“Atletiko” yenə büdrədi, “Barsa” “Real” mübarizəsi davam edir
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
La Liqada mübarizə gözlənilən ssenari üzrə gedir. O mənada ki, çempionluğun taleyi, çox güman, “Barselona” ilə “Real” arasındakı oyunda həll olunacaq. Hələlik 4 xallıq fərq qorundu. Növbəti dəfə xal itirən “Atletiko” artıq çoxdan çempionluq mübarizəsindən qopub.
"Football-plus.az" xəbər verir ki, “Barselona” aşkar autsayderlə oyunda gözlənilmədən problemlə üzləşdi. “Valyadolid”lə oyun “İnter”lə ÇL qarşılaşmalarının arasına düşdüyünə görə Flik bu dəfə faktiki ehtiyat oyunçulara güvəndi.
Oyuna fəal başlayan “ağ-bənövşəyilər” 6-cı dəqiqədə hesabı açdı. Sançesin zərbəsindən sonra Arauxodan səkən top uza küncə yönəldi. Tezlklə Ter Ştegen Moronun zərbəsi zamanı komandasını xilas etdi. Oyunun axarını dəyişməyə çalışan kataloniyalılar fasiləyə qədər meydan sahiblərinə heç bir problem yaşada bilmədi. Təbii ki, Flik oyunun belə axarından narazı idi. Bu üzdən hələ fasiləyə qədər Yamalı meydana buraxdı. 2-ci hissədə isə Rafinya ilə De Yonq da mübarizəyə qoşuldu. 54-cü dəqiqədə “Barsa” hesabı bərabərləşdirdi. Qolkiperin uğursuz reaksiyasından yararlanan Rafinya cərimə meydançasında topu ələ keçirdi və fərqləndi. Saatın tamamında isə kataloniyalılar irəli çıxdı – Martinin asmasını Lopes dəqiq zərbə ilə tamamladı.
“Barsa” əsəbi sonluqdan qurtula bilərdi. Sadəcə, Fort topu dirəyə vurdu, Yamalın yaxın məsafədən zərbəsindən sonra müdafiəçi Kandela topu qapı xəttindən çıxardı. “Valyadolid”in bərabərlik qolunun qarşısını isə Ter Ştegen aldı. Vacib və əzmkar qələbə qazanan “Barsa” əsas izləyicisi ilə xal fərqini qorumaqla yanaşı, “İnter”lə oyun ərəfəsində gücünə də qənaət etdi. Kataloniyalıların əhval-ruhiyyəsini yalnız Qavi ilə Rodrigesin zədəsi korladı.
Təbii ki, mövsümün həlledici məqamında “Real”ın büdrəmək haqqı yox idi. Baxmayaraq ki, rəqib “Selta” da avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Müdafiədə ciddi kadr problemi yaşayan madridlilər bunu hiss etdirməməyə çalışırdı. Hesabı 33-cü dəqiqədə künc zərbəsinin ardından Arda açdı. Cəmi 6 dəqiqə sonra topu “9-luğ”a göndərən Mbappe komandasının üstünlüyünü artırdı. Bundan bir an əvvəl Kurtua komandasını qoldan xilas etmişdi. 2-ci hissənin əvvəlində Mbappe Gülərin ötürməsindən sonra dublunu rəsmiləşdirdi. Belə düşünmək olardı ki, bununla da oyun bitdi. Ancaq qonaqlar fərqli fikirdə idi. Ançelotti nədənsə Asensionu əvəzləməyə qərar verdi və cəmi 3 dəqiqə sonra “Selta” hesab arasındakı fərqi azaltdı. Tezliklə Aspasın ötürməsindən sonra Svedberq daha bir qol vurdu. Düran sonda bərabərlik qolunu vurmaq baxımından real şansı qaçırdı. Hər halda, “Real” qələbəni qorudu və indi yalnız “el klasiko”nu düşünür. “Selta” isə məğlub olsa da, 7-ci pillədə qaldı.
“Atletiko”nun qeyri-sabitliyi davam edir. Simeonenin komandası elitada qalmaq uğrunda mübarizə aparan “Alaves”i səfərdə məğlub edə bilmədi. İlk yarı təhlükəli vəziyyətlər baxımından kasad alındı və Alvaresin sonradan ləğv olunan qırmızı vərəqəsi ilə yadda qaldı. Komandalar əsasən təşəbbüsü əla almağa çalışır, bir-birinin qapısına yaxınlaşmırdı. 2-ci hissənin əvvəlində “Alaves” daha cəsarətli oynadı. Saatın tamamında meydan sahiblərinin hesabında üç zərbə var idi, “Atletiko” isə hələ qapıya zərbə vurmamışdı. “Hindular” yalnız dəyişikliklərdən sonra canlandı. Onlar sürəti artırmaqla bir neçə təhlükəli vəziyyət yaratdılar. Hesab açılmadı və “Atletiko” ən yaxın izləyicisi ilə 6 xal fərqini qorudu.
İş ondadı ki, 4-cü pillədə qərarlaşan “Atletik” də hesabat turundan qolsuz heç-heçə ilə ayrıldı. “Barsa”, “Real”, “Atletiko” və “Atletik”lə yanaşı, “Vilyarreal” da ÇL-ə can atır. “Sarılar” hesabat turunda “Osasuna” üzərində inamlı qələbə qazandı. “Espanyol”u məğlub edən “Betis” də qitənin ən nüfuzlu klub turnirində oynamaq istəyir.
Turun qalan oyunlarına gəlincə, “Rayo Valyekano” “Xetafe”ni, “Valensiya” “Las Palmas”ı məğlub etdi, heç bir turnir hədəfi qalmayan “Sevilya” “Leqanes”lə heç-heçəyə razılaşdı, dünən axşam keçirilən son oyunda isə “Jirona” “Malyorka”nı məğlub etdi.
34-cü tur
Valyadolid – Barselona 1:2
Sançes, 6 – Rafinya, 54. Lopes, 60. (23967)
Barselona: Ter Ştegen, Martin, Kristensen, Arauxo, Fort, Lopes, Qavi (E.Qarsiya, 79), Pedri (De Yonq, 46), Fati (Rafinya, 46), Rodriges (Yamal, 38), Viktor (Olmo, 62).
Real – Selta 3:2
Gülər, 33. Mbappe, 39; 48 – Rodriges, 69. Svedberq, 76. (67661)
Real: Kurtua, Vaskes, Çuameni, Asensio (Ramon, 66), F.Qarsiya, Valverde, Sebalyos (Modriç, 74), Bellingem, Gülər (Dias, 83), Vinisius, Mbappe.
Alaves – Atletiko 0:0
(18117)
Atletiko: Oblak, Qalan, Lanqle, Le Norman, Lyorente, Qallaher (Molina, 73), Barrios (Korrea, 72), De Paul (Koke, 67), Simeone (Lino, 60), Alvares, Qrizmann (Sörlot, 59).
Rayo Valyekano – Xetafe 1:0
Lejen, 7. (11648)
Vilyarreal – Osasuna 4:2
Peres, 2; 39. Barri, 33. Pepe, 71 – R.Qarsiya, 66. Oros, 80-p. (17147)
Las Palmas – Valensiya 2:3
Ramires, 45+2-p. Makberni, 83 – Duro, 22; 58. Suares, 75-öz qapısına. (24942)
Sevilya – Leqanes 2:2
Salas, 21. Romero, 70 – Munir, 7. Ernandes, 73. (35495)
Espanyol – Betis 1:2
Fernandes, 28 – Lo Çelso, 85. Antoni, 90+1. (29126)
Real Sosyedad – Atletik 0:0
(36058)
Jirona – Malyorka 1:0
Stuani, 10. (7721)
1. Barselona 34 25 4 5 91-33 79
2. Real 34 23 6 5 69-33 75
3. Atletiko 34 19 10 5 56-27 67
4. Atletik 34 16 13 5 50-26 61
5. Vilyarreal 34 16 10 8 60-47 58
6. Betis 34 16 9 9 52-42 57
7. Selta 34 13 7 14 52-52 46
8. Rayo Valyekano 34 11 11 12 36-42 44
9. Osasuna 34 10 14 10 42-50 44
10. Malyorka 34 12 8 14 31-39 44
11. Real Sosyedad 34 12 7 15 32-37 43
12. Valensiya 34 10 12 12 40-51 42
13. Xetafe 34 10 9 15 31-31 39
14. Espanyol 34 10 9 15 36-44 39
15. Jirona 34 10 8 16 41-52 38
16. Sevilya 34 9 11 14 37-46 38
17. Alaves 34 8 11 15 35-46 35
18. Las Palmas 34 8 8 18 40-56 32
19. Leqanes 34 6 13 15 32-51 31
20. Valyadolid 34 4 4 26 25-83 16
Bombardirlər: Levandovski (Barselona) – 25, Mbappe (Real) – 24, Budimir (Osasuna) - 18, Peres (Vilyarreal), Rafinya (Barselona) - 16.
Turun rəqəmi
160 – “Barselona” tarixindəki 5-ci ən məhsuldar mövsümü keçirir. Cari mövsümdə bütün turnirlər çərçivəsində artıq 160 ol vuran kataloniyalıların hələ minimum 5 oyunu da qalır. Bu mənada rekord göstərici 2011/12 mövsümündə qeydə alınıb – 190. Komanda 2014/15 mövsümündə 175, 2015/16 mövsümündə 173, 2016/17 mövsümündə 171 qol vurub.
Turun ulduzu
Arda Gülər (Real) – dubl edən Mbappeni yox, türk yarımmüdafiəçini seçməyimizin səbəbi var. O, ilk yarıda uzaq küncə gözəl zərbə ilə hesabı açdı, fasilədən sonra isə meydanın mərkəzindən möhtəşəm ötürmə ilə Mbappeni zərbə mövqeyinə çıxardı. Hətta dubl etmək imkanı da olan Arda meydanda ən çox zərbə vuran futbolçu idi. Bundan başqa, 62 ötürməsinin hamısı dəqiq oldu.
Turun sitatı
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:
“Mövsümün bizim üçün bərbad alındığını demək olmaz. “Barsa” və “Real” ilə mübarizə aparmaqla nəyisə haqq etdik. Klublarası dünya çempionatı da vacib turnirdi. Bu yeni turnir bütün iştirakçılarda entuziazm doğuracaq”.
Faktlar
* “Barselona” cari mövsümdə 8 əzmkar qələbə qazanıb. Bunların 5-ci La Liqada, hərəyə biri Çempionlar Liqasında, İspaniya kubokunda və Superkubokunda gerçəkləşib.
* Mbappe “Real”ın heyətində ilk mövsümdə qol sayına görə rekorda yaxınlaşdı. Fransalı ulduz bütün turnirıərdə artıq 36 qol vurub. O, yalnız 1992/93 mövsümündə 37 dəfə fərqlənən İvan Samoranodan geri qalır. Kilian 1934/35 mövsümündə 36 qol vuran Fernando Sanyudonun nəticəsinin təkrarladı.
Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Hədəf 3 xal qazanmaq idi, odu ki, qələbədən razıyam. Baxmayaraq ki, bizə asan olmadı. Heyətdə bu qədər dəyişiklik olanda vəziyyət çətinləşdir. Futbolçularıma inanıram, onlar bütün gücünü meydanda qoyur. Səhvlər olsa da, son nəticədə qələbə qazandıq”.
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Oyun bir ara bitmiş kimi göründü. Ardanın 4-cü qolu vurmaq şansı var idi. Dəyişikliyə məcbur oldum, çünki Asensio mübarizəni davam etdirə bilmədi. Unutmayaq ki, altı müdafiəçinin xidmətindən məhrumuq, belə problemi aradan qaldırmaq çətindi. Bir qədər əziyyət çəksək də, bu, yaxşı qələbədi”.


