Icma.az
close
up
RU
Axır ki, özünə yer elədi...

Axır ki, özünə yer elədi...

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

1000 sifət, 100 qəlib dəyişdi — zorla sığdığı qəbiri dəyişə bilmədi...

(Hekayəvari...)

...Mötəbər hələ yeniyetmə ikən özü üçün bir həqiqəti kəşf etmişdi: bu dünyada adamın varlanması üçün mütləq ağıllı, savadlı, zəhmətkeş olmasına ehtiyac yoxdur. Əsas odur ki, kimin qabağında əyilməyi, kimə yaltaqlanmağı, kimin cibinə girməyi, lazım gələndə isə kimin başına basıb, çiyninə çıxıb yuxarı qalxmağı, başqa sözlə, həyatda, cəmiyyətdə özünə mötəbər yer eləməyi bacarsın...

Bu qənaətə o, dəmiryol stansiyasının yaxınlığındakı Aran kəndində, atası Baloğlanın müdir işlədiyi vağzal kafesində gəlmişdi. Atası Bakıya gedib-gələn vəzifəliləri, imkanlı adamları yedirdib-içirdir, bəzən onlar üçün kafedəki gizli otaqda fahişə qadınlarla məclislər təşkil edir, hətta xüsusi vaqonlarda əyləncəli səfərlərini də düzənləyirdi. Mötəbər bu adamların bahalı geyimlərinə, maşınlarına, yekə qarınlarının üstündən aşağı sallanan qalstuklarına,  danışarkən guya heç kimdən çəkinməmələrinə heyranlıqla baxardı...

Bir dəfə atasından soruşmuşdu:

— Ata, bunlar nə iş görürlər ki, belə varlıdırlar?

— Vəzifə adamlarıdır, oğlum.

— Mən də özümə yer eləyib vəzifə adamı olsam, belə yaşayaram?

Atası gülümsəmişdi:

— Oxu, çalış, bəlkə sən də oldun...

Mötəbər atasının cavabını yarımçıq hesab etmişdi. Çünki o, həmin adamların təkcə vəzifə sayəsində varlanmadıqlarını, pulun haradan gəldiyini soruşanların isə çox vaxt özlərinin də susdurulduğunu görürdü...

On altı-on yeddi yaşlarında özünə bir həyat prinsipi seçdi: əqidə dəyişə bilər, adam dəyişə bilər, hakimiyyət dəyişə bilər, təki cib dolsun, təki özünə mötəbər  yer edəsən...

Uşaqlıq dostu Sadiq isə tamam başqa cür idi. Yoxsul fəhlə ailəsində böyümüşdü. Bir tikə çörəyi olsaydı, Mötəbərlə bölüşərdi. Dostunun çətinliyini öz çətinliyi bilərdi. Sadiq üçün dostluq sədaqət, halal zəhmət və etibar demək idi. Mötəbər üçünsə dostluq hələlik lazım gələndə istifadə edə biləcəyi bir imkan idi.

İlk dəfə bunu qonşu kənddə göstərdi. Sadiqlə birlikdə ferması olan dostları Rövşənin evinə getdi. Rövşənin atası kolxozun iri buynuzlu mal-qara fermasının müdiri idi. Süfrədə oturarkən Mötəbər söhbət edə-edə iri danaların saxlandığı tövləni, həyətin giriş-çıxışını, gecə növbəsində kimin dayandığını öyrəndi.

Bir neçə gün sonra gecə yarısı özünə oxşar bir tanışla fermaya qayıtdı. Danaları oğurlayıb satdılar. Lakin oğurluq üzə çıxanda Mötəbər şübhəni öz əlaltısının üstünə yönəltdi. Həmin adam həbs olundu. Mötəbəri isə heç kəs ağlına gətirmədi.

Tutulan şəxs onun adını çəkmədi. Çünki Mötəbərin onun satdığını bilmədi... 

Mötəbər bu hadisədən sonra özünü daha ağıllı hesab etməyə başladı. Bir insanın azadlığını qurban verərək öz azadlığını qorumaq ona sərfəli görünmüşdü.

Beləcə, ilk dəfə vicdanını pula çevirdi.

Atasının topladığı pullar hesabına universitetin tarix fakültəsinə daxil oldu. İmtahanlardan daha çox pul dolu zərflərə, biliyindən daha çox yaltaqlığına güvəndi. Əvvəl qrup rəhbəri, sonra fakültənin komsomol katibi oldu. Dekanın qarşısında tərbiyəli tələbə, müəllimlərin yanında zəhmətkeş gənc, tələbələrin arasında isə onların dərdini çəkən fəal kimi görünürdü… Hər kəsin yanında başqa sifət taxırdı.

Ölkədə milli hüquqların tapdalanmasına, qonşu ölkənin torpaq iddialarına və imperiya siyasətinə qarşı mitinqlər başlayanda əvvəlcə tərəddüd etdi. Rektorun qəzəbindən, universitetdən qovulmaqdan qorxurdu. Sonra əksər tələbə yoldaşlarının, müəllimlərin, nüfuzlu adamların da meydana qoşulduğunu görəndə hesabını dəyişdi.

Meydana gəldi, gecələr mitinq iştirakçıları ilə birlikdə ocaq başında, çadırda qaldı. Elə danışırdı ki, onu dinləyənlər gələcəyin milli qəhrəmanını gördüklərini düşünürdülər…

Bir gün Sadiq də onu tribunadan dinlədi.

— Mötəbər, nəhayət, səni belə görmək mənə qürur verir, — dedi. — Sənə inanırdım, indi lap çox inanıram…

Mötəbər dostunun əlini sıxdı.

— Qardaş, xalqın dərdi bizim dərdimizdir!

Amma onun ürəyində xalqın dərdindən çox, gələcək vəzifələrin hesabı vardı. Meydanda kimlərin önə çıxdığını, kimin kimə yaxın olduğunu, kimin nüfuz qazandığını diqqətlə izləyirdi.

Sovet milisi və ordusu  mitinqi dağıdandan sonra Moskvadan gəlmiş “KQB” müstəntiqləri fəalları dindirməyə başladılar. Mötəbəri də çağırdılar.

İstintaqçı qarşısında oturub sakitcə soruşdu:

— Təşkilatçıları tanıyırsan?

Mötəbər əvvəlcə susdu. Sonra istintaqçının səsini bir qədər qaldırması kifayət etdi ki, bütün qorxaqlığı üzə çıxsın. Tanıdığı təşkilatçıların, tribunada çıxış edənlərin, fəal tələbələrin adlarını bir-bir sadaladı. Raufu, Vaqifi, Elçini, daha neçə nəfəri... Həbsdən qurtulmaq üçün onları satdı. Üstəlik, gələcəkdə də rus “KQB”-si ilə əməkdaşlıq etməyə razılıq verdi.

Həmin otaqdan çıxanda üzündə qəribə rahatlıq vardı. Bir vaxtlar onunla çörəyini bölüşən Rauf həbsə aparılırdı, Mötəbər isə azadlıqda qalırdı.

O, özünü xilas etmişdi. Sadəcə, nəyin hesabına xilas olduğunu düşünmək istəmirdi.

Sovet sistemi dağılanda Mötəbər də onunla birlikdə dəyişdi. Dünənədək sovet ideologiyasından danışan adam bu gün milli azadlıq, müstəqillik, türkçülük və dövlətçilik şüarları səsləndirirdi. Əvvəlki əlaqələrini gizlədir, özünü hərəkatın ən fəal iştirakçılarından biri kimi təqdim edirdi. Dünənki dostları həbsxanalarda əzab çəkəndə o, meydanlarda qəhrəmanlıqdan danışırdı…

Azadlıq hərəkatının fəallarından Elçin bir dəfə ona gələcək planlarından söz açdı:

— Hakimiyyətə gəlsək, korrupsiyanın kökünü kəsəcəyik. Xalqın malını yeyənlərə aman verməyəcəyik.

Mötəbər onun çiyninə əl qoydu:

— Düz deyirsən, qardaş. Bu xalqın haqqını heç kim yeməməlidir...

Elçin bilmirdi ki, həmin söhbət sabah başqa ünvanlara çatacaq. Mötəbər hər kəsin yanında onun inandığı adam olur, sonra isə eşitdiklərini öz xeyrinə istifadə edirdi.

Başqa bir fəal, Tofiq, bir gün şübhəsini gizlədə bilmədi:

— Mötəbər, sən hamı ilə yaxşı dolanırsan. Dünən bir tərəfdəydin, bu gün başqa tərəfdə. Sənin əsl fikrin nədir?

Mötəbər gülümsədi:

— Siyasətdə çevik olmaq lazımdır, qardaş. Əsas odur ki, məqsədimiz birdir…

Tofiq susdu. Mötəbər isə onun adını da yadda saxladı.

… Həmkəndlisi, uşaqlıq dostu Sadiqlə Bakıda ara-sıra görüşəndə onun hesabına yeyib-içir, köhnə günlərdən danışır, sonra söhbəti ehtiyatla universitetə gətirirdi. Sadiq başqa ali məktəbdə dil-ədəbiyyat müəllimliyi oxuyur, milli hərəkatda iştirak edən tələbələrlə ünsiyyətdə olurdu.

— Sizdə kimlər fəaldır? — deyə Mötəbər soruşardı. — Bəlkə hansısa işdə köməyim dəydi, hardasa mötəbər işlərdə onlara da yer elədim?..

Sadiq dostuna inanaraq adları sadalayardı. Mötəbər isə həmin adları gizli əlaqələrinə, o cümlədən sovet-rus “KQB”-sinə ötürərdi.

Bir dəfə Sadiq dedi:

— Bilirsən, Mötəbər, mən həmişə düşünmüşəm ki, insanın ən böyük sərvəti onun adıdır. Adam öləndən sonra da adı təmiz qalmalıdır.

Mötəbər qədəhini qaldırdı:

— Sənin bu sözlərin həmişə xoşuma gəlib, qardaş.

O, dostunun sözlərini bəyənirdi. Sadəcə, həmin sözlərə uyğun yaşamaq fikri yox idi…

Müstəqillikdən sonra Mötəbər dəyişən hakimiyyət rəhbərlərinin də qılığına girməyi bacardı. Keçmişini gizlətdi, dünənki xidmətlərini başqa cür təqdim etdi, özünü hər dövrün lazım bildiyi adam kimi göstərdi. Nəhayət, doğma rayonuna icra başçısı təyin edildi...

Kabinetə daxil olduğu ilk gün pəncərədən həyətə baxıb öz-özünə dedi:

— İndi növbə məndədir… Özümə yer edim- görün sizi nə edərəm...

Vəzifəyə başlayar-başlamaz qohumlarına, köhnə tanışlarına və dostlarına vədlər verdi. Birindən pul aldı ki, idarə müdiri edəcək, başqasına torpaq sahəsi ayıracağına söz verdi. Pulları alandan sonra bəzilərini bir-birinə qarşı qoydu, bəzilərinin sənədlərində qüsur tapdırdı. Heç kəsə verdiyi sözü yerinə yetirmədi.

Sadiqi isə yanına çağırdı.

— Sən mənim uşaqlıq dostumsan. Mənə təmiz, etibarlı adam lazımdır. Humanitar məsələlər üzrə müavinim olacaqsan…

Sadiq kövrəldi.

— Mötəbər, mən sənə həmişə inanmışam…

— Mən də sənə, qardaş…

Mötəbər dostunun üzünə baxarkən özünü xeyirxah adam kimi hiss edirdi. Axı onu vəzifəyə gətirmişdi! Sadiqin bu vəzifədə ona lazım olacağını isə özü də yaxşı bilirdi.

Həmin illərdə rayona beynəlxalq təşkilatlardan, xarici ölkələrdən və müxtəlif humanitar qurumlardan məcburi köçkünlərə, aztəminatlı ailələrə yardım göndərilirdi. Ərzaq, geyim, yataq dəstləri, məişət avadanlıqları anbarlara yığılır, paylanması Sadiqə həvalə olunurdu.

Sadiq hər şeyi qanunla, siyahılarla, imzalarla həyata keçirirdi. Hər bağlamanın kimə çatdığını qeyd edir, bir ailənin haqqının digərinə verilməsinə imkan vermirdi.

Mötəbər isə onun bu təmizliyindən öz çirkli məqsədi üçün istifadə edirdi.

Bir gün anbar yarıldı. Sonra ikinci dəfə. Sadiq narahatlıqdan gecələr yata bilmirdi. İşçiləri sorğu-suala tutur, mühafizəni gücləndirir, oğurlanan malların izinə düşməyə çalışırdı.

Halbuki hər şey Mötəbərin öz planı ilə baş verirdi. Anbar müdiri Qasım və təchizat idarəsinin rəisi Ənvərlə əlbir olaraq yardımları gizlicə satdırır, pulları bölüşdürürdü. Aylar ərzində milyonlarla manatlıq yardım mənimsənildi.

Sadiq bir gün Mötəbərin kabinetinə girdi:

— Cənab başçı, bu işin arxasında kimsə dayanır. Yardımların hara getdiyini müəyyənləşdirməliyik. Bu, camaatın haqqıdır!..

Mötəbər ciddi görkəm aldı:

— Tamamilə haqlısan. Kim olursa-olsun, tapılmalıdır. Mən sənə güvənirəm.

Sadiq minnətdarlıqla başını tərpətdi. O bilmirdi ki, qarşısında oturan adam oğurluğun təşkilatçısı, öz arxasınca gedən istintaqın isə gələcək istiqamətini müəyyənləşdirən şəxsdir.

Bir müddət sonra mərkəzdən yoxlama gəldi. Sənədlərdə uyğunsuzluqlar aşkarlandı, iş böyüdü. Mötəbər əlaltılarını çağırdı.

— Nə danışacağınızı bilirsiniz. Yardımların uçotu Sadiqin əlində olub. Oğurluğu onun təşkil etdiyini deyəcəksiniz…

Qasım tərəddüd etdi:

— Axı cənab başçı, malları biz...

— Ailən var, Qasım. Oğlunun işini də mən həll etmişəm.  Sənə işdə yaxşı yer eləmişəm... İndi özünü ağıllı apar…

Ənvər başını aşağı saldı.

Beləcə, Mötəbər öz cinayətini dostunun boynuna yıxdı. Şahidlər dəyişdi, sənədlər saxtalaşdırıldı, həqiqət yalanın altında basdırıldı.

Sadiq məhkəmədə son dəfə dostuna baxdı. Mötəbər gözlərini ondan yayındırdı.

— Mən bu yardımlardan bir qəpik də götürməmişəm, — Sadiq dedi. — Mənim əlimdəki siyahılar mənim vicdanımdır. Siz kağızları dəyişə bilərsiniz, amma həqiqəti dəyişə bilməzsiniz.

Məhkəmə onu 12 il müddətinə həbsə göndərdi.

Mötəbər isə məhkəmə binasından çıxanda jurnalistlərə belə dedi:

— Təəssüf edirəm. Qanun hamı üçün qanundur…

Sonra maşınına minib sürücüyə tapşırdı:

— Gedək, vaxt itirməyək.

Bir neçə keçdi. Hakimiyyət yenə dəyişdi, köhnə rəhbərlərin bəziləri kənara çəkildi, bəziləri mühakimə olundu. Mötəbər isə yenə xilas oldu. Dünənki iqtidarı sərt tənqid etdi, özünü əvvəlki səhvlərlə mübarizə aparmış adam kimi göstərdi. Yeni rəhbərliyin qarşısında sədaqət andı içdi və başqa rayona icra başçısı təyin edildi…

O, artıq hər qəlibin formasını əzbər bilirdi.

Bir gün rayonda tanınmış sahibkar olan Namiqi kabinetinə çağırdı. Namiq illərlə zəhmət çəkərək zavod tikmiş, onlarla ailəni işlə təmin etmişdi. Mötəbər zavodun ərazisinin bir hissəsini öz yaxın adamına keçirmək istəyirdi.

— Bu torpaq dövlət layihəsi üçün lazımdır, — dedi.

Namiq sənədləri qabağına qoydu:

— Torpaq qanunla mənimdir və bütün sənədlər qaydasındadır.

Mötəbər gülümsədi:

— Namiq, sənədlər hər şeyi həll etmir. Bəzən adamın dövlətlə münasibəti də olmalıdır…

Namiq razılaşmadı. Az sonra zavoda yoxlamalar başladı, hesabları donduruldu, haqqında əsassız şikayətlər yayıldı. Axırda zavodun bir hissəsini onun yaxın adamına ucuz qiymətə verməyə məcbur oldu.

Başqa bir vaxt məktəb direktoru Günay xanım rayonun təhsil müəssisələrinə ayrılmış vəsaitlərin mənimsənilməsini ifşa etdi. Mötəbər əvvəl onu yanına çağırıb dinlədi, sonra isə qadının sözlərini təhrif etdirərək haqqında böhtan xarakterli məlumatlar yaydırdı. Günay işindən uzaqlaşdırıldı.

— Mən yalnız həqiqəti demişəm, — qadın son dəfə ona müraciət edəndə söylədi.

Mötəbər soyuq səslə cavab verdi:

— Həqiqət hər kəsin öz bildiyi şey deyil, müəllimə. Hər kəs öz həddini bilməlidir…

Bununla da kifayətlənmirdi. Rusiya xüsusi xidmət orqanlarının artıq indi “KQB” yox,  “FSB” adlanan qurumuna respublikada və rayonda baş verən hadisələr, kadr dəyişiklikləri, strateji obyektlər və hərbi hissələrlə bağlı məlumatlar ötürürdü. Bir vaxtlar özünü həbsdən qurtarmaq üçün başladığı satqınlığı indi şəxsi təhlükəsizliyinin və əlavə qazancının təminatı sayırdı…

O, hər kəsi satmış və hər kəsə satılmışdı, amma özünü heç kimə borclu bilmirdi…

Vəzifələri böyüdükcə villaları, torpaqları, hesabları da çoxalırdı. Toylarda birinci masada oturur, yaslara bahalı əklillər göndərir, bayramlarda dövlətə sədaqətdən danışırdı. Fəqət şəkərli diabeti ağırlaşır, ürəyi zəifləyirdi. Həkimlər onu xəbərdar edirdilər, amma o, həkimlərə də pul və vəzifə ilə hər şeyi həll edə biləcəyini düşünən adam kimi yanaşırdı.

Onun gecələr yuxusu qaçırdı. Bir gün sənədlərin açılacağından, var-dövlətinin əlindən alınacağından, illərlə aldatdığı adamların danışacağından qorxurdu. Ən çox da Sadiqin həbsdən çıxacağı günü düşünmək istəmirdi.

Bəzən yuxusunda uşaqlıq dostunu görürdü. Sadiq qarşısında dayanıb sakitcə soruşurdu:

— Ay dost, niyə belə etdin?

Mötəbər yuxudan diksinərək oyanır, sonra özünə təsəlli verirdi:

— Hər kəs öz taleyini yaşayır. Mən heç kimə borclu deyiləm…

Amma ürəyi bu yalanı qəbul etmirdi.

Bir axşam Mötəbər harın dostları ilə restoranda oturmuşdu. Masada bahalı yeməklər, içkilər, gələcək layihələrin söhbəti vardı. O, növbəti qazancından danışır, ətrafındakılar isə onun hər sözünə gülürdülər.

— Həyat bilən, özünə mötəbər yer edə bilən adam üçün gözəldir! — deyərək növbəti araq qədəhini qaldırdı.

Elə həmin an sinəsində kəskin ağrı hiss etdi. Əlini ürəyinin üstünə qoydu, sifəti ağardı. Qədəh əlindən düşüb parçalandı. Bir neçə saniyə sonra isə özü cilik-cilik şüşə qırıqlarının üzərinə sərildi…

Təcili yardım gəlsə də, onu xilas etmək mümkün olmadı. İllərlə başqalarının taleyini idarə edən, min cür təhlükədən yayınan, hər vəziyyətdə özünə çıxış yolu tapan Mötəbərin ürəyinə gedən qan damarlardakı tıxaclara dirənib çıxış yolu tapa bilmədi…

Elə həmin gün həbs müddəti başa çatan Sadiq evinə gecə yarısı çatmışdı. On iki ilin həsrəti, həbsxana divarlarının soyuğu, itirilmiş gəncliyi çiyinlərinə çökmüşdü. Bu illər ərzində ata-anası dünyasını dəyişmiş, evdə yalnız kiçik bacı-qardaşı qalmışdı… Səhər tezdən həyətə çıxanda qonşunun tələsik addımlarla ona tərəf gəldiyini gördü.

— Sadiq, eşitdinmi? Mötəbər ölüb. Dünən gecə restoranda infarkt keçirib...

Sadiq bir anlığa donub qaldı. Sonra heç nə demədən evə qayıtdı, üst paltarını geyinib uşaqlıq dostunun evinə yollandı. Həyət adamla dolu idi. Mötəbərin cənazəsini evdən çıxarmağa hazırlaşırdılar. Dünənədək onun bir işarəsinə möhtac olanlar, qarşısında ikiqat əyilənlər indi başına yığışmışdılar. Sadiq isə heç kəsə baxmadan irəli yeridi, çiynini ağır tabutun altına verdi…

Mötəbərin qardaşları onu görəndə heyrətlərini gizlədə bilmədilər. Axı bu adam onların qardaşının xəyanəti üzündən ömrünün on iki ilini həbsxanada keçirmişdi! Sadiq isə sanki bütün bunlar dünən baş verməmiş kimi, uşaqlıq dostunun son mənzilə yola salınmasına kömək edirdi. Tabutun ağırlığı çiynini əzirdi, amma onun üçün ən ağır yük taxta tabut deyil, içində uzanan adamın illərlə daşıdığı xəyanət idi…

Məzarlıqda tabutu qəbirin yanına qoyanda məlum oldu ki, Mötəbərin iri cüssəsi qazılmış qəbirə sığmır. Qəbirin ağzını bir qədər genişləndirdilər, torpağı kənara atdılar. Sadiq də əyilib qəbirqazanlara kömək etdi. Nəhayət, 130 kiloya yaxın çəkisi olan Mötəbəri zorla qəbirə yerləşdirdilər. Ömrü boyu özünə mötəbər yer eləmək üçün başqalarının haqqını tapdalayan, dostunu satan, xalqın malına əl uzadan adamın son mənzilində özünə “mötəbər” yer tapması çox çətin oldu…

Dəfn bitdi. Başsağlığı verənlər, vəzifəli şəxslər, dünənədək onun süfrəsindən bəhrələnənlər, hətta əmisi, xalası uşaqları, qardaşları  bir-bir dağılışdılar. Qəbirin başında yalnız Sadiq qaldı. O, torpağa uzun-uzadı baxdı. Yaddaşında bir-birinə çörək verən iki uşağın siması canlandı. O uşaqlardan biri böyüdükcə var-dövlət, vəzifə, şöhrət qazandı, min sifətə girdi, yüz qəlib dəyişdi; o biri isə düz bildiyi yoldan dönmədiyi üçün on iki ilini dəmir barmaqlıqlar arasında itirdi.

Sadiq qəbirin başına bir addım yaxınlaşdı. Səsində nə nifrət vardı, nə də bağışlamaq istəyən bir yumşaqlıq — yalnız illərin içindən süzülüb gələn ağır bir kədər…

— Ay Mötəbər, yadındadır, bir vaxtlar deyirdin ki, adam gərək özünə yer eləsin? Elədin də... Birinin çörəyini əlindən aldın, birinin azadlığını, birinin ömrünü. Hər hakimiyyətə uyğunlaşdın, hər dövrə başqa sifətlə girdin. Elə bildin, özünə yer eləmək dünyada hamıdan yuxarı qalxmaqdır. Amma bir şeyi hesaba almadın: insan özünə yer eləyəndə vicdanını da özüylə aparmalıdır. Sən isə özünə yer eləmək üçün vicdanını çoxdan satmışdın...

O, bir ovuc torpağı qəbirin üstünə səpdi, sonra gözlərini yumub son dəfə pıçıldadı:

— Min sifət, yüz qəlib dəyişdin, ay dost... Amma axırda zorla sığdığın bu qəbirin yerini dəyişməyə nə pulun çatdı, nə vəzifən, nə də yaltaqlığın. Sən ömrün boyu özünə yer elədin, amma özünə insanlıqda bir qarış yer saxlamağı unutdun...

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Oktyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see547

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see467

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see365

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see307

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see298

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see250

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see240

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see226

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see221

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see221

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see219

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see218

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see217

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see213

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see207

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see198

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see191

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see170

Vahid məktəbli forması: Dünyəvilik, nizam intizam, sosial bərabərlik TƏHLİL

11 Oktyabr 2026 17:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri