Icma.az
close
up
RU
Azərbaycan brendi ölkələri fəth edir

Azərbaycan brendi ölkələri fəth edir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Milli iqtisadiyyat dünya bazarına xaricdən aldığından daha çox məhsul çıxarır

Bu ilin ilk yarısında ölkənin xarici ticarətində diqqətçəkən məqamlardan biri müsbət dinamikanın qorunması və xüsusilə ixracın idxalı üstələməsinin əhəmiyyətli dərəcədə güclənməsi olub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə respublikanın xarici ölkələrlə ticarət əməliyyatlarının həcmi 24 milyard 661 milyon ABŞ dollarına (ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çox) yüksəlib.

Bu dövrdə xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixrac, 8 milyard 341 milyon dollar isə idxal əməliyyatlarında qeydə alınıb. Müqayisə göstərir ki, ötən ilin analoji dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi 24,4 milyard dollar, o cümlədən ixrac 12 milyard 878 milyon dollar, idxal isə 11 milyard 522 milyon dollar olub. Beləliklə, son bir ildə ixrac 26,7 faiz çoxalıb, idxal isə 27,6 faiz azalıb.

Bu mənzərənin ən mühüm uğurlu nəticəsi xarici ticarət saldosunda (gəlir və xərcdə) müsbət göstəricilərlə diqqət çəkib. Belə ki, əgər ötən ilin ilk yarısında 1 milyard 356 milyon dollarlıq müsbət saldo qeydə alınıbsa, hesabat dövründə həmin göstərici 7 milyard 979 milyon dollar təşkil edib. Başqa sözlə, müsbət saldo illik müqayisədə 5,9 dəfə artıb. Bu isə ondan xəbər verir ki, ölkəmiz xarici iqtisadi əlaqələrində daha dayanıqlı və gəlirli mövqeyə çıxıb.

Müsbət dinamikanı şərtləndirən başlıca amillərdən biri ixrac potensialının yüksək olaraq qalmasıdır. Bu isə onunla bağlıdır ki, Azərbaycanın xarici ticarət strukturunda enerji məhsulları hələ də aparıcı yer tutur və bu sahədə formalaşan sabit ixrac imkanları respublikaya iri həcmdə valyuta axını qazandırır. Eyni zamanda, əvvəlki illərdə olduğu kimi, qeyri-neft-qaz sektoru istiqamətində də ixracın genişləndirilməsi üzrə görülən tədbirlər ümumi nəticəyə əlavə dəstək verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyri-neft-qaz məhsullarının ixracında artım meyilinin müşahidə olunması bu baxımdan mühüm önəm daşıyır.

Ölkənin xarici ticarətində digər mühüm məqam idxalın azalması fonunda daxili iqtisadi tarazlığın güclənməsidir. Belə ki, idxalın 27,6 faiz azalması bir tərəfdən xarici bazarlardan asılılığın nisbətən zəiflədiyini, digər tərəfdən isə bir sıra məhsullar üzrə daxili təminat imkanlarının artdığını göstərir. Bu proses, həm də istehsal həcminin getdikcə çoxalması, yerli sahibkarlığın təşviqinin diqqətdə saxlanması və istehlak bazarında daxili məhsulların payının yüksəlməsi istiqamətlərində dövlətin apardığı siyasətin məntiqi nəticəsidir.

Ticarət coğrafiyası genişlənir

Azərbaycanın xarici ticarət coğrafiyasının genişlənməsi də ümumi dayanıqlılığa müsbət təsir göstərən amillərdən biridir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmiz hazırda 176 dövlətlə ticarət əlaqələri qurub və əsas tərəfdaşlar sırasında İtaliya, Türkiyə, Rusiya, Çin, ABŞ və Almaniya kimi iri bazarlar yer alıb. Ticarət tərəfdaşlarının şaxələnməsi Azərbaycanın hər hansı bir bazardan asılılığını azaltmaqla yanaşı, ixrac üçün əlavə imkanlar da yaradıb.

Ümumilikdə, 2026-cı ilin ilk yarısının nəticələri göstərir ki, Azərbaycan xarici ticarətdə artım tempini qorumaqla yanaşı, keyfiyyət baxımından da əlverişli struktur formalaşdırmağa nail olub. İxracın əhəmiyyətli artımı, idxalın azalması və nəticədə rekord səviyyəyə yaxınlaşan müsbət saldo ölkənin xarici iqtisadi mövqeyini gücləndirib.

İqtisadçı-ekspert Samir Heydərovun sözlərinə görə, son illərdə Azərbaycanın qeyri-neft sektorunun sürətli inkişafı və milli məhsulların dünya bazarlarına çıxarılması istiqamətində atılan strateji addımlar öz bəhrəsini verməkdədir. Bu gün qürurla demək olar ki, “Made in Azerbaijan” nişanı sadəcə bir mənşə göstəricisi deyil, eyni zamanda, keyfiyyət, təbii üstünlük və etibarlılıq rəmzinə çevrilib. Hazırda bu brend altında istehsal olunan yerli məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilərək qlobal bazarda özünəməxsus mövqe tutur.

“Made in Azerbaijan” təşəbbüsü Prezident İlham Əliyevin 5 oktyabr 2016-cı il tarixli fərmanı ilə təsdiqlənən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin tərkib hissəsi olaraq həyata keçirilir və respublikada istehsal olunan məhsulların xarici bazarlara çıxışını asanlaşdırmağa, Azərbaycanın ixrac potensialını artırmağa xidmət edir.

İqtisadçı-ekspertin fikrincə, nüfuzlu beynəlxalq platformalarda ölkələrin iqtisadi potensialının nümayişi ilə yanaşı, onların ixrac imkanlarının və milli brendlərinin tanıdılması da daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan Azərbaycanın neftdənkənar sahəsinin inkişafında və ixrac potensialının artırılmasında “Made in Azerbaijan” brendi yüksək dəyərləndirilir. Bu təşəbbüs yerli məhsulların beynəlxalq bazarlarda tanıdılması, onların rəqabət qabiliyyətinin artırılması və milli istehsalçıların xarici bazarlara çıxışının genişləndirilməsi məqsədilə həyata keçirilir.

Dövlət tərəfindən ixrac missiyalarının təşkil edilməsi, beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə iştirakın diqqətdə saxlanılması, xarici bazarların araşdırılması, marketinq fəaliyyətinin dəstəklənməsi, eləcə də yerli şirkətlərin beynəlxalq sertifikat və patentlər almalarına maliyyə dəstəyi göstərilməsi “Made in Azerbaijan” brendinin dünya bazarlarında mövqeyinin möhkəmlənməsini şərtləndirir.

Samir Heydərovun fikrincə, Azərbaycanın aqrar ixrac strategiyasının yeni mərhələsində 3 əsas istiqamət – bazarların diversifikasiyası, əlavə dəyərin artırılması və logistika imkanlarının genişləndirilməsi ön plana çıxır. Bununla yanaşı, fermerlərin maarifləndirilməsi, sertifikatlaşdırma sistemlərinin təkmilləşdirilməsi, beynəlxalq standartların tətbiqi və informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi də vacib vəzifələr sırasındadır. Çünki müasir dünya bazarlarında uğur qazanmaq üçün məhsulun yetişdirilməsi ilə yanaşı, onun beynəlxalq standartlara uyğun hazırlanması və təqdim olunması da əsas şərtlərdən biridir.

Bu məsələdə onu da xatırlatmaq yerinə düşər ki, “Made in Azerbaijan” brendi ilə bağlı qarşıya qoyulan hədəf daha çox məhsul ixrac etmək deyil. Burada əsas məqsəd daha rəqabətli, daha yüksək əlavə dəyər yaradan, dayanıqlı və gəlirli aqrar ixrac modeli formalaşdırmaqdır. Məhz bu yanaşma kənd təsərrüfatının uzunmüddətli inkişafını gerçəkləşdirməklə yanaşı, qeyri-neft iqtisadiyyatının, ölkənin beynəlxalq iqtisadi mövqelərinin daha da güclənməsinə və ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir.

Mütəxəssislərin sözlərinə görə, Azərbaycan məhsullarının beynəlxalq standartlara (ISO, HACCP və s.) tam cavab verməsinin nəticəsidir ki, bu gün yerli mallar Avropa İttifaqı ölkələrindən tutmuş Yaxın Şərq, Mərkəzi Asiya, Çin və Amerika Birləşmiş Ştatlarına qədər geniş bir coğrafiyada alıcıların rəğbətini qazanıb. Eyni zamanda, ölkə sahibkarlarının xarici bazarlara çıxışını asanlaşdırmaq üçün tətbiq olunan ixrac təşviqi və güzəştlər istehsalçıları daha keyfiyyətli və rəqabətədavamlı məhsul hazırlamağa həvəsləndirib.

Bundan başqa, dünyanın bir çox strateji nöqtələrində (Çin, BƏƏ, Avropa və MDB ölkələri) fəaliyyət göstərən Azərbaycan Ticarət Evləri və təşkil olunan ixrac missiyaları da “Made in Azerbaijan” nişanlı məhsulların birbaşa xarici alıcılara təqdim olunmasında mühüm körpü rolu oynayır. Yerli şirkətlərin vahid ölkə stendi ilə dünyanın aparıcı qida və sənaye sərgilərində iştirakı isə brendin tanınmasını dəfələrlə artırır.

Dayanıqlı inkişaf, artan ixrac

Hazırda ölkə iqtisadiyyatının qarşısında duran əsas strateji hədəflərdən biri neft gəlirlərindən asılılığın mərhələli şəkildə azaldılması və rəqabətqabiliyyətli qeyri-neft sektorunun formalaşdırılmasıdır. Son illərdə həyata keçirilən iqtisadi islahatlar, ixracın təşviqi mexanizmlərinin genişləndirilməsi, sənayeləşmə prosesinin sürətləndirilməsi, aqrar istehsalın modernləşdirilməsi və logistika imkanlarının artırılması bu istiqamətdə mühüm nəticələr verməyə başlayıb. 2026-cı ilin ilk yarısında qeyri-neft ixracında qeydə alınan artım da göstərir ki, ölkənin iqtisadi diversifikasiya strategiyası artıq real iqtisadi göstəricilərdə də öz əksini tapır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın son göstəricilərinə əsasən, 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz artaraq 1,8 milyard ABŞ dollarına çatıb. Təkcə iyun ayında qeyri-neft ixracı 18,2 faiz artaraq 382 milyon dollar təşkil edib. Eyni dövrdə ərzaq məhsullarının ixracı 19,4 faiz, qeyri-ərzaq məhsullarının ixracı isə 17,3 faiz yüksəlib.

Belə bir uğurun əldə edilməsi təsadüfi deyil. Bu, illərdən bəri həyata keçirilən iqtisadi siyasətin, dövlət dəstəyi mexanizmlərinin və ixracyönümlü istehsal modelinin tətbiqinin nəticəsidir. Ən başlıcası isə iqtisadi şaxələndirmənin real göstəricisidir.

Uzun müddət ölkə iqtisadiyyatında ixracın əsas hissəsini neft və qaz məhsulları təşkil edib. Bu model ölkəyə böyük maliyyə imkanları qazandırsa da, qlobal enerji bazarlarında qiymət dəyişkənliyi iqtisadiyyat üçün müəyyən narahatlıqlar yaradıb. Məhz buna görə də dövlət başçısı iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun genişləndirilməsini prioritet istiqamət kimi müəyyənləşdirib.

Azərbaycanın qeyri-neft ixracında kənd təsərrüfatı məhsulları da xüsusi yer tutur. Meyvə-tərəvəz, pambıq, fındıq, çay, üzümçülük məhsulları, konservləşdirilmiş ərzaq və digər aqrar məhsullar xarici bazarlarda rəqabət qabiliyyətini artırır.

Cari ilin ilk yarısında kənd təsərrüfatı məhsullarının ixracı 23,9 faiz artaraq 564 milyon dollara, aqrar-sənaye məhsullarının ixracı isə 35,3 faiz yüksələrək 196 milyon dollara çatıb. Ümumilikdə aqrar və aqrar-sənaye məhsullarının ixracı 760 milyon dollar (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,6 faiz çox) təşkil edib.

Bu göstəricilər kənd təsərrüfatında aparılan islahatların səmərəsini nümayiş etdirir. Müasir suvarma sistemlərinin tətbiqi, aqroparkların yaradılması, fermerlərin texnika ilə təmin olunması, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi və rəqəmsal kənd təsərrüfatı həlləri məhsuldarlığın yüksəlməsinə mühüm təsir göstərir.

Təbii ki, emal sənayesinin inkişafı da yeni ixrac imkanları yaradır. İxrac strukturunda emal sənayesi məhsullarının payının artması xüsusilə diqqət çəkir. Əgər əvvəlki illərdə əsasən xammal ixrac edilirdisə, hazırda əlavə dəyəri yüksək olan məhsulların xarici bazarlara çıxışı genişlənir. Bunu statistik göstəricilər də təsdiq edir. Cari ilin yanvar – iyun aylarında şəkər ixracı 3,4 dəfə, pambıq ipliyi 2,1 dəfə, bitki və heyvan mənşəli yağlar 50 faiz, alüminium və ondan hazırlanan məhsullar 40,1 faiz, pambıq lifi 26,3 faiz, meyvə-tərəvəz isə 18,9 faiz artıb. Bu göstəricilər göstərir ki, Azərbaycan artıq yalnız xammal ixrac edən ölkə deyil, həm də emal olunmuş məhsulların istehsalçısı kimi beynəlxalq bazarlarda mövqeyini gücləndirir.

Qeyri-neft ixracının genişlənməsində sənaye parkları mühüm əhəmiyyət daşıyır. Bu zonalarda fəaliyyət göstərən müəssisələrdə istehsal prosesi müasir texnologiyalarla həyata keçirilir və məhsullar dünyanın müxtəlif ölkələrinə ixrac edilir. Vergi və gömrük güzəştləri, dövlət tərəfindən yaradılan hazır infrastruktur, əlverişli biznes mühiti və investisiya təşviqi mexanizmləri həm yerli, həm də xarici investorların marağını artırır.

Azərbaycanın Şərq – Qərb və Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi qeyri-neft ixracının inkişafına mühüm üstünlüklər verir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, müasir avtomobil magistralları, hava yükdaşımalarının genişləndirilməsi və gömrük prosedurlarının rəqəmsallaşdırılması ixrac əməliyyatlarının daha operativ həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda “bir pəncərə” prinsipi, elektron sertifikatlaşdırma, rəqəmsal gömrük xidmətləri və logistika xərclərinin optimallaşdırılması Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət üstünlüyünü gücləndirir.

Azərbaycan hökuməti ixracatçıların stimullaşdırılması istiqamətində də ardıcıl siyasət həyata keçirir. İxrac təşviqi mexanizmləri, güzəştli kreditlər, sahibkarlığın inkişafı fondlarının maliyyə dəstəyi, vergi güzəştləri və ixrac missiyalarının maliyyələşdirilməsi istehsalçıların xarici bazarlara çıxışını asanlaşdırır. Bununla yanaşı, məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması, sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi və keyfiyyət infrastrukturunun gücləndirilməsi ixrac potensialının daha da artırılmasına xidmət edir.

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Avqust 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see597

Anar Ələkbərovdan 44 PAYLAŞIMI VİDEO

02 Avqust 2026 22:57see369

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see328

Ukrayna dronları Rusiyada “Wildberries”in iri logistika mərkəzini vurub

03 Avqust 2026 11:17see293

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see272

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see262

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see250

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see247

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see244

Baş redaktor: Elçinin Bayramlının həbsinin jurnalist fəaliyyəti ilə əlaqəsi yoxdur

03 Avqust 2026 11:18see211

Tələbə qızı dəm qazından boğulmuşdu 3 il sonra qəzada öldü

03 Avqust 2026 09:56see205

Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib

03 Avqust 2026 05:18see189

Donald Tramp özünə məxsus qolf klubunda bir gündə iki çempionluq qazandı VİDEO

03 Avqust 2026 01:25see178

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see177

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

03 Avqust 2026 14:54see171

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see168

Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı

04 Avqust 2026 05:05see164

“Yuventus” müdafiəçi transfer edir

04 Avqust 2026 01:24see162

Türkiyə mediası Qardaşlaşmış Qarabağ məktəbləri barədə yazdı

03 Avqust 2026 01:21see161

Google ev işlərini görən robotları nümayiş etdirdi

03 Avqust 2026 04:21see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri