Icma.az
close
up
RU
Avropa İttifaqında siyasi aşınma

Avropa İttifaqında siyasi aşınma

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqı illərlə “insan hüquqları”, “humanitar dəyərlər” və “demokratik prinsiplər” kimi anlayışları beynəlxalq siyasətdə bayraq edərək özünü qlobal etik dəyərlərin daşıyıcısı kimi görürdü. Ancaq son illərdə bu idealist maskanın arxasındakı siyasi reallıqlar gün kimi ortaya çıxır: Aİ həm daxilində, həm də xarici münasibətlərində ardıcıl siyasət yürüdə bilmir və bu səbəbdən ciddi siyasi deqradasiyaya (aşınmaya –red.) uğrayır.

Transatlantik münasibətlərin bugünkü mənzərəsi, hər şeydən əvvəl, Avropa İttifaqının daxili zəifləməsi və geosiyasi çəkisinin azalması fonunda dəyərləndirilməlidir. ABŞ ilə münasibətlərdə yaranan gərginliklərin səbəbi də təkcə Vaşinqtonun mövqeyindəki dəyişikliklər deyil, daha çox Brüsselin öz daxilindəki iradə boşluğu və vizion çatışmazlığıdır.

Tarixən Aİ–ABŞ münasibətləri qarşılıqlı tamamlayıcılığa əsaslanırdı. Soyuq müharibə dövründə ABŞ təhlükəsizlik təminatçısı, Avropa isə demokratik modernləşdirmə laboratoriyası kimi çıxış edirdi. Lakin bu model yalnız qarşılıqlı güvən və siyasi yetkinlik mövcud olduqda funksionallığını saxlaya bilərdi. Bu gün isə Aİ-nin daxilində dərin siyasi parçalanmalar, suverenlik böhranı, populizmin yüksəlişi və liderlik böhranı onun qlobal mövqeyinə ciddi zərbə vurub.

“Brexit” bu prosesin simvolik başlanğıcı idi. Böyük Britaniyanın İttifaqdan çıxışı təkcə iqtisadi və siyasi itki deyil, həm də Aİ-nin dərin inteqrasiya modelinə qarşı fundamental etiraz idi. Ardınca Orta və Şərqi Avropa ölkələrində liberal dəyərlərə meydan oxuyan siyasi qüvvələrin güclənməsi, miqrasiya böhranı fonunda milli maraqların önə çıxması və Brüsselə qarşı artan narazılıq Aİ-nin daxili konsolidasiya qabiliyyətini sarsıtdı və Transatlantik münasibətlərdə bərabər tərəfdaşlıq ideyasını şübhə altına saldı.

Qurum uzun illərdir ki, “strateji muxtariyyət” ideyasını irəli sürsə də, reallıqda bu ambisiyalar siyasi iradənin və hərbi resursların çatışmazlığı fonunda öz əksini tapmır. Müdafiə və təhlükəsizlik məsələlərində Aİ-nin NATO-dan kənar alternativ mexanizm qurmaq cəhdləri ya bürokratik lənglik, ya da üzv dövlətlərin maraqlarının üst-üstə düşməməsi səbəbindən iflic olub. Belə görünür ki, Aİ siyasi ritorikasında qlobal aktor obrazını canlandırmağa çalışsa da, təhlükəsizlik reallığında hələ də ABŞ-ın hərbi varlığına və NATO-nun qalxanına möhtacdır.

Bəzi hallarda Avropa liderləri, xüsusilə Fransa prezidenti Emmanuel Makron NATO-nu “beyin ölümü keçirmiş” qurum kimi tənqid etsələr də, elə həmin tənqidçilər də alternativ mexanizm ortaya qoya bilmirlər. Almaniya isə uzun illər boyu aşağı hərbi xərclərlə ABŞ-ın təhlükəsizlik zəmanətindən faydalanaraq, öz iqtisadi maraqlarını qoruyub. Avropa müdafiə siyasəti bir çox halda siyasi niyyət bəyanatlarından o yana keçmir.

Rusiya ilə sərhəddə yerləşən Baltik ölkələri və Şərqi Avropa dövlətləri üçün bu reallıq daha da kritikdir. 2014-cü ildə Krımın ilhaqından və xüsusilə 2022-ci ildə Rusiya–Ukrayna müharibəsinin başlanmasından sonra bu ölkələr Aİ-nin deyil, məhz NATO-nun – daha dəqiq desək, ABŞ-ın – təmin etdiyi təhlükəsizlik çətiri altında yaşamağın verdiyi nisbətən “rahatlıq”la mövcudluqlarını davam etdirirlər ki, elə bu amil də Aİ-nin geopolitik etibarlılığını sorğulayan sualları daha da gücləndirir.

Bu ziddiyyət Aİ-nin daxili ikiləşməsini də ortaya çıxardı: Şərqi Avropa ölkələri təhlükəni real və mövcud olaraq qəbul edərkən, Qərbi Avropa dövlətləri, xüsusilə Almaniya və Fransa, daha çox iqtisadi maraqların qorunmasını üstün tutdu. Bununla da, Aİ-nin vahid Rusiya siyasətindən danışmaq mümkün olmadı – ortada yalnız fraksiyalaşmış yanaşmalar, koordinasiyadan uzaq mövqelər və reaksiyaların zamanlamasında uyğunsuzluqlar qaldı.

NATO çərçivəsində ABŞ ilə birlikdə Rusiyaya qarşı sərt mövqe göstərmək istəyən Aİ öz təhlükəsizlik infrastrukturunun böyük hissəsini hələ də Amerikanın təmin etdiyi qoruma çətiri altında saxlayır. Aİ özü kollektiv təhlükəsizlik baxımından yetkin bir oyunçuya çevrilə bilməyib. Yəni siyasi ritorika ilə real imkanlar arasında açıq fərqlər var. Avropa siyasəti bu kontekstdə geosiyasi muxtariyyətdən və prinsipiallıqdan uzaq bir trayektoriyaya girib.

Aİ uzun illər ərzində Rusiya ilə münasibətlərini “strategiya” adı altında qeyri-müəyyənliklə idarə etdi. Dəyərlər və maraqlar arasında sıxışıb qalan Brüssel nə prinsipial mövqe göstərə bildi, nə də reallığa əsaslanan bir siyasət qura bildi və Aİ-nin Rusiya ilə bağlı diplomatik davranışı zamanla həm ziddiyyətli, həm də təsirsiz bir obraz aldı. Rusiya–Ukrayna müharibəsindən sonra Brüssel beynəlxalq hüququn pozulmasına qarşı bəyanatlarla çıxış etsə də, illərlə Rusiyanın enerji resurslarına asılı qalaraq bu ölkənin hərbi-siyasi gücünün maliyyələşdirilməsində dolayı yolla iştirak etdi.

Əslində, bu gün Aİ qlobal aktor olma iddiası ilə real güc imkanları arasındakı fərqin yaratdığı geosiyasi boşluğun içində çırpınır. Transatlantik əlaqələrin zəiflədiyi bir dövrdə Aİ-nin təhlükəsizlik arxitekturasını yenidən dizayn etməsi zəruridir. Əks halda, Avropa yalnız öz taleyini başqalarının qərarlarına bağlayan siyasi müşahidəçiyə çevrilə bilər.

Geosiyasi dinamikanın Sakit okean və Asiya istiqamətində dəyişdiyi bir dövrdə Aİ-nin hələ də özünü Avroatlantik mərkəzli dünyada tək güc mərkəzi kimi təqdim etməyə çalışması reallıqla uzlaşmır. ABŞ-ın diqqəti Çin və Hind-Sakit okean məkanına yönəlmişkən Aİ hələ də öz qonşuluğundakı proseslərə belə təsir göstərməkdə çətinlik çəkir. Açıq-aydın görünür ki, ABŞ bu gün Aİ-ni artıq strateji baxımdan bərabər tərəfdaş deyil, zəifləmiş regional oyunçu kimi qəbul edir.

Aİ özünü tez-tez “dəyərlər ittifaqı” kimi təqdim etsə də, Cənubi Qafqaz regionunda sərgilədiyi siyasət bu iddianı şübhə altına saldı. Sülh, sabitlik və beynəlxalq hüquqa hörmət prinsiplərini vurğulayan Brüssel bu prinsipləri reallıqda daha çox geosiyasi maraqların prizmasından şərh edir. Xüsusilə də, Azərbaycan və Ermənistan münasibətlərində nümayiş etdirilən açıq ikili yanaşmalar Aİ-nin regionda etibarlı vasitəçi olmaq potensialını zədələyir.

2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra regionda yeni geosiyasi reallıq formalaşdı. Azərbaycan beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü bərpa etdi, lakin Avropa İttifaqı bu prosesi hüququn qələbəsi kimi deyil, daha çox narahatlıq doğuran “qüvvə tətbiqi” kimi təqdim etdi. Aİ illərlə status-kvonu səssiz dəstəkləməklə faktiki olaraq işğala göz yumdu, indi isə yeni reallığı qəbul etməkdə çətinlik çəkir.

Avropa Parlamentinin bəzi qətnamələri, xüsusilə də Azərbaycana yönəlmiş tənqidi bəyanatlar Aİ-nin ikitərəfli münasibətlərdə balansı qorumaqda aciz olduğunu göstərir. Eyni zamanda, Ermənistan üçün göstərilən humanitar, siyasi və iqtisadi dəstək Brüsselin açıq tərəf tutduğunu ortaya qoyur. Halbuki vasitəçilik üçün əsas şərt neytrallıqdır.

Burada daha bir ziddiyyət də diqqət çəkir: Aİ bir tərəfdən regionda sülh təşəbbüslərinə dəstək verdiyini iddia edir, digər tərəfdən isə öz missiyalarını yalnız Ermənistan ərazisində yerləşdirməklə bu sülh təşəbbüsünü birtərəfli siyasi alətə çevirir. Avropa diplomatiyasının siması daha çox siyasi mövqe ifadə edən aktora çevrilir, neytral vasitəçi obrazı isə kölgədə qalır.

Bütün bunların fonunda Aİ-nin Cənubi Qafqaz strategiyası qeyri-konsistent, selektiv və dəyərlərdən çox maraqlara əsaslanan siyasət nümunəsi kimi görünür. Azərbaycan kimi tərəfdaş ölkələr üçün Aİ ilə münasibətlərdə etimad boşluğu yaradır, Ermənistan üçünsə təhlükəsizliyin Avropadan idxalı illüziyasını gücləndirir. Əslində, Aİ bu regionda özünü yalnız bəyanatlarla yox, real sülh təşəbbüsləri və balanslı münasibətlərlə göstərməlidir.

Bu gün Avropa İttifaqı artıq nə postsovet məkanında, nə də qlobal arenada ciddi təsir gücünə malik olan vahid, ardıcıl və təsirli aktor kimi görünür. Geosiyasi etibarsızlıq, siyasi parçalanma və selektiv dəyərlər yanaşması Brüsselin həm yaxın qonşuluqda, həm də qlobal miqyasda nüfuzunu sual altına alır. Aİ daxilində gedən siyasi və institusional proseslər göstərir ki, ittifaq artıq nə ideoloji baxımdan cəlbedicidir, nə də strateji baxımdan koordinasiyalıdır. Brüsselin sakit, lakin dərinləşən daxili böhranı onun öz gələcəyini və beynəlxalq mövqeyini sual altına alır.

İlk olaraq, Aİ-nin qərarvermə mexanizmlərində müşahidə olunan konsensus problemi ittifaqı paralizə edib. “Birlik içində fərqlilik” şüarı artıq gerçəkliyə çevrilməkdənsə, idarəolunmaz mozaikaya dönüb. Üzv ölkələr arasında dərin ideoloji parçalanmalar – xüsusilə Şərqi və Qərbi Avropa arasındakı fərqli təhlükə və dəyər anlayışı – Aİ-nin vahid səslə danışmasına imkan vermir.

Bu situasiya populist dalğanın yüksəlməsi fonunda daha da kritikləşib. Macarıstanda Viktor Orban, İtaliyada Meloni, Fransada Le Pen kimi siyasi aktorlar Aİ-nin əsas sütunlarını – liberal demokratiya, açıq bazar və vahid qərarvermə modelini – açıq şəkildə sorğulayır. Bu liderlər milli suverenlik və anti-Brüssel ritorikası ilə həm seçici dəstəyini artırır, həm də Aİ-nin daxilində “mərkəzdənqaçma” tendensiyasını gücləndirir.

Aİ-nin liderlik böhranı isə bu deqradasiyanın həm səbəbi, həm də nəticəsidir. Son illər Avropa Komissiyası və Avropa Şurası real siyasi liderlik nümayiş etdirmək əvəzinə, texnokratik idarəetməyə üstünlük verib. Belə bir vəziyyətdə ABŞ kimi böyük aktorlarla münasibətlərin idarə olunması daha da çətinləşir – çünki qarşı tərəf konkret qərar, lider və mövqe gözləyir, Aİ isə daxili uzlaşma axtarışında ilişib qalır.

Əlavə olaraq, Aİ bürokratik aparatının siyasi çevikliyin yerini tutmağa çalışması, Brüsselin getdikcə “normativ imperiya”dan çox “idarəetmə maşını”na çevrildiyini göstərir. İttifaq artıq transformasiya edən dünyanın siyasi impulslarına reaksiya verə bilmir – yalnız mövcud nizamı qorumağa çalışır. Halbuki bugünkü dünya yeni baxış və risk alma cəsarəti tələb edir.

Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2025 01:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri