüşdə, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunuldu. Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olundu. Dövlətimizin başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə keçirdiyi görüşdə Azərbaycanla Gürcüstan arasında dostluğun və strateji tərəfdaşlığın tarixi xarakter daşıdığı qeyd olundu.

Bu ilin yanvarında Azərbaycana işgüzar səfərini və səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayan Gürcüstanın Baş naziri həmin görüşlərdə ölkələrimiz arasında iqtisadi-ticari, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə, bununla bağlı aidiyyəti dövlət qurumlarına verilən tapşırıqların icrası istiqamətində görülən işlərə toxundu.

İrakli Kobaxidze Prezident İlham Əliyevin bir neçə gün əvvəl ADA Universitetində beynəlxalq forumda çıxışı zamanı ikitərəfli əlaqələrimizə dair söylədiyi fikirlərin Gürcüstanda çox böyük maraqla qarşılandığını bildirdi. Dövlətimizin başçısı hazırda dünyada cərəyan edən təlatümlü şəraitdə Azərbaycan və Gürcüstanın birliyinin, həmrəyliyinin vacibliyinə toxunaraq Cənubi Qafqaz bölgəsində regional məsələlərin məhz region ölkələri tərəfindən həll olunmasının vacibliyini qeyd etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Antalyada Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan ilə görüşü olub. Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri ölkələrimiz arasında tarixi əlaqələrin olduğunu qeyd etdi. O, Azərbaycanın həm öz regionunda, həm də dünyada böyük nüfuza malik vacib ölkə olduğunu vurğuladı. Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Sudanın Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini dedi və ölkələrimiz arasında mədən sənayesi, neft, energetika, infrastruktur, investisiyalar və digər istiqamətlərdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd etdi. Söhbət zamanı təhsil və təlim sahələrində də əməkdaşlıq məsələləri müzakirə edildi.

Prezident İlham Əliyev 2019-cu ildə Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşündə iştirakını və səfər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırladı. Bundan sonra Azərbaycanla Sudan arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulandı. Görüşdə iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün iqtisadi təyinatlı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi məsələlərinə dair fikir mübadiləsi aparıldı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qeyd olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşü zamanı Alen Bersenin COP29 çərçivəsində ölkəmizə səfəri və onun Azərbaycan Prezidenti ilə görüşü məmnunluqla xatırlandı. COP29 zamanı qlobal iqlim gündəliyi ilə bağlı vacib qərarların qəbul olunduğu bir daha vurğulandı. Görüşdə Azərbaycan ilə Avropa Şurasının icraedici strukturları arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, Azərbaycan ərazi bütövlüyünü Avropa Şurasının Parlament Assambleyasında ikili standartlar, selektiv yanaşma və qərəzli mövqelərin sayı çoxalmağa başladı. Antalya Diplomatik Forumunun getdiyi günlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Russopulosun “Alpha News” telekanalına müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi ittihamlar həqiqətdən uzaq, reallıqları təhrif edən və qəbuledilməzdir. Məlumdur ki, Azərbaycanın AŞPA-nın Avropa Şurasının Nizamnaməsini pozması və səlahiyyətlərindən sui-istifadəsi ilə bağlı ona qarşı atdığı addımlardan sonra da dialoqa hazır olduğunu nümayiş etdirməsinə baxmayaraq, Russopulos, Şvabe və başqaları ardıcıl olaraq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini sarsıtmağa cəhd ediblər. Bu illər ərzində AŞPA ikili standartlar əsasında həyata keçirdiyi antiazərbaycan siyasəti ilə Azərbaycan xalqının haqlı neqativ reaksiyasını qazanıb. Assambleyadakı hazırkı isterik vəziyyət və onun başında duran diktator Russopulos AŞPA-dakı acınacaqlı vəziyyətin təzahürüdür. Eyni vəziyyət Avropa Parlamentində də var. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə bağlı mövqeyimizə gəlincə, Bakının bu hakimlərin seçimində iştirak etmədiyini nəzərə alaraq, Azərbaycandan qərarlarının icrasını tələb etmək absurddur. Belə olan halda məhkəmə qərarlarının icrası mümkün deyil.

Qeyd edək ki, Teodoros Russopulos Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə bağlı ədalətsiz və hüquqi baxımdan şübhəli təşəbbüsü dəstəkləyən 76 AŞPA üzvü kimi Azərbaycanın qara siyahısına salınıb. Russopulos Azərbaycana daxil olmağa cəhd etsə, onun ölkəyə girişinə icazə verilməyəcək.

IV Antalya Diplomatiya Forumunda böyük maraq doğuran hadisə kimi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş və müzakirələr olmuşdur. Tərəflər Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişdən sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər. Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.

Antalya Diplomatik Forumu çərçivəsində “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi keçirilmiş, müzakirələrdə Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Maka Boçorişvili və Ararat Mirzoyan iştirak etmişdir.

Müzakirə çərçivəsində cənab nazir ölkəmizin mövqeyini bird aha geniş auditoriyanın diqqətinə çatdırmışdır: iki əsas maneənin – ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan Konstitusiyasına dəyişikliklərin aradan qaldırılması sülh sazişinin imzalanması üçün real imkanlar açır.

Bu zəruri addımlardan sonra iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin yekunlaşdırılması və imzalanması yolunda əlavə maneələr olmayacaq.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistandan fərqli olaraq Azərbaycanın Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası olmadığını bildirməklə Ermənistanın bu sahədə olan manipulyasiyalarına da tutarlı cavab verdi: “Əgər belə bir fakt olsaydı, erməni tərəfi sözsüz ki, bu məsələni qaldırardı”.

Azərbaycan 30 illik erməni işğalına son qoymaqla iki ölkə arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sülhün bərqərar olmasına imkan yaratdı. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində xatırlatdı ki, rəsmi Bakı İrəvana 2021-ci ildə düşmənçilik səhifəsini bağlamağı təklif edib və bu çağırış təxminən bir il cavabsız qalıb: "2022-ci ilin ilk aylarında Ermənistana sülh sazişinin 5 əsas bəndi təqdim olunub, həmin ilin oktyabrında isə iki ölkə arasında müzakirələr başlayıb. Sülh sazişinin ilk layihəsi də Azərbaycan tərəfi tərəfindən hazırlanıb, ikisi də son olaraq Ermənistan tərəfi tərəfindən təqdim olunub. Bir ay əvvəl müzakirələr başa çatdı və danışıqlar zamanı bu məsələlərlə bağlı Ermənistana və digər maraqlı ölkələrə məlumat verdik. Nazir qeyd edib ki, Azərbaycanın digər şərti 1990-cı illərdə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlıdır: "ATƏT-in Minsk Qrupu 30 il ərzində heç bir nəticə əldə etməyib. Artıq Qarabağ məsələsi həll olunub və bu ərazilər Azərbaycanın tərkib hissəsidir. Ermənistan da bunu etiraf edib. Belə bir şəraitdə biz Ermənistanın Minsk qrupunun fəaliyyətini daim gündəmə gətirmək üçün səylərini davam etdiririk. Minsk qrupunun buraxılmasını israrla tələb edirik”.

Beləliklə, Azərbaycanın beynəlxalq nüfuzunun davamlı artmasının növbəti təsdiqi kimi, Prezident İlham Əliyev aprelin 11-13-də Türkiyənin Antalya şəhərində keçirilmiş IV Antalya Diplomatiya Forumunda iştirakı böyük maraq doğurdu. Forumda “Parçalanmış dünyada diplomatiyanı bərpa etmək” mövzusu ətrafında qlobal çağırışların müzakirəsi keçirildi.

Forum müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini bir araya gətirərək, son illər ərzində region üçün əhəmiyyət kəsb edən ən önəmli məsələlərin və çağırışların müzakirəsi baxımından çox vacib beynəlxalq platformaya çevrilib.

Qeyd etmək lazımdır ki, bu il Azərbaycan Prezidenti ilk dəfə olaraq Antalya Diplomatiya Forumuna qatılırdı. Belə nüfuzlu bir tədbirin qardaş Türkiyədə keçirilməsi, təbii ki, xüsusilə qürurvericidir. Antalya Forumu artıq qısa müddətdə Münhen Təhlükəsizlik Konfransı, Davos İqtisadi Forumu kimi beynəlxalq platformalarla eyni sırada yer almağa başlayıb. Bu Türkiyənin artan siyasi, iqtisadi və hərbi gücünün göstəricisidir. Azərbaycanla Türkiyəni yalnız qardaşlıq bağları deyil, həm də strateji müttəfiqlik birləşdirir. Bu birlik regionda sülhə və sabitliyə xidmət edir. Antalya Diplomatiya Forumu çərçivəsində baş tutan görüşlər isə bu əməkdaşlığı daha da dərinləşdirir və möhkəmləndirir.

Antalyada keçirilmiş görüşlər Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair əhəmiyyətli fikir mübadiləsi üçün geniş imkanlar yaratdı. Bu səfər, həmçinin ikitərəfli əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və digər sahələrdə daha da dərinləşdirilməsi baxımından mühüm addım olacaq. Bununla yanaşı, Azərbaycan və Türkiyə bu gün regional təhlükəsizliyin təminatçıları, sülh və əməkdaşlığın təşəbbüskarları kimi çıxış edirlər. Onların regiondakı fəallığı, Cənubi Qafqazdan Mərkəzi Asiyaya, Qara dənizdən Aralıq dənizinə qədər geniş coğrafiyada sabitliyin qorunmasına verdikləri töhfə beynəlxalq aləmdə yüksək qiymətləndirilir.

Prezident İlham Əliyevin bu forumda iştirakı bir daha göstərir ki, Azərbaycan yalnız regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir. Dövlətimizin başçısının beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmaları onu beynəlxalq platformalarda böyük maraqla qarşılanan Liderə çevirib. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən forumlar və zirvə görüşləri təkcə diplomatik formatda deyil, həm də məzmun və nəticələr baxımından yeni keyfiyyət mərhələsinə yüksəlir.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri,

politoloq İlyas Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 Aprel 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see147

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see141

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see135

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see134

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see134

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see128

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see126

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see124

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see122

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see120

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see120

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see117

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see115

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see114

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see114

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see113

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see112

Əsgərlikdən yeni qayıtmışdı… Bu gecə vəfat etdi FOTO

14 Aprel 2025 06:15see111

Bakıda Art Weekend festivalı keçiriləcək

14 Aprel 2025 14:26see109

Zelenski: ABŞ vitse prezidenti Putinin hərəkətlərinə haqq qazandırır”

14 Aprel 2025 09:54see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri