Azad edilmiş ərazilərdə aparılan şəhərsalma işləri tamamilə yeni urbanistik modelin qurulmasını ehtiva edir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 3 fevral, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin inkişaf strategiyasında mühüm ideoloji və praktiki mərhələni ifadə edir. Bu qərar şəhərsalma və memarlığın təkcə texniki və estetik sahə deyil, eyni zamanda, milli kimliyin, tarixi yaddaşın və sosial rifahın formalaşmasında əsas amillərdən biri olduğunu yenidən ön plana çıxarır. Müasir dövrdə şəhər mühitinin keyfiyyəti dövlətin inkişaf səviyyəsinin, vətəndaş məmnunluğunun və gələcəyə baxışının göstəricisi kimi çıxış edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycanın şəhərsalma və memarlıq irsi dərin tarixi köklərə malikdir. Qədim şəhər mədəniyyətindən müasir urbanistik yanaşmalara qədər uzanan bu inkişaf xətti xüsusilə XX əsrin ikinci yarısından etibarən sistemli və elmi əsaslara söykənən mərhələyə qədəm qoyub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmış memarlıq məktəbi məhz bu yanaşmanın bariz nümunəsidir. Həmin dövrdə Bakının və regionların baş planlarının hazırlanması, sənaye, yaşayış və ictimai binaların vahid memarlıq konsepsiyası əsasında inşası, milli memarlıq elementlərinin müasir üslubla uzlaşdırılması şəhərsalma sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bu irsin sistemli şəkildə araşdırılması, təhlili və ictimaiyyətə təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır.
Milli Məclisin deputatının sözlərinə görə, 2026-cı il ərzində ölkənin şəhərsalma və memarlıq tarixini əks etdirən tədbirlərin keçirilməsi, elmi-praktik konfransların, sərgilərin, tematik forumların təşkili, arxiv materiallarının və memarlıq layihələrinin geniş auditoriyaya çatdırılması nəzərdə tutulur. Bu təşəbbüslər cəmiyyətin memarlıq mədəniyyətinə marağını artırmaqla yanaşı, gənc nəsildə peşəkar şəhərsalma düşüncəsinin formalaşmasına da töhfə verəcək. Xüsusi diqqət Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa proseslərinə yönəldilir. Azad edilmiş ərazilərdə aparılan şəhərsalma işləri təkcə dağıdılmış infrastrukturun bərpasını deyil, həm də tamamilə yeni urbanistik modelin qurulmasını ehtiva edir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsaslanan bu yanaşma müasir texnologiyaların, ekoloji dayanıqlılığın və sosial rahatlığın sintezini təmin edir. Tarixi-mədəni irs nümunələrinin bərpası isə milli yaddaşın və mədəni kontinuitetin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. 2026-cı il ərzində bu prosesləri əks etdirən analitik materialların, vizual təqdimatların və sənədli layihələrin hazırlanaraq ictimaiyyətə təqdim edilməsi prioritet istiqamətlərdən biri olacaq.
“Şəhərsalma və Memarlıq İli”nin əsas məqsədlərindən biri də bu sahədə görülən işlərin mediada sistemli və peşəkar şəkildə işıqlandırılmasıdır. Milli və beynəlxalq media platformalarında müasir Azərbaycan şəhərsalma nümunələrinin təqdim edilməsi ölkənin inkişaf modelinin qlobal informasiya məkanında tanıdılmasına xidmət edir. Yeni şəhər məkanları, innovativ memarlıq layihələri, bərpa və restavrasiya nümunələri Azərbaycanın yalnız enerji və geosiyasi deyil, həm də urbanistik və mədəni mərkəz kimi mövqeyini gücləndirir”, - deyən Sevinc Fətəliyevanın fikrincə, nəticə etibarilə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi keçmiş irslə müasir inkişaf arasında üzvi əlaqənin qurulmasına, azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin strateji baxımdan dəyərləndirilməsinə və Azərbaycanın müasir şəhərsalma təcrübəsinin dünyaya təqdim olunmasına xidmət edir.
Deputat qeyd edib ki, bu il həm milli memarlıq irsinə hörmətin ifadəsi, həm də gələcək nəsillər üçün dayanıqlı və funksional şəhər mühitinin formalaşdırılması istiqamətində mühüm addım kimi tarixə düşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 03 Fevral 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















