Avropa poçt təmsilçilərinin Bakı toplantısı
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünən Bakıda “Azərpoçt” MMC-nin ev sahibliyi ilə “PostEurop” (Avropa Poçtu) Baş Assambleyası və Biznes Forumu öz işinə başlayıb. Avropa poçt operatorlarının, Ümumdünya Poçt İttifaqının və digər beynəlxalq tərəfdaşların nümayəndələrinin iştirakı ilə keçirilən toplantının açılışında “PostEurop”un sədri Elena Fernandez-Rodriguez çıxış edərək iştirakçılara səmimi salamlarını çatdırıb.
Avropa poçtunun Baş Assambleyasına ev sahibliyi etməyi böyük və mühüm məsuliyyət kimi dəyərləndirən sədr toplantının iştirakçılar üçün ölkəmizi yaxından tanımaq və burada yeni peşəkar əlaqələr qurmaq baxımından əhəmiyyətli olduğunu qeyd edib. Onun sözlərinə görə, əməkdaşlıq, bilik mübadiləsi və birgə fəaliyyət vasitəsilə “PostEurop” hamı üçün dayanıqlı və etibarlı Avropa poçt xidmətini təşviq etmək missiyasına dəstək verir, sektorun aktuallığını qorumasını, dəyişikliklərə uyğunlaşmasını və gələcəyə hazır olmasını təmin edir.
Poçt sektorunda baş verən sürətli dəyişikliklərin operatorlardan daha çevik və innovativ yanaşmalar tələb etdiyini vurğulayan “PostEurop”un sədri deyib ki, elektron ticarətin sürətli inkişafı, rəqəmsal transformasiya, sifarişdənsonrakı logistika proseslərinin dəyişməsi və istehlakçı gözləntilərinin artması poçt sektoru üçün yeni imkanlar yaradır.
Hazırkı şəraitdə təşkilatın əsas vəzifəsinin təkcə operatorların maraqlarının müdafiə edilməsi və dayanıqlı universal xidmətin təmin olunmasından deyil, həm də sahə iştirakçılarının birləşdirilməsindən ibarət olduğunu vurğulayan assosiasiya rəhbəri deyib: “Xarici şərait və bazarımız əvvəllər heç vaxt olmadığı qədər sürətlə dəyişir. Biz artan tənzimləmə təzyiqinin, gömrük tənzimlənməsindəki dəyişikliklərin, logistik dəyər zəncirlərindəki pozuntuların, transsərhəd onlayn ticarətin genişlənməsinin və geosiyasi parçalanmanın fəaliyyətimizə və qarşılıqlı əlaqələrimizə necə təsir göstərdiyini müşahidə edirik”.
E.Fernandes-Rodriqes həmçinin bildirib ki, Bakı forumu zamanı iştirakçılar dəyişən bazar konyunkturu şəraitində “PostEurop”un öz üzvləri üçün əhəmiyyətinin qorunub saxlanması və artırılması ilə bağlı strateji məsələləri müzakirə etmək, eləcə də qabaqcıl təcrübələri bölüşmək və yeni işgüzar əlaqələr qurmaq niyyətindədirlər. Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi poçt sektorunun qarşıdakı dövrdə inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Baş Assambleya üzv təşkilatların bir araya gəlməsi, fikir mübadiləsi aparması və ümumi inkişaf istiqamətlərini müəyyənləşdirməsi üçün mühüm platformadır.
Sədr Azərbaycanın poçt sektorunun transformasiyası istiqamətində etibarlı tərəfdaşlardan biri olduğunu önə çəkərək ölkəmizin “PostEurop” çərçivəsində fəal iştirakını diqqətə çatdırıb: “Azərbaycan, məsələn, filateliya və beynəlxalq əlaqələr sahəsində çox fəaldır. Ölkənin bilik və təcrübəsi üzvlərimiz üçün çox vacibdir. Biz böyük və kiçik ölkələr arasında balans yaratmağa çalışırıq. Düşünürəm ki, Azərbaycan poçt sektorunda transformasiyanı həyata keçirmək üçün etibar edə biləcəyimiz ölkələrdən biridir”.
“Azərpoçt” MMC İdarə Heyətinin sədr əvəzi Manaf Babayev hazırda poçt sektorunun elektron ticarətin sürətli inkişafı, rəqəmsallaşma və transsərhəd logistikasında baş verən dəyişikliklərin təsiri ilə görünməmiş transformasiya dövründən keçdiyini diqqətə çatdırıb. O, rəhbərlik etdiyi qurumun əsas missiyasının insanlar, müəssisələr və icmalar arasında əlaqələrin təmin edilməsindən ibarət olduğunu vurğulayaraq deyib ki, hazırda geniş infrastruktur şəbəkəsi sayəsində poçt operatorları müxtəlif yaşayış məntəqələri və icmalar arasında mühüm əlaqələndirici rol oynayırlar.
Müasir dövrdə poçt xidmətlərinin missiyasının təkcə bağlama və məktubların çatdırılması ilə məhdudlaşmadığını bildirən sədr əvəzi rəhbərlik etdiyi qurumun strateji inkişafının ənənəvi poçt operatorundan müasir xidmət və logistika tərəfdaşına çevrilməyə yönəldiyini diqqətə çatdırıb. O əlavə edib ki, bu transformasiyanın əsas şərtlərindən biri beynəlxalq əməkdaşlıqdır. Heç bir poçt operatorunun qlobal dəyişikliklərə təkbaşına uyğunlaşmasının mümkün olmadığını deyən M.Babayev bildirib ki, təcrübə mübadiləsi, strateji tərəfdaşlıq və qarşılıqlı etimad bütövlükdə poçt ekosistemini gücləndirir.
Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metoki isə qeyd edib ki, Avropa İttifaqının bu il iyulun 1-dən aşağı dəyərli bağlamaların emalı üçün xüsusi rüsum müəyyən etmək niyyətində olması qlobal poçt-logistika sənayesinə və milyonlarla alıcıya ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, bu təşəbbüsün məqsədlərinin, yəni ədalətli rəqabət mühitinin təmin edilməsi, gömrük nəzarətinin gücləndirilməsi və transsərhəd elektron ticarət həcmlərinin sürətlə artması ilə bağlı problemlərin tənzimlənməsinin tamamilə əsaslı olmasına baxmayaraq, bu sahədə sözügedən tədbirlərin praktiki tətbiqi və onların genişmiqyaslı iqtisadi təsiri ilə bağlı suallar hələ də qalmaqdadır: “Biz daha bərabər rəqabət şəraitinin yaradılması, gömrük nəzarətinin gücləndirilməsi və sürətlə artan transsərhəd elektron ticarət həcmlərinin yaratdığı problemlərin həlli ilə bağlı məqsədləri anlayırıq. Bununla belə, sektorda bu tədbirin praktiki tətbiqi və daha geniş iqtisadi təsirləri ilə bağlı ümumi narahatlıq mövcuddur”.
Digər ölkə və regionların da öz gömrük tələblərini tətbiq etdiyini vurğulayan ÜPİ rəhbərinin sözlərinə görə, belə şəraitdə qarşıda dayanıqlı və yüksəkkeyfiyyətli beynəlxalq poçt xidmətlərini qorumaq, eyni zamanda, operatorların innovasiya etməsinə, investisiya yatırmasına, rəqabət aparmasına və dəyişən müştəri tələblərinə cavab verməsinə imkan yaratmaq vəzifəsi dayanır.
“PostEurop” Baş Assambleyası və Biznes Forumu bu gün öz işini davam etdirəcək.
M.YAQUBZADƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 08 Oktyabr 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















