Avtotəmir sexində zarafata görə tanışını döyən şəxsə hökm oxundu
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Qulam Vəliyevin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 04 may 2025-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən avtotəmir sexinin içərisində qeydə alınıb.
Belə ki, Qulam Vəliyev tanışı, zərərçəkmiş Abid Qəniyevin (adı, soyadı şərtidir) onunla zarafat etməsinə irad bildirib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Bu zaman o, Abidin sol üz nahiyəsinə qəsdən bir dəfə yumruqla vuraraq, ona sağlamlığına yüngül zərər yetirib.
Hadisədən sonra Qulam Vəliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmənin hazırlıq iclasında zərərçəkmiş Abid Qəniyev bildirib ki, təqsirləndirilən şəxs ilə barışıb, ona dəymiş ziyan tam ödənilib.
Kamal Məmmədov


