Icma.az
close
up
RU
Azərbaycan dəmir relslər üzərində sürətlə irəliləyir ARAŞDIRMA

Azərbaycan dəmir relslər üzərində sürətlə irəliləyir ARAŞDIRMA

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 iyun, Günel Türksoy, AZƏRTAC

Azərbaycan regionda yalnız strateji-coğrafi mövqeyi ilə deyil, həm də iqtisadi inkişaf templəri və texnoloji inkişaf istiqamətində atdığı ardıcıl addımlarla da diqqət mərkəzindədir. Bu mənada ölkənin dəmir yolları şəbəkəsi son illərdə yeni nəfəs alıb. Bu sahədə baş verən islahatlar isə təkcə sərnişinlərin rahatlığını deyil, Azərbaycanın regiondakı strateji mövqeyini də gücləndirib. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) uzun illərdir ölkənin nəqliyyat sistemində mühüm rol oynayır. Son dövrlərdə həyata keçirilən infrastruktur yenilikləri, beynəlxalq layihələrə inteqrasiya və müasir qatar parkının yaradılması bu sahəni regionun aparıcı nəqliyyat xətlərindən birinə çevirib. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi layihələr vasitəsilə Azərbaycan nəinki daşımaların mərkəzinə çevrilir, eyni zamanda yeni əməkdaşlıq körpüləri də qurur.

Xatırlatmaq yerinə düşər ki, son 20 il ərzində Azərbaycan dəmir yolları ölkənin nəqliyyat sistemində mühüm rol oynayan müasir, innovativ və davamlı bir sənaye sahəsinə çevrilib. Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsində bu sahə əhəmiyyətli inkişaf mərhələləri keçib və Azərbaycanın sosial-iqtisadi tərəqqisinə dəyərli töhfələr verib. Belə ki, 2003-cü ildən, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı dövrdən etibarən, bütün sahələrdə olduğu kimi dəmir yolu infrastrukturunun da inkişafı üçün yeni və geniş imkanlar açılıb.

Bu illər ərzində dəmir yollarına yönəldilən irihəcmli investisiyalar və həyata keçirilən məqsədyönlü strategiyalar nəticəsində sahə tamamilə yenilənərək modernləşdirilib. Artıq bir sıra strateji hədəflərə nail olunub, bəzi hədəflər isə bu gün “Azərbaycan Dəmir Yolları” QSC qarşısında prioritet məqsədlər kimi durur. Bu hədəflərə çatmaq üçün hər istiqamətdə genişmiqyaslı və sistemli işlər davam etdirilir.

Azərbaycanda 150 ilə yaxın tarixi olan dəmir yolu nəqliyyatı, enerji sərfiyyatının azlığı, qənaətcil olması, təhlükəsizlik baxımından üstünlüyü və yüksək etibarlılığı ilə həm yük, həm də sərnişin daşımalarında mühüm yer tutur. Bu gün Azərbaycan beynəlxalq nəqliyyat mərkəzinə - HUB-a çevrilir. Ölkəmiz həm Şimal-Cənub, həm Şərq-Qərb, həm də Cənub-Qərb nəqliyyat dəhlizləri vasitəsilə müxtəlif ölkələri və qitələri birləşdirir. Bu proses həm Azərbaycanın strateji əhəmiyyətini artırır, həm də regionun qlobal miqyasda nüfuzunu yüksəldir. Azərbaycanın geosiyasi mövqeyi və inkişaf etmiş dəmir yolu infrastrukturu, ölkəni beynəlxalq nəqliyyat dəhlizlərində mühüm iştirakçıya çevirib. Azərbaycan dəmir yolları regional və qlobal ticarətin inkişafında əhəmiyyətli rol oynayaraq ölkənin iqtisadiyyatının güclənməsinə töhfə verməkdədir.

Bu araşdırmada Azərbaycanın geosiyasi mövqeyinə, Azərbaycan dəmir yollarının beynəlxalq dəhlizlərin inkişafında roluna, relslər üzərində qurduğu inkişaf xəttində hansı proseslərin baş verdiyinə bir daha nəzər salacağıq.

Azərbaycan coğrafi mövqeyi sayəsində Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat qovşağına çevrilib. Bu strateji mövqe, ölkənin beynəlxalq nəqliyyat dəhlizlərindəki rolunu daha da əhəmiyyətli edir. Xüsusilə, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, regional və qlobal ticarətdə mühüm iştirakçıya çevrilməsinə imkan yaradıb.

Azərbaycan dəmir yollarının inkişafı

Son illərdə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) beynəlxalq standartlara uyğun müasir infrastruktur qurub, yeni marşrutlar açıb və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı gücləndirib. Məsələn, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi, Orta Dəhliz vasitəsilə Asiya ilə Avropa arasında sürətli və etibarlı yük daşımalarını təmin edib. Artıq Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu yerləşdiyi regionda sabitliyə və təhlükəsizliyə xidmət göstərir. 2024-cü ildə BTQ-nin Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. Modernləşdirilmiş BTQ xətti Çin və Mərkəzi Asiyadan bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin böyük hissəsinin Orta Dəhlizlə Azərbaycan üzərindən daşınmasına imkan verir.

Azərbaycanın beynəlxalq dəhlizlərdəki rolu

Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki rolu Şərq-Qərb Dəhlizi, Şimal-Cənub Dəhlizi, “yaşıl nəqliyyat” sahəsində özünü göstərməkdədir.

Şərq-Qərb Dəhlizi Çin və Avropa arasında ən qısa marşrut hesab olunur. Bu dəhliz Azərbaycanın tranzit potensialını artırıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin birinci rübündə Azərbaycanda Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3,995 milyon ton olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 232 min ton və ya 6,2 faiz çoxdur. Belə ki, ötən ilin yanvar-mart aylarında Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3,763 milyon ton olub.

Şimal-Cənub Dəhlizi: İran və Hindistanla əlaqələri gücləndirən bu dəhliz Azərbaycanın cənub istiqamətindəki tranzit imkanlarını genişləndirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci rübündə Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan seqmenti ilə daşınmış yüklərin həcmi 2,441 milyon ton olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9 min ton və ya 0,4 faiz çoxdur. Belə ki, ötən ilin yanvar-mart aylarında Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan seqmenti ilə daşınmış yüklərin həcmi 2,432 milyon ton olub.

“Yaşıl nəqliyyat”: Azərbaycan dəmir yolu nəqliyyatını ekoloji cəhətdən təmiz etmək üçün “yaşıl texnologiya”lardan istifadəni təşviq edir. Orta Dəhliz üzərində “yaşıl terminal”ların yaradılması və enerjiyə qənaət edən texnologiyaların tətbiqi bu istiqamətdə atılan mühüm addımlardır.

Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili AZƏRTAC-a bildirib ki, Azərbaycan Avrasiya materikinin mühüm nəqliyyat qovşağında yerləşir: “Azərbaycan Avrasiya qitəsinin əsas nəqliyyat qovşağında yerləşməklə, Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayır və Orta Dəhlizin əsas mərkəzlərindən biri olmaq üçün unikal strateji mövqeyə sahibdir. Bu coğrafi üstünlük ölkəyə beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması və genişlənməsində mühüm və əvəzolunmaz rol oynamaq imkanı verir. Eyni zamanda, Azərbaycan dəmir yolları Orta Dəhlizin inkişafında ön mövqe tutur. 2024-cü ildə Çindən 27 mindən çox TEU yük Orta Dəhliz (TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, TITR) vasitəsilə daşınıb ki, bu da 2023-cü illə müqayisədə 25 dəfə artım deməkdir. Bu artım həm Azərbaycan ərazisində nəqliyyat siyasətinin təkmilləşdirilməsi, həm də Ukraynadakı müharibə və Rusiyaya qarşı sanksiyalar nəticəsində yükdaşıyanların Orta dəhlizə üstünlük verməsi strategiyasını əks etdirir.

Digər mühüm dəhlizlərdən biri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Şimal-Cənub dəhlizi Hindistan və İran körfəzi regionundan Rusiya, Qərbi Avropa, Baltik ölkələri və Skandinaviya ölkələrinə yük çatdırmaq üçün nəzərdə tutulub. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafə və tranzit vaxtının 2-3 dəfə az olmasıdır.

Orta Dəhlizin hazırda əsas xətti Bakı-Tbilisi-Qars Dəmir Yoludur. Bu dəmir yolu xətti Azərbaycanı Gürcüstan və Türkiyə vasitəsilə Avropaya birləşdirən mühüm infrastruktur layihəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Zəngəzur dəhlizi kimi layihələr Azərbaycanı beynəlxalq logistika mərkəzi kimi tanıtdırmaqdadır”.

Deputat qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal iş aparır.

“Tariflərin vahidləşməsi, işlərin rəqəmsallaşması, bürokratik əngəllərin aradan qaldırılması bu işlərin mühüm tərkib hissəsidir. Bir məsələni də vurğulamaq lazımdır ki, Azərbaycan həm geostrateji mövqeyi, həm də aviasiya infrastrukturuna ardıcıl dəstəyi vasitəsilə region üçün bu çətin dövrdə mülki aviasiya üçün “təhlükəsiz dəhliz” təmin etməkdə öz rolunu bir daha nümayiş etdirib. Hazırda Orta Dəhlizə beynəlxalq maraq durmadan artır. Avropa Orta Dəhlizin inkişafını güclü şəkildə dəstəkləsə də, Çin, Rusiya, Gürcüstan, İran və Azərbaycan kimi digər ölkələr də tikilən infrastrukturdan geniş şəkildə faydalanacaqlar. Qeyd etməliyəm ki, “Azərbaycan Dəmir Yolları” QSC ölkənin strateji geosiyasi mövqeyindən istifadə edərək beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında aparıcı rol oynayır. Orta Dəhliz, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və digər mühüm layihələr vasitəsilə Azərbaycan Avrasiya regonunda əsas logistika mərkəzinə çevrilməkdədir. Bu, həm ölkənin iqtisadi diversifikasiyasına, həm də regional sabitliyə töhfə verir”, - deyə T. Mirkişili vurğulayıb.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev AZƏRTAC-a açıqlamasında Azərbaycanın geostrateji mövqeyi ilə yanaşı, həm də şaxələnmiş və müasir nəqliyyat infrastrukturu ilə seçildiyini diqqətə çatdırıb: “Müstəqillik illərindən bəri bu sahəyə böyük həcmdə investisiyalar yatırılıb, müxtəlif nəqliyyat sahələrinin inkişafı təmin olunub. Bu inkişaf Azərbaycanı fərqli marşrutlar üçün cəlbedici və etibarlı tərəfdaşa çevirib. Xüsusilə dəmir yolları sahəsində ölkəmiz əhəmiyyətli mövqeyə malikdir. Belə ki, Azərbaycan ərazisində geniş və funksional dəmir yolu infrastrukturu formalaşıb. Hazırda ölkəmiz Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri üzrə aktiv daşımalar həyata keçirir. Hər il yükdaşımaların həcmi artır və bu artıma uyğun olaraq, tranzit vaxtının azaldılması, keçid qabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Bu proseslər Azərbaycanın dünya nəqliyyat xəritəsindəki rolunu gücləndirir və onu qlobal miqyasda strateji əlaqələndirici mərkəzə çevirir. Bu gün Azərbaycan Şərq-Qərb dəhlizi üzrə Qara dəniz limanlarına çıxış imkanına malikdir. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu bölgədəki mürəkkəb geosiyasi vəziyyət fonunda sanksiyalardan kənarda qalan və hazırda Avropa ilə Asiya arasında yeganə sabit dəmir yolu bağlantısı hesab edilir.

Bundan əlavə, dəhlizlərin şaxələndirilməsi məqsədilə Zəngəzur və Araz dəhlizləri üzrə layihələr icra edilir. Azərbaycan bu layihələrin öz ərazisinə düşən hissələrini sürətlə və ardıcıl şəkildə həyata keçirir. Xüsusilə müharibədən sonra, minalanmış ərazilərdə görülən işlər nəticəsində bu infrastruktur demək olar ki, tamamlanma mərhələsinə çatıb. Bütün bu addımlar Azərbaycanın regional və beynəlxalq nəqliyyat sistemində rolunu daha da gücləndirir və ölkəmizi bölgədə hər bir tərəf üçün əvəzolunmaz strateji tərəfdaşa çevirir”.

“Azərbaycanın geosiyasi mövqeyi: ADY-nin beynəlxalq dəhlizlərin inkişafında rolu” mövzusu ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin də mövqeyini də öyrəndik.

Qurumdan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi onu mühüm nəqliyyat və tranzit mərkəzinə çevirib. Bu prosesdə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) mühüm rol oynayır. ADY bir sıra beynəlxalq nəqliyyat təşkilatlarının-UIC, TRACECA, OSJD və TBNM Beynəlxalq Assosiasiyası kimi qurumların üzvüdür. Bu, şirkətə beynəlxalq inteqrasiyanı sürətləndirməyə və yük axınlarını artırmağa imkan verir.

“Azərbaycan ərazisindən keçən bir neçə böyük beynəlxalq dəhliz var ki, onların fəaliyyəti ölkənin tranzit potensialını artırır. Bunlardan biri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Bu dəhliz Hindistan və İranı Rusiya və Şimali Avropa ölkələri ilə birləşdirir və digər alternativ marşrutlarla müqayisədə yükdaşıma müddətini xeyli azaldır. Bu dəhlizin Azərbaycan seqmentində Astara sərhədindəki dəmiryol körpüsü və terminal infrastrukturu tamamlanıb.

Digər bir mühüm layihə Şərq–Qərb (Orta) Dəhlizidir. Bu dəhliz Çinlə Avropanı birləşdirir və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək yüklərin sürətli və təhlükəsiz daşınmasını təmin edir. Bu kontekstdə 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti xüsusi əhəmiyyət daşıyır. Qars vasitəsilə Azərbaycanın yükləri artıq Avropaya və əks istiqamətə çatdırılır.

Bu dəhlizlərin uğurlu fəaliyyəti üçün ADY genişmiqyaslı infrastruktur layihələri həyata keçirib. Bakı-Sumqayıt, Bakı–Sabunçu–Pirşağı və Ləki–Qəbələ kimi yeni dəmir yolu xətləri istifadəyə verilib. Eyni zamanda, Sumqayıt–Yalama və Ələt–Astara kimi mühüm magistral xətlərin bərpası və modernləşdirilməsi davam edir. Yeni nəsil Çin istehsalı olan “AC50” lokomotivləri alınaraq dəhlizlərdə daşımaların təhlükəsizliyi və sürətliliyi artırılıb.

Bütün bu fiziki infrastrukturla yanaşı, rəqəmsallaşma sahəsində də ciddi islahatlar aparılır. “ADY Smart” adlı onlayn platforma istifadəyə verilib, tarif kalkulyatorları, elektron yük izləmə sistemləri işə salınıb. Bu isə logistika proseslərini sürətləndirib və müştərilər üçün şəffaflığı artırıb.

Nəticə etibarilə, “Azərbaycan Dəmir Yolları” QSC yalnız ölkədaxili nəqliyyat vasitəsi deyil, həm də regional və qlobal səviyyədə strateji əhəmiyyətə malik nəqliyyat operatoruna çevrilməkdədir. Beynəlxalq dəhlizlərdə aktiv iştirak, infrastrukturun yenilənməsi və müasir texnologiyaların tətbiqi sayəsində ADY Azərbaycanın iqtisadi inkişafına, eləcə də onun beynəlxalq mövqeyinin möhkəmlənməsinə böyük töhfə verir. Hazırda və gələcəkdə bu istiqamətdə həyata keçiriləcək layihələr ölkənin nəqliyyat və logistika mərkəzinə çevrilməsi yolunda əhəmiyyətli rol oynamağa davam edəcək”,- deyə məlumatda qeyd olunub.

Həmçinin vurğulanıb ki, Azərbaycanın geosiyasi mövqeyi onun beynəlxalq nəqliyyat dəhlizlərində oynadığı rolu və regional gücə çevrilmə potensialını müəyyən edən əsas amillərdəndir: “Ölkə həm coğrafi yerləşməsi, həm də geosiyasi şərtləri baxımından Avropa ilə Asiya arasında körpü, Şimalla Cənub arasında isə keçid nöqtəsi funksiyasını yerinə yetirir. Azərbaycan yalnız nəqliyyat deyil, həm də enerji sahəsində geosiyasi əhəmiyyətə malikdir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri vasitəsilə Xəzərin neft və qazı Avropa bazarına çıxarılır. Bu kəmərlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm aktora çevrilməsinə şərait yaradıb. Hazırda isə Azərbaycan nəqliyyat-logistika sahəsində də analoji rol oynamağa başlayıb. Xüsusilə Rusiya-Ukrayna müharibəsi və İran üzərindən keçən yolların qeyri-sabitliyi fonunda Azərbaycanın tranzit əhəmiyyəti artıb. Bu, ölkəyə həm iqtisadi gəlir, həm də siyasi manevr imkanları qazandırır. Azərbaycanın xarici siyasəti balanslı və praqmatik xarakter daşıyır. Ölkə həm Rusiya, İran və Çin kimi qonşu, böyük güclərlə, həm də Avropa İttifaqı, ABŞ və Türkiyə ilə əməkdaşlıq siyasəti yürüdür. Bu onu qarşıdurmaların mərkəzində deyil, kommunikasiya və əməkdaşlıq platforması kimi təqdim edir. 2020-ci ildən sonra yaranmış geosiyasi vəziyyət, xüsusilə Zəngəzur dəhlizinin gündəmə gəlməsi Azərbaycanın Cənubi Qafqazda geosiyasi çəkisini daha da artırır. Bu dəhliz gerçəkləşərsə, Azərbaycan Türkiyə və Naxçıvanla birbaşa dəmir yolu əlaqəsi qurmaqla yanaşı, Türk dövlətləri ilə inteqrasiyada da strateji rol oynayacaq”.

Sorğuya cavabda Azərbaycanın nəqliyyat və tranzit potensialının gücləndirilməsi istiqamətində “Azərbaycan Dəmir Yolları” QSC son illərdə həm mövcud infrastrukturun modernləşdirilməsi, həm də yeni layihələrin icrası sahəsində mühüm addımlar atmaqda olduğu bildirilib. Qeyd edilib ki, bu fəaliyyətlər Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki rolunu möhkəmləndirməklə yanaşı, ölkənin geoiqtisadi çəkisini də artırır.

“ADY-ın hazırda həyata keçirdiyi əsas layihələr sırasında Astara Terminalının (İran ərazisində) inşası, Bakı-Tbilisi-Qars xəttinin tam istismara verilməsi, Ələt-Osmanlı-Astara, Sumqayıt-Yalama dəmiryol xətlərinin yenidən qurulması və Orta Dəhliz üzrə yük axınının artırılması xüsusi əhəmiyyət kəsb edir.

İlk olaraq, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin strateji nöqtəsi olan Astara Terminalı üzərində işlər sürətlə davam edir. Terminalın tikintisinin bu ilin sonuna qədər tamamlanacağı planlaşdırılır. Layihə başa çatdıqdan sonra illik yükaşırma gücü 4 milyon tona çatacaq. Qeyd etmək lazımdır ki, artıq 2024-cü ilin ilk aylarında terminalda 700 min tona yaxın yük aşırılıb. Bu layihə İranla dəmir yolu əlaqələrinin daha effektiv təşkilinə və Azərbaycan ərazisindən keçən tranzit yük axınının artırılmasına şərait yaradacaq.

Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam bərpası və gücləndirilməsi də ADY-ın prioritetləri sırasındadır. Bu layihənin məqsədi Orta Dəhliz üzərindən keçən yüklərin həcmini artırmaq və daşımaların davamlılığını təmin etməkdir. BTQ xətti Çindən Avropaya qədər uzanan nəqliyyat zəncirinin mühüm hissəsidir və onun modernləşdirilməsi Azərbaycanın tranzit potensialına birbaşa təsir edir.

Əhəmiyyətli infrastruktur layihələrindən biri də Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin mərhələli şəkildə yenidən qurulmasıdır. Hazırda bu 245 kilometrlik marşrut 4 mərhələdə bərpa olunur. Birinci mərhələdə Ələt-Osmanlı hissəsi artıq tamamlanıb. Burada 60 kilometr yol, 3 dəmir yolu körpüsü və 3 avtomobil üst keçidi tikilərək müasir standartlara uyğunlaşdırılıb. Layihə çərçivəsində yolun 50 faizdən çoxu sökülərək yeni materiallarla yenidən inşa edilir. Bu işlər həm də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin dayanıqlığını və keçid imkanlarını artırmaq məqsədi daşıyır.

ADY-ın diqqət yetirdiyi digər istiqamət isə Orta Dəhliz üzrə daşımaların artırılmasıdır. Bu marşrut üzrə Çin-Azərbaycan-Gürcüstan-Türkiyə xətti boyunca əməkdaşlıq genişləndirilir. Yeni blok-qatarlar istifadəyə verilib və yüklərin çatdırılma müddəti 15-18 gündən 8-10 günə qədər azaldılıb. Eyni zamanda, ADY Asiya İnkişaf Bankı ilə birlikdə bu dəhliz üzrə daşımaların yaşıl enerji ilə təmin olunması və karbon emissiyalarının azaldılması istiqamətində layihə həyata keçirir. Bu Azərbaycanı regional logistik mərkəz olmaqla yanaşı, ekoloji məsuliyyətli tranzit ölkəsinə çevirmək məqsədi daşıyır.

Nəticə etibarilə, ADY-ın həyata keçirdiyi bu layihələr təkcə nəqliyyat sisteminin modernləşdirilməsi deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq tranzit və logistika mərkəzinə çevrilməsi strategiyasının əsasını təşkil edir. Regional və qlobal miqyasda artan rəqabət fonunda bu planlar Azərbaycanın nəqliyyat diplomatiyasının gücləndirilməsinə və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir”, - deyə məlumatda vurğulanıb.

“Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see133

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see128

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see127

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see125

İsrail höküməti orduya əmr verdi: İranın Məşhəd və Təbriz şəhərləri...

21 İyun 2025 00:49see122

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see121

Bərdədə Milli Məclisinin Səhiyyə komitəsinin səyyar iclası keçirildi FOTOLAR

19 İyun 2025 19:02see120

Tottenhem milli üzvü üçün 60 milyon funt sterlinq ödəməyə hazırdır

19 İyun 2025 17:14see118

Kahramanmaraşda Prezident İlham Əliyev insanların böyük sevgisi ilə qarşılaşıb

19 İyun 2025 21:44see115

Putin Azərbaycanla birgə bu problem həll etmək üçün tapşırıq verdi

19 İyun 2025 22:01see115

Şiraz və Tehranda hərbi obyektlər bombalandı

20 İyun 2025 08:36see114

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see113

Dilarə Əliyevanın qardaşının SON DURUMU

20 İyun 2025 11:14see113

18 ildir evlənməyən cütlük: Özümüzü evli kimi hiss edirik

20 İyun 2025 16:40see112

46 illik ömür...

20 İyun 2025 08:17see112

DSK sədri vəfat etdi

20 İyun 2025 16:21see112

İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

20 İyun 2025 17:50see112

Tramp yaxın iki həftədə İranla bağlı taleyüklü qərar verəcək

19 İyun 2025 22:00see111

Mərhum Xalq artistinin qızı adını dəyişir

20 İyun 2025 10:39see111

Malik İsaqov vətəndaşların problemlərini yerindəcə həll etdi FOTOLAR

20 İyun 2025 17:45see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri