Icma.az
close
up
RU
Azərbaycan BUĞDA qıtlığı ilə üzləşə bilər?

Azərbaycan BUĞDA qıtlığı ilə üzləşə bilər?

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu mövsüm Rusiyada taxıl yığımı iki həftə gec başlayıb.

Turkustan.az xəbər verir ki, 1 iyul tarixinə Rusiyada 1,3-1,5 milyon hektar taxıl və paxlalı bitkilər biçilib.

Bu, planlaşdırılan sahənin 3 faizini təşkil edir və ötən ilki göstəricidən üç dəfə azdır. Ötən ilin iyul tarixinədək 4,2-4,6 milyon hektar və ya bütün sahəni 9 faizi biçilmişdi.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi gecikmənin daha çox əlverişsiz iqlim şərtləri ilə izah etsə də, ekspertlər bunun iki əsas amildən yalnız biri olduğunu deyirlər. İkinci mühüm amil Ukraynanın zərbələri nəticəsində Rusiyada yaranan yanacaq qıtlığıdır. Taxıl istehsalçılarına biçin üçün yanacağın çatdırılması gecikir və qiymət üçdə bir qədər artıb ki, bu da taxılın tarlalardan daşınmasını çətinləşdirir.

“Kommersant” nəşrinin yazdığına görə, Rusiyada məhsul yığımı ənənəvi olaraq iyun ayının ortalarında, əsasən ölkənin cənubunda başlayır. Bu il may-iyun aylarında müşahidə olunan sərin və yağıntılı hava məhsulun yetişməsini gecikdirib. Eyni zamanda yanacaq problemi yığım prosesini ləngidir. Cənub və Mərkəzi əyalətlərdə yığımın gec başlaması bu il eyni vaxtda daha çox sayda bölgədə yığım prosesinin qızğın vaxtının üst-üstə düşməsi ehtimalı yaradır. Bu isə biçin problemlərinin daha da kəskinləşməsinə səbəb ola bilər.

Məlumata görə, biçin üçün zəruri olan dizel ehtiyatları qışdan toplandığına görə onunla təminatda problem yoxdur. Lakin biçilən məhsulun daşınması üçün zəruri olan benzin təminatında xüsusilə neft emalı zavodlarından uzaqda yerləşən bölgələr üçün problemlər yaranıb. Aprel ayından bəri zavodların emal gücü kəskin azaldığına görə ehtiyatlar tükədilib. Yeni istehsal məhsulunun isə tarlalara çatması yüksək tələbat baxımından çox çətinləşib.

Digər bir məsələ yanacaq qiymətlərindəki bahalaşmadır. Belə ki, Sankt-Peterburq Birjasında Avropa Rusiya İndeksinə əsasən yay dizel yanacağının qiyməti 2 iyulda 1,09 faiz artaraq ton üçün 74.920 rubla çatıb; illik müqayisədə qiymətlər 1,3 dəfə artıb. Rosstat-ın məlumatına görə, 29 iyunda dizel yanacağının pərakəndə satış qiyməti illik müqayisədə 18,7 faiz artımla litr üçün 84,8 rubl təşkil edib.

Yanacağın bahalaşması taxılın daşınma xərcini 20-30 faiz artırıb. İstehsalçılar məhsulu dəmiryolu ilə daşınmasına da gedə bilmirlər – burada da bahalaşma, dəmiryol infrastrukturunun potensialının aşağılığı imkan vermir. Qiymət İndeksi Mərkəzi (QİM) Rusiyanın cənub dəmir yolu şəbəkəsində əməliyyat vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi barədə məlumatlar qeydə alıb. QİM qeyd edir ki, dəmir yolu logistikasının dəyəri il ərzində orta hesabla 13 faiz artıb. İstehsalçılar belə baha daşıma qiymətlərini məhsulun üzərinə əlavə edə bilmirlər, çünki dünya bazarından asılı olan daxili qiymət səviyyəsi imkan vermir.

BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının(FAO) hesablamalarına əsasən Taxıl Qiymət İndeksi 2026-cı ilin may ayında 2,6 faiz artaraq 114,3 bala çatıb və bu, bütün əsas taxıl bitkilərinin qiymətlərinin artmasını əks etdirir. Qlobal buğda qiymətləri ardıcıl dördüncü aydır ki, artıb. Bu, ABŞ da daxil olmaqla, əsas ixracatçı ölkələrdə gözləniləndən az məhsul yığılması ilə dəstəklənir. ABŞ-da qış buğdası yığımı üçün onilliklər ərzində ən pis şərait yaranıb. Yanacaq və gübrə qiymətlərinin artması isə qlobal miqyasda qiymətlərə əlavə təzyiq göstərir. Lakin buna baxmayaraq, ümumilikdə qiymət şərtləri Rusiya istehsalçılarına artan nəqliyyat xərclərini məhsulun dəyərinə əlavə etməyə imkan verəcək qədər sərfəli deyil.

Qeyd edək ki, Rusiyanın bu mövsüm buğda istehsalına dair proqnozlar fərqlidir. SovEcon Analitik Mərkəzi Rusiyanın 2026-cı ildə ümumi buğda məhsulunun təxminən 83,8 milyon ton olacağını proqnozlaşdırır. Bu, 2025-ci il üçün proqnozlaşdırılan səviyyədən təxminən 4 milyon ton azdır. Əsas səbəb, xüsusən də yazlıq buğda üçün əkin sahələrinin aşağı mənfəət səbəbindən azalmasıdır.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi ən optimist proqnozu təqdim edir: ümumi sahəsi 28,8 milyon hektar olan sahələrdən 92,5 milyon ton buğda.

Keçən il Rusiya təxminən 52-54 milyon ton buğda ixrac edib. Bu il üçün ixrac potensialı 47,5 milyon ton olaraq qiymətləndirilir. Daha aşağı rəqəmlər ehtiyatların ümumi azalması ilə əlaqədardır. 2023-2024-cü illərdə toplanmış rekord taxıl ehtiyatları faktiki olaraq tükənib. Buna görə də bu ilki ixrac birbaşa yeni məhsuldan asılı olacaq.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) iyun hesabatında 2026-2027 mövsümü üçün Rusiyada buğda istehsalı proqnozunu 2 milyon ton artıraraq 88 milyon tona çatdırıb. Nazirliyin icmalında qeyd edilir ki, düzəliş əlverişli hava şəraiti və orta səviyyədən yuxarı yağıntı ilə əlaqədardır ki, bu da qış buğdasının məhsuldarlığı üzrə proqnozu yaxşılaşdırıb. Yeni qiymətləndirmə may ayı proqnozundan 2 faiz yüksəkdir, lakin əvvəlki mövsümün göstəricisindən 3 faiz aşağı olaraq qalır. Rusiya üzrə proqnozun artımı 2026-2027 mövsümü üçün qlobal buğda balansının yenidən nəzərdən keçirilməsində amillərdən biri olub. USDA-nın məlumatına görə, qlobal buğda istehsalı proqnozu 1,7 milyon ton artırılaraq 1,1 milyard tona çatıb.

Rusiyanın özündə artıq rəsmilərin yanacaq böhranının miqyasını kiçiltmələrinə qarşı etirazlar artır. Rusiya Dövlət Dumasının rəsmiləri hökuməti ölkədə baş qaldıran genişmiqyaslı yanacaq defisitinin real miqyasını cəmiyyətdən və dövlətdən gizlətməkdə ittiham ediblər.

Dumanın Ailənin müdafiəsi komitəsinin sədri Nina Ostanina ölkədə yaşanan yanacaq böhranı ilə bağlı rəsmi qurumları hədəf alan sensasiyalı bəyanatla çıxış edib. Deputat Ukrayna dronlarının hücumları nəticəsində yaranan fəlakətli vəziyyətin rəhbərlik tərəfindən ört-basdır edildiyini bildirib. O, hökumətin problemləri zəif işıqlandırmasının və böhranı həll etmək istəməməsinin dövlət təhlükəsizliyi üçün böyük təhdid yaratdığını, xüsusilə də qarşıdan gələn məhsul yığımı (biçin) mövsümü ərəfəsində bu laqeydliyin fəlakətə yol açacağını diqqətə çatdırıb.

Deputat həmçinin hökumətə daxili bazarda dizel və benzin qıtlığının kənd təsərrüfatını tamamilə çökdürə biləcəyinə dair xəbərdarlıq edib: “Bu gedişlə ölkə yaxın vaxtlarda tamamilə çörəksiz qala bilər. Ağır beynəlxalq sanksiyalar və iqtisadi təcrid şəraitində Rusiyanın daxildə çörəksiz, ərzaqsız qalması isə dövlət üçün birbaşa ölümə bərabərdir”.

Şimal qonşumuzda yaranan bu vəziyyət Azərbaycanın buğda təminatına təsir göstərə bilər. Bu təsir əsasən buğda məhsullarının dəyərinin artması baxımından əhəmiyyətlidir. Belə ki, uzun illər boyu ölkənin buğdaya olan tələbatının ərzaq təhlükəsizliyi baxımından zəruri olan həddə qədər artırılması prioritet elan olunsa da, əlaqədar qurumların, xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin məsələyə laqeyd münasibəti bu sahədə irəliləyişin deyil, əksinə, geriləmənin olmasına gətirib çıxarıb.

Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir. Bundan əlavə, buğda əkininə görə də ayrı subsidiya mexanizmi var.

2021-2022-ci ilərin qlobal ərzaq böhranı göstərdi ki, xüsusilə buğda kimi strateji ərzaq məhsulları ilə təminatın təhlükəsiz səviyyəyə çatdırılması ölkənin milli təhlükəsizliyi baxımından son dərəcə vacibdir. Ölkə prezidenti bu zərurəti nəzərə alaraq dəfələrlə buğda istehsalında özünütəminat səviyyəsinin yüksəldilməsinin gərəkdiyini bildirib. Lakin son 4 ildə buğda əkinlərinin sahəsi, məhsul istehsalı azala-azala gedir.

Rəsmi məlumata əsasən Bu il məhsulu üçün ötən ilin payızında Azərbaycanda 457 867.2 hektar sahədə buğda əkilib. Bu, əvvəlki illə müqayisədə 9,5 faiz azalma deməkdir. Əvvəlki ildə 505 696.7 hektar sahədə payızlıq buğda əkilmişdi. Yazlıq buğda isə cəmi 913.1 hektar sahədə əkilib. Ötən ilin eyni dövründə belə əkin 3 736.4 hektar olub. Bu isə yazlıq buğda əkinlərinin 4 dəfədən çox azalması deməkdir.

Azərbaycanda yazlıq və payızlıq buğda əkinləri 2021-ci ildəki 572,3 min hektardan bu mövsüm üçün 458 780,3 hektara qədər azalıb.

Buğda istehsalı isə 2021-ci ildəki 1 milyon 885 min 405,3 tondan 2025-ci ildə 1 milyon 583 min tona düşüb. Bu azalma fonunda idxaldan asılılıq artır ki, bu da əvvəla, ərzaq təhlükəsizliyinə çox ciddi təhdid formalaşdırır, ikincisi isə külli miqdarda vəsaitin xaricə çıxmasına səbəb olub. Rəsmi statistikaya əsasən 2026-cı ilin yanvar-may aylarında Azərbaycana 118 milyon 986,8 min dollar dəyərində 528 min 59,9 ton buğda idxal olunub. 2025-ci ilin eyni dövrü müqayisədə idxal dəyər baxımından 8 milyon 551,3 min dollar və ya 7,7 faiz, miqdar baxımından isə17 min 629,1 ton və ya 3,5 faiz artıb. Təəssüf ki, buğda idxalında Rusiyadan asılılıq da kəskin artıb. Belə ki, yanvar-apreldə idxal olunan 442 232,95 ton buğdanın 339 656,01 tonu Rusiyadan, yalnız 102 575,34 tonu Qazaxıstandan, 1,6 min tonu isə Türkiyədən alınıb. Ötən ilin eyni dövründə idxal edilən 418 350,15 ton buğdanın 358 507,96 tonu Qazaxıstandan, yalnız 59 842,19 tonu Rusiyadan alınmışdı.

Qeyd etmək lazımdır ki, Rusiyada buğdanın bahalaşması, yaxud azalması halında Azərbaycan bu məhsulu digər ənənəvi bazarımız olan Qazaxıstan və Türkiyədən ala bilər. Yuxarıda da qeyd etdik ki, yanvar-apreldə Türkiyədən 1,6 min ton buğda idxalı qeydə alınıb. Qardaş ölkədə bu il buğda istehsalının kəskin artımı gözlənilir. USDA Türkiyədə buğda istehsalı proqnozunu 1,5 milyon ton artıraraq bu ölkə üçün rekord həddə – 22,5 milyon tona çatdırıb.

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2025-ci ildə 25,9 milyon ton xalis taxıl yığılıb, bunun 19,3 milyon tonu buğda olub.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi 2026-cı ildə Qazaxıstanda buğda istehsalının 14 milyon tona qədər azalmasını proqnozlaşdırır. Analitiklər azalmanın əsas səbəbləri kimi əlverişsiz hava şəraitini və bazar dəyişikliklərini göstərirlər. Nazirlik Qazaxıstan buğda ixracının 2026-2027-ci illərdə 11 milyondan 7,5 milyon tona qədər azalacağını təxmin edir. Bildirilir ki, Mərkəzi Asiya ölkələri, Əfqanıstan və Azərbaycan prioritet bazarlar olaraq qalacaq.

Beynəlxalq Taxıl Şurası isə 2026/2027 mövsümü üçün Qazaxıstanda buğda istehsalı proqnozunu 15,3 milyon ton səviyyəsində saxlayıb. Bu qiymətləndirmə ötən ilki məhsuldan aşağıdır. Təşkilatın məlumatına görə, Qazaxıstan yeni mövsümdə təxminən 9,1 milyon ton buğda ixrac edə bilər.

Yuxarıda da qeyd etdimiz kimi, ötən il idxalımızda əsas pay sahibi məhz Qazaxıstan olub. Qazaxıstanda istehsal proqnozu azaldılsa da, bu ölkənin bazarı Azərbaycan üçün həmişə açıqdır.

Buğda idxalında ağırlığın Qazaxıstan və Türkiyəyə salınması Azərbaycanın bu strateji məhsulla təminatında çətinlik çəkməyəcəyi deməkdir. Lakin vaxtında ölkə rəhbərliyinin elan etdiyi prioritetlərə uyğun təsirli addımların atılmaması idxal xərclərinin, gətirilən məhsulun qiymətinin artması fonunda əhalinin büdcəsinə ciddi mənfi təsirlər olacaq. Çünki həm Qazaxıstan, həm də Türkiyədən buğda Rusiya ilə müqayisədə baha qiymətə alınır, nəqliyyat xərcləri daha yüksək olur. Halbuki vaxtında real addımlar atılsaydı, bu gün Azərbaycan vətəndaşı idxal buğdasından asılı vəziyyətdə qalmazdı. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 İyul 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see527

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see333

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see290

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see286

MOİK ə 280 manat cəza

02 İyul 2026 01:55see286

Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? Düzgün qidalanma

01 İyul 2026 22:45see277

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see238

Minatəmizləmə, səhiyyə və kəndlər üçün ayrıca 20 milyon avro...

02 İyul 2026 04:16see213

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

01 İyul 2026 22:43see200

Rusiya tam təhlükəsizdir təsəvvürünə artıq heç kim inanmaq istəmir

02 İyul 2026 08:31see191

Stomatoloq dövrü sona çatır: Dişlərimizi robotlar düzəldəcək

01 İyul 2026 22:36see187

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see182

Çinin bu kanalı nəzarətə götürməsinə imkan vermərik Tramp

02 İyul 2026 01:21see180

Tramp: Kuba ABŞ a doğru irəliləyir

02 İyul 2026 02:25see180

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see179

Trampdan bu ölkələrə PİS XƏBƏR

02 İyul 2026 04:05see179

Azərbaycanın TOP 10 özəl şirkətinin qeyri neft ixracı 2 dəfədən çox artıb SİYAHI

01 İyul 2026 23:08see175

DÇ 2026 da bu gün hansı oyunlar var? TƏQVİM

02 İyul 2026 09:16see160

Qurbanov: “Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi”

02 İyul 2026 01:22see152

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri