Azərbaycan Avrasiyanın iqtisadi kimliyinin formalaşmasında mühüm yer tutur
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Qlobal məkana sürətlə inteqrasiya olunan Azərbaycan Respublikası bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yanaşı, dünya miqyasında cərəyan edən sosial-iqtisadi proseslərdə də fəal mövqe nümayiş etdirir. Bu baxımdan ölkəmizin iştirak etdiyi beynəlxalq platformalar sırasında Davos Dünya İqtisadi Forumu xüsusi əhəmiyyət kəsb edir. Ənənəvi olaraq hər il təşkil olunan və cari ildə 56-cı iclasını keçirən Forum çərçivəsində qlobal iqtisadi gündəliyin aktual məsələləri üzrə dərin müzakirələr aparılır, müxtəlif mövzular ətrafında panel sessiyaları keçirilir və beynəlxalq ictimaiyyətə mühüm çağırışlar ünvanlanır.
Azərbaycan Davos Forumunda ilk dəfə 1995-ci ildə iştirak edib və həmin dövrdən bu ənənə davam etdirilir. Xüsusilə, 2007-ci ildən etibarən Prezident İlham Əliyevin bu tədbirlərdə mütəmadi iştirakı Azərbaycanın mövqeyini daha da möhkəmləndirir, ölkəmizin sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə əldə etdiyi uğurları dünyaya təqdim edir.
19–23 yanvar 2026-cı il tarixində İsveçrənin Davos şəhərində keçirilən 56-cı Dünya İqtisadi Forumu “Dialoq ruhu - qlobal mürəkkəblik və bölünmə şəraitində fikir mübadiləsi və anlaşma daha vacibdir” devizi altında dünya liderlərini, dünyanın aparıcı iş adamlarını bir araya gətirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də hal-hazırda 56-cı Forumda iştirak etmək üçün Davosdadır və dövlət başçısının Forumun ikinci günü - 20 yanvar tarixində “Avrasiyanın iqtisadi kimliyinin müəyyənləşdirilməsi” panelində çıxışı nəzərdə tutulur. Bu paneldə çıxış edən liderlər Qərbdən Şərqə qədər uzanan rəqabətli maraqlar fonunda Qafqaz və Mərkəzi Asiyada təsir və güc balansının yenidən formalaşması kontekstində “Region bu genişlənən marşrutlardan maksimum fayda əldə etmək və onların daxilində öz rolunu möhkəmləndirmək üçün hansı addımları atmalıdır?” sualı ətrafında öz fikirlərini bölüşəcəklər. Qeyd edək ki, 56-cı Forumda ABŞ prezidenti Donald Trampın da çıxışı və “Xüsusi müraciəti” nəzərdə tutulur ki, bu da Forumun əhəmiyyətini daha da artırır.
Ümumilikdə, Davos Dünya İqtisadi Forumunun 56-cı iclasında 130-dan artıq ölkədən 3 000 nümayəndə iştirak edir. Tədbirə 65 dövlət və hökumət başçısı daxil olmaqla 400 siyasi lider, 850-dən çox iri şirkət rəhbəri, eləcə də qabaqcıl texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu liderlər qatılıb. Bu geniş təmsilçilik Forumun qlobal miqyasda dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğunu bir daha təsdiqləyir.
Forumun 2026-cı il toplantısı çərçivəsində qlobal çağırışlara cavab olaraq beş əsas prioritet müəyyən edilib. Bu prioritetlər qlobal iqtisadi artım tempinin zəiflədiyi bir şəraitdə ticarət və investisiya imkanlarının genişləndirilməsi yolu ilə yeni iqtisadi artım mənbələrinin formalaşdırılmasını, innovasiyaların, xüsusilə süni intellektin tətbiqi zamanı onların biznesə və məşğulluğa təsirinin qiymətləndirilməsini, habelə bu texnologiyalardan istifadəyə dair normativ və etik çərçivələrin müəyyənləşdirilməsini əhatə edir. Eyni zamanda beynəlxalq müstəvidə və cəmiyyət daxilində etimadın bərpası məqsədilə yeni əməkdaşlıq mexanizmlərinin araşdırılması, insan kapitalının inkişafının təşviqi və bu sahəyə investisiyaların artırılması yolu ilə əmək bazarının transformasiyası və dayanıqlılığın gücləndirilməsi əsas istiqamətlər sırasında yer alır. Prioritetlər çərçivəsində həmçinin bərpaolunan, inkluziv, dairəvi və təbiətə əsaslanan iqtisadi modellər vasitəsilə uzunmüddətli rifahın təmin edilməsi xüsusi diqqət mərkəzində saxlanılır.
Müəyyən edilən istiqamətlər göstərir ki, innovasiyaların tətbiqi, müasir tələblərə cavab verən insan kapitalının formalaşdırılması, çoxtərəfli əməkdaşlığın gücləndirilməsi və cəmiyyətlə təbiət arasında balansın qorunması aktual olaraq qalır və gələcəyin əsas çağırışları kimi dəyərləndirilir. Bu yanaşmalar Forumun əsas məqsədlərində də öz əksini tapır. Belə ki, tədbirin başlıca hədəfləri qlobal iqtisadi və geosiyasi problemlərin həlli yollarının müzakirəsi üçün fikir mübadiləsinin təşkili, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, innovasiya və texnoloji inkişafa dəstəyin artırılması, eləcə də davamlı və inklüziv inkişaf üzrə effektiv həll yollarının müəyyənləşdirilməsindən ibarətdir.
Azərbaycan Davos İqtisadi Forumunda hər zaman fəal iştirak edib, o cümlədən 56-cı Forumda da bu ənənə davam etdirilir. Beləliklə də Azərbaycan beynəlxalq əməkdaşlıq və inkişafa öz töhfəsini verməklə həm də qlobal mühitdə mövqeyi möhkəmləndirir, gələcəkdə daha sürətli tərəqqi üçün etibarlı təcrübə formalaşdırır.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 19 Yanvar 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















