Azərbaycan alimlərinin böyük maarifçilik missiyası
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Fərrux RÜSTƏMOV
ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi
1815-ci ildə Moskvada təsis edilən Şərq Dilləri İnstitutu əvvəlcə xüsusi məktəb kimi fəaliyyət göstərsə də, qısa müddət ərzində Şərq dillərinin sistemli şəkildə öyrənilməsinə yönəlmiş ixtisaslaşdırılmış tədris mərkəzinə - instituta çevrildi. Bu tədris müəssisəsinin yaradılması XIX əsrin əvvəllərində Rusiya imperiyasının siyasi, hərbi və strateji məqsədlərindən irəli gələn tarixi-siyasi zərurətlə şərtlənirdi.
XIX əsrin ilk onilliklərində Rusiya imperiyası Cənubi Qafqaza doğru sürətlə genişlənirdi. Bu genişlənmə prosesi həm Osmanlı dövləti, həm də Qacar İranı ilə aparılan uzunmüddətli müharibələr və diplomatik qarşıdurmalarla müşayiət olunurdu. Kürəkçay (1805), Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanması nəticəsində Azərbaycan torpaqlarının böyük bir hissəsi Rusiya imperiyasının nəzarətinə keçdi. Bununla da, Cənubi Qafqaz Rusiya üçün strateji əhəmiyyətə malik hərbi-siyasi məkan, İran və Osmanlıya qarşı aparılacaq əməliyyatlar üçün dayaq zonası, həmçinin rus sənayesinin inkişafı üçün zəngin xammal bazası və imperiyanın Cənub siyasətinin əsas dayağı kimi formalaşmağa başladı.
Bu yeni geosiyasi reallıq Rusiyanın Qafqazda daha səmərəli idarəçilik həyata keçirməsini zəruri edirdi. Mərkəzi hakimiyyətin regionda baş verən prosesləri düzgün qiymətləndirməsi, yerli əhali ilə effektiv ünsiyyət qurması, eləcə də Qacar və Osmanlı sarayları ilə aparılan diplomatik danışıqlarda iştirak etməsi üçün Şərq dillərini bilən mütəxəssislərin hazırlanması həyati əhəmiyyət kəsb edirdi.
Cənubi Qafqazın etnik və dil baxımından mürəkkəb mühitində Rusiya dövlət aparatına türk (Azərbaycan) dili (regionun əsas ünsiyyət dili), fars dili (İranla diplomatik münasibətlərin və hüquqi yazışmaların dili) və ərəb dili (dini, hüquqi və klassik Şərq mənbələrinin dili) üzrə mütəxəssislər tələb olunurdu. Bu dillərdə sərbəst danışan, həmçinin Şərq mədəniyyətini, hüquq sistemi və ictimai quruluşunu dərindən bilən tərcüməçilər, konsulluq əməkdaşları, məmurlar və hərbi-topoqrafiya kadrları imperiya üçün xüsusi strateji əhəmiyyət daşıyırdı.
Şərq Dilləri İnstitutu Rusiya imperiyasının məhz bu ehtiyacını qarşılamaq, Cənubi Qafqaz və Yaxın Şərq istiqamətində həyata keçirilən siyasətin icrası üçün peşəkar kadrlar hazırlamaq məqsədilə fəaliyyət göstərirdi. Bunun nəticəsində institut dövlətin ideoloji və praktiki maraqlarına uyğun olaraq "Şərqin öyrənilməsi - Şərqə hakim olmağın vasitəsidir" prinsipinə əsaslanan imperiya şərqşünaslığının mühüm dayaqlarından birinə çevrilmiş, imperiyanın Qafqaz siyasətinə xidmət edən çoxfunksiyalı maarif mərkəzi rolunu oynamışdır.
Burada hazırlanan mütəxəssislər həm Qafqaz canişinliyinin idarəçilik aparatında, həm də Rusiyanın İran və Osmanlıdakı konsulluqlarında fəaliyyət göstərirdilər. Onların bir qismi isə imperiyanın milli ucqarlarda həyata keçirdiyi idarəetmə siyasətinin mühüm elementi olan dünyəvi təhsil modelinin və müasir məktəb sisteminin Cənubi Qafqazda tətbiqi prosesinə bilavasitə cəlb olunur, yerli maarif strukturlarının təşkili və idarə edilməsində fəal iştirak edirdi.
Şərq Dilləri İnstitutu XIX əsrin əvvəllərindən etibarən yalnız Rusiya imperiyasının Şərq siyasətinə xidmət edən xüsusi təhsil mərkəzi olmaqla kifayətlənməmiş, eyni zamanda çoxmillətli elmi-mədəni mühit formalaşdıran mühüm ocaq rolunu oynamışdır. Burada təhsil alan və fəaliyyət göstərən mütəxəssislər arasında azərbaycanlıların xüsusi çəkisi diqqətəlayiq dərəcədə böyük olmuşdur. Azərbaycanlı müəllimlər, tələbələr, tədqiqatçılar və şərqşünas alimlər institutun elmi və pedaqoji fəaliyyətinə əhəmiyyətli töhfələr vermiş, onun inkişaf istiqamətlərinin formalaşmasında fəal iştirak etmişlər. Geniş və çoxşaxəli fəaliyyət spektrinə baxmayaraq, indiyədək aparılmış araşdırmalarda onların institutun elmi və tədris mühitində tutduğu yer sistemli şəkildə öyrənilməmişdir. Halbuki bu irs Azərbaycan təhsil tarixinin, maarifçilik hərəkatının və ümumilikdə milli intellektual inkişafın ayrılmaz bir hissəsini təşkil edir.
Bu sahədə genişmiqyaslı araşdırmalar aparan tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin xidmətləri xüsusi vurğulanmalıdır. Onun zəhməti, elmi erudisiyası, arxiv materialları ilə işləmək bacarığı, analitik düşüncə tərzi və ümumiləşdirmə səriştəsi bu sahədə ilkin fundamental tədqiqatların meydana çıxmasına imkan yaratmışdır. Kitabın redaktoru və ön sözün müəllifi akademik Rafael Hüseynov bu barədə yazır: "Dünya şərqşünaslığında aparıcı mövqe tutmuş azərbaycanlı alimlərin əvəzsiz yeri haqqında Nadir Məmmədlinin ardıcıl araşdırmaları mövcuddur. Bu mövzuda yazmaq üçün isə müəyyən səlahiyyətlər tələb olunur. Araşdırıcıya isə həmin mövzuya gəlib çıxana qədər keçdiyi yol, qazandığı səriştə və biliklər bu səlahiyyəti verir".
Professor Nadir Məmmədli bu istiqamətdə ilk geniş həcmli araşdırmasını "Moskva Şərq Dilləri İnstitutunun azərbaycanlı məzunları" (1995) kitabı ilə təqdim etmişdir. Akademik R.Hüseynovun sözlərinə görə, "Başını aşağı salaraq fəhlə zəhməti çəkən, elmə sədaqətlə qulluq edən, daha dərinlərə baş vura bilmək üçün çalışmaqdan, axtarmaqdan usanmayan" Nadir Məmmədli aradan keçən illər ərzində tədqiqatlarını daha da dərinləşdirmiş, yeni arxiv sənədləri, bioqrafik materiallar və statistik məlumatlar əsasında mövzunu yenidən işləyərək daha geniş bir monoqrafiya - "Moskva Şərqşünaslıq İnstitutlarının azərbaycanlı tələbə, müdavim, alim və pedaqoqları" (2025) əsərini ərsəyə gətirmişdir.
Bu nəşr yalnız azərbaycanlıların Şərq Dilləri İnstitutundakı fəaliyyətini sistemli şəkildə tədqiq etməklə kifayətlənmir, eyni zamanda XIX-XX əsrlər Azərbaycan ziyalılarının elm, təhsil və maarifçilik tarixinin yenidən qiymətləndirilməsinə mühüm töhfə verir.
Professor Nadir Məmmədlinin Şərq Dilləri İnstitutu ilə bağlı sistemli araşdırmaları bir neçə mühüm aspektdən diqqətə layiqdir:
1. Azərbaycanlı ziyalıların bir qisminin XIX-XX əsrin əvvəllərində Rusiya elmi mərkəzlərində formalaşması və burada göstərdikləri xidmətlər milli elmi-mədəni tariximizin bütövlüyünü anlamağa imkan verir.
2. Şərq Dilləri İnstitutunda təhsil alan azərbaycanlıların milli maarifçiliyin və dünyəvi məktəb sisteminin inkişafında oynadıqları əhəmiyyətli rol üzə çıxarılır.
3. Azərbaycanlı alimlərin institutdakı tədqiqat və pedaqoji fəaliyyətinin həm Rusiyada, həm də Azərbaycanda şərqşünaslığın formalaşmasına ciddi təsiri müəyyənləşdirilir.
4. Azərbaycanlı alimlərin bir əsr əvvəl apardıqları araşdırmaların dünya şərqşünaslıq elminə verdiyi dəyərli töhfələr və onların Rusiya şərqşünasları arasında nüfuzlu mövqe qazanması oxucuda iftixar hissi yaradır.
Akademik Rafael Hüseynovun "Böyüklüyü görmək və göstərmək bacarığı" adlı ön sözündə Nadir Məmmədlinin elmi fəaliyyətinə, tədqiqatçılıq prinsipinə və milli-mədəni irsə xidmətinə işıq tutulur, tədqiqatçı alim, ləyaqətli vətəndaş, milli ziyalı kimi təqdim olunur. Bunlar analitik düşüncə tərzi və mövzunu sistemli şəkildə ümumiləşdirmə qabiliyyəti ilə seçilən Nadir Məmmədlinin yaradıcılıq kredosunu müəyyənləşdirir. Belə ki, hər bir araşdırma yalnız faktların toplanması ilə kifayətlənmir, həm də həmin faktların tarixi, elmi və mədəni kontekstdə dəyərləndirilməsini əhatə edir. Akademik R.Hüseynovun da qeyd etdiyi kimi, Nadir Məmmədli öz tədqiqatlarında tarixi-pedaqoji irsi milli dəyərlər kontekstində qiymətləndirir, Azərbaycan ziyalılarının, alimlərinin və pedaqoqlarının elmi-mədəni xidmətlərini sistemli şəkildə təqdim edir. Ön sözdə "Moskva Şərqşünaslıq İnstitutlarının azərbaycanlı tələbə, müdavim, alim və pedaqoqları" kitabı bu prinsiplərin praktik təcəssümü kimi dəyərləndirilir.
Kitabın ilk bölümündə Şərq Dilləri İnstitutunda təhsil almış tələbə və müdavimlər - Nurulla bəy Ağarəhim bəy oğlu Məlikov, Əhməd Hacı Qurban oğlu Qurbanov, Əbülfət ağa Nəcəfqulu ağa oğlu Şahtaxtlı, Cahangir bəy Mirzə Hüseyn əfəndi Qayıbov, Mahmud Qədirəli oğlu İsmayılov, Ələsgər Abdulla oğlu Əliyev, Fərrux xan Mizə Fərəc xan oğlu Bədəlbəyev, Firidun xan Mizə Fərəc xan oğlu Bədəlbəyev və Məhəmməd bəy Həsən bəy oğlu Ağaoğlu (Ağayev) haqqında oçerklər təqdim edilir. Bu oçerklərdə yalnız onların şəxsi həyatlarına dair əsas məqamlar qeyd olunmur, eyni zamanda təhsil aldıqları dövrdə və sonrakı fəaliyyətlərində göstərdikləri ictimai, elmi və mədəni fəaliyyətlər, eləcə də regionun intellektual və mədəni inkişafındakı xidmətləri də təhlil olunur. Şərq Dilləri İnstitutunun tələbə və müdavimləri sırasına daxil olmuş bu şəxslər kitabda yalnız fərdi uğurlarına görə deyil, həm də institutun formalaşdırdığı elmi və mədəni mühitin daşıyıcıları kimi qiymətləndirilirlər.
Kitabın ikinci bölümündə institutda fəaliyyət göstərmiş Mirzə Əbülhəsən bəy Vəzirov, Mirzə Cəfər Rzayev, Mirzə Cəfər Topçubaşov və Mirzə Abdulla Qafarov kimi müəllim və alimlərin elmi-pedaqoji irsi təqdim olunur. Təhlil göstərir ki, Mirzə Əbülhəsən bəy Vəzirovun 1861-ci ildə tərtib etdiyi "Uçebnik tatarsko-azerbaydjanskoqo nareçiə" dərsliyi institutda və ümumiyyətlə, anadilli dərsliklərin inkişafında mühüm rol oynamışdır. Sankt-Peterburq Universitetində Azərbaycan dili fənni məhz bu dərslik əsasında tədris edilmişdir. Dərsliyin qrammatika, nəsr, nəzm və kargüzarlıq bölmələrini əhatə etməsi onun yalnız dilin struktur xüsusiyyətlərini deyil, həm də funksional-kommunikativ tərəflərini nəzərə alaraq kompleks tədris modeli yaratdığını göstərir. Nəticədə Qafqaz regionunda tərcüməçi hazırlığı üçün sistemli dil tədrisi modeli formalaşmışdır.
Dərsliyin Sankt-Peterburq Universitetində Azərbaycan dili fənnində əsas mənbə kimi istifadə olunması onun elmi etibarlılığını və statusunu təsdiqləyir. Həmçinin, bu dərslik sonrakı illərdə ana dili dərsliklərinin və didaktik materialların formalaşmasına ciddi təsir göstərmişdir. Məsələn, A.O.Çernyayevski "Vətən dili" dərsliyinin II hissəsinin müqəddiməsində yazır ki, dərsliyi hazırlayarkən M.H.Vəzirovun kitabını əsas götürmüşdür. Beləliklə, dərslik yeni nəsil dərsliklərin yazılmasına vəsilə olmuşdur.
XIX əsr Rusiya şərqşünasları arasında nəzəri və praktik hazırlığı ilə seçilən Mirzə Cəfər Rzayev yalnız Şərq dillərinin mahir bilicisi kimi deyil, həm də Rusiya Şərqşünaslığı məktəbinin formalaşmasında mühüm rol oynamış alim kimi tarixə daxil olmuşdur. O, fars, ərəb və türk dillərini mükəmməl bilirdi və fars dilinin fonetikasını, qrammatik quruluşunu və leksik-semantik xüsusiyyətlərini incəliklərinə qədər araşdırmışdı.
Farsdilli ölkələrlə ticarət və diplomatik əlaqələri olan iş adamları və xidmət sahəsində çalışanlar üçün yazdığı "Farsca-rusca danışıq kitabı" (1883) gündəlik danışıq nümunələri, ticarət terminləri, məişət ifadələri və ünsiyyət qaydalarını özündə ehtiva edirdi. Daha sonra o, "Farsa-rusca-fransızca danışıq kitabı"nı nəşr etdirmişdir. İki hissədən ibarət olan "Fars dilinin müxtəsər qrammatikası" (1884) kitabında isə fars dilinin fonetik, morfoloji və sintaktik xüsusiyyətləri izah edilmiş, istifadə qaydaları sistemləşdirilmişdir.
M.C.Rzayevin dərs vəsaitləri və bir neçə tədris ili üçün tərtib etdiyi proqramlar Şərq dillərinin elmi əsaslarla öyrədilməsinə dəyərli töhfə hesab olunur. Müəllif M.C.Rzayevin yaradıcılığını dörd əsas istiqamət üzrə təhlil etmişdir:
1. Şərq dillərinin sistemli tədris prinsiplərinin qurulması;
2. Fars dili üzrə peşəkar kadrların hazırlanması;
3. Terminoloji sistemin təkmilləşdirilməsi;
4. Mədəni əlaqələrin yaradılması.
Bu yanaşma Rzayevin tədqiqatlarının həm nəzəri, həm də praktik əhəmiyyətini üzə çıxarmaqla onun Şərqşünaslıq elminin inkişafındakı rolunu açıq şəkildə ortaya qoyur.
Kitabda təqdim olunan irihəcimli oçerklərdən biri görkəmli şərqşünas və maarif xadimi Mirzə Abdulla Qafarova həsr edilmişdir. Oçerkdə müəllifin zəngin elmi-pedaqoji irsi çoxşaxəli şəkildə təhlil olunur. Xüsusilə onun "X əsrdən müasir dövrədək fars yazılı ədəbiyyatı nümunələri" (1902) əsəri Şərqşünaslıq sahəsində dəyərli mənbə hesab olunur: burada fars ədəbiyyatının tarixi inkişaf mərhələləri sistematik surətdə araşdırılır və orta əsr ədiblərinin yaradıcılığı orijinal şəkildə izah edilir.
Oçerkdə Mirzə Abdulla Qafarovun "Fars dilini öyrənənlərə kömək" (V.A.Qorlevski ilə birlikdə) adlı metodik vəsaitində fonetik, leksik və qrammatik materialların seçilməsi prinsipləri yüksək qiymətləndirilir. Eyni zamanda, fars xalq müdrikliyinin struktur-semantik xüsusiyyətləri, adekvat tərcümə prinsipləri və müqayisəli folklorşünaslıq baxımından yenilikçi yanaşmaların tətbiqi geniş şəkildə işıqlandırılır. Onun "Fars tarixşünaslığından" əsəri isə Şərq tarixi düşüncəsinin formalaşmasına dair müqayisəli elmi araşdırma kimi qiymətləndirilir və müəllifin həm tarixi mənbələrin təhlilində, həm də Şərq tarixşünaslığı məktəblərinin təsnifatında göstərdiyi peşəkarlıq xüsusi vurğulanır.
Oçerkdə Mirzə Abdulla Qafarovun Şərq Dilləri İnstitutundakı pedaqoji fəaliyyəti, dərslik və tərcüməçilik yaradıcılığı ayrıca tədqiq olunur. Şərq dillərinin qrammatikasına dair elmi fikirləri, Şərq ədəbiyyatı tarixinin dövrləşdirilməsi ilə bağlı irəli sürdüyü ideyalar və müasir tədqiqatçılara yol göstərən metodoloji yanaşmalar əsərin mühüm istiqamətlərindən biri kimi təqdim olunur.
Professor Nadir Məmmədli Mirzə Cəfər və Mirzə Abdulla Qafarovun ictimai təşkilatlardakı fəaliyyətlərində iki əsas xüsusiyyəti önə çəkir. O, bir tərəfdən, onların Moskva şərqşünaslıq mühitində demək olar ki, bütün mühüm elmi-ictimai təşəbbüslərdə fəal iştirak etmələrini, yüksək təşəbbüskarlıq nümayiş etdirmələrini vurğulayır. Digər tərəfdən, alimlərin Şərq irsinin toplanması, öyrənilməsi və nəşri sahəsində göstərdikləri elmi məsuliyyəti və prinsipial mövqeyi yüksək qiymətləndirir. Onun fikrincə, hər iki alim Moskva şərqşünaslığı üçün sadəcə iştirakçı deyil, elmi ideyaların formalaşmasına təsir edən nüfuzlu təşəbbüs sahibləri olmuşdur.
Kitabda verilən oçerklər təkcə bioqrafik məlumatları əks etdirmir: onların elmi-pedaqoji fəaliyyətinin institutun tədris strategiyasının formalaşmasına, dərslik ənənəsinin inkişafına və Azərbaycan dilinin akademik müstəvidə tədrisinə verdiyi sistemli təsiri göstərir.
Professor Nadir Məmmədlinin "Moskva Şərqşünaslıq İnstitutlarının azərbaycanlı tələbə, müdavim, alim və pedaqoqları" monoqrafiyası çoxşaxəli elmi və mədəni əhəmiyyətə malik ciddi tədqiqat əsəridir. Əsər XIX-XX əsrlərdə Rusiyada şərqşünaslıq məktəbinin təşəkkülü və inkişafında mühüm rol oynamış azərbaycanlı ziyalıların elmi fəaliyyətini sistemli şəkildə təqdim edərək mövcud tədqiqat boşluqlarını doldurur və həmin dövrün elmi-mədəni mühitinin az öyrənilmiş aspektlərini üzə çıxarır.
Monoqrafiyada toplanmış faktoloji materiallar şərq dillərinin tədrisi, mədəniyyətlərarası kommunikasiya və tərcümə məsələlərinin elmi-nəzəri əsaslarını araşdırmaq üçün etibarlı tarixi baza formalaşdırır. Buradakı bioqrafik məlumatlar dil tədrisi metodikasının, şərqşünaslığın nəzəri istiqamətlərinin və tərcümə ənənələrinin inkişaf mərhələlərini izləməyə imkan verir ki, bu da hazırkı dövrdə tədris proqram-larının yenilənməsi və yeni pedaqoji texnologiyaların tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.
Əsər həmçinin Azərbaycan-Rusiya elmi əlaqələrinin tarixi inkişafını geniş panoramada təqdim edərək müasir akademik əməkdaşlıq modellərinin formalaşdırılmasına zəngin təcrübə təqdim edir. Keçmiş nəsil alim və pedaqoqların elmi irsinin sistemli şəkildə təqdim olunması gənc tədqiqatçılar üçün motivasiya və metodoloji istiqamət rolunu oynayır.
Monoqrafiya milli elmi kimliyin qorunması və təbliği baxımından mühüm funksiyanı yerinə yetirməklə Azərbaycan şərqşünaslıq məktəbinin tarixini yenidən qiymətləndirməyə, dəyərli elmi fakt və ideyalarla zənginləşdirməyə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 22 Dekabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















