Icma.az
close
up
RU
Azərbaycan futbolunun əfsanəsi

Azərbaycan futbolunun əfsanəsi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

“Neftçi” futbol komandasının kapitanı olmuş Anatoli Banişevskinin adı uşaq vaxtı dilimizdən düşməzdi. Hamımız onu kumir sayırdıq. 1966-cı ildə yaşıl meydanlarda “vurhavur”larına görə 2 “bürünc” medal qazanmışdı. Birini “Neftçi”nin tərkibində SSRİ çempionatında, digərini isə ölkə yığması ilə Dünya Kuboku yarışlarında.

Üstündən 60 il keçsə də, Banişevskinin həmin uğurlarından eyni heyranlıqla danışırıq. Təmsilçimiz yığma komandaya yeni cəlb olunsa da, tezliklə parlamış, hətta bir oyunda het-trikə imza atmışdı. 1972-ci ildə isə Avropa çempionatının gümüş medallarını alanlar sırasında o da vardı. Ümumilikdə, hücumçumuz SSRİ yığmasının heyətində meydana çıxdığı 50 matçda rəqibləri 19 dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Məşhur “Marakana” stadionunda 130 min azarkeşin gözü önündə, Pelenin də çıxış etdiyi Braziliya yığmasının qapısına qol vurmuş ilk sovet futbolçusu kimi tarixə düşüb.

...Məhlə komandamızda hərəmiz “Neftçi”nin bir oyunçusunu təqlid edirdik. Mən Tuayevə aid “7”, Fərhad Markarova aid “10”, Firuz isə Banişevskiyə aid “9” nömrəli maykanı geyinirdik. O vaxtlar qonşuluğumuzdakı “Göyərçin” ərzaq mağazasının yanında oranın “Volqa” maşınına da bir möcüzə kimi baxırdıq. Çünki həmin avtomobil təzəliyində Banişevskinin olmuşdu. Onun sürdüyü maşına əl vurmaq bizim üçün böyük fərəh idi.

Anatoli Banişevski 1946-cı ildə Bakıda, Polşa əsilli ukraynalı ailəsində doğulub. Uşaq futboluna Bakının “Lokomotiv” klubunda başlayıb. Bir dəfə Razindəki stadionda “Lokomotiv”lə “Spartak”ın yeniyetmələrinin görüşü keçirilirdi. “Neftçi”nin baş məşqçisi Boris Arkadyev və Ələkbər Məmmədov da oyuna baxır, perspektivli futbolçuları gözaltı edirdilər. “Lokomotiv” 4:3 hesabı ilə qalib gəlsə də, rəqibin qapısına qolların hamısını Banişevski vurdu. Məhz həmin oyundan sonra gənc istedad böyük futbola sıçrayış etdi. Onun “ağ-qaralar”da debütü 16 yaşında oldu və düz 15 il yalnız bu komandada oynadı.

Qısaca, Tolik-Rıjıy-Baniş deyə çağırılan Banişevski UEFA-nın versiyasına görə, Azərbaycanda 50 ilin ən yaxşı futbolçusu seçilib. Bir qədər yaşlanınca Burkina-Fasonun gənclər yığmasında (1987–1988) məşqçilik edib. O, həmçinin “Neftçi”nin, “Avtomobilçi”nin, “Kəpəz”in və “Polad”ın oynayan məşqçisi olub. İlk Azərbaycan futbolçusu kimi məşhur “Fedotov klubu”nun üzvü seçilsin deyə, özü də 1 hissə oynayır və qollarının sayını 100-ə çatdırmağa çalışırdı. Yeri gəlmişkən, xatırladım ki, Banişevski SSRİ çempionatının güclülər dəstəsində 81, birinci liqada 40 və ölkə kuboklarında 15 olmaqla cəmi 136 qol vurub. Çox gözəl nəticədir! Onun “2-ci mərtəbə”dən baş zərbəsi ilə vurduğu toplar xüsusilə qarşısıalınmaz olurdu.

Məşhur futbolçu 20 yaşında ikən İrina adlı bir xanımla ailə qurub. Milena və Marina adlı qızları var. İçkiyə aludəçiliyi səbəbindən 30 illik ailəsi dağılandan sonra, həm də şəkərli diabet xəstəsi olan Banişevskini çətin vəziyyətdən köhnə tanışı və pərəstişkarı Səidə xanım xilas edib. Cütlük evlənib. Əfsanə futbolçunun nəvəsi Əli Babayev də bu populyar idman növünə könül verib və bir müddət “Neftçi U-16” komandasında, özü də babası kimi “9” nömrəli formada oynayıb.

...1995-ci ilin bir yay günündə Banişevski “Neftçi”nin veteranlar heyətinin tərkibində Astaraya – o vaxtkı polis rəisi Əlövsət Əliyevin təşəbbüsü və zəhmətləri hesabına yaradılaraq 2-ci liqada yarışan “Dinamo” ilə yoldaşlıq görüşünə getmişdi. Mən də AzTV-nin bölgə müxbiri kimi oyunu izləyənlər arasında idim. Hərbi şəhərciyin meydanında keçirilən həmin görüş 2:2 hesabı ilə başa çatdı. Axşam məclisində qonaqlardan biri – yenicə “Şöhrət” ordeni almış dünyaşöhrətli futbolçu, Əməkdar idman ustası Ələkbər Məmmədov özünü öyərək dedi:

– Mən 4 dəfə SSRİ çempionu olmuşam. “San Siro” stadionunda İtaliyanın “Milan” komandasının qapısına bir oyunda 4 qol vuraraq rekorda imza atmışam.

Banişevski özündən 16 yaş böyük həmkarına etik çərçivədə, yumşaq şəkildə belə cavab verdi:

– Sən bunları Moskva “Dinamo”sunda oynayarkən etmisən. Amma mən nə etmişəmsə, “Neftçi” heyətində etmişəm. Çoxlu təkliflər gəlsə də, heç vaxt Azərbaycanı tərk etməmişəm və bununla qürur duyuram.

Doğrudan da, Rusiya, Ukrayna, hətta İngiltərə klubları parlaq istedada malik futbol ulduzunu öz komandalarında görmək istəyiblər, o isə “yağlı vəd”ləri rədd edərək getməyib. Astarada ləpədöyənində oturduğumuz Xəzər dənizinin Bakı sahilini, sevimlisi olduğu Azərbaycan azarkeşlərinin alqışlarını böyük karyeralardan üstün tutub. Burada Beynəlxalq dərəcəli və Əməkdar idman ustası fəxri adlarını alıb.

Bu yaxınlarda mətbuatdan oxudum ki, illərdir, Nyu-Yorkda (ABŞ) Anatoli Banişevskinin xatirəsinə futbol turniri keçirilir. Turnirin təşəbbüskarı ötən əsrin 90-cı illərində “Neftçi”də oynamış, hazırda okeanın o tayında yaşayan Arif Zərbəliyevdir. Bakıda da xatirə turnirləri təşkil olunub. Elə fevral ayında AFFA və Bakı Kəndlər Futbol Federasiyasının təşkilatçılığı ilə U-14 turniri keçirilib. Məqsəd həm əfsanəvi hücumçunun ruhunu şad etmək, həm də uşaqlar arasında futbolun kütləviliyini artırmaq və istedadlı futbolçuların üzə çıxarılmasına dəstək olmaqdır.

Tanınmış idman şərhçisi, Əməkdar jurnalist Fikrət Adıgözəllinin ssenarisi əsasında rejissor Elnur Canıyevin ərsəyə gətirdiyi “9 nömrəli oyunçu” sənədli filmində Banişevskidən məhəbbətlə danışılır və dostlarının xatirələri dilə gəlir. Seyrçilər bir daha onun haqqında ən gözəl təriflərin söyləndiyinə şahid olurlar. Futbol yazarı Rasim Mövsümzadənin “Bir qolun tarixçəsi” adlı araşdırma kitabında isə futbolumuzun fəxrinin 1966-cı ilin Dünya Çempionatında SSRİ yığmasının heyətində Portuqaliya ilə 3-cü yer uğrunda oyunda vurduğu, amma başqasının adına yazılan qoldan bəhs edilir. Bəlkə də dünyada elə bir futbol ulduzu yoxdur ki, vurduğu, amma öz adına yazılmayan bir qol barədə ayrıca kitab nəşr olunsun. Bu, yalnız Banişevskidir.

Haqqında əfsanələr dolaşan Azərbaycanın vətənpərvər oğlu Anatoli Banişevski 50 yaşında “Şöhrət” ordeni ilə təltif olunub. Ulu öndər Heydər Əliyevin ona ünvanladığı təbrik məktubunda yazılmışdı: “Sizin dünya və Avropa çempionatlarında nümayiş etdirdiyiniz yüksək peşəkarlıq və böyük məharət Azərbaycanın idman şərəfini ucaltmışdır. İngiltərə, Braziliya, Almaniya və başqa ölkələrin meydanlarında yüz minlərlə azarkeş sizi alqışlamış, misilsiz ustalığınıza heyran olmuşdur. Siz Azərbaycan futbolunun əsl fədakarı olmuş, komandamızın ən çətin anlarında öz kömək və bacarığınızı əsirgəməmisiniz. Azərbaycan idmanının inkişafında və gənclərin təlim-tərbiyəsi sahəsində fəaliyyətiniz də yüksək qiymətə layiqdir”.

Anatoli Banişevski həmin təltifdən 1 il sonra, 1997-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Ə.DOSTƏLİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:383
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2026 00:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri