Icma.az
close
up
RU
Azərbaycan iqtisadiyyatının elmi nəbzi: bir iqtisadçı alimin timsalında...

Azərbaycan iqtisadiyyatının elmi nəbzi: bir iqtisadçı alimin timsalında...

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nazim İmanov-70

Tanışlıq və münasibətlərimizin yaşımız qədər tarixi olmasa da, onu keçən əsrin sonlarından tanıyıram deməyə cürətim çatır. Həyatımızın 80-ci illərdə başlanan “çalxalanmaları” o vaxtlar  Bakı Ali Partiya Məktəbindən də (indi İdarəçilik Akademiyası) yan keçmədi. Hərbi müxbirlikdən sonra orada davam edən fəaliyyətimin maraqlı bir hissəsi bu ünvana  bağlı olub. Kommunist rəhbər kadrlar yetişdirən bu ali təhsil oçağı Tofiq Köçərli, Camo Haçınski,  İbrahim Müslümov, Tofiq Rəsulov, Məmmədsadıq Sadıqov, İmran Mirzəyev və adlarını sadalamaqla bitməyən fenomen insanların orjinal münasibətləri yaddaşımda unudulmayan izlərləri ilə qalır. Bircəciyini xatırlamağa dəyər ki, hələ sovetlərin çökməsinə illərin qaldığı bir vaxtda, Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin adını da o vaxtlar ilk dəfə bu divarlar arasında eşitmişdim. Azərbaycan KP MK-nın üzvü, onun məşhur jurnalının baş redaktoru və kafedra müdirim İbrahim Müslümovun qonağı olan o vaxtkı  Daxili İşlər naziri Cəfər Vəliyevin Rəsulzadədən  necə məhəbbətlə danışdığı indi də yadımdadır. Bu barədə çox sonralar “AzərTAC”da (onda Azərinform) rəhbərim olan Azad Şərifova danışanda, təəccüblənmədən söyləmişdi ki, Cəfər müəllim də Novxanılı idi, Məhəmməd Əminlə həmyerli idilər. Sonra da əlavə etmişdi ki, “60-cı illərdə sovetlərin kəshakəs dövründə  Rəsulzadənin başqa bir həmyerlisi olan xalq şairi Süleyman Rüstəmlə Ankarada “Əsri qəbirstanlığı”nda onun məzarını ziyarət edəndə şairin duyğuları və  gözlərindən axan yaş məni təəcübləndirmişdi”. 

          Nazim İmanovu da 80-ci illərdə  – kommunistlərin bu ali məktəbində təzəcə fəaliyyətə başlayanda tanımışdım. “Siyasi iqtisad” kafedrasına müəllim təyinatı alanda 30 yaşını tamamlamışdı. Əslində bu kafedraya rəhbərlik edən professor Məmmədsadıq Sadıqovun özünün də kifayət qədər demokratik və milli bir insan olması Nazim müəllim kimi gənclərin buradakı “sərbəstliyinə”  münbitlik yaratdı və Nazim müəllim elə o dövrdə də  həm elmi düşüncəsi, həm də vətəndaş mövqeyi ilə seçildi. İntellektual potensialı onu sadəcə akademik auditoriyalardan deyil, xalq tribunalarından da görünən bir şəxsiyyətə çevirdi. 

Bu o dövr idi ki, Azərbaycan öz tarixinin yeni səhifəsini yazır, SSRİ-nin dağılması fonunda müstəqil dövlət kimi formalaşmaq üçün mübarizə aparırdı. Nazim İmanov və onun kimi ziyalıların iştirakı bu mübarizəyə strateji dərinlik və ideoloji əsaslar gətirdi. Onlar sadəcə xalqın yanında dayanmadılar, xalqın önündə getdilər, millətin oyanışına elmi, siyasi və əxlaqi kontekst verdilər.

Əslən Füzuli rayonundan olan Nazim Müzəffər oğlu İmanov 1955-ci il iyunun 11-də Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildə AMEA-nın İqtisadiyyat İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib. Daha sonra, 1990-cı ildə Moskva -  İctimai Elmlər Akademiyasında doktorluq dissertasiyasını uğurla müdafiə edərək iqtisad elmləri doktoru dərəcəsini qazanıb. 1992-ci ildən professor elmi adını daşıyır. Rus və ingilis dillərində sərbəst danışır.

N. İmanov peşəkar fəaliyyətinə 1977–1979-cu illərdə Azərbaycan Dövlət Plan Komitəsi nəzdindəki İqtisadiyyat İnstitutunda kiçik elmi işçi kimi başlayıb. 1982–1986-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi çalışıb. Sonrakı illərdə – 1986–1991-ci illərdə Bakı Ali Partiya Məktəbində baş müəllim və dosent kimi pedaqoji fəaliyyətini davam etdirib. 1991–1995-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda professor və elmi işlər üzrə prorektor vəzifələrində çalışaraq elmi-idarəetmə sahəsində təcrübə qazanıb.

2000–2003-cü illərdə bir sıra özəl şirkətlərdə məsləhətçi kimi fəaliyyət göstərmiş, 2003–2005-ci illərdə isə Avropa İttifaqının eksperti kimi beynəlxalq layihələrdə iştirak edib. 2005–2015-ci illərdə “Qafqaz və Qloballaşma” adlı elmi məcmuənin baş redaktoru, 2007–2014-cü illərdə isə Azərbaycan Banklar Assosiasiyasında müşavir  olub. 100-dən çox elmi məqalə və tədqiqatın müəllifidir, idarəetmə və qloballaşma məsələlərinə dair araşdırmaları ilə tanınır.

          Nazim İmanov 1995-ci il noyabrın 12-də keçirilmiş ilk çağırış parlament seçkilərində Azərbaycan Milli İstiqlal Partiyasının proporsional siyahısı üzrə Milli Məclisə deputat seçilmişdir. Milli Məclisin Büdcə məsələləri daimi komissiyasının üzvü kimi bir sıra mühüm qanunvericilik təşəbbüsləri ilə çıxış etmiş və bir çox qanun layihələrinin təkmilləşdirilməsində yaxından iştirak etmişdir. Parlamentdəki maraqlı çıxışları ilə yadda qalan siyasətçi sonradan parlament xatirələrini “Milli Məclisin ağlamalı gülməcələri” adlı kitabçada toplayıb. Bu kitab, sadəcə olaraq bir neçə zarafatın və ya gülməli epizodların toplusu deyil, əksinə, dərin ictimai-siyasi məna daşıyan, satiranın gücü ilə gerçəklikləri üzə çıxaran, gülüşün arxasında kədərli və düşündürücü reallıqları gizlədən bir bədii əsər kimi oxunur.

          O, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucularından biri və uzun illər partiyanın sədr müavini olub. 2003-cü ildə partiya sədri istefa verəndə çoxları İmanovun liderliyə gələcəyini düşünsə də, o, 2004-cü ildə gözlənilmədən partiyadan istefa verdiyini açıqladı. Bu qərarı ilə siyasətdən gedən Nazim İmanov həm partiya, həm də parlament tarixində fərqli bir iz buraxdı.

Nazim İmanovun adı bir də 2005-ci ilin parlament seçkilərində gündəmə gəldi. Amma  müstəqil namizəd kimi deputat mandatı qazana bilmədi və “Mən 15 il fəal şəkildə siyasətlə məşğul oldum. Fikrimcə, hamı mənim necə siyasətçi olduğuma bələddir. Artıq iqtisadçı-alim kimi fəaliyyət göstərməyimi daha məqsədəuyğun hesab edirəm”, – deyən Nazim İmanov bir daha parlamentə namizədliyini irəli sürmədi və siyasi arenadan çəkildi. İqtisad sahəsindəki fəaliyyətini müxtəlif elmi və akademik qurumlarda davam edirdi.

          Nazim İmanov o dövrün ictimai-siyasi həyatında fəal iştirakı ilə seçilmiş, mətbuatla sıx əlaqədə olan, fikirləri tez-tez KİV-lərdə yayımlanan ən fəal deputatlardan olmuşdur. Hətta vaxtilə media ilə yaxın münasibətlərinə görə “Jurnalistlərin dostu” adına layiq görülmüşdü. 1998-ci ildə “RUH” Jurnalistləri Müdafiə Komitəsi tərəfindən ona  xüsusi mükafat təqdim olunmuşdu. O, həm politoloq, həm də iqtisadçı kimi cəmiyyətə maraqlı və analitik yanaşmaları ilə tanınmış, xüsusilə jurnalistlər arasında açıq və səmimi ünsiyyəti ilə yadda qalmışdır. Bu günsə  onun mediada görünməsi yalnız seçilmiş hallarda — AzTV, İTV, “Real” və ARB telekanallarında yayımlanan proqramlarla məhdudlaşır. Nədənsə, Vətən müharibəsindən sonra medianın iqtisadi ekspertlərə artan tələbatına baxmayaraq, Nazim Müzəffərli jurnalistlərlə ünsiyyətə “can atmır”.  

          2014-cü ilin mayında isə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə iqtisad elmləri doktoru, professor Nazim İmanov İqtisadiyyat İnstitutuna direktor təyin olundu. Bu gün də institutunun direktoru vəzifəsində çalışan professor elmi çevrələrdə daha çox Müzəffərli soyadı ilə tanınır.

          O, tanınmış azərbaycanlı iqtisadçı alimdir, Azərbaycanda iqtisadiyyat elminin inkişafında mühüm rol oynamış, bir sıra elmi tədqiqatları, dərslikləri və analitik məqalələri ilə həm akademik mühitdə, həm də iqtisadi idarəetmə sahəsində böyük nüfuz qazanmışdır. Akademik Rəfael Hüseynovun təbirincə desək, 2006-cı ildə nəşr edilmiş "Azərbaycanın reytinqi - beynəlxalq müqayisəli tədqiqlərdə" adlı monoqrafiyasında Nazim Müzəffərli alim iqtisadçı olduğu qədər də böyük hərflərlə yazılan Vətəndaşdır. Onun Erməni separatizminin Qarabağın müstəqilliyi ilə bağlı iddialarına cavabı həm ictimai fikrə təsir gücünə görə, həm də beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyinin əsaslandırılmasında önəmli rol oynayır. Belə şəxslər – həm alim, həm vətəndaş olan insanlar – dövlətin ideoloji və intellektual dayaqlarıdırlar.

Düşmənin işğal etdiyi ərazilərdə “keçilməyən” istehkamlar qurduğu, hətta yeni ərazilər ələ keçirmək planlarını açıq şəkildə dilə gətirdiyi, beynəlxalq təşkilatların isə problemin həllinə maraq göstərmədiyi bir vaxtda Nazim müəllim yaxın dostu və həmkarı Eldar İsmayılov ilə (qeyd edim ki, Eldar müəllim də 80-ci illərin sonunda Bakı Ali Partiya Məktəbində çalışanlardan olub) birlikdə, torpaqlarımızın işğaldan azad edilməsindən hələ on il əvvəl nəşr etdirdikləri “Post-konflikt ərazilərin bərpası: konseptual əsaslar” adlı əsərlə Azərbaycan iqtisad elminə yeni bir tədqiqat istiqaməti gətirmişdir. Onların bu elmi yanaşması post-münaqişə dövrünün iqtisadi və sosial problemlərinin araşdırılmasına təməl yaratmış və bu sahədə ilk sistemli nəzəri baza rolunu oynamışdır. O zamankı reallıqların fonunda belə bir baxışın cəsarətlə irəli sürülməsi ərazilərin azad olunacağına, Azərbaycanın gələcək qələbəsinə  sarsılmaz inamın, milli iradənin və  bu gün reallığa çevrilmiş quruculuq proseslərinin intellektual təməlini təşkil edir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə bu nəşrin dünyanın əsas beyin mərkəzlərində təqdimatı kitabın dövlət siyasəti üçün nə qədər əhəmiyyətli olduğunun aydın göstəricisidir.

Və nəhayət, uzun illər İqtisadiyyat İnstitutunun adı çəkiləndə formal yanaşmalar, yalnız kağız üzərində, arxivlərin tozlu rəflərində qalan araşdırmalar, zamanla ayaqlaşmayan tədqiqatlar yada düşüb. Amma zaman dəyişir və bu dəyişimin, yeniləşmənin arxasında duran əsas simalardan biri, institutun hazırkı direktoru Nazim İmanovdur. Onun rəhbərliyi dövründə institut, yalnız bir elmi-tədqiqat mərkəzi olaraq qalmadı, həm də ictimai düşüncəyə, çağdaş iqtisadi çağırışlara cavab verə bilən intellektual bir platformaya çevrildi. Bu gün İqtisadiyyat İnstitutu  gələcəyə baxan, yenilikləri qavrayan və onları elmi əsaslarla izah edən bir mərkəzdir, burada cəmiyyətə çatdırılan və reallaşan tədqiqat, əmələ çevrilən fikir və siyasətə çevrilən elm dayanır. Bu həm də 70 illik yubileyin, zəngin mənalı bir ömrün və məhsuldar fəaliyyətin parlaq zirvəsi də sayıla bilər.  

          P.S. Prezident İlham Əliyev 17 dekabr 2024-cü ildə “Rossiya-1” telekanalına verdiyi müsahibəsində Ermənistanın Azərbaycana vurduğu maddi ziyanın 150 milyard ABŞ dolları olduğunu açıqladı. Azərbaycan dövlətinin beynəlxalq platformalarda haqlı mövqeyini sübut edən, Prezidentin müvafiq sərəncamı ilə Maliyyə nazirinin rəhbərliyi altında formalaşdırılmış dövlət komissiyasının işinə elmi məsləhətçi kimi cəlb olunmuş Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru Nazim İmanovun rəhbərlik etdiyi elmi qrupun təqdim etdiyi nəticə qətiyyət və inamla beynəlxalq ictimaiyyətə təqdim olundu. Şübhəsiz ki, bu həm də vətənpərvər ziyalı, peşəkar iqtisadçı və elmi rəhbər kimi Nazim İmanovun mühüm rolu və əhəmiyyətli töhfəsi sayəsində olmuşdur. 

Bu hadisə illər əvvəl iştirakçısı olduğum başqa bir faktı da yada saldı. Keçən əsrin 90-cı illərin əvvəllərində Naxçıvanda “Azərinform”un (indi “Azərtac”) xüsusu müxbiri işlədiyim vaxtlarda  Siyasi Maarif  evinin foyesində Ulu öndər Naxçıvanın bir qrup ziyalısı ilə görüşürdü. O vaxtlar tez-tez televiziyada çıxış edən və həm də bəlagətli səsi ilə diqqətdə olan Hacı Sabir haqqında soruşdu. Onda Plan Komitəsinin sədri olan  Şəmsəddin Xanbabayev Hacı Sabiri tanıdığını və Şərurdan, Mahmudkənddən olduğunu söylədi. 

            Ulu Öndər razılıqla başını tərpətdikdən sonra növbəti sualını verdi: “Nazim İmanovu tanıyan varmı”? Ortaya qısa bir sükut çökdü. Ardınca, səhv etmirəmsə, iqtisadçı alim kimi tanıdığım Akif Mədətov irəli durararaq qısa məlumat verdi: “Heydər bəy, atasını - Müzəffər müəllimi yaxşı tanıyıram. İqtisadçıdır, Mərkəzi Komitənin “Azərbaycan kommunisti” jurnalında şöbə müdiri işləyir”. 

 Qeyd edim ki, onda AMİP ideyası Bakıda, siyasi dairələrdə  geniş müzakirə edilsə də, partiya rəsmi qeydiyyata alınmamışdı və hələ 40 yaşı da olmayan Nazim Müzəffərli İmanov o vaxtlar Ulu öndərin də diqqətini cəlb etmişdi...

Namiq Qədimoğlu

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyun 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see156

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see137

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see122

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see119

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see118

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see116

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see116

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see116

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see116

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see115

Maskın təklifi

08 İyun 2025 04:23see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see115

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see115

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see114

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see114

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see114

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see114

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri