Azərbaycan cəmiyyətinin ahəngdarlığı
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
I MƏQALƏ
Toplumsal ahəngdarlıq
Toplumlarda ahəngdarlığın təmin edilməsi tarixin hər bir dönəmində kollektiv mövcudolma və dövlətin varlığı baxımından prinsipial əhəmiyyət kəsb etmişdir. “Ahəngdarlıq” anlayışı bu bağlılıqda xüsusi fəlsəfi və sinergetik anlama malikdir. O, mənaca “harmoniya”, “uzlaşma”, “kollektiv fəaliyyət” və s. anlayışlara yaxın olsa da, fərqli semantik çalara da malikdir.
Ahəngdarlıq sinergetik anlamda cəmiyyətdaxili müxtəlif faktorların özəlliklərini saxlamaqla onları vahid inkişaf ritmi halına gətirməyi nəzərdə tutur. Bu zaman 2 şərt mütləq surətdə ödənməlidir: birincisi, toplum miqyasında ortaq ritm fərqliliklərin sintezi sayəsində formalaşmalıdır, ikincisi, bütün hallarda ahəngdarlıq cəmiyyətin bütövlüyünün təmininə xidmət etməli və bu əsasda tərəqqiyə aparmalıdır.
Bu cür anlaşılan ahəngdarlıq ciddi fəlsəfi-elmi kateqoriya kimi çıxış edir və ona nail olunması mühüm məsələ hesab olunur. Onu bir daha Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda müzakirə edilən məsələlərin prizmasında görə bilərik.
Mədəniyyətlərarası Dialoq Forumu
Forumun mövzusunun “Ortaq gələcək naminə dialoq” olması xüsusi məna daşıyır. Faktiki olaraq, parçalanmış dünyada bəşəriyyətin ortaq gələcəyini təmin etməyin formulunu tapmaq strateji məsələdir. Ona apara biləcək yolun isə ancaq dialoqdan keçdiyi şübhə doğurmur. Deməli, faktiki olaraq, qlobal miqyasda “ortaq gələcək” elmi aspektdə dünyada ahəngdarlığa nail olmağa adekvatdır.
Bununla yanaşı, məhz Bakının bu mühüm platformaya ev sahibliyi etməsi təsadüfi deyildir. Onun təməlində Azərbaycanın müstəqil dövlət kimi davamlı inkişafı prosesi dayanır. Azərbaycanın müstəqil dövlət kimi identikliyində sülh, dialoq, qarşılıqlı faydalı əməkdaşlıq, təhlükəsizliyin birgə səylərlə təmini kimi faktorlar xüsusi yer tutur.
Digər mühüm amil Azərbaycan Liderinin dünyada qazandığı nüfuzla sıx bağlıdır. Prezident İlham Əliyev uğurlu dövlət başçısı və siyasi lider kimi qəbul edilir. Dünyanın ən güclü dövlətlərinin başçıları bunu ifadə edirlər. İlham Əliyev səmimi, ədalətli, uğurlu, vədlərinə tam əməl edən siyasi şəxsiyyət kimi bütün dünyada nüfuz sahibidir.
Azərbaycan Prezidentinin həmin Forumda söylədiyi nitqin məzmunu və mənası da bu tezisləri tam təsdiq edir. Həmin tezislərin təhlilinə keçmədən öncə mühüm bir faktı qeyd edək.
Azərbaycanın 2008-ci il təşəbbüsü: “Bakı prosesi”
Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun VII tədbirində Prezident İlham Əliyevin irəli sürdüyü fikirləri dərindən dərk etmək üçün fikrən bir qədər əvvəlki illərə getməliyik.
2008-ci ildə Azərbaycan “Bakı prosesi” adlandırdığı bir təşəbbüs irəli sürdü. Onun başlıca məqsədi dünyada mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması yollarının axtarışı ilə bağlıdır. Belə bir təşəbbüslə çıxış etməyə Azərbaycanın tam haqqı vardır, çünki onun ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların dinc-yanaşı yaşamaq kimi təcrübəsi mövcuddur. Yəni Azərbaycan zəngin mədəni müxtəlifliyin dinc birgəyaşamağı təmin edən məzmun və formaya nail olmuş nadir ölkələrdən biridir.
“Bakı prosesi” bunu bir daha təsdiqləməkdədir. 2008-ci ilin dekabrın əvvəllərində Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilməli idi. Lakin Azərbaycan ona yeni bir maraqlı məzmun çaları verdi: Bakının təşəbbüsü ilə ilk dəfə olaraq həmin tədbirə 10 İslam ölkəsi dəvət edildi! Bu artıq mədəniyyət sahəsində yeni bir əməkdaşlıq və dialoq formatına transformasiya olmaq demək idi. Çünki bununla dünya mədəniyyəti 3 istiqamətdə təkamül üçün imkan əldə edirdi.
Birincisi, Avropa Şurası uzun müddət inkar etdiyi böyük bir mədəniyyət sahəsi ilə birbaşa dialoq şansı qazanırdı.
İkincisi, İslam ölkələri üzərlərində hiss etdikləri ayrı-seçkiliyə son qoymaq imkanı əldə edirdilər.
Üçüncüsü, müxtəlif sivilizasiya və mədəniyyətlər arasında dialoqun aparılması ksenofobiyaya, İslamofobiyaya qarşı mübarizəni sistemləşdirə və praktikada səmərəli edə bilərdi (sonrakı təcrübə göstərir ki, Qərb hələ buna hazır deyil).
Yeni formatın yaratdığı bu imkanlar elə ilk toplantıdan konkret məzmun almağa başladı. Belə ki, 2008-ci ilin dekabrında təşkil edilən iclasda “Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda “Mədəniyyətlərarası dialoqun təşviqinə dair “Bakı Bəyannaməsi” qəbul edildi. Bununla həm də “Bakı prosesi” çərçivəsində “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyuldu.
Bundan sonra yeni bir maraqlı və vacib mərhələni Azərbaycan Prezidenti gündəmə gətirdi. Azərbaycan Lideri “Bakı prosesi”nin davamlılığını təmin etmək üçün 2009-cu il oktyabrın 13-15-i arası tarixdə paytaxtımızda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına töhfə verdi. Həmin tədbirə Bakının təşəbbüsü ilə 10-dan çox Avropa dövləti də dəvət aldı. Onların hamısı İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransında iştirak etdi. Müzakirələrin nəticəsində Avropa Şurasına üzv olan 10 dövlətlə İslam Konfransı Təşkilatına üzv ölkələr arasında mədəniyyətlərarası dialoqa dair birgə bəyannamə imzalandı.
Bununla “Bakı prosesi”nin mədəniyyətlər və sivilizasiyalar arasında dialoq meydanına çevrilməsi istiqamətində “qapılar açıldı”. Onun ilk əlamətləri 2010-cu ildən görünməyə başladı. Həmin ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini bəyan etdi.
Nəhayət, 2011-ci il aprelin 7-9 arası “Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və ICESCO-nun tərəfdaşlığı ilə 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu”.
Burada “Bakı prosesi”ndən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna keçidin qısa konseptual təhlilinə baş vuraq.
Azərbaycanın şəbəkə diplomatiyası: üstün nümunə
Real olaraq Azərbaycan diplomatiyası sivilizasiyalar və mədəniyyətlər arasında faydalı dialoqu təşkil etmək istiqamətində möhtəşəm və tarixi addım atmışdı. Konseptual olaraq onun üç əhəmiyyətli aspekti vardı.
Birincisi, müasir Avrasiya tarixində ilk dəfə olaraq müsəlman ölkəsi Xristian və İslam mədəniyyətlərinin daşıyıcılarını birbaşa Avropanın təşkilatı çərçivəsində dialoqa dəvət etmişdir.
İkincisi, bu məsuliyyətli, lakin faydalı olan prosesə yüksək səviyyəli siyasiləri, mütəxəssisləri, media təmsilçişlərini cəlb etmişdir.
Üçüncüsü, Azərbaycan diplomatiyası irəli sürdüyü təşəbbüsün səmərəliliyinə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və ICESCO-nu inandıra bilmişdi. Bu, kifayət qədər zəhmət və arqument tələb edən məsələ idi. Eyni zamanda, ortaya elə fəaliyyət mexanizmi qoymaq lazım idi ki, qlobal mahiyyətli bu tədbirə qoşula bilsinlər. Bütün bunlar rəsmi Bakının şəbəkə diplomatiyasını yüksək məharətlə tətbiq etdiyinin təsdiqidir.
Bununla Bakı Prosesi faktiki olaraq dünya miqyasında hərəkata çevrildi!
İndi Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ifadə etdiyi aşağıdakı fikirlərin semantik gücünə və təsir əhatəsinə baxaq.
Dövlət başçısı demişdir: “Qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçı, 100-dən artıq ölkədən gəlmiş 500-dən çox qonağımız var. Əslində bu rəqəmlər göstərir ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir. Çünki ənənəvi olaraq, biz forumlarda qlobal gündəlikdə duran təxirəsalınmaz məsələlər haqqında danışırıq. Bizim təşəbbüsümüzlə hələ 2011-ci ildə təşkil olunmuş ilk forumu çox yaxşı xatırlayıram. Biz həmin təşəbbüsə dəstək vermiş, həmçinin bu illər ərzində bizimlə olmuş tərəfdaşlarımıza və ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansına çox minnətdarıq. Həmin vaxtdan etibarən xeyli dəyişikliklər baş vermişdir”.
Bu yığcam fikirlərdə Azərbaycan diplomatiyasının məharəti ilə intensiv çalışmaq qabiliyyəti və son nəticədə istədiyinə nail olaraq təsir dairəsini artıra bilmək potensialı mükəmməl ifadə edilmişdir. Həmin fikirlərin sonuncusu olan “həmin vaxtdan etibarən xeyli dəyişikliklər baş vermişdir” tezisindən çıxış edərək VII Forumda dövlət başçısının irəli sürdüyü müddəalara nəzər salaq.
Çoxmədəniyyətliyin dəyəri
“Bakı prosesi”nin dünya miqyasında mədəniyyətlər, sivilizasiyalar və dinlər arasında davamlı hərəkata çevrilməsinin dinamikası baxımından ölkə rəhbərinin aşağıdakı fikirləri, sözün həqiqi mənasında, tarixi mahiyyətlidir. Prezident İlham Əliyev demişdir: “Təbii ki, iki ildən bir keçirilən hər forum zamanı biz hamımızı narahat edən məsələlər haqqında söhbət edirik. Əlbəttə, mədəniyyətlərarası və dinlərarası münasibətlərə aid məsələlər gündəliyimizdə birinci yer tutur. Azərbaycan tarixən hər zaman mədəniyyətlərin çox olduğu ölkə olub”.
Azərbaycan Lideri bununla mədəniyyətlər və dinlərarası münasibətlərin ölkəmiz və xalqımız üçün yad olmadığını vurğulayır. Əksinə, bu aspektdə Azərbaycan qədim tarixi təcrübəyə malikdir. Yəni indiki forumun Azərbaycan üçün müasirliklə yanaşı, tarixi anlamı da mövcuddur. Ölkə əsrlərlə çoxmədəniyyətli sosial-mədəni mühitə malik olmuşdur. O, tarixən qonşuları ilə, uzaqda yerləşən ölkələrlə münasibətlərini məhz bu çoxmədəniyyətlilik fəlsəfəsi üzərində qurmuşdur. Buna görə də indi dünya multikulturalizmin Azərbaycan təcrübəsini tam qəbul edir və hətta onun nümunə kimi götürülməsi üzərində düşünən dövlətlər mövcuddur.
Bu fikirlərdə əks olunan mənalar bütövlükdə, hər bir ölkə üçün çoxmədəniyyətliliyin real olaraq şans olduğunu göstərir. Əsas məsələ bu çoxmədəniyyətlilik, müxtəlif dinlərin yanaşı mövcud olması faktından necə yararlanmaqla bağlıdır. Bu, dövlət siyasətində elə yer tutmalıdır ki, daim dinamik sosial-mədəni balansı təmin etmək mümkün olsun. Onun kökündə isə hakimiyyətin siyasətində ədalətə, bərabərhüquqluğa, insan haqlarına və qanunlara üstünlük verməsi prinsipinə əməl etməsi dayanır.
Bunlar o deməkdir ki, dövlət siyasəti elə olmalıdır ki, cəmiyyətdaxili münasibətlərdə harmoniya yaransın. Prezident İlham Əliyev bu prosesin iki aspektini forumdakı nitqində ifadə etmişdir. Onlardan biri cəmiyyətdaxili həmrəyliyi təmin edən mühitin formalaşmasıdır. Digəri isə Azərbaycanın ölkə və dövlət olaraq Avropa ilə Asiya arasında tarixən oynadığı geosiyasi, siyasi, iqtisadi, mənəvi-əxlaqi, mədəni və ticari rolla bağlıdır.
Hər iki aspektlə əlaqəli dövlət başçısının konkret fikirləri vardır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru
Baxış sayı:142
Bu xəbər 31 Oktyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















