AZAL işi simptom kimi: Bastrıkinin açıqlaması niyə qərarın özündən daha təhlükəlidir?
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL-a məxsus təyyarənin qəzasi ilə bağlı cinayət işinin bağlanması barədə açıqlaması sadəcə hüquqi qərar deyil. Bu, siyasi jestdir, institusional siqnaldır və bir nəfərin səlahiyyət çərçivəsindən çox kənara çıxan ambisiyalarının açıq nümayişidir.
Burada məsələ cinayət işinin bağlanması faktının özü deyil. Belə qərarlar istintaq təcrübəsində ola bilər. Əsas problem formadadır, vaxt seçimindədir və adresatdadır. Azərbaycanın ünvanına göndərilən məktub Rusiyanın daxili istintaq qərarını faktiki olaraq xarici siyasət müstəvisinə çıxarır. Bu isə artıq İstintaq Komitəsinin səlahiyyətlərinə daxil olmayan sahədir.
AZAL və istintaq hakimiyyətinin sərhədlə AZAL sıradan kommersiya şirkəti deyil, Azərbaycanın milli aviadaşıyıcısıdır. Onun uçuşlarının təhlükəsizliyi və təyyarə qəzası ilə bağlı hər hansı bəyanat avtomatik olaraq dövlətlərarası kontekst yaradır. Məhz buna görə belə məsələlər adətən XİN, hökumət aparatı və ya ən azı Prezident Administrasiyası ilə razılaşdırılmadan səsləndirilmir.
Bu razılaşmanın olmaması - ya da ən azı ictimai məkanda belə təsəvvür yaratması - problemin əsas mahiyyətidir.
Son illər Bastrıkin ardıcıl şəkildə özünü təkcə güc strukturu rəhbəri kimi yox, müstəqil siyasi mərkəz kimi təqdim etməyə çalışır. Onun ritorikası, ictimai çıxışları, sərt tonlaması və "dövlət maraqları"na daimi istinadları getdikcə istintaq məntiqindən uzaqlaşaraq siyasi mövqelənməyə doğru gedir.
Ekspert mühitində uzun müddətdir belə fikir dövriyyədədir ki, Bastrıkin ciddi maliyyə və aparat resursları toplayıb, özünə sadiq vertikallar qurub və yazılmamış razılaşmaları gözdən gəlməkdən çəkinmir. Burada sübut olunmuş faktlardan yox, Rusiya kimi sistemlərdə heç vaxt təsadüfi olmayan davamlı reputasiyadan söhbət gedir.
Bu kontekstdə AZAL işi ideal alətə çevrilir: xarici tərəfə göstərmək üçün ki, Rusiya İstintaq Komitəsinin rəhbəri müstəqil şəkildə başqa dövlətlə dialoq apara bilir.
Prinsipial bir məqamı ayrıca və açıq şəkildə qeyd etmək vacibdir: söhbət Putindən getmir. Azərbaycan tərəfi də bu məsələni heç vaxt Putinin üzərinə transfer etməyib. Əksinə, Azərbaycan öz haqlı mövqeyini ardıcıl şəkildə ortaya qoyub, tələblərini aydın ifadə edib və bu mövqe prezidentlər səviyyəsində aparılan birbaşa dialoqda təsdiqini tapıb.
Məzkur kontekstdə xatırlatmaq yerinə düşər ki, Azərbaycan prezidenti ilə Putin arasında baş tutan görüşdə Rusiya prezidenti açıq şəkildə hadisəyə hüquqi qiymət veriləcəyini, günahkarların cəzalandırılacağını bəyan etmişdi. Daha sonra bu mövzu telefon danışığında da bir daha təsdiqlənmiş, tərəflər arasında qarşılıqlı anlaşma formalaşmışdı. Oktyabr ayında baş verən həmin telefon danışığı da eyni siyasi xəttin davamı idi. Yəni Azərbaycan üçün vəziyyət aydın idi: məsələ dövlət başçıları səviyyəsində müzakirə olunub və siyasi öhdəlik formalaşıb.
Məhz bu səbəbdən Bastrıkinin sonradan, istintaqın bitməsi ilə bağlı ayrıca məktub göndərməsi Azərbaycanda haqlı suallar doğurdu: bu nə deməkdir, bu addımın arxasında hansı siyasi məntiq dayanır və kimə hesablanıb?
Çünki faktiki olaraq, bu addım prezidentlər səviyyəsində formalaşmış siyasi çərçivəyə ziddir. Burada artıq Putinin mövqeyindən yox, Rusiya İstintaq Komitəsinin rəhbərinin özbaşına davranışından söhbət gedir. Başqa sözlə, sistemin içində bir struktur "öz oyunu"nu oynamağa başlayır. Bu isə ilk dəfə baş verən hadisə deyil.
Bastrıkinin keçmiş fəaliyyətinə baxdıqda bu davranış modelinin təsadüfi olmadığı aydın görünür. Vaxtilə Gömrük Xidmətinin yüksək vəzifəli rəhbər şəxslərindən birinin səs-küylü şəkildə saxlanılması, evinə basqın edilməsi, mediaya sızdırılan video görüntülər, evdən böyük məbləğdə vəsaitin nümayiş etdirilməsi hamının yadındadır. Həmin əməliyyatlar sonradan araşdırıldıqda məlum oldu ki, bu addımlar yuxarı siyasi rəhbərliklə, o cümlədən Prezident Administrasiyası ilə razılaşdırılmayıb. Bastrıkin bunu heç kimlə məsləhətləşmədən etmişdi.
Nəticədə bu özfəaliyyət Kreml daxilində ciddi narazılıq doğurdu, aparat konfliktləri yarandı və Bastrıkinin "çərçivədən çıxması" artıq açıq müzakirə mövzusuna çevrildi. Bu epizod bir şeyi açıq göstərdi: Bastrıkin özünü sadəcə icraçı yox, müstəqil güc mərkəzi kimi aparır.
Məhz buradan əsas nəticə doğur: Bastrıkinin ambisiyaları post, titul və ya səlahiyyətlə məhdudlaşmır. O, real siyasi təsir, qərarvermə imkanları və sistem daxilində birinci dərəcəli fiqur statusu istəyir. Başqa sözlə, o, Putinin qurduğu vertikalda yer almaq yox, həmin vertikalın zirvəsinə göz dikir.
AZAL işi isə bu ambisiyaların növbəti açıq təzahürüdür. Prezidentlər səviyyəsində razılaşdırılmış siyasi çərçivəni faktiki olaraq ignorasiya edərək ayrıca məktub göndərmək, istintaq qərarını xarici tərəfə müstəqil şəkildə təqdim etmək - bu artıq hüquqi yox, siyasi davranışdır. Bu, açıq mesajdır: "mən təkcə icra etmirəm, mən qərar verirəm".
Beləliklə, məsələ Putinin mövqeyində deyil. Məsələ ondan ibarətdir ki, Bastrıkin Putinin adından kənarda, onun siyasi xəttini kölgədə qoyaraq özünü alternativ güc mərkəzi kimi təqdim etməyə çalışır. Və məhz bu, Rusiya sistemi üçün ən təhlükəli tendensiyadır.
Əsas sual budur: bu cür addımlar Vladimir Putinin siyasi xətti ilə uzlaşırmı?
Rusiya hakimiyyət modeli sərt vertikal prinsipi üzərində qurulub. İstintaq Komitəsi güclü strukturdur, lakin müstəqil siyasi subyekt deyil. Xarici siyasət çalarları olan hər hansı siqnal yalnız prezident səviyyəsində formalaşmalı və ya onun birbaşa tapşırığı ilə verilməlidir.
Məhz buna görə Bastrıkinin məktubu ya özbaşınalıq, ya da özünü prezidentlə eyni siyasi müstəvidə göstərmək cəhdidir. Hər iki variant Rusiya dövlət sistemi üçün risklidir.
Bu, Bastrıkinin bioqrafiyasında ilk belə hadisə deyil. Daha əvvəl onun rəhbərliyi altında İstintaq Komitəsi Dövlət Gömrük Xidmətinin yüksək vəzifəli müavinlərindən birini sərt əməliyyatla həbs etmişdi: evə basqın, axtarışlar, göstürışli addımlar.
Sonradan məlum oldu ki, bu əməliyyat üçün Prezident Administrasiyasından heç bir siyasi sanksiya verilməyib. Formal olaraq qanun pozulmamışdı, lakin siyasi baxımdan sərhədlər aşılmışdı. Məhz bundan sonra Kreml daxilində Bastrıkinin "həddən artıq müstəqilliyi" barədə narahatlıqlar səslənməyə başladı.
Çox az tanınan, lakin prinsipial məqam: bir dövr Putin Bastrıkinin Ali Məhkəməyə keçirilməsini nəzərdən keçirirdi. Formal olaraq bu, yüksək vəzifə idi. Əslində isə onu istintaq və güc strukturlarından uzaqlaşdırmaq cəhdi idi.
Bastrıkin bu təklifi qəbul etmədi. Səbəb sadə idi: Ali Məhkəmə real güc, nəzarət və aparat təsiri vermir. Onun imtina qərarı sadəcə karyera seçimi deyil, siyasi etiraz aktı idi.
AZAL ilə bağlı cinayət işinin bağlanması final deyil, indikatorudur. Bu hadisə aşağıdakıları göstərir:
Birincisi, İstintaq Komitəsi müstəqil siyasi rol oynamaq istəyir.
İkincisi, Bastrıkin icazə verilən sərhədləri sistemli şəkildə yoxlayır.
Üçüncüsü, Rusiya elitası daxilində formal vertikalla real güc mərkəzləri arasında gərginlik mövcuddur.
Azərbaycan üçün nəticə aydındır: bu tip siqnallar Rusiya dövlətinin yekun mövqeyi kimi qəbul olunmamalıdır. Bu, konkret institutun və konkret şəxsin ambisiyalarının ifadəsidir.
AZAL ətrafında baş verənlər təyyarə ilə bağlı deyil. Bu, hakimiyyət, ambisiya və Rusiya içində gizli siyasi mübarizə haqqındadır. Bastrıkin istintaq rəhbəri çərçivəsindən çıxaraq siyasi fiqura çevrilmək niyyətini açıq göstərir. Bu xəttin nə qədər davam edəcəyi isə açıq sualdır.
Bu cür oyunlarda təyyarələr təsadüfən düşmür. Amma məktublar da səbəbsiz yazılmır.
Elçin Alıoğlu
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 27 Dekabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















